Hörmüz boğazı uğrunda geosiyasi mübarizə
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
İran-ABŞ qarşıdurması dünyanın enerji təhlükəsizliyini necə dəyişir?
Müasir beynəlxalq münasibətlərdə bəzi coğrafi məkanlar var ki, onların əhəmiyyəti dövlət sərhədlərindən qat-qat böyükdür. Hörmüz boğazı belə strateji nöqtələrdən biridir. Dünyada istehsal olunan xam neftin və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsi bu dar dəniz keçidindən daşınır. Buna görə də burada baş verən hər hansı siyasi və ya hərbi gərginlik təkcə İran-ABŞ münasibətlərinə yox, qlobal enerji bazarına, dünya iqtisadiyyatına və beynəlxalq təhlükəsizlik sisteminə birbaşa təsir göstərir.
Ankara NATO Sammiti fonunda İran ətrafında baş verən hadisələr bir daha nümayiş etdirdi ki, Yaxın Şərq hələ də qlobal geosiyasətin ən həssas bölgələrindən biridir. ABŞ administrasiyasının İran siyasəti, İsrailin təhlükəsizlik maraqları, Körfəz ölkələrinin mövqeyi və beynəlxalq enerji bazarlarında yaranan qeyri-müəyyənlik bu regionu dünya siyasətinin gündəliyində saxlayır. ABŞ və İran arasında tammiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilsə də, qarşılıqlı təzyiq siyasətinin və dövri eskalasiya risklərinin davametmə ehtimalı yüksəkdir.
Son illər İran-ABŞ münasibətlərində müşahidə olunan əsas xüsusiyyət birbaşa müharibədən yayınmaq, lakin qarşılıqlı təzyiq vasitələrindən istifadə etməkdir. Vaşinqton iqtisadi sanksiyalar, diplomatik təzyiqlər və regional müttəfiqləri vasitəsilə Tehranın təsir imkanlarını məhdudlaşdırmağa çalışır. İran isə cavab olaraq Hörmüz boğazındakı strateji mövqeyindən, regional tərəfdaşlarından və qeyri-simmetrik təhlükəsizlik alətlərindən istifadə edir.
Bu vəziyyət klassik hərbi qarşıdurmadan fərqlənir. Burada əsas məqsəd rəqibi məğlub etmək deyil, onun strateji qərar qəbuletmə imkanlarını məhdudlaşdırmaqdır.
Məhz buna görə də Yaxın Şərqdə baş verən hadisələri yalnız İran-ABŞ münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmaz. Burada söhbət qlobal enerji marşrutlarına nəzarət uğrunda uzunmüddətli geosiyasi rəqabətdən gedir.
ABŞ üçün Hörmüz boğazının açıq qalması yalnız enerji məsələsi deyil. Bu keçid beynəlxalq ticarətin fasiləsiz işləməsi, müttəfiq ölkələrin enerji təhlükəsizliyi və dünya iqtisadiyyatında sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Avropa İttifaqı və Asiyanın iri iqtisadiyyatları da eyni səbəbdən regionda sabitliyin qorunmasında maraqlıdır.
İran isə bu strateji mövqedən özünün təhlükəsizlik siyasətinin mühüm elementi kimi istifadə edir. Tehran anlayır ki, Hörmüz boğazı onun əlində yalnız coğrafi üstünlük deyil, həm də siyasi təsir vasitəsidir. Buna görə də İranın bölgədə atdığı hər bir addım beynəlxalq bazarlarda neft qiymətlərinə və investorların gözləntilərinə dərhal təsir göstərir.
Bu geosiyasi rəqabətin Azərbaycan üçün də əhəmiyyətli nəticələri var. Xəzər hövzəsi və Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatında alternativ marşrut kimi daha çox diqqət cəlb edir. Yaxın Şərqdə gərginliyin artdığı dövrlərdə Azərbaycanın enerji resursları və nəqliyyat imkanları Avropa üçün strateji əhəmiyyət qazanır. Bu isə ölkənin beynəlxalq enerji təhlükəsizliyində rolunu daha da artırır.
Eyni zamanda, Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların genişlənməsi və Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsi regionun geoiqtisadi əhəmiyyətini yüksəldir. Dünyada ənənəvi marşrutların risk altında olduğu şəraitdə alternativ logistika xətlərinə maraq artır və bu proses Azərbaycana əlavə strateji üstünlüklər qazandırır.
Mövcud vəziyyət göstərir ki, yaxın perspektivdə İran-ABŞ münasibətlərində tam normallaşma gözləmək çətindir. Tərəflər arasında fikir ayrılıqları yalnız nüvə proqramı ilə məhdudlaşmır. Regional nüfuz, təhlükəsizlik konsepsiyaları və geosiyasi maraqlar da iki ölkə arasında münasibətlərin əsas təyinedici amillərindəndir. Buna görə də Yaxın Şərqdə gərginliyin müəyyən fasilələrlə yenidən artması ehtimalı aradan qalxmayıb.
Lakin bu, genişmiqyaslı müharibənin mütləq baş verəcəyi anlamına gəlmir. Daha real ssenari tərəflərin birbaşa hərbi toqquşmadan yayınaraq siyasi, iqtisadi və regional təzyiq alətlərindən istifadəyə davam etməsidir. Belə bir şəraitdə enerji bazarlarında dəyişkənlik, nəqliyyat marşrutlarının təhlükəsizliyi və qlobal iqtisadi risklər beynəlxalq siyasətin əsas mövzularından biri olaraq qalacaq.
Hörmüz boğazı uğrunda geosiyasi rəqabət bir daha göstərir ki, XXI əsrdə təhlükəsizlik anlayışı yalnız hərbi qüvvə ilə müəyyən olunmur. Enerji marşrutlarına nəzarət, logistika xətlərinin qorunması və iqtisadi dayanıqlılıq artıq beynəlxalq güc balansının ayrılmaz hissəsinə çevrilib. Bu reallıqdan ən çox faydalanacaq dövlətlər isə yalnız təbii resurslara malik olan yox, həmin resursları təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırmaq imkanına sahib ölkələr olacaq. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi və həyata keçirdiyi enerji-nəqliyyat siyasəti gələcək illərdə də ölkənin beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri kimi qalacaq.
“Avropa sağa dönür”
Liberal dövrün sonu yaxınlaşırmı?
Son onilliklər ərzində Avropa İttifaqı liberal demokratiyanın, açıq cəmiyyət modelinin və qlobal inteqrasiyanın əsas simvollarından biri sayılırdı. Avropa siyasi elitası bu müddətdə iqtisadi inteqrasiya, sərbəst miqrasiya, multikulturalizm və liberal dəyərlər üzərində qurulmuş inkişaf modelini təşviq edirdi. Bu siyasət uzun illər müəyyən nəticələr versə də, son dövrlərdə cərəyan edən geosiyasi və iqtisadi proseslər Avropa seçicisinin siyasi prioritetlərinə ciddi təsir göstərməyə başlayıb.
Bu gün Avropa ölkələrində keçirilən seçkilərin nəticələri göstərir ki, cəmiyyət əvvəlki siyasi yanaşmaları sorğulamağa başlayıb. Fransa, Almaniya, İtaliya, Niderland, Avstriya və bir sıra digər ölkədə milli maraqları ön plana çıxaran siyasi qüvvələr əvvəlki dövrlərlə müqayisədə daha geniş ictimai dəstək qazanır. Ankara NATO Sammiti ətrafında aparılan müzakirələrdə də bu tendensiyanın Avropanın gələcək təhlükəsizlik siyasətinə təsiri xüsusi qeyd olunurdu.
Dəyişikliklərin səbəbi yalnız ideoloji deyil, əsl səbəb sosial-iqtisadi reallıqlardır. Son illər Avropada enerji qiymətlərinin artması, inflyasiya, istehsal xərclərinin yüksəlməsi, qeyri-qanuni miqrasiya, terror təhlükəsi və sosial təminat sisteminə düşən əlavə yük seçicilərin gündəlik həyatına birbaşa təsir göstərib. İnsanlar artıq böyük ideoloji proqramlardan daha çox konkret nəticələr tələb edirlər. Məhz buna görə də seçici davranışı dəyişir.
Əgər əvvəllər siyasi müzakirələrin mərkəzində insan hüquqları, iqlim siyasəti və Avropa inteqrasiyası dayanırdısa, bu gün əsas müzakirə mövzuları sərhəd təhlükəsizliyi, enerji təminatı, iqtisadi sabitlik və milli maraqların qorunmasıdır. Həm də bu dəyişiklik yalnız millətçilərin heç vaxt olmadığı qədər gücləndiyi Fransaya aid deyil. Almaniyada “Almaniya üçün Alternativ” Partiyasının yüksəlişi, İtaliyada Corcia Meloni hökumətinin formalaşması, Niderlandda sağçı siyasi qüvvələrin uğurları və digər oxşar proseslər göstərir ki, Avropa seçicisi daha praqmatik siyasət tələb edir.
Bu tendensiyanı “Avropa sağa dönür” şəklində qiymətləndirmək mümkündür, lakin məsələ yalnız siyasi spektrin dəyişməsi deyil. Əsas məsələ odur ki, Avropa cəmiyyətləri dövlətin əsas funksiyalarına - təhlükəsizliyin təmin edilməsi, sərhədlərin qorunması və iqtisadi sabitliyin saxlanmasına əvvəlkindən daha çox önəm verməyə başlayıb. Proses Avropa İttifaqının gələcək inkişafına da təsirsiz ötüşməyəcək.
Brüsselin qərar qəbuletmə mexanizmlərində milli hökumətlərin mövqeyi daha da güclənə bilər. Miqrasiya siyasətinə yenidən baxılması, enerji təhlükəsizliyi üzrə yeni yanaşmaların tətbiqi və müdafiə xərclərinin artırılması artıq bir çox ölkədə siyasi konsensus mövzusuna çevrilir. Bununla yanaşı, Avropa İttifaqının dağılması barədə fikirlər də reallığı tam əks etdirmir, İttifaqın iqtisadi və institusional əsasları kifayət qədər möhkəmdir. Lakin gələcəkdə Avropa İttifaqının daha mərkəzləşdirilmiş yox, üzv dövlətlərin milli maraqlarını daha çox nəzərə alan modelə doğru inkişafetmə ehtimalı da artmaqdadır.
Bu proses NATO-ya da sirayət edir. Avropa dövlətləri müdafiə xərclərini artırmağa məcbur olur. Ukrayna müharibəsi göstərdi ki, təhlükəsizlik məsələlərində uzun illərdən bəri formalaşmış rahatlıq dövrü başa çatıb. Artıq Avropa ölkələri təhlükəsizlik siyasətini iqtisadi inkişafdan ayrı təsəvvür etmir. Müdafiə sənayesi yenidən strateji iqtisadi sahə sayılır.
Avropa İttifaqında siyasi prioritetlərin dəyişməsi Azərbaycanın enerji siyasətinə, nəqliyyat layihələrinə və iqtisadi əməkdaşlığına yeni imkanlar yarada bilər. Avropa enerji mənbələrinin şaxələndirilməsinə xüsusi önəm verdiyi üçün Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyəti daha da artır. Eyni zamanda, Orta Dəhlizin inkişafı Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində Azərbaycanın rolunu gücləndirir.
Siyasi baxımdan isə Avropada milli maraqların ön plana çıxması Azərbaycan üçün yeni diplomatik imkanlar yarada bilər. Dövlətlər daha çox praqmatik əməkdaşlığa üstünlük verdikcə qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişafı üçün yeni platformalar formalaşır.
Nəticə etibarilə, Avropada müşahidə olunan proseslər təkcə hökumətlərin dəyişməsi ilə məhdudlaşmır. Bu, bütövlükdə siyasi düşüncə tərzinin dəyişməsinin göstəricisidir. Qarşıdakı illərdə Avropa İttifaqı əvvəlki kimi qalacaq, lakin onun siyasi prioritetləri dəyişəcək. Təhlükəsizlik, enerji, iqtisadi dayanıqlılıq və milli maraqlar artıq Avropa siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən amillər olacaq. Bu dəyişikliklər isə yalnız Avropa üçün yox, onunla sıx əməkdaşlıq edən bütün dövlətlər, o cümlədən Azərbaycan üçün də yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdıracaq.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 31 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















