İcra başçısına dedim ki, bu yolun sonu yaxşı olmayacaq Deputatla MÜSAHİBƏ
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
"Vəhhabilər qardaşımı da yoldan çıxartmışdılar"
Nəsib Məhəməliyev: “İcra başçısı olanda Novruz bayramında evlərə papaqatmanı qadağan etmişdim”
Mediada deputatlarla müsahibələr adətən qanunvericilik təşəbbüsləri, siyasi proseslər və parlamentin gündəmi ilə məhdudlaşır. Halbuki deputat həm də seçildiyi bölgənin həyatına, insanlarına, onların problemlərinə ən yaxından şahid olan şəxsdir.
Modern.az saytının “Region deputatın gözü ilə” layihəsi siyasətdən bir qədər kənara çıxır və deputatların bölgə ilə bağlı təəssüratlarını, məlumatlarını öyrənir.
Layihənin budəfəki qonağı 110 saylı Balakən seçki dairəsinin deputatı Nəsib Məhəməliyevdir.
- Nəsib müəllim, 6 il Balakəndə icra başçısı işləmisiniz. Özünüz də əslən oradansınız. Bu bölgə haqqında bir az da sizdən eşitmək istəyərdik. Balakən deyəndə ağlınıza ilk nə gəlir?
- Balakən deyəndə ilk növbədə mənim kiçik vətənim yada düşür. Baxmayaraq ki, ömrümün böyük hissəsini orada keçirməmişəm, həm bağçaya, həm də məktəbə məhz Balakəndə getmişəm. Balakən mənəvi baxımdan çox zəngin bir məkandır. Orada avarlar, ingiloylar və digər müxtəlif etnik azlıqlar yaşayır. Tarixin bütün keşməkeşli dövrlərində belə insanlar etnik və dini zəmində heç vaxt ciddi problemlər yaşamayıblar. Bu da onu göstərir ki, Balakəndə tolerantlıq baxımından xüsusi bir mədəniyyət formalaşıb.
Balakənin özünəməxsus mətbəxi var, rayon müxtəlif folklorların qovuşduğu bir məkandır. Bölgə əsrarəngiz təbiəti ilə seçilir və təsadüfi deyil ki, Balakən “Məbədlər diyarı” adlandırılır. Azərbaycanda bu qədər tarixi abidənin cəmləşdiyi ikinci bir rayon demək olar ki, yoxdur. Çox istərdim ki, həmin abidələrin bərpasına daha çox diqqət ayrılsın.
Eyni zamanda, XVII əsrin sonları – XVIII əsrin əvvəllərində SSRİ ərazisində ən hündür minarəyə malik məscid məhz Balakəndə yerləşib. Ümumiyyətlə, Balakəndə məscidlər çoxdur və onların özünəməxsusluğu ondadır ki, əksəriyyəti qəbiristanlıqların ərazisində yerləşir. Əslində onlara “hücrə” demək daha doğru olardı. Hətta SSRİ-nin din əleyhinə sərt siyasəti dövründə belə insanlar Allaha bağlılıqlarını heç vaxt gizlətməyiblər.
- Balakənlilər həm dindar, həm də müasirdirlər...
- Bu, bir qədər qəribə, amma Balakən üçün xarakterik mənzərədir. Xatırlayıram ki, insanlar eyni zamanda gündə beş dəfə namaz qılır, paralel olaraq restorana gedib əylənə də bilirdilər. Bizdə Cənub bölgəsində və ya Bakıətrafı bəzi kəndlərdə olduğu kimi, çadraya və oxşar sərt dini atributlara rast gəlinməyib. Toy mərasimlərində bəylər və xanımlar eyni stol arxasında əyləşiblər. Qız toyunda kişilər, oğlan toyunda isə xanımlar iştirak edib. Balakəndə rəqs meydançaları mövcud idi, gənclərin əyləndiyi, vaxt keçirdiyi məkanlar həmişə olub.
- Balakən həm də oranın insanlarının dürüstlüyü ilə assosiasiya olunur...
- Bu yaxınlarda ilin yekunları ilə bağlı hesabat yığıncağında çıxışım zamanı bu məsələyə toxundum. Balakəndə Maliyyə Nazirliyi tərəfindən kompleks yoxlamalar aparılır. Əvvəlki icra başçısı (İslam Rzayev-red.) həbs olunub. Mənim rəhbərlik etdiyim dövrdə də yoxlamalar keçirilirdi, lakin heç vaxt belə biabırçı hallar baş verməmişdi. O zaman Balakəndə insanlar qanuna ciddi şəkildə əməl edirdilər və dövlət vəsaitlərinin mənimsənilməsi mövzusu ümumiyyətlə gündəmə gələ bilməzdi.
Ancaq son 20 il ərzində orada müəyyən deqradasiya prosesləri yaşandı. Bu da uyğun olmayan rəhbərlərin fəaliyyəti ilə bağlı idi. Üzdə özünü müsbət göstərən bəzi şəxslər arxa planda tamamilə fərqli maraqlara xidmət edir, varlanmaq üçün şantaj, vəzifələrin alqı-satqısı kimi neqativ hallara yol verirdilər. Elə buna görə də icra başçısı həbs olundu və barəsində cinayət işi açıldı. Ona bu prosesdə dəstək verən bir çox şəxslər hazırda istintaq orqanına şahid qismində ifadə verirlər.
Bu gün Balakəndə əvvəlki dürüstlük mühitinin olduğunu təsdiq edə bilmərəm. Mənim üçün bunları dilə gətirmək ağırdır. Bir cümlə ilə, tam məsuliyyətlə deyə bilərəm ki, nə Balakən rayonuna, nə də Nəsimi rayonuna rəhbərlik etdiyim dövrdə bir dəfə də olsun tabeçiliyimdə olan insanlara qanunsuz tapşırıq verməmişəm.

- Həbs edilən icra başçısı fəaliyyət göstərəndə siz Balakənin deputatı idiniz. Ona fəaliyyəti ilə bağlı nöqsanları zamanında bildirmisiniz?
- Bununla bağlı mövqeyimi açıq şəkildə, bəzi hallarda isə kifayət qədər kəskin formada şəxsən özünə (İslam Rzayev-red.) bildirmişəm. Açıq demişəm ki, bu yolun sonu yaxşı olmayacaq. Mənə bu barədə məlumatlar birbaşa seçicilərdən daxil olurdu. Qəbullar zamanı vətəndaşlar açıq şəkildə icra başçısı və onun müavinləri ilə bağlı kifayət qədər faktlar səsləndirirdilər. Mənim şəxsi müşahidələrim də bu deyilənləri təsdiqləyirdi.
Bir dəfə qəbuldan sonra köməkçimə dedim ki, onun müavininə çatdırsın: o bu vəzifəyə təyin edəndə bir stəkan çayını belə içməmişdim və hər qanunsuz tapşırıqları icra etmək olmaz. Eyni sözləri icra başçısına da şəxsən özüm demişdim. Təbii ki, o zaman müxtəlif bəhanələr gətirirdi.
Bu gün vicdanım rahatdır. Çünki mən onu dəfələrlə xəbərdar etmişəm.
- İcra başçısının bu cür hərəkəti insanlara da təsir etdi?
- Şübhəsiz ki, bu məsələ təkcə Balakənə aid deyil, ümumilikdə Azərbaycanın bir çox bölgələrində müşahidə olunur. Artıq on icra başçısı həbs olunub. Bu o deməkdir ki, korrupsiya və rüşvətxorluqla mübarizədə dövlət başçımızın mövqeyi qətidir. Kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir.
Rəhbər vəzifəyə təyin olunan kimi bəzi şəxslər, vəzifə səlahiyyətlərinin icrasına peşəkar kadrları işdən uzaqlaşdırmaqla başlayırlar. Halbuki insanlar anlamalıdırlar ki, “Dövlət qulluğu haqqında” qanun mövcuddur və əməkdaşları heç bir əsas olmadan birdən-birə işdən çıxarmaq olmaz.
Mən indiyədək bir nəfər də olsun peşəkar kadrı qanunsuz işdən çıxarmamışam. Xatırlayıram, bir dəfə mənə dedilər ki, bir əməkdaş var, yüksək statuslu şəxslərin adamıdır, istəyəndə işə gəlir, istəməyəndə gəlmir. Mən onu dərhal vəzifədən azad etdim.
Həmişə hesab etmişəm ki, güclü rəhbər istənilən işçi ilə işləməyi bacarmalıdır. Zəif rəhbərlər və yaxud əvvəlcədən cinayətə meyillilər, informasiyanın yayılmasının qarşısını almaq üçün ətrafına öz kadrlarından ibarət komanda toplayırlar.
- İcra hakimiyyətindən söz düşmüşkən, siz həm də Nəsimi rayonun icra başçısı olmusunuz. Bir müddət əvvəl həm Balakən, həm də Nəsimi rayonun icra başçıları ilə bağlı xoşagəlməz hadisələr yaşandı. Siz icra başçılarının etimadı doğrultmamasının səbəbini nədə görürsünüz?
- Burada aydın şəkildə hiss olunur ki, kadr seçimində müəyyən problemlər və boşluqlar mövcuddur. Cənab Prezident hər kəsi tanıya bilməz, bu fiziki baxımdan mümkün də deyil. Prezidentin gördüyü işlərin miqyası olduqca genişdir: həm xarici siyasət, həm daxili proseslər, həm təhlükəsizlik məsələləri, həm də qlobal siyasətdə elə sürətli və mürəkkəb proseslər gedir ki, bəzən heç kim onların sonunun necə olacağını dəqiq bilmir. Biz bu prosesləri qabaqlamağı bacarmalıyıq.
Prezident 200 illik problemləri həll etməklə sübut etdi ki, bu proseslərdə öndə gedən liderlərdəndir. Bununla yanaşı, kadr seçimində də konkret və işlək mexanizmlər olmalıdır. Kadr seçimində meyarlar dəyişməlidir. Təəssüf ki, bu gün təcrübəsizlik halları kifayət qədər çoxdur. İnsan təcrübəsiz olanda onu asanlıqla yanlış istiqamətə yönəldən qüvvələr tapılır.
- Siz icra orqanından qanunverici orqana keçid etdiniz. Öz təşəbbüsünüz idimi və bunlardan hansı iş olaraq daha çətindir?
- Əslində mənim yanaşmam bir qədər fərqlidir. Qanunverici orqana keçmək təşəbbüsü ilkin olaraq mənim tərəfimdən irəli sürülüb. Lakin fərd olaraq icra orqanlarında işləmək mənə daha yaxın və doğmadır. Çünki burada istənilən məsələyə daha yaradıcı yanaşmaq imkanı olur: tikmək, qurmaq, yaratmaq, abadlaşdırmaq mümkündür. Bütün bunlar gözə görünən işlərdir. Qanunverici orqanda isə əsasən danışmaq, müzakirə aparmaq və təkliflər vermək ön plandadır.
Azərbaycan unitar dövlətdir və Prezidentli Respublikadır. Bu baxımdan icra hakimiyyəti daha güclü və daha operativ işlək mexanizmə malikdir. Məhz buna görə də, həm baza təhsilimə, həm də sonradan uzun müddət icra strukturlarında çalışdığıma görə özümü daha çox İcra hakimiyyətinin nümayəndəsi və təmsilçisi kimi hiss edirəm, nəinki qanunverici orqanın üzvü kimi. Bununla belə, qanunverici orqanda da müəyyən təşəbbüslərimiz olub.
Mən YAP-ın üzvü kimi orada təmsil olunuram və özümü komanda adamı hesab edirəm. İstənilən halda, həmin platformada da komandamı təmsil edir və hər bir halda onun fəaliyyətini təbliğ edirəm.

- "Cənab başçı" ifadəsindən ötrü darıxmırsınız?
- Vəzifəyə təyin olunduğum ilk gündən etibarən bir məsələni, iclaslarda mənim adımın hallanmasını, tərifləri qəti şəkildə qadağan etmişdim. Bu, həm Balakəndə, həm də Nəsimi rayonunda belə olub.
Əgər vaxtilə hansısa vəzifəni icra etmişəmsə, bu, mənim hamıdan ağıllı və ya hamıdan savadlı olduğum anlamına gəlmir. Mən bunu açıq şəkildə deyirəm: Azərbaycanda savadlı, qabiliyyətli insanlar çoxdur. Sadəcə, alın yazısı deyilən bir anlayış var. "Cənab başçı" sözündən isə xoşum gəlmir.
- Demək darıxmamısınız?
- Qətiyyən yox. Vəzifə ondan ibarətdir ki, rəhbər səni müəyyən bir posta təyin edir və sən öz işini icra edirsən. Eyni zamanda bilməlisən ki, nə vaxtsa sənin yerinə də başqa biri təyin olunacaq.
- Bəzən media olaraq yazırıq ki, filan nazir "vuruldu". Özü də belə qəbul edir. Bu nədən irəli gəlir?
- Bu, insanın özündən asılıdır. Əgər kimsə özünü yalnız vəzifə ilə təsdiq edibsə, anlayır ki, həmin vəzifə olmayanda ona heç kim salam verməyəcək. Amma məndə əksinə olub. Vəzifədən ayrıldıqdan sonra mənə göstərilən hörmət daha da artıb. Vəzifəyə təyin olunan istənilən şəxs bilməlidir ki, vəzifə daimi deyil, nə vaxtsa getməlidir. Özünü psixoloji cəhətdən buna hazırlamalıdır.
- Amma siz indi də deputatsınız..
- Deputatlıq statusdur. Amma vəzifədən sonra parlamentə getməyin öz müsbət cəhətləri var. Birincisi, insan çox ciddi şəkildə təcrübə toplayır, nəyin necə və harada baş verdiyini, hansı məsələnin necə həll olunmalı olduğunu daha düzgün dərk edir. İkinci tərəfdən isə əgər sən vəzifədə olduğun zaman özünü ləyaqətlə aparmısansa, parlamentə gəldikdən sonra sənə daha çox hörmət göstərilir.
- Qayıdaq Balakənə. Sonuncu siyahıyaalmada Balakəndə yaşayan 72 677 nəfərin azərbaycanlı, 22 905 nəfərin avar, 1 613 nəfərin isə ingiloy olduğu göstərilib. Etnik azlıqlarla azərbaycanlılar arasındakı münasibət necədir, qaynayıb-qarışırlar?
- Balakən və Zaqatala rayonlarında avarlar kompakt şəkildə yaşayırlar. Balakəndə Qabaqçöl qəsəbəsi və ətrafdakı altı kənddə avarlar əsasən kompakt məskunlaşıb, şəhər ətrafında isə bir neçə kənddə qarışıq yaşayış məntəqələri var. Amma nə Zaqatalada, nə də Balakəndə elə bir avar ailəsi və ya azərbaycanlı ailə tapmaq olmaz ki, orada qarışıq qohumluq olmasın.
Bəzən bu bölgəni yaxından tanımayan şəxslər tərəfindən dövlətçilik əleyhinə fikirlər səsləndirilir. Əvvəllər tək-tük, bəzi şəxslərin separatçılığa meyilliliyi müşahidə olunsa da, indi belə adamlar ümumiyyətlə yoxdur. Ötən əsrin 90-cı illərində, 2000-ci illərin əvvəllərində, qonşu dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşən bəzi şəxslər qanun qarşısında cavab veriblər. Onlar müəyyən dövrlərdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa çalışsalar da, cəhdləri nəticə verməyib. Balakən camaatı hər zaman dövlətçiliyə sədaqətləri ilə seçiliblər.
- Balakənin etnik tərkibi ingiloylar və avarlarla məhdudlaşmır. Burada ruslar, ukraynalılar, tatarlar, tatlar, ləzgilər də yaşayır. Siz bu etnik qrupların adət-ənənələri ilə tanış olmusunuzmu, onlar mədəniyyətlərini qoruya bilirlərmi?
- Əlbəttə. Balakəndə yazılmamış qaydalar var. Bütün dövlət bayramlarında rəsmi hissədən sonra bədii hissə təşkil olunur və biz çalışırdıq ki, orada paritet qorunsun. Azərbaycan mahnıları ilə yanaşı, avar və ingiloy mahnıları, rəqsləri, folklor nümunələri də təqdim olunur. Xüsusilə Novruz bayramında hər kəs öz adət-ənənəsi ilə çıxış edir. Bu da onu göstərir ki, təkcə ənənələr qorunmur, eyni zamanda inkişaf etdirilir. Milli azlıqlar ana dillərində təhsil alırlar.

- Etnik azlıqların hansı ənənələri ümumilikdə bütün Balakən əhalisi tərəfindən qəbul olunub?
- Ən çox mətbəxdə bu qarışıqlıq hiss olunur. Elə yeməklər var ki, həm avarlar, həm də azərbaycanlılar tərəfindən eyni dərəcədə istifadə olunur. Bura rəqsləri də əlavə etmək olar.
- Siz özünüz əslən hansı millətdəsiniz?
- Atamın həm atası, həm də anası azərbaycanlı olub. Anamın atası avar, anası isə azərbaycanlı idi. Anam iki yaşında olarkən atasını bolşeviklər güllələyiblər. Çox imkanlı insan olub, insanları bolşeviklərə qarşı qaldırdığna görə Zaqatala Qalasında güllələnib. Deyilənə görə, babam olduqca yaraşıqlı kişi olub və 1927-ci ildə gürcü kinematoqrafçılar tərəfindən Balakəndə bədii filmdə çəkilib. Babam süjetə görə, at belində, pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxır və toy günü gəlini, “naçalnikin qızını” götürüb qaçırır. Yeri gəlmişkən, həmin ikimərtəbəli ev, yerli bəylərdən birinə məxsus idi və son zamanlara qədər dururdu. Bəy özü isə respublikada tanınmış teleaparıcı və diktor, sinif yoldaşım Nailə İslamzadənin ana babası idi. Həmin filmin tapılması üçün gürcü dostlara müraciət etdim. Onlar arxivi araşdırandan sonra, filmin adının reyestrdə qeyd olunduğunu bildirdilər. Filmin özü isə təəssüf ki, tapılmadı.
- Siz avar dilini bilirsinizmi, bu dili öyrənməyə marağınız olubmu?
- Əfsuslar olsun ki, bilmirəm.
- Seçiciləriniz sizinlə Azərbaycan dilində rahat danışa bilirlərmi?
- İstisnasız olaraq hamısı.
- Heç olubmu ki, balakənlilərin problemlərinə görə məmurlarla mövqeləriniz toqquşsun?
- Olub. Həyat və iş təcrübəm olduğu üçün seçicilərimin problemlərinin bir çoxunu şəxsən özüm həll edirəm. Elə məsələlər var ki, onları parlamentdə səsləndirmək doğru deyil. Eyni zamanda, gördüyüm işlərin heç birini reklam etmirəm.
- Milli Məclisdə bəzi deputatlar zaman-zaman seçki dairələrini dəyişir, doğulub-böyüdükləri bölgəni təmsil etmirlər. Sizin buna münasibətiniz necədir? Növbəti seçkilərdə iştirak etsəniz, dairənizi dəyişmək barədə düşünərsinizmi?
- Onlara münasibətim normaldır. Biz komanda ruhunda işləməyi öyrənməliyik, əks halda cəmiyyətdə ciddi qarşıdurmalar yarana bilər. Yeni Azərbaycan Partiyası kifayət qədər güclü siyasi təşkilatdır və partiyada hər kəsin potensialı bəllidir. Təbii ki, subyektiv amillər də ola bilər, amma kimin haradan namizədliyinin irəli sürüləcəyinə partiya qərar verir. Elə hallar olur ki, deputat iki çağırış eyni dairəni təmsil edir, amma reytinqi arzuolunan səviyyədə olmur.
Mən isə dairəmi dəyişməzdim. Artıq üç çağırışdır eyni dairədən deputat seçilmişəm. Həm deputat olduğum dövrdə, həm də ondan əvvəlki fəaliyyətimdə bütün müraciətlərə reaksiya vermişəm və maksimum dərəcədə kömək etməyə çalışmışam. Deputatın rayonda mütləq nüfuzu olmalıdır. Maksimum çalışıram ki, köməyə ehtiyacı olan insanların ümidlərini doğruldum.
- Seçiciləriniz üçün əlçatansınız?
- Təbii ki. Mən hər gün qəbul keçirirəm. Sosial şəbəkələr, məktublar, telefon və köməkçilərim vasitəsilə gündəlik əlaqə saxlayırıq. Elə bir hal olmur ki, kiməsə reaksiya verməyim. Çalışıram ki, sosial ədalət prinsiplərini qoruyum. Mənə görə, hər şeydən önəmli olan insan faktorudur. Kiməsə kömək edirəmsə, bunu deputat kimi yox, daha çox bir vətəndaş kimi edirəm.

- Bu gün Balakənin əsas problemləri nələrdir? Artıq 10 ildir deputatsınız. İlk müraciətlərlə indiki müraciətlər arasında fərq varmı? Bu müddətdə əsasən hansı işlər görülüb?
- Bu yaxınlarda dövlət büdcəsinin müzakirəsi zamanı Balakən əhalisini narahat edən əsas problemləri dilə gətirdim. Adi məişət məsələlərini adətən açıq şəkildə qabartmıram, çalışıram imkan daxilində özüm həll edim. İlk növbədə işsizlik problemi var. Balakənin coğrafi mövqeyi, təbii resursları, dağətəyi rayon olması və inzibati ərazisinin təxminən 60 faizinin dağlıq sahədən ibarət olması burada turizmin ciddi şəkildə inkişafını zəruri edir.
Balakəndə milli qoruqlardan və biosfer ərazilərindən səmərəli istifadə olunmalıdır. Bu baxımdan “Milli qoruqlardan və biosferadan istifadə” haqqında ayrıca qanunun qəbulunu vacib hesab edirəm. Burada respublikanın ən bol sulu şəlalələrindən biri – Katexçay şəlaləsi yerləşir, lakin insanlar ora gedə bilmirlər. Bu qanun qəbul olunsa, turizm marşrutları açıla bilər ki, bu da əhalinin məşğulluq səviyyəsinin artmasına, sosial problemlərin həllinə xidmət edər.
Digər vacib məsələlər, dağ çayları sistemində sahil bərkidici bəndlərin tikilməsi, rayonlarda konsaltinq şirkətlərinin yaradılmasıdır. Hesab edirəm ki, hökumət yerli icra orqanları ilə birlikdə hər bir rayonun sosial iqtisadi inkişafını təmin edəcək proqram hazırlamalıdır. Ümumi yanaşma belə olmalıdır, torpaqlar, əmək resursları, infrastruktur, kommunikasiya xətləri varsa, həmin ərazilər aktiv iqtisadi vəziyyətə gətirilməli, rentabelli olmalıdır. Mərkəzi büdcədən asılılıq minimuma endirilməlidir. Təbii ki, sadaladıqlarım bütün regionlara şamil edilə bilməz.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda icra olunmamış bəzi məsələlər də qalmaqdadır.
Kənd təsərrüfatının inkişafı da əsas problemlər sırasındadır. Azərbaycand aqrar sektorun inkişafı üçün lazım olan münbit torpaqlara, iqlim şəraitinə malik olsa da, məhsuldarlıq arzuolunan səviyyədə deyil. Hesab edirəm ki, ərzaq məhsullarının alışında dövlət, daha çox ölkə daxilində istehsal olunan ərzaq məhsullarına yönəlməlidir. Bir çox nazirliklərdə tender və satınalma əməliyyatları aparılır. Ət, süd, kartof və digər kənd təsərrüfatı məhsullarının xaricdən idxal olunmasından çox, ölkə daxilində istehsalını stimullaşdırmaq lazımdır. Bu sahədə hər rayon üzrə fərdi yanaşma olmalı, elmi, innovativ metodlar tətbiq olunmalıdır. Yerlərdə kənd təsərrüfatı üzrə savadlı kadrların hazırlanmasına ciddi ehtiyac var. Torpaqlar bərəkətlidir, təbiət əlverişlidir, amma məhsuldarlıq aşağıdır. Cənab Prezident tərəfindən subsidiya ayrılır, nəticə isə arzuolunan səviyyədə deyil. Burada hesabatlılıq mexanizmi daha da gücləndirilməlidir.
- Balakən xarici investisiya cəlb edə bilərmi? Bu sahədə təcrübə varmı?
- Balakəndə Avropanın ən böyük və ən zəngin polimetal filiz yataqları mövcuddur. Bu yataqlar ölkə iqtisadiyyatına çox ciddi töhfə verə bilər. SSRİ dövründə burada uzun illər kəşfiyyat işləri aparılıb. Hazırda da hökumət bu istiqamətdə fəaliyyət göstərir. 14 elementdən ibarət polimetal filiz yatağı məlumdur və tərkibində qızıl da var.
- Balakənin təbiəti də gözəldir. Bayram və tətil günlərində Balakəndə, yoxsa xaricdə dincəlməyi üstün tutursunuz?
- Təbii ki, imkan olduqca Balakənə gedirəm. Eyni zamanda respublikanın digər rayonlarında da
oluram. Xaricə əvvəllər daha çox marağım var idi.
- Yol uzaqdır. Nə ilə gedib-gəlirsiniz?
- Əvvəllər qatarla da gedirdim, indi əsasən avtomobillə gedirəm. Təxminən beş saatlıq yoldur. Yollar yaxşı vəziyyətdədir, rahat gedib-gəlmək olur. Şamaxıdan Balakənə qədər yol boyu meşəlikdir, bu yolda darıxmırsan, təbiət çox gözəldir.
- Balakəndə tamamilə boşalmış kənd varmı?
- Yoxdur. Əhalisi nisbətən azalan kəndlər var.

- Bölgənin tarixi qədimdir. Amma Balakəndə bu tarixi tam əks etdirən muzey demək olar ki, yoxdur. Balakən kimi rayonda cəmi iki muzeyin olması sizcə də az deyilmi?
- Məncə bir rayon üçün kifayətdir. Balakəndə vaxtilə çox zəngin tarix-diyarşünaslıq muzeyi olub. Cəbhə hakimiyyəti dövründəki anarxiya və hərc-mərclik nəticəsində muzey dağıdılıb, bir çox eksponatlar məhv edilib. 1996-cı ildə Mədəniyyət Nazirliyindən nümayəndələr gəlib vəziyyəti gördükdən sonra muzeyi ümumiyyətlə ləğv ediblər. Təxminən 150-yə yaxın, o qədər də qiymətli olmayan saxsı qablar və eksponatlar qalmışdı, onlar da Zaqatala Mədəniyyət Şöbəsinə təhvil verildi.
Mən 2000-ci ildə icra başçısı təyin olunandan sonra ilk aylardan muzeyin bərpası üçün ciddi cəhdlər göstərdim. Bildiyiniz kimi, yeni bir idarənin və ya təşkilatın yaradılması üçün altı nazirliyin razılığı və Baş nazirin təsdiqi tələb olunur, amma bağlanması üçün bir nazirin əmri kifayətdir. Dəfələrlə müxtəlif nazirliklərə müraciət etdim. Nazirlər Kabinetindən rəhmətlik Elçin Əfəndiyev dəstək verdi. “Balakən” və “Şən həyat” qəzetlərinin boş qalan redaksiya binalarını daxili imkanlar hesabına təmir etdirdik və həmin binada muzeyin açılışını etdik.
Rayon fəallarını toplayaraq müraciət etdim ki, kimin evində köhnədən qalmış əşyalar və ya eksponatlar varsa, muzeyə bağışlasın. Qısa müddətdə 1000-dən artıq eksponat toplandı. Rəsmi statusu müəyyənləşməsə də, doqquz nəfərdən ibarət kollektiv formalaşdırdıq. Təxminən il yarımdan sonra muzey büdcədən maliyyələşməyə başladı. Daha sonra, tarix-diyarşünaslıq muzeyinin yeni binasını inşa etdik. Hərdən rayonda olarkən, həmin muzeyə baş çəkəndə görürəm ki, eksponatların sayı xeyli artıb və daha böyük muzey binasının tikintisinə zərurət var.
- Balakənin hansı adət-ənənələrini bəyənmirsiniz? Məsələn, toy və yas mərasimləri necə keçirilir?
- Ümumiyyətlə, mən mentalitetimizdə olub inkişafımıza heç bir töhfəsi olmayan adət-ənənələri qəbul etmirəm. Məsələn, Novruz bayramında gənc uşaqların və yeniyetmələrin gecə vaxtı kiminsə evinə papaq atmasını qadağan etmişdim. Atam 1986-cı ildə vəfat edib. 2001-ci ildə onun məzarını yenidən düzəltdirdim. 2 metr 20 santimetrlik başdaşını götürüb, yerinə 50 santimetrlik qara mərmərdən sadə bir başdaşı qoydurtdum ki, insanlar nümunə götürsünlər.
O dövrdə bu, inqilabi addım kimi qəbul olunurdu. İndi isə görürəm ki, bu yanaşma getdikcə yayılır.
Yas mərasimlərindən ümumiyyətlə narazıyam. Balakəndə dünyasını dəyişən şəxs üçün bir həftə səhərdən axşamacan qapılar açıq qalır və kim nə vaxt istəsə gəlir başsağlığı verir. Ev sahibləri, onların yaxınları məcburdurlar ki, həftə ərzində oturub gələnləri qarşılasın. Bəzi yerlərdə artıq inkişaf var, üç gün qəbul edilir. Arzu edərdim ki, yas mərasimləri maksimum sadələşdirilsin. Bu istiqamətdə müəyyən işlər görülür, amma hesab edirəm ki, proses daha da irəli aparılmalıdır.
- Bir qədər əvvəl dediniz ki, buraya gəlməyiniz Allahın yazdığı tale ilə bağlıdır. Dinə münasibətiniz necədir?
- Allaha və Peyğəmbərə inanıram, İslam əxlaqını ən dürüst mədəniyyət hesab edirəm. Amma heç bir halda kiminsə dini inancına müdaxilə etmirəm. Dinə münasibət vicdan məsələsidir və hər bir insanla Allah arasında olmalıdır. Əfsuslar olsun ki, İslam dininindən reklam olaraq, sui-istifadə edən dəllallar çoxdur. Belə yanaşma cəmiyyətdə çaşqınlıq yaradır.
- Balakənin adı bir ara vahabiliklə də birlikdə çəkilirdi…
- Sovetlər İttifaqı dağılandan sonra ideoloji boşluq yarandı və əksər respublikalarda xarici ölkələrdən gələn missionerlər dini təbliğat aparmağa başladılar. O cümlədən bizim ölkəmizdə. 2000-ci illərin əvvəllərində sistemli iş apardıq və praktiki olaraq Balakəndə vahabiliyi aradan qaldırdıq. Çox ciddi maarifləndirmə işləri apardıq. Düzdür, tək-tük də olsa, hələ də bu cərəyanın daşıyıcılarına rast gəlmək olur. Ümumiyyətlə, dini proseslər ölkənin müvafiq strukturları tərəfindən peşəkarcasına diqqətdə saxlanılır. Narahatçılığa ehtiyac yoxdur.

- Qorxmadınız?
- Yox
- Sizin təmsil etdiyiniz bölgədə bu problem hələ də qalırmı?
- Ciddi şəkildə yox. Tək-tük hallar ola bilər, amma radikal formada mövcud deyil.
- Deyilənə görə, bir vaxtlar qardaşınız da bu cərəyanın təsiri altında olub…
- Olub. Amma indi tamamilə fərqli insandır. Kiçik qardaşımı bir vaxtlar yoldan çıxarmışdılar. Artıq 30 ilə yaxındır ki, o və yaşıdları həmin, son dərəcə ziyanlı təriqəti qəbul etmirlər. Bu epizodik məsələdən uzun illər keçməsinə baxmayaraq, bəzi bədxahlar zamanla mənim əleyhimə istifadə edirlər. Anlamırlar ki, Azərbaycan çox da böyük ölkə deyil, hər şey göz qabağındadır, şəffafdır.
- Ölkənin əsas problemlərindən biri də erkən nikah və qohum evlilikləridir. Balakəndə bu hallara rast gəlinirmi?
- Balakəndə qohum evliliklərinə az da olsa rast gəlinib. Ancaq erkən nikah halları bizim bölgəyə xas ənənə deyil.
- Bir az da səhiyyədən danışaq. Balakəndə xəstəxanaya müraciət etmisinizmi? Canınızı yerli həkimlərə etibar edərsinizmi?
- Qardaşımın həyat yoldaşı səhiyyə sahəsində çalışır. Bakıda yaşadığım üçün Balakəndə xəstəxanaya müraciət etməmişəm. Amma səhhətimlə bağlı problem yarananda yoldaşım ilk olaraq məsləhəti məhz qardaşımın həyat yoldaşından alır. Sosial şəbəkələrdən görürəm ki, insanlar Balakən səhiyyəsindən razılıq edirlər.
- Narkomaniya həm Azərbaycanda, həm də dünyada ciddi problemdir. Balakəndə gənclərin bu kimi pis vərdişlərə meyli hansı səviyyədədir?
- Hər yerdə olduğu kimi, burada da var. Bu, çox böyük bəladır. Çalışdığım dövrdə bu məsələyə qarşı ciddi mübarizə aparmışam. Yaxşı ki, xatırlatdınız. Son vəziyyətlə bağlı yaxın vaxtlarda daha ətraflı məlumat almağa çalışacağam.
- Balakən Gürcüstanla sərhəd rayondur, amma Rusiya ilə sərhəd-keçid məntəqəsi yoxdur. Rusiya ilə keçid məntəqəsinin açılması barədə nə düşünürsünüz?
- Birincisi, buna ehtiyac yoxdur. Mən altı ilə yaxın müddətdə həm Rusiya, həm də Gürcüstanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işində iştirak etmişəm. Balakənin mərkəzindən Rusiya sərhədinə qədər təxminən 40 kilometrdir. Yolboyu sıldlrım dağlıq ərazidir. Sərhəddən ilk kəndə çatmaq üçün altı saat atla getmək lazımdır. Qışda bu, ümumiyyətlə mümkün deyil, yayda isə belə bir ehtiyac yoxdur.

- Nəsib müəllim, bəzi bölgələrdə – konkret desək, Naxçıvanda, Qərbi Azərbaycanda, hətta Qarabağ bölgəsində insanlar arasında bir-birinə dayaq olmaq, qohumcanlılıq daha çox müşahidə olunur. Balakəndə belə bir tendensiya varmı?
- Rəhmətlik Telman Adıgözəlov deyirdi ki, yerlibazlıq Balakəndə dörd yüz il əvvəl məhv olub.
- İcra başçısı və deputat olduğunuz dövrdə yaxınlarınız, qohumlarınız sizdən iş xahiş ediblərmi və ya bu yöndə öz təşəbbüsünüz olubmu?
- İş xahişləri təbii ki, olub. Qohumlardan təyin etdiyim insanlar da olub. Amma heç vaxt peşəkar, qabiliyyətli, öz vəzifəsinin öhdəsindən gələn ləyaqətli bir şəxsi çıxarıb, onun yerinə qohumumu təyin etməmişəm.
- Ümumiyyətlə, Balakəndə yaşayan qohumlarınız varmı?
- Yaşayan qohumlarım çoxdur. Amma vəzifədə çalışan yaxın qohumlarım çox azdır. Əksəriyyətinin öz işi var.
- Bəzi bölgələrdə ailə qurarkən eyni rayon və ya yaxın çevrədən olan şəxslərə üstünlük verilir. Balakəndə və sizin ailə mühitinizdə bu cür yanaşma varmı?
- Bizim ailədə bu məsələ bir az fərqlidir. Balakəndə də mütləq öz rayonundan olan biri ilə evlənməlisən kimi bir yanaşma yoxdur. Böyük oğlum balakənli xanımla evlənib. Kiçik oğlum isə dərs dediyi universitetdə bir qızı sevib, bəyənib. O qız bakılıdır. Hələ ailə qurmayıblar, amma yaxın zamanda planlaşdırırlar. Bizim ailədə belə bir prinsip var: Gənclər özləri qərar verməlidirlər, məcburiyyət qəbuledilməzdir.
- Həyat yoldaşınız balakənlidir?
- Bəli.

- Belə bir fikir var ki, balakənlilər sözlərindən dönmürlər. Bu baxımdan ailə həyatında çətinlik olmur?
- Yox. Mən rahat adamam, konfliktli insan deyiləm. Əgər məni inandıra bilərlərsə və səhv etdiyimi görərəmsə, bunu etiraf edərəm. Bilmədiyim mövzuda isə heç vaxt mübahisə etmirəm.
- İki oğlunuz və bir qızınız var. Onlar nə işlə məşğuldurlar?
- Böyük oğlumun öz biznesi var, onu mənim köməyim olmadan qurub. Kiçik oğlum və qızım hərəsi bir universitetdə dərs deyir, pedoqoji fəaliyyətlə məşğuldurlar. Kiçik oğlumun başqa sahələr üzrə də bacarığı var, amma müəllimliyi sevdiyi üçün bu sahəyə baş vurub.
- Sizin fəaliyyət yolunuzu davam etdirmək istəyən varmı?
- Qızım diplomatik sahəyə daha yaxındır. Beynəlxalq münasibətlər sistemini də, təhsil sistemini də çox yaxşı bilir. Respublikada Erasmus proqramı üzrə ən güclü mütəxəssislərdən biridir. Siyasətlə, daha çox şəxsi maraq səviyyəsində məşğul olur.
- Bir çox deputatın icra başçıları ilə münasibətləri gərgin olur. Sizin əvvəlki və yeni təyin olunan icra başçıları ilə münasibətiniz necədir?
- Yeni icra başçısı ilə iki dəfə görüşmüşəm. Yaxşı təəssürat bağışlayıb, ilkin rəyim müsbətdir. Əvvəlki icra başçısı ilə də münasibətlərimiz normal idi. Mənə qarşı diqqətli davranırdı, çox şirindil idi. Düşünürəm ki, indiki icra başçısı daha dürüstdür. Əsas olan da budur.
- Onun apardığı işlərdən xəbərdarsınız?
- Yüz faiz. Mən orada icra başçısı olmuşam.
- Balakən mətbəxindən ən çox sevdiyiniz yeməklər hansılardır?
- Mən xəngəli sevirəm. Amma ümumilikdə Balakən mətbəxində konkret nəyisə seçmirəm. Az yeməyə üstünlük verirəm, mənim üçün əsas meyar yeməyin orqanik olması və təmizlikdir.
- Hobbiləriniz nələrdir?
- Üzgüçülüklə məşğulam. Əvvəllər voleybol oynamışam, ova da gedirdim. Dağ xizəyini çox sevirəm. Müəyyən vaxtlarda qolf da oynayırdım. Dostlarla görüşəndə bəziləri ilə nərd oynayırıq. Hər gün mütləq nəsə oxuyuram.
- Nərdi deputatlarla da oynayırsınız?
- Yox, deputat olmayan dostlarla oynayıram.
- Deputatlarla ümumi münasibətləriniz necədir, xüsusilə icra hakimiyyətindən qanunvericiliyə keçən həmkarlarınızla?
- Mənim müəyyən prinsiplərim var. Bir-iki nəfər istisna olmaqla, hamısı ilə münasibətim normaldır.
- O bir-iki nəfərlə niyə?
- Mən süni, saxta insanlarla ünsiyyət qurmuram. Onların aurasını dərhal hiss edirəm. Mən göründüyüm kimiyəm. Bəziləri vizual olaraq məni özündənrazı hesab edir, amma bu, kökündən yanlışdır. Mənim siyasətçi dostlarım da var, biznesmen dostlarım da, iş adamı, tələbə yoldaşlarım da var. Onların hər biri ilə, özünəməxsus, səmimi, ünsiyyət qururam və dəyərlərim rola görə dəyişmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Yanvar 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















