Həyat amalını varlığı qədər Azərbaycan xalqına həsr edən LİDER
«Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz». Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu ödər Heydər Əliyevə məxsusdur! Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötsə də, ölkəmizdə hər il dahi şəxsiyyətin anım günün qeyd olunur, xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Əslində doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, üummilli lderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Misilsiz xidmətləri ilə xalqın liderinə çevrilən Heydər Əliyev həyatını risklərə ataraq bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsi, inkişafına həsr edib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulayıb ki, xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır: «Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır».
Bəli, tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan ulu öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur. Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir. Bu dövrdə təkcə iqtisadi sahədə deyil, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğı göstərilmişdir. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda siyasi rəhbərliyə gəlişindən çox qısa bir dövr keçməsinə baxmayaraq ulu öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi təmayüllü məktəb- C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Həmin hərbi məktəbin yaradılması ilə milli hərbi kadrların formalaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixində -15 iyun Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. 1993-cü il 15 iyun - Tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildiyi gün. 15 iyun Azərbaycan xalqının gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası olan tarixi gün. Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etməklə, həm də 44 günlük müharibədə möhtəşəm qələbənin təməli idi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. Sonrakı dövrdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.
Ən əsası isə, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev son 21 ildə ümummilli liderin görmək istədiyi arzularını gerçəgləşdirdi. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 21 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.
Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Dəmir Yumruq» siyasəti ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ruhun şad olsun, ulu öndər, artıq 28 ildən sonra Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ATA vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!».
Bəli, bu dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi! Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Çünki çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycandır!
Bir sözlə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən müstəqil Azərbaycan bundan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə edəcəkdir. Dövlət başçımızın qeyd etdiyi kimi: "Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri