Heydər Əliyev ziyalılar arasında ayrı seçkilik etmirdi
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elmira AXUNDOVA
Xalq yazıçısı
Heydər Əliyevlə tanışlıq
Elmira Axundova (E.A.): - Tahir Teymuroviç, bilirəm ki, böyük Heydər Əliyevlə sizin dostluq münasibətlərinizin uzun illərə dayanan tarixi var. Şəxsi tanışlığınız hansı şəraitdə baş tutub?
Tahir Salahov (T.S.) - Şəxsi tanışlığımız 1962-ci ildən başlanıb. 1958-ci ildə mən Azərbaycan Rəssamlar İttifaqının sədrinin yaradıcılıq məsələləri üzrə müavini seçildim. O vaxt otuz yaşım vardı.
1962-ci ildə Bakıda "Kuba Sovet rəssamlarının gözü ilə" mövzusuna həsr edilmiş sərgi keçirilirdi. Keçmiş Lenin muzeyinin sonuncu mərtəbəsindəki sərgi otaqlarında təşkil edilən tədbirdə Viktor İvanovun və Pyotr Osovskinin işləri nümayiş etdirilirdi. Azərbaycan KP MK-nın ikinci katibi Yelistratov, - o, rəngkarlığın fanatı idi - sərgilənən işlərə baxmaq, rəssamlarla tanış olmaq üçün sərgini ziyarət etdi.
Bu rəssamlar altmışıncılar nəslindən olan gənclər idi. O vaxt mən də daxil olmaqla bir qrup rəssam sovet incəsənətində "Sərt üslub" adlı bir istiqamət yaratmışdı. İvanov və Osovski mənim dostlarım idi. Onlar uzun müddət Kubada yaşayıb, orada işləyib, gözəl rəsm əsərləri çəkiblər. Çox da böyük olmayan işlərdən ibarət bu əsərlərdə o illərdəki Kuba təsvir edilirdi.
Yelistratov bizi "İnturist"ə dəvət etdi və orada, ayrıca bir zalda bu rəssamların şərəfinə kiçik bir ziyafət təşkil olundu. Ziyafətə Heydər Əliyev də gəldi və mən onunla orada tanış oldum. Bundan əvvəl onun haqqında heç nə eşitməmişdim. Onu DTK-nın 2-ci şöbəsinin rəisi kimi təqdim etdilər.
E.A. - Yəni o, qapalı şəxs deyildi?
T.S. - Xeyr.
E.A. - Bəs rəssamların şərəfinə təşkil olunmuş banketə nə üçün məhz Heydər Əliyev - xüsusi xidmət orqanlarının əməkdaşı gəlmişdi?
T.S. - Deyə bilmərəm. Orada cəmi bir neçə nəfər vardı: Yelistratov, Əliyev, bu rəssamlar və mən. Görünür, Heydər Əliyev incəsənətlə, yaradıcılıq məsələləri ilə maraqlanırdı.
E.A. - Onunla bağlı ilk təəssüratlarınızı xatırlayırsınızmı?
T.S. - O, mənə çox xoş, rəğbət doğuran bir insan kimi təsir bağışladı, rus dilində yaxşı danışırdı, gözəl sağlıqlar deyirdi. Səmimi deyim ki, Heydər Əliyev xoşuma gəldi - həm zahirən, həm də daxilən. Çox diqqətli, ciddi adam idi.
Ziyalılarla münasibət
E.A. - Sonrakı ünsiyyətiniz necə oldu?
T.S. - Bizim aramızda açıq-saçıq dostluq olmayıb. Dostluğumuz sırf qarşılıqlı hörmət münasibətlərinə əsaslanırdı. Yaradıcı insanlar onu cəlb edirdi. Yadımdadır, biz - Arif Məlikov, mən və Toğrul Nərimanbəyov Zuğulbada, Səhiyyə Nazirliyinin 4-cü idarəsinin sanatoriyasında istirahət edirdik. Heydər Əliyev oraya gəlir, bizimlə söhbət edirdi. Musiqiyə, təsviri incəsənətə özünəməxsus yanaşma tərzi vardı. Memarlıqla maraqlanırdı.
E.A. - Sizin fikrinizcə, onun yaradıcı insanlara marağını müəyyənləşdirən amil nədən ibarət idi?
T.S. - Məncə, bu istək onun daxilindən gəlirdi. Bundan əlavə, mənə belə gəlir ki, bizim soyadlarımızın mötəbər yerlərdə səslənməsi, Azərbaycan incəsənətinə yeni bir dalğa gəlməsi və bu dalğanı dəstəkləmək məsələsi onu daima düşündürürdü...
Heydər Əliyeviçin yaradıcı ziyalılarla tanışlıq dairəsi geniş idi, o, hamı ilə yaxşı münasibətdə idi. Ona ən incə məsələlər barədə müraciət etmək olardı, köməyini əsirgəməzdi.
Məsələn, Səttarın başına gələn iş. Bir dəfə o, restoranda olanda üstündə qədim Azərbaycan ornamenti olan çaydan xoşuna gəlir. O, pulunu ödəyib çaydanı almaq istəyəndə, başlayırlar sual verməyə ki, bəs bu qədər pul onda haradandır, çünki xarici görkəmi o qədər də gözoxşayan deyilmiş. Səttar, axı, üst-başına o qədər fikir verməzdi. Onlar da anlamayıblar qabaqlarındakı kimdir, milis çağırıblar. Mənə onunla bir yerdə olan adam zəng vurub dedi ki, Səttarı ayıltma məntəqəsinə apardılar, halbuki sərxoş deyildi.
Mən Heydər Əliyeviçə müraciət etdim, o, doğrudan da, kömək etdi: hara lazımdırsa zəng vurdu, Səttarı buraxmağı və bu işdə günahkar olanları cəzalandırmağı əmr etdi. Elə o vaxt da rəssamın özü ilə tanış oldu. Səttar ondan çox razı idi. Səttarın sözləri yadımdadır: "Niyə Azərbaycanın Xalq rəssamının başına belə oyun açırlar? Nə pis iş görmüşəm axı?"
Heydər Əliyeviç Səttar Bəhlulzadənin 90 illik yubileyində çıxış edəndə mən bu hadisəni onun yadına saldım. O dedi: "Bilirsən, bu hadisəni mən tamam unutmuşdum".
Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olanda Siyasi Maarif Evində Azərbaycan Rəssamlar İttifaqının qurultayı keçirildi. Yadımdadır ki, mən məxsusi olaraq həmin qurultayda iştirak etmək üçün Moskvadan gəlmişdim. Heydər Əliyev də orada idi, biz yanaşı oturmuşduq. O vaxt Azərbaycan Rəssamlar İttifaqının sədri olan Yusif Hüseynov məruzə edir, biz isə - Heydər Əliyevlə mən - söhbət edirdik. Deyirdi ki, memarlıq fakültəsində oxuduğu zaman çəkdiyi bütün rəsmləri Naxçıvana aparıb. Tahir, - deyirdi, - o rəsmlər itdiyinə görə çox təəssüflənirəm. Bu barədə mənə məhrəmanə şəkildə danışıb ürəyini boşaltdı.
Heydər Əliyevə general-mayor rütbəsinin verilməsi
Biz onunla 1967-ci ildə Naxçıvanın 40 illiyinə getmişdik. Mən Naxçıvandan SSRİ Ali Sovetinin deputatı idim. İliç rayonunda (indiki Şərur) hətta SSRİ Rəssamlar İttifaqının filialını da ya-ratmışdıq. Yubiley gününə həsr olunmuş təntənəli iclas Mədəniyyət sarayında keçirilirdi. Məruzə ilə Naxçıvanın birinci katibi çıxış etdi, sonra Vəli Axundov, daha sonra təbriklər başladı.
Biz Rəyasət Heyətində əyləşmişdik. Mən çıxdım foyeyə siqaret çəkməyə. Birdən küncdə qoyulmuş telefon zəng çaldı. Növbətçilərdən heç kim yox idi. Telefona yaxınlaşdım.
- Heydər Əliyeviçi olarmı? Yuri Vladimiroviç Andropovun qəbul otağındandır.
Mən Heydər Əliyevə baxıb, ona işarə etdim. O, telefona yaxınlaşdı. Birdən eşidirəm:
- Yuri Vladimiroviç, Sovet İttifaqına xidmət edirəm! Çox sağ olun!
O, general rütbəsi alması xəbərini öz doğma torpağında eşitdi.
Fasilə zamanı Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov və Ali Sovetin Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov Rəyasət Heyətinin foyesinə çıxdılar. Vəli Yusifoviç dedi:
- Tahir, xoş gəlmisən. Yaxşı ki bayrama gəldin. Nə var, nə yox?
- Mənim işlərim qaydasındadır. Sevinməli odur ki, Heydər Əliyeviçə general rütbəsi veriblər.
- Bəli, - Heydər Əliyev dedi, - indicə Yuri Vladimiroviç zəng vurmuşdu, təbrik edirdi.
Axşam ziyafətdə bu barədə elan etdilər, zalda olan bütün naxçıvanlılar onu ayaq üstə alqışladılar.
...Bakıya hamımız birlikdə qatarla gəlirdik. Biz onunla bir kupedə idik. Qonşu vaqonlardan Firəngiz Əhmədova, Çingiz Sadıqov, Lütfiyar İmanov gəldilər. Bizdə artıq süfrə açılmışdı. Kupe-mizdə bayram başladı. Yadımdadır, hamı oxuyurdu, sevinirdi, onu təbrik edirdi. Bakıya çatanda, vağzalda Heydər Əliyeviç məni evlərinə dəvət etdi. Evdə onu artıq qonaqlar gözləyirdilər. Zərifə xanım süfrə açmışdı. General Matrosov, başqa hərbçilər də orada idilər, sağlıqlar deyilirdi.
Bax beləcə, demək olar ki, iki gün biz onun hərbi rütbəsini "yuduq".
Bu rütbədə o, ilk dəfə 1967-ci ildə Çekist Günündə televiziyada çıxış etdi. Rus dilində, "konspektsiz" çıxış edirdi. O gün ilk dəfə respublika ictimaiyyəti qarşısına çıxdı. Düşünürəm ki, onun yüksəlişi həmin gündən başladı, çünki o, hər kəsə yaxşı təsir bağışladı.
E.A. - Heydər Əliyevin birinci katib seçilməsində əsas rol oynayan kim olub - Sviqun, Andropov, yoxsa Brejnev?
T.S. - Hesab edirəm ki, Heydər Əliyevin irəli çəkilməsində əsas rolu Sviqun yox, məhz Yuri Andropov oynayıb. General Rəsulbəyovu MK-nın birinci katibi təyin etmək istəyirdilər. Sviqunun namizədi o idi. Moskvaya çağırıb onunla söhbət etdilər, ancaq o, vəzifədən imtina etdi. Rəsulbəyov Heydər Əliyevdən yaşca böyük idi, bu cür məsuliyyəti boynuna götürmək istəmədi. Başqa namizəd axtarmağa başladılar. Bax, onda Yuri Andropov Heydər Əliyevin namizədliyini irəli sürdü. Məndə belə bir təsəvvür yarandı ki, əvvəllər tabeliyində olan bir adamın bu cür yüksəlməsinə Sviqun daxilən müqavimət göstərirdi.
Bir dəfə Sviqun məndən xahiş etdi ki, onun xeyirxahlıq etdiyi, Moskvada yaşayan, əslən azərbaycanlı olan bir rəssama fəxri ad verilsin. Mən buna heç cür nail ola bilmədim. Onda Heydər Əliyeviçə məktub yazıb xahiş etdim ki, Yusif Hüseynova Əməkdar rəssam, Sviqun deyən adama isə Xalq rəssamı adı verilməsi məsələsinə baxılsın. Heydər Əliyeviç Hüseynova fəxri ad verdi, amma o biri adama vermədi. Həmin rəssama ona görə fəxri ad vermədi ki, nəyisə etmək məcburiyyətində qalmağı xoşlamırdı. Hər hansı bir qərarı yalnız müstəqil şəkildə qəbul edirdi.
E.A. - Niyə onlar respublikanın rəhbərini hərbçilər arasında, DTK-da axtarırdılar?
T.S. - Ona görə ki, Axundov, Əlixanov və İsgəndərov arasında gedən daxili çəkişmələr respublikanı çox ağır vəziyyətə gətirib çıxarmışdı. Bu insanların hər biri müstəqil şəxsiyyət idi və başqasına tabe olmaq istəmirdilər.
E.A. - Əliyevin təyin edilməsi ölkədə və xaricdə baş verənlərlə - 1968-ci il Çexoslovakiya hadisələri, Baltikyanı respublikalarda, Gürcüstanda millətçilik hərəkatı ilə, Azərbaycanda Sumqayıt hadisələri ilə bağlı deyildimi? Bəlkə Moskva düşünürdü ki, respublikanın rəhbəri vəzifəsinə belə möhkəm iradəli, güclü bir şəxs gətirilsə, vəziyyətə nəzarət etmək mümkün olacaq?
T.S. - Qismən sizinlə razıyam. Amma əsası o idi ki, respublika rəhbərləri bir-biri ilə yola getmirdilər. Vəli Axundovun 1969-cu ilin 6 iyulunda Dzerjinski adına klubda keçirilən partiya fəalları yığıncağındakı son çıxışı yadımda qalıb. Əlbəttə, Axundov mədəni, ziyalı adam idi. Lakin həmin tədbirdə dediyi bir cümlə siyasi baxımdan korrekt deyildi: "Mən Çerkasovun baş rolda çəkildiyi bir filmə baxmışam. Onun bir sözü mənim çox xoşuma gəldi: "Xeyirxahlıq eləməyə tələsin".
Birinci katibin ağzından çıxan, rayon rəhbərlərinin, nazirlərin əyləşdiyi zala ünvanlanan bu sözlər Şərqdə birmənalı şəkildə başa düşülməyə, yanlış yozula bilərdi. Görünür, bu ziyalı zəifliyi müqabilində "dəmir əl" zəruri idi.
E.A. - Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra təkcə Azərbaycan ziyalıları ilə deyil, həm də bütün İttifaqın ziyalıları ilə ünsiyyət qurmağa başladı. Rəssamların bəzi ümumittifaq tədbirləri Bakıda keçirilirdimi?
T.S. - Mən o vaxt artıq Moskvada işləyirdim. 1981-ci ilin yazında biz Bakıda SSRİ Rəssamlıq Akademiyasının genişləndirilmiş iclasını keçirirdik. İki yüz nəfər gəlmişdi - hamısı da Rəyasət Heyətinin üzvləri. İttifaqın Moskva, Leninqrad, Kiyev, Tbilisidəki ən böyük institutlarının professorları idilər. Bu, təsviri sənətin əsl bayramı idi. Tədbir çərçivəsində ölkə rəssamlıq institutlarının 1980-ci il buraxılışını təmsil edən tələbələrin diplom işləri sərgilənmişdi. Yadım-dadır, Heydər Əliyev Elmlər Akademiyasında bir saat yarımlıq nitq söylədi, sərgiyə də gəldi.
Moskvada ziyalılarla münasibət
E.A. - Həmkarlarınız Heydər Əliyevlə ünsiyyətdən sonra onun haqqında nə cür fikir söyləyirdilər?
T.S. - Məşhur rus heykəltaraşları - Kibalnikov, Kerber - Azərbaycan mədəniyyət ustalarının Dövlət mükafatına təqdim olunmuş əsərlərinə baxmaq üçün Bakıya gələnlərin hamısı onu çox yüksək qiymətləndirirdilər.
Təkcə Bakıda yox, Heydər Əliyeviç Moskvaya köçəndən sonra da belə idi. Onun partiya qurultayının memarlıq sahəsində irəli sürdüyü vəzifələr barədə Memarlar Evindəki çıxışı uzun müddət yadda qaldı, memarlar indi də ondan danışırlar.
Kinematoqrafiya, memarlıq, təsviri sənət, teatr sahəsində onun iştirakı ilə Moskvada qəbul edilmiş qərarlarda müəyyən istiqamətlər verilir, vəzifələr irəli sürülürdü. Bu, çox ciddi sənədlər idi. Yaradıcılıq birliklərində onların yolunu bəlkə də otuz illərlə gözləyirdilər. Həmin qərarların bəzi bəndləri bu gün də aktuallığını itirməyib.
Heydər Əliyeviç incəsənətin bütün sahələri üzrə belə sənədləri hazırlamışdı. O sənədlərdə söhbət maliyyə yardımlarından, təsərrüfat fəaliyyətindən, binaların, mənzillərin verilməsindən, mədəniyyət xadimlərinin maddi-texniki təminatının yaxşılaşdırılmasından, əmək haqlarının, qono-rarların artırılmasından gedirdi. Bunlar qlobal qərarlar idi. İttifaqlar dirçəlir, incəsənətə maliyyə vəsaiti ayrılırdı. Heydər Əliyeviçin təşəbbüsü ilə səhiyyə, mədəniyyət, nəqliyyat, elm sahələrində xeyli işlər görülmüşdü.
Bir sözlə, Heydər Əliyeviçin gəlişi ilə bu sahədə işlər yeni vüsət aldı. Bax, elə buna görə də onu bugünədək sevirlər, qiymətləndirirlər. Ona qədər heç kim belə fəallıq göstərməmişdi. Odur ki, o, istefaya gedəndə hamı narahat olmuşdu.
Heydər Əliyev ziyalılarla səmimi idi. O, yaradıcılıq məsələlərinə yanaşmanı daha yüksək səviyyəyə qaldırmaq istəyirdi. İstəyirdi ki, yaradıcı işçilər daha uzun müddətə təmin olunsunlar. Bununla incəsənət aləmində böyük əsərlər yaradılması, elmdə kəşflər edilməsi üçün imkanlar meydana çıxırdı.
Bütün elmi, yaradıcı təşkilatların rəhbərləri onun yanına problemlərini həll etməyə gəlirdilər. Burdenko adına İnstitutun baş həkimi Konovalov, İqor Moiseyev və başqaları... Mədəniyyət xadimləri onun simasında xeyirxah bir insan görürdülər. Bilirdilər ki, əgər məsələ Heydər Əliyevə çatsa, mütləq həll olunacaq.
Başqa sözlə, Heydər Əliyevin yaradıcı ziyalılara Azərbaycanda göstərdiyi hörmət, ehtiram Moskvada İttifaq miqyasında böyük aksiyalara çevrildi.
Heydər Əliyev incəsənət xadimlərinə münasibətdə ayrı-seçkilik etmirdi. O, ümumiyyətlə, hamıya kömək edirdi. Ayrı-ayrılıqda kiminləsə qürur duya bilərdi, ancaq hamıya eyni gözlə baxırdı.
Yadımdadır ki, Heydər Əliyeviç bərpa işləri ilə əlaqədar Tretyakov qalereyasına gəlmişdi. O dövr üçün dünyaca məşhur bu qalereya öz texniki imkanlarına görə çox geridə qalmışdı. Halbuki orada nəhəng sənət xəzinəsi mühafizə olunur. Mənə danışdılar ki, o, zalları gəzir, rus miniatür sənəti ilə dərindən maraqlanır, suallar verirmiş. O, Tretyakov qalereyasının bərpası üzrə bütün sənədləri imzalamışdı, bir neçə dəfə oraya baş çəkmişdi. Orada ehtiyat saxlancları, xüsusi iqlim şəraiti yaradılmışdı. Bunun səbəbinə əlli-altmış min eksponatı işıq üzünə çıxara bildilər. Onun köməyi ilə Puşkin muzeyində şəxsi kolleksiyalar muzeyi yaradıldı.
E.A. - Bunlar son dərəcə maraqlı və çoxları üçün məlum olmayan faktlardır. Çox sağ olun ki, bunları yada saldınız.
Tahir Salahovun atasının sənədləri
- Heydər Əliyeviç DTK sədrinin müavini olanda - 1965-ci və ya 1966-cı ildə - mən ondan xahiş etdim ki, 1937-ci ildə Laçın Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində ikən həbs edilmiş atamın şəxsi işini mənə göstərsin. Atam həmin il sentyabrın 29-da həbs olunub və 1938-ci il iyulun 4-də güllələnib. Sonradan atam bəraət qazanıb.
Heydər Əliyeviçdən atamın şəxsi işini mənə göstərməsini xahiş edəndə dedi:
- Tahir, sənədləri arxivdən tələb etməliyəm.
Bir həftə sonra mənə zəng vurdu, dedi ki, onun yanına gedim. O vaxt DTK hələ Naberejnayadakı köhnə binada yerləşirdi. Birinci dəfə idi ki, bu binaya gəlirdim. Axşam saat səkkiz idi. Geniş, qaranlıq dəhliz boyunca gedə-gedə fikirləşirdim ki, atamı da bu dəhlizlərlə istintaqa aparıblar.
Heydər Əliyeviçin kabineti ikinci mərtəbədə, küncdə yerləşirdi, pəncərədən baxanda dəniz görünürdü. O, atamın şəxsi işini götürdü və dedi:
- Tahir, sən oxu, mən isə öz işlərimlə məşğul olacağam.
Bu ittihamları, protokolları, ittihamnaməni, yekun hissəni oxumağa başladım. Hər vərəq üçün bir təkzib var idi, artıq reabilitasiya prosesində yazılmış bu təkziblərdə qeyd edilirdi ki, bu - uydurmadır, bu - səhvdir. Orada bir arayış da vardı. Atam təqsirini etiraf etməyəndə onu "troyka" mühakimə edirdi. Atamı dörd maddə üzrə ittiham edirdilər: Trotski-Zinovyev blokunda iştirak, əksinqilabi təşkilatda iştirak, sovet dövlətinin təməlini pozmaq, Azərbaycanın SSRİ-dən ayrılmasına çağırış, ziyanxorluq və terror.
Görünür, Heydər Əliyeviç də işlə tanış olmuşdu. Mənə dedi:
- Tahir, oxşar işlərin sayı on minə yaxın olub. Görürsən ki, atanın təqsiri yoxdur, ona bəraət verilib. Bu işi arxivdən ona görə götürdüm ki, mənə də maraqlı idi, digər tərəfdən - ona görə ki, bunları sən də biləsən.
2001-ci ildə o mənə "İstiqlal" ordenini təqdim edəndə mən öz çıxışımda atam barədə danışdım və Heydər Əliyeviçə müraciətlə bu sözləri əlavə etdim:
- Kimin ağlına gələrdi ki, 64 ildən sonra mənə, - repressiyaya məruz qalmış şəxsin oğluna, - müstəqil Azərbaycanın ən yüksək mükafatını siz təqdim edəcəksiniz?
Heydər Əliyevin xəstələnməsi
E.A. - Siz demisiniz ki, Heydər Əliyev istefaya göndəriləndə bir çox mədəniyyət xadimləri ona öz rəğbətlərini bildirirdilər.
T.S. - Heydər Əliyeviç xəstələnəndə mən ona zəng vurdum və xəstəxanaya, onun yanına getdim. Artıq yataq xəstəsi deyildi, amma yaxşı görünmürdü - solğun, zəif idi. Biz əyləşdik və Heydər Əliyeviç mayın 11-də başına gələnləri ətraflı danışmağa başladı:
- İşə gəldim, hər şey yaxşı idi, oturub işləməyə başladım, birdən özümü narahat hiss etməyə başladım. Düşündüm ki, bəlkə pis yatmışam, divanda uzandım, baxıram, narahatlığım keçmir. Qridnevə zəng vurub, onu çağırdım (Valeri Qridnev H.Əliyevin katibliyinin rəisi idi - E.A.). O gəldi və dedi: "Heydər Əliyeviç, təcili yardım çağırmalıyam".
Heydər Əliyeviç imtina etməyə başlayır, amma görünür, oranın öz qaydaları var. Təcili yardım briqadası gələndə həkimlər deyiblər ki: "Heydər Əliyeviç, xəstəxanaya getmək lazımdır. Xərəyə uzanın". O, razılaşmır, həmin vəziyyətdə liftə qədər piyada gedir, sonra liftlə aşağı düşüb maşına minir.
Bunları mənə ətraflı danışdı. Mən ona ürək-dirək verirdim:
- Heydər Əliyeviç, bütün bunlar keçəcək. İnfarktdan sağalan adamlar çoxdur.
Onun əhvalını yaxşılaşdırmaq üçün zarafat edirdim. Görünür, mənim gəlməyim, onunla qeyri-rəsmi şəkildə söhbət etməyim onun üçün xoş idi. Gərək ki, onun yaxın adamlarından biri də orada idi. O zaman Heydər Əliyeviç artıq gəzirdi.
Bilirəm ki, Heydər Əliyeviç orada müşavirələr də keçirirdi, insanların başqa bir otaqda onu gözlədiklərini görmüşəm.
Moskvada Brejnev dövründən qalmış ənənəyə görə, nazirlər səhər saatlarında gimnastika məşğələsinə, sonra hovuza gedir, saat on birə yaxın işə gəlirdilər. Gündüz saat birdə nahar, nahardan sonra - məlum deyil. Amma Heydər Əliyeviç gələndən sonra bu qayda dəyişdi, yeni bir iş üslubu yarandı. Bu, bəlkə də çoxlarını qıcıqlandırırdı. Köhnə iş üslubunu kökündən dəyişmək çətin idi, amma Heydər Əliyevin tabeliyində olanların çoxu bu insanın fədakarlığına, iş qabiliyyətinə görə ona hörmət etməyə başladı. Kurasiyasında olan nazirliklər də ona işinə görə hörmət edirdilər. O, çox ciddi işləyirdi.
(Ardı var)
Baxış sayı:44
Bu xəbər 11 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















