“Hamımız hasarlanmışıq və o hasarı qıra bilmirik” Sosioloq
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zaman keçdikcə insanlar arasında ünsiyyət formaları da dəyişir. Bir vaxtlar görüşmək, üzbəüz söhbət etmək gündəlik həyatın ayrılmaz hissəsi idisə, bu gün həmin ünsiyyət formalarını telefon zəngləri və mesajlar əvəzləyib. İnsanlar artıq bir-biri ilə görüşmək əvəzinə telefonla əlaqə saxlamağa üstünlük verirlər. Qohumluq, dostluq və sosial münasibətlər getdikcə daha çox ekran arxasına keçir.
Bəs insanlar niyə getdikcə bir-birindən uzaqlaşır və canlı ünsiyyətdən imtina edirlər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Mail Yaqub bildirib ki, mövcud vəziyyət olduqca təəssüfedicidir və bunun iki əsas səbəbi var:
“Bu iki amilə görə qohumlarımızla, dostlarımızla əlaqələrimiz zəifləyib. Birinci səbəb vaxtın azlığıdır. Heç kim heç kimə vaxt ayıra bilmir. Hamı tələsik yaşayır və “vaxtım yoxdur” deyir. İkinci səbəb isə insanlar arasında sevginin azalmasıdır. Mən insanlarla görüşməyə, vaxt keçirməyə, söhbət etməyə can atıram ki, qarşılıqlı sevgi və maraq olsun. Amma bu sevgi getdikcə azalır”.
Mail Yaqubun fikrincə, bu gün insanları bir-birinə bağlayan əsas amil maddi ehtiyaclardır, mənəvi ehtiyaclar isə arxa plana keçib:
“Əgər mən kiminləsə görüşürəmsə, bu, adətən maddi məsələ ilə bağlı olur: hansısa iş var, ya da mənim həmin insandan asılılığım mövcuddur. Əgər bunlar yoxdursa, dostumla, qohumumla gediş-gəliş etmirəm. Bəs əgər dostum və ya qohumum maddi baxımdan zəifdirsə, mənim ondan heç bir maddi asılılığım yoxdursa, o mənə maddi fayda verə bilmirsə, sırf mənəvi dəyərlər üzərindən onunla əlaqə qurmamalıyam? Təəssüf ki, müasir insan bu suala “bəli, qurmamalıyam” cavabını verir”.
Sosioloq qeyd edib ki, mövcud vəziyyətdən çıxış yolu ilk növbədə insanların öz fərdi davranışlarını dəyişməsindən keçir:
“Hamımız hasarlanmışıq və o hasarı qıra bilmirik. Kimsə bu hasarı qırmalı və dostuna, qohumuna zəng edib deməlidir: “Filankəs, mən səninlə görüşmək istəyirəm. Gəlin, sadəcə oturaq, bir stəkan çay içək, söhbət edək, hal-əhval tutaq”. Yəni maddi asılılıq üzərindən yox, mənəvi dəyərlər üzərindən. Bu, çox vacibdir”.
Mail Yaqub sonda vurğulayıb ki, bu tendensiya cəmiyyət üçün təhlükəli nəticələr doğura bilər:
“İnsan tədricən tənhalaşır, fərdiyyətçilik artır. Tənhalaşan insan daha tez depressiyaya düşür. Əlaqələr nə qədər çox olarsa, insanın depressiyaya düşmə ehtimalı da bir o qədər azalır”.
Fəridə Əsədzadə
Baxış sayı:81
Bu xəbər 15 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















