İcarədarın oğlunu bıçaqlayan gənc məhkəmə zalından azadlığa buraxıldı
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tural Fətəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilib.
İttihama görə, 2004-cü il təvəllüdlü Tural Fətəliyev “Ləzzət” kafesində işləyərkən yaşadığı rayona getmək üçün icarədarın oğlu, zərərçəkmiş Emin Qulamovdan (soyadı şərtidir) qısa müddət üçün 2024-cü ilin iyul ayının əvvəllərində 50 manat əvvəlcədən əmək haqqı olaraq alıb. Lakin o, verdiyi sözə əməl etməyərək işə gəlməyib. Bu səbəbdən zərərçəkmiş şəxs onunla telefonla danışarkən aralarında mübahisə yaranıb. Sonra Tural buna aydınlıq gətirilməsi üçün Eminlə vədləşib 28 iyul 2024-cü il tarixdə, saat 23:45-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 12 saylı binanın arxasında onunla görüşüb. Onlar həmin mövzuda mübahisələrini davam etdirərəkən zərərçəkmiş şəxs hadisə yerinə gələn Turalın əmisi oğlunun qulaq nahiyəsindən yumruqla vurub. Bu zaman Tural üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Eminə dörd dəfə zərbə vuraraq, ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Tural Fətəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


