Gəncənin raketlə vurulmuş 11 oktyabr gecəsi
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
6 il əvvəl bu müdhiş xəbər xalqımızın düşmənə nifrətini, ordumuzun isə intiqam hissini alovlandırdı
11 oktyabr 2020-ci il, gecə saat 02:00… O gecə Gəncənin yaddaşına həmişəlik həkk olunub. Bu şəhərdə elə yaralar var ki, zaman keçsə də, ağrısı azalmır, izi silinmir. Gəncəlilər üçün 2020-ci il oktyabrın 11-i məhz belə yaralardandır. O gecə qanla yazılmış yaddaşımızın ən ağrılı səhifələrindən biridir.
O gecə Silahlı Qüvvələrimizin dəmir yumruğundan dizi bükülmüş, ağlını itirmiş quduz düşmən müzəffər yürüşümüzü dayandırmaq üçün şəhərin dinc yuxusuna, körpələrin sabahına, anaların ümidinə raket atəşi açdı. Bu misilsiz vəhşilik Gəncəni ağrıtsa da, gəncəliləri ağlatmadı. Bu müdhiş xəbər xalqımızın düşmənə nifrətini, ordumuzun intiqam hissini coşdurdu. Bu misilsiz qəddarlıq dünyada işğalçı Ermənistanın insanlığa açdığı atəş kimi qarşılandı.
O dəhşətdən, görünməmiş vəhşətdən 6 il keçir. Gəncənin küçələri həmişəki kimi adamla doludur. Yenə səhərlər çörək ətri gəlir həyətlərdən. Yenə uşaqlar məktəbə tələsir, analar övladlarını pəncərədən ötürür, qocalar günəşli havada bir-birinə salam verirlər. Xan bağında əsrlərin, eləcə də qanlı oktyabrın şahidi olan çinarlar yenə yarpaqlarını tökür. Şəhər yaşayır. Həyat davam edir.
Vətən müharibəsinin on beşinci günü yaşanırdı. Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşürdü. Bir gün əvvəl Moskvada humanitar atəşkəs barədə razılıq əldə olunmuşdu. İnsanlar, bəlkə də, heç olmasa, bir gecənin sakit keçəcəyinə ümid edirdilər.
Amma bu ümid də yarımçıq qaldı. Gecə saat 2 radələrində döyüş bölgəsindən uzaqda yerləşən Gəncənin yaşayış məhəlləsi Ermənistan silahlı qüvvələrinin ballistik raket hücumuna məruz qaldı. Bir anın içində sakitlik pozuldu. İnsanların dinc yaşadığı evlər dağıldı. On illərlə qurulmuş ailə ocaqlarının bir qismi bir neçə saniyənin içində viran oldu.
O evlərdə nə hərbi qərargah vardı, nə döyüş mövqeyi, nə də silahlı əsgərlər. Orada sadəcə, insanlar yaşayırdı. Səhər işə getməli olan atalar, övladını məktəbə hazırlayan analar, qarşıdakı günlərə planlar quran ailələr… Və uşaqlar… Hələ dünyanın qəddarlığını dərk etməyən, müharibənin nə olduğunu bilməyən uşaqlar.
Rəsmi məlumatlara görə, raket hücumu nəticəsində əvvəlcə 9 nəfər həyatını itirdi, yaralananlardan birinin sonradan vəfat etməsi ilə qurbanların sayı 10-a çatdı. Onlarla insan yaralandı, çoxsaylı yaşayış binalarına və mülki obyektlərə ziyan dəydi.
Amma rəqəmlər faciənin yalnız görünən tərəfidir. Axı bir insanın ölümünü hansı rəqəmlə ifadə etmək olar? Bir ananın yoxluğunu hansı statistika ilə ölçmək mümkündür? Bəs bir uşağın valideynsiz qaldığı gündən başlayan uzun illərini?
O gecənin ən ağır həqiqətlərindən biri də budur: dağıntıları təmizləmək, binaları yenidən tikmək mümkündür. Amma itirilmiş insanı geri qaytarmaq mümkün deyil.
Sonralar həmin günlərin fotoşəkillərinə baxanda adamın nəzəri bəzən böyük dağıntılardan daha çox kiçik əşyaların üzərində dayanır. Dağıntıların arasındakı uşaq oyuncaqları… Sahibini gözləyirmiş kimi görünən gündəlik əşyalar… Güllərin qoyulduğu yerlər…
İnsan düşünür: görəsən, bu evlərin sakinləri həmin axşam nədən danışmışdılar? Sabah üçün hansı arzuları vardı? Kim kiminlə görüşməyi planlaşdırmışdı? Bunların cavabını bilməyəcəyik. Bildiyimiz odur ki, onların sabaha çıxmaq haqqı vardı.
2020-ci ilin oktyabrında Gəncənin raket hücumlarına məruz qaldığı günləri unutmaq mümkün deyil. Şəhər oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də hücumlara məruz qaldı. Ümumilikdə 26 mülki sakin həyatını itirdi, çoxlu sayda insan yaralandı.Hər hücum şəhərin yaddaşına yeni ağrı əlavə etdi. Ancaq oktyabrın 11-i ayrıca bir faciə idi. Çünki atəşkəsə ümid bəslənilən saatlarda insanların yatdığı evlər vurulmuşdu. Bunu necə unutmaq olar?!
O günlərdə Gəncədə insanların bir-birinə necə dayaq olduğunu xatırlamaq da ayrıca bir tarixdir.
Dağıntıların ətrafına toplaşanlar, yardım etməyə çalışanlar, zərərçəkən ailələrə əl uzadanlar… Heç kim başqasının dərdinə yad qala bilmirdi. Şəhərin bir yerində baş verən faciə hamının qapısını döyürdü.
Məhz o günlərin mənəvi simvollarından birinə çevrilən hadisələrdən biri də balaca Bəxtiyarın görüntüləri idi. Dağıntılardan sonra çəkilmiş və bütün ölkəyə yayılan, üz-gözü qan içində olan o uşağın acı təbəssümü yaddaşlardan silinməyib. Həmin təbəssümdə uşaqlığın məsumluğu ilə yanaşı, düşmənə bir nifrət vardı.
Bir də üç yaşlı Nilayın taleyi…
11 oktyabr faciəsində hər iki valideynini, nənəsini itirən Nilay Əliyevanın hekayəsi o gecənin necə ağır insan faciələrinə səbəb olduğunu göstərirdi.
İllər keçəcək. Həmin uşaqlar böyüyəcəklər. Bəlkə də, öz övladlarına 2020-ci ilin oktyabrında baş verənlərdən danışacaqlar. Onda bir daha anlayacağıq ki, müharibə yalnız tarix kitablarında yazılan kimi deyil. Müharibə insanların həyatında nəsildən-nəslə keçən xatirədir.
Gəncə həmin günlərdə tək deyildi. Azərbaycan xalqı cəbhədə döyüşən əsgərləri ilə, arxa cəbhədə bir-birinə dayaq olan insanları ilə eyni taleyi yaşayırdı. Hər yeni şəhid xəbəri ürəkləri ağrıdır, hər azad edilən kəndin, qəsəbənin, şəhərin adı isə qələbəyə inamı artırırdı.
Noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri gələndə bu sevinc Gəncənin də küçələrinə yayıldı. Ancaq o sevincin içində oktyabr gecələrinin kədəri də vardı. Qələbəni görməyən insanlar vardı. Öz evində, öz doğma şəhərində həyatdan qoparılan günahsız insanlar vardı…
Bu gün həmin hadisələrin üstündən altı il keçir. Gəncə yenə öz adi həyatını yaşayır. Küçələrində uşaqların səsi eşidilir. Parklarında insanlar gəzir. Şəhər öz keçmişinə sədaqətini qoruyaraq sabaha doğru addımlayır.
Amma oktyabrın 11-i gələndə Gəncə yenə xatırlayır. Dağılan evləri, yarımçıq qalan ömürləri, valideynlərini itirən uşaqları, övladlarının yolunu gözləyə bilməyən anaları… Və ən başlıcası, insan həyatının nə qədər qiymətli olduğunu.
Gəncə 2020-ci ilin oktyabrında yalnız raket zərbələrinə məruz qalmaqla yanaşı, həm də tarix qarşısında ağır bir sınaqdan keçdi. Ağrı yaşadı, itkilər verdi, amma yaşamaq əzmini itirmədi.
Bu gün həmin gecənin qurbanlarını yad etmək yalnız keçmişə dönmək deyil. Bu, gələcək nəsillərə bir həqiqəti çatdırmaqdır: sülhün qədrini bilmək üçün müharibənin insan həyatına gətirdiyi faciələri unutmamaq lazımdır.
6 il əvvəlin 11 oktyabrında Gəncədə yarımçıq qalan ömürlərin davamı xatirələrə köçdü, şəhərin günahsız qurbanları əbədiyyətə qovuşdu.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















