Icma.az
close
up
RU
Heydər Əliyev bütün zamanların şəxsiyyətidir

Heydər Əliyev bütün zamanların şəxsiyyətidir

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.

Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.

Mart ayından başlayaraq şənbə saylarında həmin söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.

Elmira Axundova - İlk dəfə Heydər Əliyevlə şəxsi ünsiyyətiniz nə zaman yarandı? Bəlkə, bu, sizin atanız, görkəmli bəstəkar Vasif Adıgözəlovla bağlı idi, bəlkə, siz hansısa konsertdə iştirak edirdiniz? 

Yalçın Adıgözəlov - Bunu şəxsi ünsiyyət adlandıra bilmərəm. Amma mən Heydər Əliyevin təşəbbüsü ilə Filarmoniyada təşkil edilmiş konsertlərə gedirdim, onları "cümə konsertləri" adlandırırdılar. Maestro Niyazi dirijorluq edirdi, Moskvadan məşhur rus musiqişünası Janna Dozortseva gəlirdi. Mən həmişə bu konsertlərə atamla birgə gedirdim. Niyazi, belə demək olarsa, Heydər Əliyevin sevimlisi idi. Konsertdən əvvəl və çox zaman da ondan sonra Heydər Əliyev maestronun kabinetinə baş çəkirdi, axı Niyazi onda Filarmoniyanın direktoru və Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru idi. Səslənən proqram konsertdən sonra məhdud dairədə müzakirə olunurdu. Məni direktorun kabinetinə həmişə buraxmırdılar, amma bəzən orada olurdum və Heydər Əliyevi - respublikamızın rəhbəri olan bu çox gözəl və cazibədar insanı yaxından müşahidə edə bilirdim.

E.A. - Atanızın necə, Heydər Əliyevlə ünsiyyəti vardı?

Y.A. - Əlbəttə. Heydər Əliyeviç  çox zaman yaradıcı intelligensiyanı  toplayırdı, atamı da həmişə dəvət edirdilər. Atamın onun yanında dayandığını göstərən çoxlu videoxronikalar qalır. Yaxşı yadımdadır, 20 yanvar 2000-ci ildə Musiqili Komediya Teatrında Vasif Adıgözəlovun "Qəm karvanı" oratoriyasının premyerası oldu. Atam bu oratoriyanı faciəvi hadisələrin 10-cu ildönümünə həsr eləmişdi. Filarmoniyada həmin vaxt ifa etmək mümkün deyildi, orada isitmə sistemi işləmirdi. Heydər Əliyev premyeraya gəldi, lojada oturdu. Solistlər Alim Qasımov və Azər Zeynalov idi. Mən, həmişəki kimi, premyeraya dirijorluq edirdim - 1989-cu ildən bəri Vasif Adıgözəlovun əsərləri mənim dirijorluğum altında ifa olunur. Bizim üçün Heydər Əliyevin gəlişi çox vacib idi, çünki buna qədər Polad Bülbüloğlu gərgin iş qrafiki olan Prezidentin premyeraya gələ biləcəyinə o qədər də ümid etmirdi. Sonda biz Heydər Əliyevin səhnəyə çıxacağını gözləyirdik. O, bunu tez-tez edirdi axı. Amma həmin gün belə olmadı, görünür, əhvalı yox idi: əvvəla, kədərli tarix idi, ikincisi, o, müəllifin harada olduğunu soruşanda cavab vermişdilər ki, Vasif Adıgözəlov bu gün İstanbulda əməliyyat olunub. Heydər Əliyev məyus oldu və dərhal müvafiq tapşırıqları verdi. Bizimlə əlaqə yaratdılar və müalicə üçün Türkiyəyə pul köçürdülər.

...Amma mən söhbətdə çox irəli getdim, çünki Heydər Əliyevlə ilk dəfə şəxsi ünsiyyətim və onunla qiyabi tanışlığım inauqurasiya zamanı baş tutub. Həmin vaxt Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru idim və Respublika Sarayındakı konsertə bütünlükdə rəhbərlik edirdim. Maraqlıdır ki, o zamankı dövlət katibi Lalə Şövkət Hacıyevanın məsləhəti ilə orkestr üzvləri Heydər Əliyev səhnədə görünənə qədər öz yerlərini tutmuşdular. O, səhnəyə çıxanda biz də zaldakılarla birgə ayağa qalxdıq, onu salamladıq və yenidən oturduq. Mən onun nitqini diqqətlə dinləyirdim. Aramızda beş-altı metr məsafə vardı. Musiqi terminləri ilə danışsaq, onun leyttemaları necə inkişaf etdirməsi, kreşendosunun tədricən necə güclənməsi xatirimdədir, yadımdadır ki, ondan necə inanılmaz enerji gəlirdi. Heydər Əliyeviç çıxışını kulminasiyaya çatdırdı və zalın diqqətini bütünlükdə ələ aldı. Bir dirijor kimi bu, mənimçün vacib idi, çünki musiqiçilər dirijordan çıxan bu flüidləri hiss etməlidirlər. Onlar dirijorla görünməz tellərlə bağlı olmalıdırlar. Düzdür, çox zaman mən də orkestr və xordan ilham alıram. Amma orada hiss elədim ki, Heydər Əliyevdən necə də inanılmaz enerji, qüvvə, müdriklik dalğası gəlir...

E.A. - Çoxları mənimlə söhbətdə təxminən eyni şeyi xatırlayırdılar: bu adam necə maqnetizmə, necə qüdrətli auraya sahib idi, insanlara necə böyük təsir gücü vardı...

Y.A. - Həmin axşam mən buna əmin oldum, ondan nəhəng yaradıcı enerji gəlirdi. Onu dinləyərkən qürur hissi keçirirdim, məni pozitiv emosiyalar bürüyürdü, fikirləşirdim ki, artıq hər şey yaxşı olacaq, biz vətəndaş müharibəsindən, Filarmoniyaya soxulub bizə nəyi ifa edib-etməyəcəyimizi diktə edən cahil adamların təzyiqlərindən keçmişdik, mən qızdırıcı sistemi olmayan soyuq Filarmoniyanı, qazanc dalınca gedən musiqiçiləri xatırlayırdım, bütün bunları yada salırdım və inanırdım  ki, Heydər Əliyevin gəlişi ilə həyatımızda hər şey tezliklə dəyişəcək.

E.A. - Həmin günlər buna inanan tək siz deyildiniz. Buna bütün ölkə inanırdı.

Y.A. - Bir il sonra - 18 sentyabr 1994-cü ildə mən, nəhayət, Heydər Əliyevin əlini sıxa bildim. Həmin gün Niyazinin ev-muzeyinin açılışı idi. Biz hamımız orada toplaşmışdıq, Heydər Əliyev də gəlmişdi. O, yuxarı qalxdı, muzeyi uzun müddət gəzdi, fotoşəkillərə baxdı, imzaları oxudu, bizsə cərgə ilə onun ardınca addımlayırdıq. Atam və əmim Rauf Adıgözəlov da orada idilər. Hər şeyə nəzər salandan sonra Heydər Əliyev fəxri qonaqlar kitabına rəy yazmaq üçün əyləşdi. Onun xəttatlara xas gözəl xətti vardı. Yazdı və birdən soruşdu: "Yaxşı, bəs musiqi parçası dinləməyəcəyik?" Atam məşhur skripkaçı və istedadlı romans ifaçısı olan qardaşına dedi: "Rauf, "Arzu"nu oxu". Bu, Niyazinin məşhur romansı idi. Atam royal arxasına keçdi, Rauf "Arzu"nu oxudu. Bir görəydiniz, Heydər Əliyev necə dinləyir və nə cür həzz alırdı!

O getmək üçün qalxanda Polad Bülbüloğlu qəfil dedi: "Heydər Əliyeviç, Yalçın orkestri Türkiyəyə aparır". Biz müstəqil Azərbaycan orkestri qismində ilk dəfə xaricə qastrola çıxmağa hazırlaşırdıq. Əvvəlcə İstanbulda məşhur Camal Reşid Rey zalında, sonra Antalyada yeddi min tamaşaçı üçün nəzərdə tutulan Aspendos amfiteatrında çıxış etməliydik. Orkestrin 70 və  xorun 80 üzvü ilə xaricə getdik.

E.A. - Siz onları hansı vəsaitlə apardınız? Axı bu, nəhəng xərcdi!

Y.A. - Yaxşı sualdır. Eyni sualı mənə Prezident də verdi. Biz üçüncü mərtəbənin pilləkənlərini düşüb artıq maşına yaxınlaşanda Heydər Əliyev məndən qarşıdakı bu qastrollar barədə soruşdu - nə ifa edəcəyik, çıxışlar harada olacaq, bütün bunları kim təşkil edib... O zaman Türkiyə tərəfi bütün maliyyə xərclərini öz üzərinə götürmüşdü. Mən bütün bunları danışanda o, maşına yaxınlaşmışdı, amma əyləşmirdi, maraqla qulaq asırdı. Söhbətin sonunda isə Polada müraciətlə dedi: "Onlar qayıdandan sonra mənə hər şeyin necə keçdiyi barədə məruzə edərsən. Mənə maraqlıdır, Türkiyədə Azərbaycan musiqisini necə qarşılayacaqlar. Sizə isə uğurlar!"

Yeri gəlmişkən, Antalyadakı konsertə orada istirahətdə olan İlham Heydər oğlu və Mehriban xanım da gəlmişdilər. Bu konsertdə yeddi min nəfər tamaşaçı vardı, turizm mövsümünün qızğın çağı - sentyabr ayı idi və bizim orkestrə qulaq asmağa çoxlu əcnəbilər gəlmişdilər, əksəriyyəti almanlar idi. Çox böyük uğur qazandıq! Əvvəlcə İstanbulda konsertlə çıxış etdik, sonra Antalyaya getdik, yenidən İstanbula qayıtdıq ki, orada Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi"ni ifa edək. Antalyada bir epizod yadımda qaldı: biz Ravelin "Bolero"sunu ifa edirdik, bundan sonra almanlar bizi düz yeddi-səkkiz dəqiqə ayaq üstə alqışladılar. Bakıya qayıdan Polad Bülbüloğlu hamıya danışırdı ki, "Yalçının "Bolero"su bütün Aspendosu ayağa qaldırdı".

30 sentyabr 1994-cü ildə İstanbulda bizim simfonik orkestrin və xor kapellamızın üçüncü konserti oldu, Oratoriyada Alim Qasımov, Səkinə İsmayılova, Rauf Adıgözəlov oxuyurdular, Ramiz Quliyev ifa edirdi, Teymur Elçinin şeirlərini Mikayıl Mirzə oxuyurdu. Konserti bir qədər gec başlamalı olduq, çünki İstanbulun bələdiyyə başçısını gözləyirdik. Səbrim çatmadı, saat doqquza iyirmi dəqiqə işləmiş konsertə başladım. Fikrət Əmirovun "Azərbaycan kapriççio"sunu ifa edirdik. Kulminasiya anında zalda nəsə səs-küy eşitdim. Bələdiyyə başqanı öz adamları ilə birgə təşrif buyurmuşdu. Antraktda mən tər-su içində dirijor otağına daxil olub əynimi dəyişdirdim. Elə bu an zalın direktoru gəldi və dedi ki, İstanbulun bələdiyyə başqanı sizi görmək istəyir. Üstümə nəsə atmalı oldum. Mötəbər görünüşlü kişi içəri daxil olub dedi: "Mən İstanbulun bələdiyyə başçısı Rəcəb Tayyib Ərdoğanam". Biz az danışdıq, o, üzrxahlıq edərək bildirdi ki, ikinci hissəyə qala bilməyəcək. Amma özünün də etirafına görə, Azərbaycan musiqisi gələcək prezidentə ciddi təsir göstərmişdi...

E.A. - Bütün bunlar çox maraqlıdır. Amma gəlin əsas mövzumuza qayıdaq: siz çətin vaxtlarda - 1991-1998-ci illərdə Dövlət Simfonik Orkestrinə rəhbərlik etmisiniz. O zaman orkestr cüzi maliyyə ilə fəaliyyət göstərirdi, pul yox idi. Polad Bülbüloğlu mənə danışırdı ki, sizin musiqiçilər işdən sonra az qala vaqonlardan yük boşaldırdılar ki, çörəkpulu qazansınlar. Və gözəl günlərin birində Heydər Əliyev inqilabi qərar qəbul etdi, orkestr musiqiçilərinin əməkhaqqını bir neçə dəfə fərdi qaydada artırdı. Bütün bunlar necə baş verdi? Yəqin ki, burada sizin iştirakınız da olmamış deyil.

Y.A. - Mən sizə deyim. Prezident Aparatından zəng vurdular və mənə dedilər ki, Heydər Əliyev yaradıcı gəncliklə görüşəcək. Üç çıxış nəzərdə tutulub, çıxışçılardan biri mənəm. Şöbə müdirindən soruşdum ki, söhbət nədən gedəcək. "Ən kəskin problemlərdən" - mənə belə cavab verdilər. Elə bu məqamdan da yapışdım.

Müşavirə Prezident Sarayındakı iclas zalında baş tuturdu. İlk çıxışı mən edirdim, əlbəttə, bu, çox həyəcanverici idi. Ənənəvi salamlamadan sonra dedim: "Təəssüf ki, hazırda yaranmış vəziyyətdə bir çox musiqiçilər ölkəmizi tərk edirlər. Onlar buna məcburdurlar".

Prezident bu zaman Lalə Şövkətə tərəf əyilib ondan nəsə soruşmağa başladı. Bilmirəm, nədənsə, bu məndə qeyri-ixtiyari alındı, qəfildən Heydər Əliyevə tərəf dönüb dedim: "Bugünkü təyyarədə bizim 35 musiqiçimiz Bakını tərk edir". Məsələ burasında idi ki, bizim tanınmış skripkaçı Sərvər Qəniyev Türkiyənin məşhur Bilkənd Universitetində simfonik orkestr yaratmışdı. Əgər biz burada 25-30 dollar əməkhaqqı alırdıqsa, orada maaş on dəfə yüksək idi. Əlbəttə ki, hamı qazanc üçün can atırdı. Buna görə də belə də dedim (əlbəttə ki, mən Azərbaycan dilində danışırdım): "Vətəni tərk edirlər".

Heydər Əliyevin qaş-qabağı tutuldu, mənə baxıb soruşdu:

- Hara gedirlər?

- Türkiyəyə, cənab Prezident.

- Hamı gedir?

- Xeyr, hamı getmir. Burda qalanlar da var. Şəxsən mən getmirəm.

Heydər Əliyev məni başdan ayağa süzüb dedi:

- Davam edin.

Bundan sonra mən bizim bütün problemlərimiz barədə danışdım, dedim ki, maddi-texniki bazanı təkmilləşdirmək, alətlər almaq, maaşları qaldırmaq lazımdır və sair. Bir də bunu dedim: "Bu orkestri biz yaratmamışıq, onu böyük Üzeyir bəy yaradıb. Belə ağır vəziyyətdə bu orkestri qorumaq bizim mənəvi borcumuzdur".

Bu sözlər Heydər Əliyevin xoşuna gəldi.

Bu müşavirədən az sonra Türkiyənin o zamankı Baş naziri Tansu Çillər Bakıya gəldi və konsertimizə bizim Prezidentlə birgə təşrif buyurdu. Konsertdən sonra bizi VİP şəxslər üçün nəzərdə tutulan otağa dəvət etdilər. Tansu Çillər mənə yaxınlaşdı və bizim orkestri, məni və konsert proqramını tərifləməyə başladı. Elə onda da Polad orkestrin ağır maddi durumu barədə Heydər Əliyevə danışdı. Hə, belə bir söhbət olmuşdu...

E.A. - Atanız Vasif müəllimin də Heydər Əliyevlə ünsiyyəti, əlaqəsi vardı?

Y.A. - Prezident mənim atama hörmətlə yanaşırdı. 1995-ci ildə atamın 60 yaşı tamam olanda Prezident onu "Şöhrət" ordeni ilə təltif etməsi barədə Sərəncam imzaladı. İyulun 28-də Vasif Adıgözəlovun doğum günüydü, 27-də Sərəncam çıxdı. Payızda, səhv etmirəmsə, oktyabr ayında Heydər Əliyev bu ordeni ona şəxsən təqdim etdi. Sonra isə Prezident, bayaq da qeyd etdiyim kimi, atamın 20 Yanvar hadisələrinə həsr olunmuş oratoriyasını dinləməyə gəldi. Təəssüf ki, "Natəvan" operasının premyerasında isə iştirak edə bilmədi. Premyera 7 dekabr 2003-cü ildə baş tutdu. Yadımdadır ki, atam o zaman çox tələsirdi. Həmin opera "Qarabağ silsiləsi"ni tamamlayırdı: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm karvanı"... Vasif Adıgözəlovun həyatının və yaradıcılığının ikinci hissəsi - 1990-cı ildən başlayaraq - faktiki olaraq Qarabağla bağlıdır.

Dekabrın 12-də Heydər Əliyev aramızdan getdi. Mən atamın bu sözlərini indi də xatırlayıram: "Biz təsəvvürümüzə də gətirə bilmirik ki, hansı səviyyədə bir şəxsiyyəti itirmişik. Allah bu milləti qorusun". O sarsılmışdı, bu itkini çox ağır keçirirdi. Atam daim ölkənin, xalqın gələcəyindən narahat idi... Yadımdadır ki, mən qastrollardan - Amerikadan, Braziliyadan, Avropadan qayıdanda - gecə saat lap 1, ya 2-3 olsun, o yatmayıb məni gözləyirdi. Mən içəri girən kimi səbirsizliklə soruşurdu: "Necə oldu? Qarayev necə səsləndi? Fikrət Əmirovu necə qarşıladılar? Tamaşaçılara bizim simfonik muğam necə təsir elədi? Axı sən London Barbikanında və Vyana filarmoniyasında, Arena di Veronada və Rio de Janeyronun opera teatrında çıxış etmiş ilk azərbaycanlı dirijorsan, bu necə baş verdi?" Mən hər şeyi ona ətraflı danışırdım, söhbətimi bitirəndə isə çox zaman onun üzündə sevinc göz yaşlarını və qürur ifadəsini görürdüm. Sonra o, üzünü sevimli həyat yoldaşına tutub deyirdi: "Görürsən, Xalidə, bizim nə böyük musiqimiz var". O, bununla yaşayırdı.

E.A. - Yeri gəlmişkən, bu cəhət Heydər Əliyevə də xas idi. Onun üçün xaricdəki tamaşaçıların bizim musiqimizi, bizim musiqiçiləri heyranlıqla qarşılamasından böyük sevinc anı ola bilməzdi.

Siz öz bioqrafiyanızdan Ümummilli liderlə bağlı bir neçə epizod danışdınız. Xatirələriniz çox dəyərlidir, çünki onlar həm də bizim musiqi mədəniyyətimiz, özü də onun olduqca mürəkkəb dövrü ilə əlaqəlidir. Bir çoxlarının ölkəni tərk etdiyi vaxtlarda siz ekstremal şərtlər altında öz kollektivinizə yeni üzvlər cəlb etməli, gənc musiqiçiləri toplamalı oldunuz.

Y.A. - Həmin çətin illərdə biz Azərbaycan klassik musiqisinin ilk kompakt-disklərini buraxdıq. Bu, 1996-cı ildə baş verdi. Bu ilk kompakt-disklər Heydər Əliyevin masasının üstündə qalırdı. Belə bir ailə cütlüyü var - Betti Bleyer və Peyruz Xanlı, onlar "Azərbaycan interneşnl" adlı jurnal nəşr edirdilər, Azərbaycan mədəniyyətinin Amerikada məşhurlaşması üçün çox iş görmüşdülər. Peyruz bir dəfə mənim yanıma gəldi və 6 diskdən ibarət Azərbaycan klassik musiqisi antologiyasını yaratmağı təklif etdi. Disklərdən biri operaya, o biri simfonik musiqiyə, üçüncüsü - instrumental konsertlərə, kamera orkestrinə və sair həsr olunmuşdu. Biz kinostudiyada Siyavuş Kərimi ilə oturduq və 10 dərəcə temperaturda musiqi parçalarını yazdıq. Musiqi parçalarını burada yazdıq, diskləri isə Peyruz ABŞ-da buraxdı. Onları Bakıya gətirəndə hamı heyran qaldı. Yadımdadır ki, Azərbaycanda səfərdəykən Mstislav Rostropoviç onlara valeh olmuşdu. Dizayn heyrətamiz idi. Betti ilə Peyruzun bu diskləri Heydər Əliyevə göstərdikləri yerdə şəkilləri var. O, çox bəyənmişdi.

E.A. - Sonda, Heydər Əliyevin bizim mədəni irsimizin qorunub saxlanmasındakı rolu ilə bağlı nə deyə bilərsiniz? Təkcə musiqini nəzərdə tutmuram.

Y.A. - Bu, nəhəng roldur. 70-ci illər - mənəvi çiçəklənmə, bir çox sahələrdə - ədəbiyyat, memarlıq, musiqi və sair baxımından intibah dövrüdür... Mənə elə gəlir, Heydər Əliyev bizim korifeylərimizə stimul verirdi, onları böyük sənət əsərləri yaratmağa ilhamlandırırdı. Siz ki anlayırsız: mədəniyyət xadimləri arasında münasibətlər nə qədər mehriban və dostyana olsa da, sağlam və qeyri-sağlam rəqabət məqamı həmişə mövcuddur. Nə gizlədək, biz hamımız bilirik ki, iki parlaq ulduz - Qarayev və Əmirov bəzən yola getmirdilər. Bundan başqa, onların ətrafında daim qəsdən münaqişəli vəziyyət yaradan adamlar vardı. Heydər Əliyev bir neçə dəfə onları yanına çağırıb, söhbət edib, barışdırmaq istəyib. Əmirov da, Qarayev də, əlbəttə, böyük bəstəkarlar idilər, heç bir açıq qarşıdurmanı özlərinə yaraşdırmırdılar. Misal çəkim: Qara Qarayevin atası vəfat edəndə babam Zülfü Adıgözəlov atama zəng vurub dedi ki, Qaranın atası ölüb. Atam da öz növbəsində Arif Məlikova, Musa Mirzəyevə, Xəyyam Mirzəzadəyə, onun yaxın tələbələrinə zəng elədi. Onlar səhər tezdən Qarayevgilin mənzilinə gələndə gördülər ki, Fikrət Əmirov artıq oradadır. Hərçənd həmin vaxt Əmirovla Qarayev küsülü idilər. Atam Əmirova deyib ki, indi biz məscidə gedəcəyik, dəfnlə bağlı bəzi məsələləri həll edəcəyik, bəlkə, siz gedib dincələsiniz, sonra, saat ikidə də dəfnə gələrsiniz. Amma o, yerindən tərpənməyib, sona qədər də oturub. Qəbiristanlığa gedib, dəfndə iştirak edib, yalnız bundan sonra evinə qayıdıb. Bəli, onların mürəkkəb münasibətləri vardı. Amma eyni zamanda bu, iki əsl kişi arasında münasibət idi. Niyazi, məsələn, Qarayev üçün premyera hazırlayırdı. Bir ay sonra Əmirovun yeni əsərinin premyerası olurdu. Kimsə Qarayevi daha çox sevirdi, kimsə də Əmirovu bəyənirdi. Görkəmli alim Azad Mirzəcanzadənin yataq otağında baş tərəfdən Qarayevin portreti asılmışdı. Neft daşlarında neftçilərə mühazirə oxuyanda, qazma qurğularından və sair danışanda da paralel olaraq onu Qarayevin "Leyli və Məcnun"undan musiqilər müşayiət edirdi. Eyni zamanda Azad Mirzəcanzadə mənə deyirdi ki, XXI əsrdə Fikrət Əmirovun şansları daha çoxdur, o, xalqa daha yaxındır, çünki o, xalqın öz içindən çıxıb. Qarayev isə fərqli planetdir. Heydər Əliyev bütün bunları yaxşı anlayırdı. Və o neylədi? Sovet İttifaqında dörd böyük dirijor vardı: Mravinski, Svetlanov, Rojdestvenski, Kondraşin və onların heç biri Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməmişdi. Heydər Əliyev Moskvada maestro Niyaziyə Sosialist Əməyi Qəhrəmanının "Qızıl ulduz"unun verilməsinə çalışanda ona demişdilər: "Heydər Əliyeviç, üzr istəyirik, Mravinski - canlı əfsanədir, 50 ildir ki, Leninqrad filarmoniyasına rəhbərlik edir. Svetlanov - daha bir canlı əfsanə - SSRİ Dövlət Simfonik Orkestrinin əvəzolunmaz rəhbəridir. Onların heç biri hələ Sosialist Əməyi Qəhrəmanı adını almayıb". Cavabında Heydər Əliyev demişdi: "Belə çıxır ki, siz böyük dirijorlarınızı qiymətləndirmirsiniz. Biz isə özümüzünküləri başqa cür qiymətləndiririk". Və faktiki olaraq, Niyazi sovet bəstəkarları arasında Sosialist Əməyi Qəhrəmanı adını alan ilk dirijor oldu. Bu, sensasiya idi.

E.A. - Mikayıl Hüseynovla bağlı da belə olmuşdu. Rasim Əliyev, Heydər Əliyevin qardaşı oğlu mənə danışmışdı ki, Mikayıl Hüseynovun 80 illik yubileyi ilə bağlı Heydər Əliyev 1985-ci ildə onun Sosialist Əməyi Qəhrəmanı ulduzu ilə mükafatlandırılması məsələsini qaldırıb. Heydər Əliyev Rasim Həsən oğluna demişdi: "Rasim, mən bunu əvvəlcə 70 illik, sonra 75 illik üçün eləməyə çalışdım. Amma alınmadı. Səbəblər bu idi ki, o, partiya üzvü deyildi, rus deyildi, o vaxtadək bir sovet memarı da Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzuna layiq görülməmişdi. Necə yəni, bu ulduz ilk dəfə moskvalıya, rusa yox, müsəlmana, azərbaycanlıya, özü də partiya üzvü olmayan adama verilsin?!" Amma yenə də o buna nail ola bildi!

Y.A. - Bəs Qara Qarayev necə ulduz aldı? Bəs Fikrət Əmirov necə ulduz aldı? Bəs Rəşid Behbudov? Zeynəb Xanlarova necə SSRİ Xalq artisti oldu? Müslüm Maqomayev, Fidan Qasımova... Bütün bunlar onların karyeraları, yaradıcılıqları, potensial imkanlarının inkişafı üçün nəhəng stimul idi axı. Heydər Əliyev mədəniyyət adamlarını nəhəng diqqətlə əhatə etmişdi. O, Bəstəkarlar İttifaqının bütün qurultaylarında və qurultaysonrası konsertlərdə iştirak edirdi. Bizim ustadların bir yeni əsərini də diqqətsiz qoymurdu. Buna görə də hamı nəhəng məsuliyyət hiss edirdi, bilirdilər ki, respublikanın ali rəhbəri onların yaradıcı bioqrafiyasındakı bütün məqamları bircə-bircə izləyir. Bu, əlbəttə, unikal idi. Heydər Əliyev heykəltaraşların emalatxanalarına baş çəkir və qeydlərini bildirir, qiymətli tövsiyələrini verirdi: sonradan Tokay Məmmədov da, Ömər Eldarov da, Cəfər Cabbarlının heykəlinin müəllifi olan Mirəli Mirqasımov da bu barədə danışmışdılar. Heydər Əliyev bütün incəsənət növlərinə dərindən bələd idi və onları sevirdi. Həmişə bütün məsələlərin dərinliyinə varmaq istəyirdi. Yaradıcı adamlar da bunu hiss edirdilər. Bəs teatr tamaşaları? Atam Tofiq Kazımovun bəzi tamaşalarının üzərində işləyirdi. Heydər Əliyev premyeradan sonra səhnəyə qalxır və tamaşanı elə təhlil edirdi ki, aktyorların heyrətdə qalırdı. O, aktyorların adlarını çəkir, bu və ya digər premyeranın baş tutduğu ili qeyd edir, köhnə və yeni quruluşların müqayisəsini aparırdı. Buna görə də hamı gərginlik içərisində gözləyirdi ki, o nə deyəcək, göstərdiyi reaksiya, verdiyi qiymət necə olacaq...

E.A. - Yəni siz nəhəng məsuliyyət hiss edirdiniz, çünki bilirdiniz: bu şəxsiyyət konserti, tamaşanı, rəsmi layiqincə qiymətləndirə bilir, çünki onu sevir və anlayır.

Y.A. - Bəli, o, əsl dəyəri verirdi. O, qiymətləndirməyi, təşəkkür etməyi bacarırdı. Bilirsiniz, musiqiçi üçün bu, çox vacibdir. Zala çıxıb səni anlayan tamaşaçının olmadığı yerdə işləmək çox çətindir. Amma zalda səninlə eyni dalğada olan, minnətdarlıq etməyi bacaran dinləyicinin varlığından xəbər tutmaq çox vacibdir.

Bilirsiniz, bizim hamımızın həyatında əbədi yaşayan adamlar var. Məsələn, atam mənim üçün sağdır. Onun varlığını hiss edirəm, onunla danışıram, tövsiyələrini dinləyirəm. Hansısa ciddi addım atanda daim düşünürəm: atam nə deyərdi? Hələ də onun mənə tanış olmayan dostları ilə qarşılaşıram. Onlar mənə deyirlər: "Yalçın, bəlkə, nəyəsə ehtiyac var", "Vasif müəllim bizə çörək verib"... Əgər kiçik bir problem də varsa, bir qayda olaraq, onu həll edirlər. Bu, mənim xidmətim deyil, atamın xidmətidir.

Heydər Əliyev də belə şəxsiyyətlərdən idi. Mən onun xatirəsinə həsr olunmuş əllidən çox konsertdə olmuşam - 90 illik, 95 illik, 100 illik yubileylərində. Meksikada, Braziliyada, Londonda, Lüksemburqda, Fransada, Keyptaunda, Pekində, Hanoyda...

Vaxtilə onunla ünsiyyətdə olan, onu xatırlayan və sevən insanlar konsertə gəlirdilər və indi də gəlirlər. Heydər Əliyevin yenə də ulduz kimi parladığını hiss edirik. Bu, böyük qürur hissi yaradır. Bu yaxınlarda Tbilisidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə xahiş etdik ki, onun səhnədəki portretini maksimum dərəcədə böyütsünlər. Və səhnəyə, gürcü musiqiçilərinin yanına qalxanda mən Ümummilli liderimizin portretini göstərərək onlara dedim: "Bu İnsan 1990-cı illərdə sizi donmağa qoymadı". Mən 90-cı illərin əvvəllərində Tbilisidə, SSRİ Xalq artisti Dodo Çiçinadzenin evində idim. İşıq söndü və biz şam işığında yemək yeməli olduq, özü də mənzil çox soyuq idi... Heydər Əliyev gürcü xalqının yaxın dostu idi, onlara neft, qaz, işıq vermişdi. Onlar bunu xatırlayırlar...

Yəni Heydər Əliyev bütün zamanların şəxsiyyətidir. Nə yaxşı ki, biz yaradıcı ziyalılar bütün bu il ərzində öz kitablarımız, tamaşalarımız, konsertlərimiz, rəsmlərimiz və sair ilə ona sonsuz hörmətimizi ifadə edə, bizim hamımız üçün bir zamanlar gördüyü işlərin əvəzində, azacıq da olsa, minnətdarlığımızı bildirə bildik.

E.A. - Əziz maestro, bizim unudulmaz Heydər Əliyev barədə dərin və səmimi xatirələrinizə görə sizə təşəkkür edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:25
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri