Icma.az
close
up
RU
Gözdən yaş çıxarmı ürək yanmasa...

Gözdən yaş çıxarmı ürək yanmasa...

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 117 il ötür

Bakı, 5 iyun, AZƏRTAC

Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər şeirlər hər birimizin qəlbinə yaxındır.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 117 il ötür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”. “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. “Dilənçi” şeirində “fəhlə-kəndli” cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.

Demək, yer də mənim, göy də mənimdir,

Hüzurumla cahan nə bəxtiyardır

- deyən şair cahanın bəxtiyarlığını məhz onun insan qarşısında durmasında görür. Bu da insana verilən ən yüksək qiymətin poetik ifadəsidir. Onun şeirlərində irqindən, milliyyətindən asılı olmayaraq bütün xalqlar birdir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri