I Liqa həyəcanı başlayır: favoritlər və sürpriz arzusunda olanlar
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan I Liqasında sabah 2026/27 mövsümünə start veriləcək. İlk gündə üç matç baş tutacaq. “Şahdağ Qusar” MOİK-lə, “Xankəndi” “Səbail”lə, “Baku Sportinq” isə “Karvan-Yevlax”la qarşılaşacaq. Digər görüşlər isə 4 sentyabrda keçiriləcək.
Elitadan qayıdan “Karvan-Yevlax”
Ötən mövsüm Premyer Liqada mübarizə aparan, lakin yekunda elitanı tərk edən “Karvan-Yevlax” yenidən çempionluq iddiasındadır. Baş məşqçi postuna Ramiz Məmmədovu gətirən yevlaxlılar heyətin 90 faizini demək olar ki, dəyişib. Yenilərin uyğunlaşması üçün zaman lazımdır. Hər bir halda, təcrübə və şərait yevlaxlıları çempionluğa əsas namizədlər sırasında göstərir.
Yeni sponsorlu, çempionluq hədəfli “Səbail”
Yarışın digər iddialı kollektivi “Səbail”dir. Yeni sponsorun gəlişindən sonra Qubaya köç qərarı verən komandanın “sükanı” Elnur Abdullayevə tapşırılıb. I Liqada təcrübəli adlardan olan mütəxəssisin qarşısına çempionluq hədəfi qoyulub. Heyətə bir çox legioner cəlb edilib. “Səbail” ötənilki uğursuzluğu unutdurmaq arzusundadır.
Təcrübəli heyət formalaşdıran “Şahdağ Qusar”
Daha bir favorit “Şahdağ Qusar”dır. Baş məşqçi postuna Füzuli Məmmədovu gətirən qusarlılar heyətlərini elita təcrübəsi olan futbolçularla gücləndirib. Komandaya eyni zamanda gənc, aşağı yaş qrupları üzrə milli komandaların üzvləri də cəlb edilib. Məmmədov ötən il elitada “Karvan-Yevlax”la xallar qazanmış, ancaq yekunda elitada qala bilməmişdi. Burda əsas səbəb isə startda itirilən xallar, uzunmüddətli qələbəsizlik seriyası idi.
I Liqada çempionluq yarışı demək olar ki, məhz bu komandalar arasında keçəcək. İndiki məqamda təcrübəsi və heyətinə görə “Səbail”i bir addım öndə düşünmək olar, lakin futbol meydanda oynanılan oyundur və sürprizlərlə doludur.
Debütant və sürpriz iddiasında olanlar
I Liqanın debütü “Xankəndi”nin çıxışı maraqla gözlənilir. Ötən il “Karvan-Yevlax”da çalışan Zaur Hacıyev komandanın “sükanı arxası”ndadır. “Xankəndi” ev oyunlarını doğma arenada – Xankəndi stadionunda keçirəcək. Bu, komanda üçün əlavə motivasiya verəcək. Əsas hədəf liqada qalmaqdır, ancaq yekunda komandanın üst sıralarda olması təəccüb yaratmayacaq.
I Liqanın daimi sakini, elə hey “üçlük” iddiasında olub, mövsümü 4-6-cı pillələrdə bitirən “Zaqatala” favoritlər arasında deyil. Klub sponsorsuzdur və maliyyə çətinlikləri keyfiyyətli heyət qurmağa əngəldir. Bölgə təmsilçisi uzun müddət sonra baş məşqçi postunda dəyişikliyə gedib. Rüstəm Məmmədov Rakif Əliyevlə əvəzlənib. “Zaqatala” Əliyevin baş məşqçi kimi ilk peşəkar sınağı olacaq.
Yeni formalaşan “Gəncəbasar” da sürpriz potensialında olan kollektivlərdəndir. Gəncənin ikinci təmsilçisi üçün liqada qalmaq da uğur sayılacaq. Klub üçün elita hədəfi hələ erkəndir və bu səbəbdən komanda oyunlara təzyiqsiz, rahat çıxacaq.
“Baku Sportinq”, “Mingəçevir”, MOİK isə “üçlük” iddiasında olanlar üçün əsl başağrısına çevrilə bilər. Xüsusilə MOİK təcrübəli futbolçulardan ibarət heyət formalaşdırıb və yuxarı pillələrə çatmaq üçün çalışacaq. İndiki məqamda digər favoritlərdən keyfiyyət və şərait baxımından geri qalsalar da, asan rəqib olmayacaqları indidən bəllidir.
“Şimal” isə aşkar autsayderdir. Bölgə təmsilçisi ötən il pley-off uğrunda matçda qalib gələrək, çempionatda yerini qorudu. Lakin bu mövsüm liqada qalmaq üçün daha çox çalışmalı, güclənməli olacaqlar.
Şahin Cəfərov
Baxış sayı:177
Bu xəbər 02 Sentyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















