Gədəbəydə “AzerGold” QSC və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib
"Operativ Media" xəbər verir ki, görüş tərəflər arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilmiş birgə operativ tədbirlər və qarşıdakı dövrdə icrası nəzərdə tutulan işlərin müzakirəsi məqsədilə təşkil edilib.
Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra Səhmdar Cəmiyyətinin saziş sahələrində fəaliyyətin beynəlxalq standartlar və qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində çevik hüquqi, təşkilati və texniki dəstəyi qeyd olunub. Bu xüsusda “Gədəbəy” saziş sahəsində nəm tullantı anbarının genişləndirilməsi ilə bağlı zəruri sənədləşmə, təhlükəsizlik tədbirlərinin icrası, mədən sahələrinda hasilat və istehsalat fəaliyyəti ilə bağlı digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində yerin təkindən istifadəyə dair müvafiq dövlət qurumlarından icazə sənədlərinin alınması, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi, tikintiyə icazə, istehsalatda təhlükəsizlik tədbirləri, yerli icmalarla işin gücləndirilməsi, ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyi bildirilib, Səhmdar Cəmiyyətinin müvafiq istiqamətlər üzrə təcrübəsi bölüşülüb.