Icma.az
close
up
RU
Gədəbəyin Axıncası və Nepal daşqını

Gədəbəyin Axıncası və Nepal daşqını

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

HƏCƏR

Gədəbəyə səfərim qəfil oldu. Təsadüflərin qanunauyğunluğuna inanıram. Əbəs deyil, həyatımın bütün dərsləri, mükafatları, qeyri-adi təzahürləri bu təsadüflərlə bağlı olub. Hər zaman Allaha yalvarmışam: təsadüflərimi uğurlu, xeyirli etsin. Elə indiki səfərim kimi.

Aynur xanım telefon açaraq:

- Həcər xanım, dincəlmək istəyirsinizsə, gəlin, çox sakitlikdir. Hava sərin, dağlar gözəldir. Mormor suyu da düz evin yanında, - dedi.

Dərhal qərar verdim:

- Gəlirəm, Aynur xanım.

O, "evdən-evə" "Vito" sürücüsünün telefon nömrəsini dedi. Vəssalam, qaldı yola düşmək. Bakıdan sonra Hacıqabul, Kürdəmir, Ucar, Yevlax və Şəmkirdən keçən yolumuz Tovuzla Gədəbəyin ayrıcına dəng gəlir.

Uzun illər əvvəl Gədəbəyin sərhəddində olan Samanlıq kəndində ailəliklə dincəlməli olmuşduq. Adi bir səfərdi, kənddə beş-on gün qalıb qayıtmışdıq. Amma indi o qədər fərqli bir səfər oldu ki. Dağlara qalxdıqca kəndlərin abadlığına, yolların vəziyyətinə, yaşıllıqlara münasibətə, insanların maddi vəziyyətinə diqqət kəsilir, yerli səfər yoldaşlarıma arada suallar verir, soruşurdum. İnsanların maddi durumu təbiətin gözəlliyi ilə həmahəng olmalıdır.

Zəyəm çayı boyunca gözlərim önündə o qədər müxtəlif gözəl mənzərələr açılır, baxmaqla doymuram. Həyəcandan ürəyim döyünür, şükür edirdim ki, belə gözəl bir təbiəti Allah bizim xalqa bəxş edib.

Zəyəm boyunca keçən yolun ətrafında xeyli torpaqlar Şamlıq kəndi də daxil olmaqla "Dəli Kür" romanının qəhrəmanı Allahyar bəyin olub. Yayı Tatar kəndində, qışı isə Qoşabulaqda qalan Allahyar bəy haqda maraqlı söhbətlərin şahidi oldum. Romanda təsvir olunandan çox fərqli bir adam olan Allahyar bəyin arvadını qaçıran Cahandar ağada həmin qadın sonacan qalmır. Nökərin köməkliyi ilə yenidən qaçıb Allahyarın yanına gedir, əri dünya gözəli olan bu qadını qəbul edir. 1920-ci ildə bolşeviklərin işğalı zamanı bir neçə yerli bolşevikin iştirak etdiyi dəstə Allahyar bəy və arvadının qaldığı kəndə hücum edir. Həmin qadın əlində duz-çörək bolşeviklərin qarşısına çıxır, yalvarır ki, bütün var-dövlətlərini alsınlar, özlərini salamat buraxsınlar. Lakin sərrast açılan atəşlə Allahyar bəy elə ordaca öldürülür.

...Haqqında əfsanələr danışılan Xınna-Hunna-Hun dərəsi boyunca təbiət daha gözəldir. Çay yatağı boyunca asfalt yolların vəziyyəti, bəzi yerlərdə təmirə ehtiyac olsa da, elə də pis deyil. Keçdiyim rayonlar və kəndlərin vəziyyəti ilə bərabər, təbiətin qorunmasını da diqqətdən kənarda qoymurdum.

Xınna-Hunna-Hun dərəsinin adı çəkiləndə fransız dilçi alimi Vandriyesin bir ifadəsini xatırladım: "Hər hansı bir xalqın tarixi haqda o xalqın dilində olan sözlər ən etibarlı tarixi mənbədən də dəqiq və ətraflı məlumat verir". Nə üçün hun? Hunların tarixi ilə əlaqəsi varmı buraların? Toponnimlərə nəzər salaq: Xunanyurd, Xunanarx, Xunanyol, Xunan təpəsi, Xunan dərəsi, Xunan düzü! Daha nə qədər toponim olmalı ki, bu yurdların qədim hunlarla əlaqəsi sübut olunsun?! Tovuzun Qovlar tərəfdən Zəyəm çayı boyunca Gədəbəyə uzanan geniş, möcüzəli, xüsusi aurası və coğrafi quruluşu olan əfsanəvi yeridir Hun dərəsi. Qədim mənbələrdə Torpaqqala tərəfdə Xunan-Hunan adlı şəhərin mövcudluğu haqda məlumat var. Bu da sizə sübut, cənab tarixçilər. AMEA-nın nəşrində Torpaqqalanın Kürün sağ sahilində Xunan düzündə yerləşdiyi qeyd olunur. Arxeoloq Arif Məmmədov araşdırmalarında  Qazaxın II Şıxlı ərazisində Xunan şəhərinin qalıqlarının müəyyən edildiyini göstərir. Tarixi mənbələrdə hunların 395-396-cı illərdə Qafqaza yürüşü barədə məlumatlar da var. Demək, bu qədər toponimlər, tarixi qaynaqlar nəhəng bir dövlətin sirlərini özündə saxlayır və əsas qaynaqlar torpaq altında, hansısa arxivlərdə mürgüləyərək sirlərinin açılmasını gözləyir.

Gədəbəy haqda kifayət qədər məlumat araşdırıb oxumuşdum. Əvvəlcə Gədəbəy sözünün etimologiyası ilə maraqlandım. Azərbaycan toponimikasında yer adlarının əsasən həmin yerdə yaşayan tayfanın adı ilə adlandırılması təbii və ən düzgün modeldir. Sözün son hecasındakı "bəy"in qədim "baq(k)" tayfalarının adı ilə eyni olduğunu düşünürdüm. İlk hissədəki "gədə"nin indiki mənada yox, fərqli olduğu da hamıya aydındır. Məlumdur ki, Gədəbəy sözünə "Getabak" şəklində VIII əsrdə qədim mənbələrdə rast gəlinir. Sözün ilk hecasındakı "ket-ged-gəd" hissəsini "gədik" sözü ilə laqələndirirlər. Bir sözlə, sözün etimologiyası "gədikdə yaşayan bəylər", yaxud "gədikdə yaşayan bak tayfaları" kimi aydınlaşdı, yəni dəqiq etimologiyaya ulaşa bilmədim. Bəzi araşdırmaçılar isə Gədəbəy sözünün etimologiyasını "geta, keta" adlı türk tayfalarının məskəni kimi təqdim edir. Fərq etməz, nə olur olsun, bura qədim Azərbaycan torpağıdır. Sadəcə bu, ürəyimizi fəxarətlə döyündürməyə kifayət edər.

Bu tərəflərin ən böyük yaşayış məskənlərindən olan Qovlara çatdıqda artıq Gədəbəyə gedən yolun əlli kilometr məsafəsi qalırdı. Qovlar Tovuz rayonu ərazisindədir və şəhər statusu alıb. Gəncəyə, Ağstafaya gedən dəmiryolu Qovlardan keçir. Yolumuzun üstündə olan Saratovka kəndində maşın bir neçə dəqiqəliyə dayandı, mağazalara baş çəkdik.

Maraqlı adı, xüsusi şəhərsalma mədəniyyəti olan Saratovka haqda yazmadan keçmədim. Bəzi mənbələrdə Saratovkada 1535-ci ilə aid Alban kilsəsi olduğu, qədim adının Fındıqlı olduğu yazılır. Demək, bu kənd də qədim türk tayfalarının ilkin məskəni olub. 1830-1850-ci illər aralığında buraya Saratov quberniyasının Saritsın qəzasından "duxobor" adlanan dini icmanın nümayəndələri - malakanlar buraya sürgün olunur. Təsərrüfatı idarə etməyi, məskunaşdıqları yerlərdə öz mədəniyyətlərini yaradıb möhkəmləndirməyi gözəl bacaran malakanların bu kənddə, həmçinin Novoivanovkada memarlıqda, mətbəxdə, məişət adətlərində, əkinçilik və mərasimlərdə, musiqidə dərin izləri aydın görünür. Novoivanovkada da XIX əsrdə - 1852-ci ildə Rusiyadan sürgün olunmuş malakanlar kütləvi şəkildə məskunlaşıblar. Ruslar gəlməzdən əvvəl adı Qarapapaq və ya Seyiddərəsi olan kənd türklərin məskəni olub. Rusların kütləvi gəlişi ilə kəndin adı dəyişdirilib. Məncə, kəndin ilkin Qarapapaq adının yenidən bərpa edilməsi ədalətli olardı.

Təəssüf ki, Mormora gedən yolum Gədəbəyin özündən yan keçdi, şəhəri görə bilmədim. Əslində bu, mənə o qədər də maraqlı deyil. Urbanizasiyadan həmişə qaçmışam. İnsanların sıx olduğu yerlər məni çox yorur, sıxılıram. Sanki o insanların başından keçən fikirlərin hamısını oxuyuram, narahatlıq yaradır. Bu, deyəsən, elə belədir, bu haqda yoldaşlarıma çox danışmışam.

Gədəbəy ərazisinə çatanda mənə daha çox maraqlı gələn Başkənd oldu. Gədəbəy rayonu ərazisində olan kənd 1992-ci ilə qədər Ermənistan anklavı olub. Qədim tarixə malik türk məskəni olan Başkəndə 1859-cu ildən erməni ailələri köçürülməyə başlayıb. Həmçinin Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Azəbaycan SSR-in Qazax qəzasının Şınıx-Ayrım ərazisindəki 4.000 desyatin torpaq Ermənistan SSR-ə verilib. Bu qərarda Başkənd Azərbaycanın inzibati ərazisi kimi tanınırdı. Lakin burda erməni əhalinin əksəriyyət təşkil etməsi ərazinin sonra Ermənistan inzibati ərazisinə verilməsi ilə nəticələndi. Başkənd de-fakto Azərbaycan ərazisi daxilində Ermənistan eksklavı vəziyyətinə düşdü, kənd inzibati cəhətdən Ermənistan SSR Krasnoselsk rayonuna tabe edildi. Doğma vətənin içərisində Başkənd böyüklükdə yeni bir yara açıldı. Bu, azmış kimi,1978-ci ildə kəndin adı Ermənistan dövləti tərəfindən dəyişdirilərək Artsvaşen adlandırıldı. Başı bəlalar çəkən, torpaqları parça-parça qonşu dövlətlərə pay edilən vətənimizin daha bir acınacaqlı tarixi faktı. Bu faktları araşdırarkən rayonun ağsaqqalı Qəzənfər müəllim həmin kənddə yerli sakinlərin daha çox xristian alban türk tayfaları olduğunu söylədi. Sonralar köçürülən ermənilər albanları assimilyasiya etmişlər. Onun dediyinə görə, Gədəbəydə olan Düzrəsullu və Çayrəsullu, Kilsəli (hazırda Turşsu) kəndlərinin də yerli əhalisi xristian albanlar olmuşlar. Onlar Xıdır Nəbi bayramını rayon əhalisindən bir həftə əvvəl qeyd edirlər. Maraqlı faktdır.

Qarabağ hadisələri başlayandan Başkənddən ermənilərin azərbaycanlılara qarşı hücumları başlandı. Əslində onlar Qarabağ hadisələrindən çox əvvəl - burda məskunlaşandan azərbaycanlılara - yerli kəndlilərə qarşı dəfələrlə cinayətlər törətmişlər. Biçində və yaxud mal otararkən ermənilər azərbaycanlıları dəfələrlə güllə ilə vurmuş, lakin iki millət arasında münasibətlərin kəskinləşməsini bəhanə edib qanı batırırmışlar. Bu kəndə ermənilərin köçürülməsi məqsədli olub. Kəndin coğrafi mövqeyi elədir ki, ermənilər burda yolu kəssələr, Şınıx tərəfdə iyirmidən artıq kənd blokada vəziyyətinə düşər, ölkədən təcrid olunardı. 1992-ci ilin 6-9 avqust tarixində Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində Başkənd azad olunaraq doğma torpaqlarımıza qovuşdu. Başkəndin azad olunmasında həlak olan şəhidlərə rəhmət, döyüşən əsgərlərimizə sağlıq diləyərək bu məlumatları nəzərdən keçirir, diqqətlə ətrafa baxırdım. Kəndin ərazisi çox geniş, təsərrüfat əhəmiyyəti xeyli böyükdür. Göz işlədikcə uzanıb gedən dağətəyi ərazidə taxılçılığı, əkinçilik və heyvandarlığı inkişaf etdirmək üçün gözəl şərait var. Torpaq çox münbit, yararlı, verimlidir. Yadıma Kapadokiya səfəri zamanı  keçdiyim ərazilər düşdü. Avanos və Kapadokiyanın özündə əkin üçün yararlı torpaq yoxdur, heç nə bitirmək olmur. Bizim torpaqların qiyməti, əvəzi yoxdur.

Kənd yolun sağında, xeyli kənardadır. Yaxınından keçdiyimiz süni yaradılmış göldə balıqçılığı da inkişaf etdirmək olar. Kənd ermənilərdən azad olduqdan sonra boş qalıb, məskunlaşma yoxdur. Buranı yeni abad məskənə çevirmək, təsərrüfatın müxtəlif sahələrini inkişaf etdirmək milyonlarla manat gəlir deməkdir.

Keçdiyim kəndlərin çoxunda gözə seyrək dəyən insanlardan bildim, urbanizasiya bu bölgədə də kənd əhalisini öz içinə çəkib. Xoş mənzərə deyil. Əhalini kəndə, torpağa bağlamaq üçün nə etmək lazımdır? Qaz kəməri çəkilib, su var, münbit torpaq var, dövlət ssuda ayırır, qalır irəli durub torpağa, qədim dədə-baba yurduna yiyə durmaq.

Mormor kəndinə çataçatda güclü yağış başladı. Tut ucundan göyə çıx - eynilə belə. Sürücü maşını Aynur xanımgilin evinə dönən tində saxladı, maşından enən kimi  yanımda 12-13 yaşlarında bir oğlan, bir qız bitdi: mənə çətir gətirmişdilər. İkisi də dilli-dilavər, dünya gözəli uşaqlar. Elə sevindim. Demək, onlarla günüm burda xoş keçəcək. Çantaları götürüb evə qaçdıq. Uşaqlar evə çatanacan dil boğaza qoymadan danışır, quş kimi civildəşirdilər. Evə çataçatda Aynur xanımın qızı İlkay özünü hamıdan qabaq içəri atdı və anasına sevinclə:

- Ana, elə qəşəngdir, - dedi.

Vəssalam, bununla da bu mələk qız ruhumun işığını yandırdı, yolun bütün yorğunluğu çıxdı. Aynur xanım qonağını - məni qapının ağzında qarşıladı. Evə qalxdıq. Qədim üslubda, rahat, geniş, gözəl bir kənd evidir. Bərk islanmış və çox yorulmuşdum. Aynur xanım məni ocağa yaxın qoymadı, qaldığım müddətdə də dadlı yeməkləri ilə hər gün süfrəni bəzədi. Yemək yeyən kimi yatmaq istədiyimi bildirdim. Bərk yuxuya getmişdim. Qəfil yerdən qalxıb həyəcanla öz-özümə: "Zəlzələ", - dedim. Lüstra baxdım, tərpənmir, digər əşyalar da bunun kimi, evdə də sakitlikdi. Yenə başımı yastığa qoyub dərin yuxuya getdim. Axşam xəbərlərdə oxudum: ölkənin bu biri başında həmin saatda 5 bala qədər zəlzələ olub. Mən bu mistik təzahürlərə vərdiş etmişdim, ona görə təəccüblənmədim.

Kənddə qaldığım müddətdə iki gün yağış kəsmədi, evdən bayıra çıxa bilmədik. Sonrakı günlər yağış ara verəndə kəndi əhatə edən dağlara qalxıb ətrafa nəzər sala bildim. Bu ehtişamlı mənzərəni - dörd tərəfdə dağlara sığınmış yamyaşıl, bağlı-bağçalı kəndləri görmək o hündür dağlara çıxmağın əziyyətinə dəyərdi.

Mormor kəndinin əvvəlki adı Sarılar olub. Məlumata görə, kənd XIX əsrdə Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf tərəfindən salınıb. Gözəl mənzərəli, dörd tərəfi hündür dağlarla əhatə olunmuş və 1950 metr hündürlükdə salınmış bir kənddir. Kənd Axınca çayının hövzəsində dərə boyunca salınıb. Evlərin tikilişindən, həyət-bacanın görkəmindən bilirəm ki, hansı evdə yaşayanlar yalnız yayda gəlib qalır, hansılarda daimi yaşayanlardır. Aşağı axarlarda Zamanlı çayı, Mehrabçay və Əsrik çayları Axınca çayının suyunu xeyli artırır, Axınca artıq kiçik dağ çayı deyil, kifayət qədər böyük su toplayan bir çay sisteminə çevrilir. Çayın üzərində 1969-cu ildə Axınca su anbarı yaradılıb.

Mormor dağlarından başlayan çay ətraf ərazilərdə kənd təsərrüfatında istifadədə mühüm rol oynayır. Aşağı axarlarda Tovuzçay da Qazıqulu kəndi ərazisində Axıncaya qovuşur. Vahidli kəndindəki XIX əsrə aid Sultan körpüsü də Axınca çayı üzərindədir.

Elmi mənbədə Axınca çayının Kiçik Qafqazın şimal-şərq hissəsində, Gədəbəy rayonu ərazisində Başkənd aşırımının yaxınlığında, Mormordan - 1950 metr yüksəklikdən başlandığı göstərilir. Çayın uzunluğu 76 km, su hövzəsi 1178 kv.km-dır. Axınca sistemi sonda Gəncə-Qazax düzənliyinə çıxır və Kür çayı hövzəsinə daxil olur. Çayın kənarında dadı damaqdan getməyən, faydalarını saymaqla bitməyən min dərdin dərmanı məşhur Mormor təbii mineral bulağı var.

Yazımın sonunda məni narahat edən ciddi bir məsələyə toxunmaq istərdim. Bir-birinə çox yaxın olan Tovuz-Gədəbəy zonasının hər ikisində eyni problemlə rastlaşdım.

Yağış kəsən kimi Aynur xanımla kəndi gəzməyə çıxdıq. Bağlara, kəndin ümumi təsərrüfatına göz gəzdirdim. Yaxın təpəliklərdə otlayan mal-qaranı görəndə bildim, kənddə heyvandarlıqla məşğul olanlar var. Bostanlar səliqə ilə əkilmişdi. Həyətlərdə toyuqdan çox ördək, bəzən də qaz sürülərinə rast gəlirdik. Yol boyu çoxlu gavalı ağacları əkilmiş, budaqlar bardan aşağı sallanmışdı. Çayın yatağına sarı enəndə təəccübdən gözlərim böyüdü: Axınca çayı yatağı boyu zibillik idi. O qədər zibil tökülmüşdü, baxmağa da ürək eləmirdim. İnana bilmirsən ki, təmiz suyun hövzəsini bu qədər çirkləndirmək olar. Çay boyunca ağaran plastik torbalarda, müxtəlif böyüklükdə başqa, iri zibil topaları gözə dəyirdi. Məlumat verdilər ki, hətta bir çox sakinin həyətindəki ayaqyolunun da axını çaya tökülür. Kənd mağazasının yan-yörəsi də zibillə dolu idi. Gədəbəyə gedərkən Başkəndə çatmamış böyük dərədə də belə böyük bir zibillik görmüşdüm. Mən Naxçıvanın ən ucqar kəndlərinə qədər getmişəm. Oralarda bir kənddə, qəsəbədə çayın, suyun belə çirklənməsinin şahidi olmazsan. Elə kəndlərin özündə də hər yer tərtəmizdir. Ətraf mühitə, təbiətə münasibət məhz belə olmalıdır. Tovuz rayonunda qonaq qaldığım yaxın rəfiqəmlə Əsrik dərəsi boyu gəzintiyə çıxdıq. Burda da eyni vəziyyət - Əsrik çayı zibil içində boğulur. Dərə boyu saysız restoranların da, yaxın kəndlərin də zibili bu çaya tökülür. Bu nədir belə, müqəddəs suya nə münasibətdir?! İnsanlar belə dəhşətli münasibəti dünyanın, həyatın dörd yaradıcı ünsürünün biri olan müqəddəs Suya qarşı necə edə bilirlər? Heç cür qəbul etmək olmur. Müqəddəs kitabımız "Quran"da suyun görün necə bir nemət olduğu, onun qəzəblənərkən necə qisas aldığı barədə nə yazılır: "Biz hər bir canlı şeyi sudan yaratdıq" (Ənbiya, 21-30), "İnsanların öz əlləri ilə etdikləri əməllər üzündən quruda və dənizdə fəsad meydana gəldi..." (Rum, 30-41), "Göydən su endirib onunla ölü torpağı dirildən də Odur..." (Nəhl, 16-65), "Yeyin-için, lakin israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz" (Əraf, 7-31).

Mən Allahın vəkili deyiləm, amma bilirəm ki, suyun cəzası, imtahanı ağır olur. Elə bu yaxında Nepalda olan dəhşətli seli, minlərlə insanın tələf olmasını göz önünə gətirək. Rayonların başbilənləri, icra hakimiyyətləri, əlaqədar təşkilatlar, gənc fəallar hara baxırlar?! İctimai qınaq niyə yoxdur?! Ətraf mühiti təmiz saxlayan rayonlarımızdan nümunə götürmək olmazmı? Məgər bu ərazilərdə zibil qutuları qoymaq çoxmu vəsait tələb edir? Rayonlarda işsizlik probleminin olduğu heç kimə sirr deyil. Bir neçə sürücü ştatı ayırıb zibili daşıtmaq, xüsusi yerlərdə emal etmək olmazmı?! Allahın yaratdığı müqəddəs nemətə, gözəlliklərə bu qədər biganəlik olmaz axı. Bu zəngin, bərəkətli torpaqların bəxş edtdiyi təbii ehtiyatların əldə edilən vəsaitin kiçik bir hissəsini bu problemin həllinə yönəltmək olmazmı?! Nə üçün məsul qurumlar qarşısında bununla bağlı məsələ qaldırılmır?! Yoxsa siz də bir Nepal daşqını gözləyirsiz, çayların zibilini süpürüb aparsın?! Axı o daşqın insanları da süpürüb apardı. Cənablar, nə qədər gec deyil, hərəkətə keçin, işə başlayın! Edə bilmirsizsə, işinizi təhvil verin, bu işləri görə biləcək bacarıqlı gənc kadrlar az deyil...

P.S. Məqalədə bəzi məlumatları dəqiqləşdirməkdə yardımçı olan Gədəbəy sakinlərinə - Qəzənfər Qurbanova və Filoloji Araşdırmalar Dil Monitorunq Mərkəzinın məsul katibi Sima xanım Cəfərovaya minnətdarlığımı bildirirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri