Icma.az
close
up
RU
Heminqueyə görə həyat

Heminqueyə görə həyat

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu, Enrike Vila-Matasın Heminquey haqqında tərcümə etdiyim yazısıdır. Bu yaxınlarda “Ulduz” jurnalında dərc olunub.

Məmməd Məmmədli

Aydaho ştatındakı Ketçum şəhərində sahibsiz bir evin foto şəklinə baxıram. Bu, Heminqueyin yaşadığı sonuncu evdir. İndi mənə aydın olur ki, bu ev, elə özünü öldürmək istəyənlər üçündür. Könülsüz tikilmiş bu evdə külək bir tərəfdən girib o biri tərəfindən çıxdığı kimi, eynilə son günlərini yaşayan yazıçının qəlbini də üşüdürdü və öz adını əfsanəyə çevirməzdən əvvəl içində bir boşluq hiss etdirirdi. Mən bu evi ölmək üçün mükəmməl, özü də qəribə bir yer kimi qiymətləndirirəm. Paradoksal səslənsə də, ev elə bil sahibinin tam istəyinə uyğun tikilmişdi. Bu istək, bu nəsr o qədər parlaq və aydın görünür ki, üzərində daşıdığı həyatın bütün ağırlığını kitablarda və hekayələrdə nəql edir.

Heminquey bura sonuncu dəfə 1961-ci ildə qayıtmışdı. Sanatoriyadan gəlirdi, saçları ağarmış, üzünün rəngi qaçmış, öləzimiş bir vəziyyətdə. Dörd il əvvəl Parisdə ilk və sonuncu dəfə Qarsia Markeslə üzləşəndə kövrək, uşaqlaşmış bir babanı xatırladırdı. Əsrin simvoluna çevrilmiş bu adamın cəmi 59 yaşı vardı. Nəhəng, kifayət qədər görkəmli, fəqət brutal gücə malik olduğu gözə dəymirdi, baxmayaraq ki, o, hər zaman belə olmasını arzulamışdı. İndi ombası nazilmiş, ayaqları boşalmışdı.

Qəhrəmanlarını həmişə möhkəm, dözümlü və iztirablarında alicənab göstərən yazıçı terminal bir durumda, 1961-ci ildə sanatoriyadan Ketçuma qayıdırdı. Heminqueyi ruhlandırmaqdan ötrü ona bütün səlahiyyətlərə malik prezident Con Fitscerald Kennediyə bir təklif irəli sürməli olduğunu xatırlatdılar. Ancaq nə qədər fikirləşsə də, ağlına heç nə gəlmədi, o, yalnız bu sözləri yaza bildi: “Artıq məndə heç nə alınmır, heç nə...” Çoxdandır özündə bu çöküşü hiss etmişdi və indi sözləri ilə təsdiqləyirdi. Tükənmişdi. O qədər tükənmişdi ki, hətta İkinci Dünya müharibəsindən sonra Parisin “Ritz Hoteli”ndə işləyən Skott Fitscerald adlı barmen bütün dünyanın haqqında danışdığı bu misyö Fitsceraldın kim olduğunu soruşmuşdu.

Əvvəllər cazibədar, həyatsevər, əsgər və döyüşçü ruhlu boksçu, ovçu, balıqçı, içməyi sevən bu tükənmiş adamın hekayəsi 63 il əvvəl İllinois ştatındakı “Oak Parkı”ndan başlayır. Atası Klarens Edmonds Heminquey ona balıq tutmağı, silahla davranmağı, maral, yenot, dələ, vəhşi göyərçin, göl balıqlarının ətindən kabab çəkməyi öyrətmişdi. Həm də onu öyrətmişdi ki, heç vaxt öldürməkdən həzz almaq xətrinə öldürməməlidir. Bu qızıl qaydanı oğlu böyüyəndə nə vaxtsa unutmuşdu. Heminquey ömrünü heyvanları qırmaqla keçirib. Keniyada şirləri ovlayan bir brakonyerin özündənrazı şəkilləri neqativ lent kimi ürəkağrıdan və gülməlidir... Əlində tüfəng Venesiyada ördək vurur...

Varqas Yosa deyirdi ki, Heminquey İspaniyaya öküz döyüşlərinə gələndə əvvəlcə respublikaçıların səngərlərini gəzirdi, fil öldürür, ya da içib yerə sərələnərdi. O, macəra axtarışında olan birisi deyildi, əksinə, tənha və gözüdoymayan şıltaq adam təəssüratı yaradırdı: ədəbiyyatın istedadlı həşəratı. “Çünki onun üçün” – Varqas Yosa davam edir – “bütün yazıçılarda olduğu kimi, əsas, yaşamaq deyil, yazmaqdır”. Heminqueyin özü bir dəfə bunu etiraf etmişdi: “Yazmaq pis vərdişə çevriləndə ondan daha böyük həzzi yalnız ölüm verə bilər”.

Lakin Borxes Heminqueyə başqa nəzərlərlə baxırdı. O, belə düşünürdü ki, romançı həyat təcrübələrini – Yaxın Şərq və İspaniyada müxbir işləməsini, Afrikada şir ovlamasını – öz əsərlərində əks etdirəndə ədəbiyyat naminə macəra axtarmırdı, bu, sadəcə onun özünə maraqlı idi. Borxes öz yazısında bunları əlavə etdi: “1954-cü ildə İsveç Akademiyası ona insan fəzilətlərini təbliğ etdiyinə görə Ədəbiyyat üzrə Nobel Mükafatı təqdim etdi. Yazmaq bacarığını itirmiş və dəli vəziyyətinə gəlmiş yazıçı sanatoriyadan çıxanda, 1961-ci ildə, ölmək fikrinə düşür. Həyatını zehni işə deyil, macəra dolu səyahətlərə xərcləməsi onu çox ağrıdırdı”.

Heminqueyin bu evdə həyatdan getməsi onun bütün o gərginlik içində yazdığı külliyyatının təcəssümü idi. Amma o yazıların üstündən illər keçmişdi və özünə qəsd edən başqası idi. Sanki özünəməxsus hekayələri ilə debüt edən yazıçıdan uzaq bir Heminquey... Özünü öldürən güman ki, kədərli, istedadı çürümüş bir adam olmalı idi. O, yenilikçi deyildi, onun ədəbiyyatdakı hədəfi (Ceyms Coys kimi) Parisin “San Mişel Bulvarı”ndakı kafeləri gəzən yazıçılardan fərqli olaraq orijinallığı ilə seçilirdi.

Bir şeydə Sezar Aira ilə razılaşıram ki, sənət adamlarının peşəkarlığı tükənəndə və hər şeyi ağ vərəqdən başlanması lazım olanda novatorlar meydana çıxır. Düşünürəm ki, indi peşəkarın qələmindən çıxmış romandan üstün yazı olmayanda təhlükəli, donmuş bir vəziyyət yaranır və buna görə də kastelyano dilində yeni mətn yaratmaq üçün hər şeyi yenidən başlamalı olursan. Heminquey ilk kitabını nəşr etdirəndə, bax, dünya ədəbiyyatına lazım olan bu idi: oxucunun yazıçıdan umduğunu ona vermək, hekayə janrının gözəlliyini sənətə qaytarmaq, elə etmək ki, söz əsərin məzmunu ilə səsləşsin, onda olan hissiyyatı ötürsün. Toxunduğum məqamlar indi bizə asan görünür, amma keçmişdə yaxşı ədəbiyyat dərzinin biçdiyi paltar kimi olmalıydı – ütülü və bərli-bəzəkli. O zamanın neoqotik elementləri, yazmaq üçün elitar kollec təhsili və s.

Heminqueyi xatırlamadan müasir hekayənin inkişafı barədə danışmaq olmaz. “Bir hekayə həmişə iki hadisəni nəql edir”, – Rikardo Piqliya belə deyir. Onun üçün klassik hekayə – Poe Kiroqa – hadisənin ümumi mənzərəsini nəql edir və gizlicə ikinci xəttin süjetini qurur, təəccüb effekti isə axırda sonuncunun üzə çıxması ilə baş verir. Müasir hekayədə isə (Çexov, Katrin Mansfild, Şervud Anderson, “Dublines”in müəllifi Coys və əlbəttə Heminquey) iki hadisə bir hadisə kimi nəql olunur.

Heminqueyin hekayələrində ən vacib məqam göstərilmir, gizli süjet yazılmadan qurulur. Biz bunu yazıçının təkrarolunmaz əsərlərində görə bilərik. “Yağış altında pişik”, “Qatillər” (Yeri gəlmişkən rejissor Tarantino bu əsərdən çox şeyi mənimsəyib), “Başqaları yatanda”, “Təmiz və işıqlı yer”, “Böyük ikiürəkli çay” hekayələrini yaxşı xatırlayıram. Qarsia Markesin qeyd etdiyi kimi, Heminqueyin hekayələrində ən yaxşı cəhət onlarda çatışmazlıq təəssüratının olmasıdır. Məhz bu cəhət müəllifin hekayələrinə mistik bir gözəllik qatır. “İki ürəyin böyük çayında” gizli dediyimiz süjet – müharibə dəhşətlərinin Nik Adamsda yaratdığı effekt – o qədər zərgər dəqiqliyi ilə verilib ki, hekayəni oxuyanda elə bil balıq ovuna çıxan bir nəfərin bəsit təsvirini görürsən. Heminqueyin bu hekayədə sərgilədiyi peşəkarlıq möhtəşəmdir, çünki o, çatışmayan o hadisənin yoxluğuna nail olub. Eyni şey “Yağış altında pişik”də də baş verir. Bu, onun yazdığı yazıların ən yaxşısıdır. Cütlüyün tənhalığı – Doroti Parkerin söylədiyi kimi –yenicə ailə həyatı quran bir qadının aciz vəziyyətə düşmüş pişiyə qarşı (pişiyin yerinə bal ayına çıxdığı əri də ola bilər) göstərdiyi nəvazişin sadə təsvirində gizlənir. Bu, ədəbiyyat tarixində yazılmış ən yaxşı beş hekayədən biridir.

Onun bayram ovqatlı hekayələrindən biri Parisin ən yaxşı vaxtlarında yazılmışdı. Mən 18 yaşımda həmin bu “Place de Saint Michel” kafesində oturub “Parisdə əsl bayram yaşanırdı” əsərini oxumasaydım, yazıçı olmazdım. Müəllifin dediyinə görə, bu kafe yazmaq üçün rahat, isti, təmiz və ürəkaçan bir yer idi, necə ki, o, ən böyük əsərlərinin birində köhnə ofisiantların dili ilə “təmiz və işıqlı bir yer” ifadəsini işlədir. Dediyim bu kafedə müəllif şaxtalı bir gündə küləklə bərabər içəri daxil olan və vücudundan işıq saçan gözəl bir xanımla qarşılaşdığını təsvir edir. O qızı mən də görmüşdüm, Parisə ilk səfərimdə. Elə bu kafedə günah işlətməkdən qorxmayanlar kimi, əlində bir fincan çay kitab oxuyan bir qıza baxdığım yerdə ilk hekayəmi yazmağa çalışırdım. O, məni çox təəccübləndirmişdi, çünki indi qəribə səslənməsə də, 60-cı illərin Barselonasında bir qızın kafedə tək oturub kitab oxuması sanki bir yalana bənzəyirdi. Tüklərim biz-biz olmuşdu... Heminqueyin əsərindəki o xanım orada idi, üzərinə su çilənmiş saf şüşə kimi işığın altında bərq vururdu, üzünün dərisi də çox təravətli idi.

“Mən daha bundan artığını heç vaxt görməyəcəyəm” – Baroxa son günlərində belə deyirdi. Kimsə onların fərqli cəhətlərini demişdi. Heminqueyin Baroxanı oxuyub-oxumadığı dəqiq məlum olmasa da, Baroxanın baxışlarından, yazıçı təxəyyülündən də o yana getmək kimi niyyəti vardı. Çalışırdı çayın o biri tərəfinə adlasın, ağacların arasına girsin, Rimbaudun dediyi o xoşbəxt və ilhamverici anları tutsun. Həmin o anlar bizə gizli olanları sezdirir, yəni bu, uzaq, heç zaman ayaq basmadığımız torpaqda baş vermir, elə qəlbimizdə anidən cücərən duyğuları bizə çatdırır. Lap uzağa, yazdığı mətndən də o yana, romanın təhlükəli ərazilərinə daxil olaraq (dolğun həyatında olduğu kimi) öz limitlərini aşaraq: “Bir gün anladım ki, roman yazmalıyam. Ancaq bu, mənə ilğım kimi görünürdü. Özü də qələmi əlimə alanda daha çox güc sərf etməli olurdum, çalışırdım romanda olan bütün nə varsa, hamısını süzgəcdən keçirərək bir abzasın içinə dürtüm”.

“Qoca və dəniz” əsərini qırağa qoysaq, Heminquey tənqidçilər tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Ədəbiyyat səviyyəsində onun pisliyə doğru getdiyi fikirləri eşidəndə Heminquey həqiqətən pis olmuşdu. Ancaq mən Roberto Bolanyonun tərəfindəyəm. Onun fikrincə, “Olmaq, ya olmamaq” da daxil (baxmayaraq ki, pis adla məşhurlaşıb), yazıçının əsərləri qeyri-standart təsir bağışlasa da, mətnlərində valehedici və artistik bir cəhəti sezmək olar. “Zəng kimin üçün çalınır?”da da vəziyyət eyni cürədir və bu sözləri onun ən çox “tapdalanmış” – “Çayın o tayında, ağacların kölgəsində” romanı haqqında da söyləmək olar. Əsərin quruluşunda uyğunsuzluqları ilə, mətnində səliqəsizliyi ilə seçilən bu söz ustadının anomaliyalarına baxmayaraq, Heminquey bu romana özünü hopdurduğu qədər də əsərinin qayəsini – qələbənin mənasızlığı və iztirabın gözəlliyini ötürməyə nail olub.

Ən vacibi odur ki, bütün dahi yazıçılar kimi, Heminquey də öz hüdudlarından kənara çıxmağa çalışıb. Və əgər nədəsə yanlışlığa yol veribsə, bağışlanandır! Onun buna haqqı çatırdı. Bu, yazı sənətində irəliləmək üçün çox vacibdir, sənətkarın keçdiyi yol kimi – büdrəyə-büdrəyə özünü düzəldərək və buraxdığın səhvlərlə böyüyərək. Yaddan çıxarmaq olmaz ki, Borxes və Kiplinqin söylədiyi kimi Heminquey özünü son dərəcə dəqiq, dürüst və incədən-incə bir sənətkar kimi görürdü. Onun üçün əsas ölümün qarşısına üzüağ çıxaraq özünə haqq qazandırmaq idi.

O, qələbənin mənasızlığını Nobel aldığı gün başa düşdü – Afrikada ard-arda iki dəfə sərt eniş edən zaman beyin silkələnməsi diaqnozunu səbəb gətirən yazıçı Stokholma gedə bilmədiyi üçün öz zəifliyindən təəssüfləndi. Fiziki və əqli cəhətdən degenerasiya olurdu. İztirabın gözəlliyinə gəldikdə isə ömrünün son günlərindən o qədər də öyünə bilmirdi. Alkoqol və tütündən asılı olan vücudu sabahların birində həyat və ədəbiyyatla vidalaşaraq “boşanma” gülləsi ilə bütün dünyanı ayağa qaldırmağa qərar verdi. Təmiz və yaxşı işıqlandırılmış yerdə qoca bir ofisiant müştərisi haqqında belə demişdi: “Ötən həftə özünə qəsd etmək istədi”. Başqa bir gənc ofisiant onun nə üçün belə dediyini soruşanda belə cavab aldı:

- Çarəsiz idi.

Heminquey ölmək üçün Kubanı Ketçumdakı evlə dəyişmişdi. Bazar günlərin birində tezdən yerindən qalxdı. Yoldaşı hələ yuxuda idi. O, silah saxlanılan otağın açarlarını tapıb, vaxtilə quş vurduğu qoşalüləni dolduraraq alnına dirədi və atəş açdı. Paradoksal səslənsə də, o, özündən sonra elə bir əsər qoyub getdi ki, çətinliklərə sinə gərən bütün qəhrəmanlar ondan nümunə götürsün. O əsər Entoni Berjesin dediyi kimi, ədəbiyyatdan da o yana təsir etdi, çünki ən pis Heminquey belə, bizə onu xatırladır ki, ədəbiyyatla dostlaşmaq üçün əvvəlcə həyatla dostlaşmalısan.

Enrike Vila-Matas

Barselona, aprel 1998

İspan dilindən tərcümə etdi: Məmməd Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see246

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see239

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see237

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see234

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see178

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see156

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri