Siyasətdə bitərəflik ola bilməz Deputatla MÜSAHİBƏ
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini, eyni zamanda Bakı Dövlət Universitetində müəllimi, professor Jalə Əliyeva Modern.az saytına geniş müsahibə verib.
2005-ci ildən Azərbaycan parlamentində təmsil olunan deputatla bir sıra fərqli mövzularda söhbətləşmişik.
Onunla müsahibəni təqdim edirik.
- Jalə xanım, bu yaxınlarda Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirildi. Eyni zamanda Diplomatların Peşə bayramı münasibəti ilə xaricdə çalışan səfirlərmiz Xankəndiyə toplaşdı. Bu cür görüşlərin Xankəndidə keçirilməsi şəhərimiz üçün nəyi ifadə edir, gələcəkdə Xankəndinin Azərbaycanın siyasi mərkəzinə çevriləcəyini görə bilərikmi?
- Hər birimizin qürur yeri olan Qarabağda - Xankəndidə çox əhəmiyyətli toplantı - İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bunun həm siyasi, həm iqtisadi, həm də rəmzi baxımdan böyük mənası var idi. Mətbuatda da fikrilər dolaşır ki, paytaxt Xankəndi olacaq. Bu qədər önəm verdiyimiz məkanda Zirvə toplantısının keçirilməsi böyük məna daşıyır və iki qat qürurverici məsələdir. 44 günlük şanlı zəfərimizdən sonra qısa müddətdə bütün torpaqlarımızda suverenliyimizi elan etdik və antiterror əməliyyatlardan sonra Xankəndini də xanımıza qaytara bildik. İllər əvvəl bu gün böyük tədbirlərin Xankəndidə keçirilməsi danışılsa, bu bizə əfsanə, nağıl kimi gələrdi. Bu gün isə cənab Prezidentin oradan dünyaya mesaj verməsi Azərbaycanın bölgədə və dünyada mövcudluğunun, var oluşunun isbatına çevrildi.
- İlham Əliyev və Nikol Paşinyan arasında vasitəçi olmadan sülh danışıqları baş tutdu. Sizcə, sülh yaxındadırmı? Ümumiyyətlə, tərəflər arasında görüşlərdə bundan sonra üçüncü dövlətin iştirakına ehtiyac olacaqmı?
- Biz 30 ildən artıq müddətdə hansısa tərəflərin fikirlərini və atacaqları adımları gözlədik. Bura üçüncü, dördüncü tərəflər, beynəlxalq təşkilatlar da daxildir. Gördük ki, bütün bunlar, yaradılan bütün qruplar, verilən bütün açıqlama və bəyanatlar sadəcə kağız üzərində qalan dırnaqarası fəaliyyətlərdir. Diqqətli oxucumuz unutmayıb ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz BMT-nin qətnamələrini də özümüz yerinə yetirdik. Eyni zamanda, 44 günlük müharibəni də vasitəçilərsiz qazandıq, ötən 5 ildə də gücümüzü qoruyub saxlamışıq. Prezidentimizin də söylədiyi kimi, bizə heç bir ölkə, dövlət nəyisə diqtə edə bilməz. Bu güclü iqtisadiyyatı, idarəetməsi olan ölkənin dövlət başçısının açıqlaması idi. Bütün dövlətlər də buna hörmətlə yanaşmalıdırlar və yanaşırlar. Dönüb arxaya baxdığımız zaman görürük ki, digər tərəflər, təşkilatlat münaqişəni söndürmək əvəzinə müharibəni körüklədilər və məcbur olub özümüz öz torpaqlarımızı geri qaytardıq. Bu gün sülh müqaviləsinin imzalanması yolunda danışıqlar gedir. Son görüş də sülhə gedən önəmli proses idi. Əgər qarşı tərəf ikili oyun oynamırsa, onlar da bu prosesə böyük ehtimal ki, sevinəcək. Görüşdən sonra hər iki ölkənin Xarici İşlər nazirliklərinin verdiyi açıqlamalar da onu göstərir ki, Ermənistan da nəyin yaxşı olacağını artıq başa düşüb. Azərbaycanın şərtləri hər kəsə bəllidir və sülh müqaviləsi ancaq bu şərtlər doğrultusunda reallaşa bilər.
- 2005-ci ildən deputatsınız. Keçən 20 ildə Azərbaycan siyasətində bir çox şey dəyişdi. Parlament necə, 20 il əvvəlki ilə indiki arasında nə kimi fərqlər var?
- Təbii ki, Azərbaycanımız hər keçən gün inkişaf edir. Dövlət başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bütün qurum və təşkilatları əhatə edir. Bura hakimiyyətin bir qolu olan parlamentin inkişafı da daxildir. Azərbaycanın parlamentarizm tarixi çox qədimdir və əhəmiyyətli qanunların qəbuluna şahidlik edib. Azərbaycan parlamentində Ulu öndər Heydər Əliyev, bugünkü Prezidentimiz, cənab İlham Əliyev təmsil olunub. Bu gün də Azərbaycan parlamenti dövlətin həyata keçirdiyi siyasətə sadiqlik nümayiş etdirir. Bu siyasət isə ilk növbədə insan kapitalı, vətəndaşların rifah halının yüksəldilməsi, güclü dövlət kimi daha da möhkəmlənməsi və inkişafıdır. Ötən illərdə əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmir, fəaliyyətimizi dövlətimizin çağırışları fonunda qurmağa çalışırıq. Bunun da əsası xalqla dövlət arasında sağlam körpü yaratmaq, dövlətin siyasətini insanlarımıza doğru-düzgün çatdırmaq və insanlarımızın da dövlətdən gözlədiyini ali orqanlara çatdıraraq, qəbul edilən qanunların dövlətin inkişafına töhfə verməkdir. Bizim fəaliyyətimiz çox açıqdır: xalq və dövlət.
- Cəmiyyətdə yeni seçilən deputatların fəaliyyəti ilə bağlı müxtəlif fikirlər var. Bir çoxu düşünür ki, əvvəlki illərdə seçilən deputatlar daha aktivdirlər və yeni deputatlar onlarla ayaqlaşa bilmir. Siz necə düşünürsünüz?
- Cəmiyyət, dünya gündən-günə gəncləşir. Bu gün Azərbaycan gənclərinin dövlətin idarəetmə sistemində rolu var. Azərbaycan gənci istər idman, istər mədəniyyət, elm sahəsində öz sözünü deyir. Əlbəttə onlardan bir hissəsi də bu gün parlamentdə təmsil olunurlar. Gənc deputatlarımız var ki, parlamentarizm həyatına yeni qədəm qoyublar və onlara ümidlərimiz böyükdür. Onlar hər biri sahələrində sözlərini deyən gənclərdir və inanırıq ki, təcrübələrini burada da istifadə edəcəklər. Bu fikirlə razılaşmıram. Əvvəla heç 1 il deyil ki, onlar parlamentdə təmsil olunurlar. İkincisi isə onların fəaliyyətini daha diqqətlə izləyək, təktərəfli baxmayaq.
- Milli Məclisin ailə, qadın, uşaq problemləri komitəsinin sədr müavinisiniz. Komitədə qadınlarla bağlı ən çox hansı problemlər müzakirə olunur? Qanunda hələ də qadınlarla bağlı boşluqların olduğunu düşünürsünüzmü?
- Davamlı olaraq bu məsələnin üzərində istər plenar iclaslarda, istərsə də komitə iclaslarında müzakirələr gedir. Son illərdə Azərbaycan parlamentinin uğurlarından biri də ictimai dinləmələrin keçirilməsidir. Bunların önəmi odur ki, deputatlardan başqa əlavə qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına imkan yaradılır və sosial çağırışlar onlardan alınaraq qanunvericilik baxımından işlənilir, layihə şəklində təqdim olunur. Ailə, qadın və uşaq problemləri komitəsinin də dəfələrlə keçirdiyi ictimai dinləmələrdə başa düşürük ki, Azərbaycan ailəsini bu gün əsas narahat edən məsələlər qız uşaqlarının ucqar rayonlarda təhsildən yayınmasıdır. Bu, birmənalı olaraq ailə tərəfindən edilir, eyni zamanda qız uşaqlarının erkən yaşda ərə verilməsi, məişət zorakılıqları, əsasən də qadınların məhz qadın olduğu üçün zorakılığa məruz qalmasıdır. Eyni zamanda belə ailələrdə uşaqların hüquqlarının pozulması faktları baş verir. Bəzən qadının həyatını itirməsi ilə nəticələnən zorakılıqlar, əlil uşaqların doğulması da bura daxildir. Biz qohum evliliklərini qadağa edən qanunu müzakirə edəndə bir çox narazılıqlar oldu, amma bu qadağa ilk növbədə o ailədə doğulacaq uşaqların və sağlam cəmiyyətin təməlinin qoyulmasında önəmli addım idi. Qanunvericiliyin bizə imkan verdiyi qədər biz də bu sahəyə öz töhfəmizi verməyə çalışırıq. İndiyədək də qadın və uşaqların, eyni zamanda ailələrin hüquqlarının qorunması sahəsində bir sıra ciddi qanunlar qəbul edilib, Azərbaycan beynəlxalq təşkilatların bu sahədə tərəfdaşıdır. Davamlı olaraq Azərbaycanın da üzv olduğu beynəlxalq təşkilatlarda qadın qollarının yaradılması təşəbbüsü ilə çıxış edir və düşünürük ki, bu ümumilikdə ailənin qorunması baxımından önəmli addımdır. Ailə dedikdə həm də kişilər nəzərdə tutulur. Sağlam ailə hər cəhətdən sağlam dövlət deməkdir.
- Qadın və kişi arasında qanunvericilikdə heç bir problem olmadığı təqdirdə, praktikada bu qədər boşluğun olma səbəbini siz nədə görürsünüz?
- Qadınların müxtəlif sahələrdə iştirak payını nəzərə alaraq bu nəticəyə gəlirik. Amma bunu bir az da qadının özünün təbiət və yaradılışına buraxmaq lazımdır. Hər birimiz bir gücün daşıyıcısıyıq. Dünya iki qütbdən ibarətdir – qadın və kişi. Gəlin baxaq, Tanrı kişini hansı gücdə, qadını hansı gücdə yaradıb. Baxdıqda görürük ki, qadınlar daha zərif varlıqlardır və bu bütün sahələrə şamil edilib. Digər bir tərəfdən qadın həqiqətən incə məxluqdur. Qadın anadır, nənədir, ailənin isti ocağıdır. Azərbaycan qadını hər zaman ərinin, atasının yanında olub, onunla birlikdə at çapıb, lazım gələndə döyüşüb, amma eyni zamanda evinin də xanımı olub. Böyüklərimiz hər zaman qadına əhəmiyyətli amil kimi baxıblar. Tarix boyu qadınlar evinə, ailəsinə, uşağına əsrlər boyu o qədər bağlı olub ki, o bu gün də qadınların gen yaddaşına düşüb. Əgər qadının iş həyatında tam təmsil olunmadığını deyiriksə, bunu qadının öz seçimində də axtarmaq lazımdır. Biz zorla kəmiyyət dalınca qaçmamalıyıq. Gender bərabərliyindən danışırıq, bu hüquq insanlara bərabər şəkildə təmsil olunmağa imkan yaradır, amma bu o demək deyil ki, bir qurumda 100 nəfər varsa, onların 50-si qadın, 50-si kişi olmalıdır. Bu yazını oxuyanlar düşünməsin ki, mən kişilərin hüququnu qoruyuram. Sadəcə bu reallıqdır. Qadın əlbəttə kişi qədər ağıllıdır, eyni saatda işləyirlər, eyni maaşı alırlar, amma bu sahədə mütləq say bərabərliyi olmalıdır fikri də düzgün deyil. Azərbaycanda qadın təmsilçiliyi inkişaf edir və bu sahədə dövlət proqramı uğurla həyata keçirilir. Hələ Ulu öndər Heydər Əliyevin dövründə bu sahədə müxtəlif addımlar atılıb. Bu gün Azərbaycan qadının səsi ən ali orqanlardan gəlir. Azərbaycan qadını ölkənin vitse-prezidentidir. Öz həyat yoldaşı ilə birlikdə sadəcə evində deyil, eyni zamanda cəmiyyətdə sözünün eşidilməsində əhəmiyyətli yerdədir. Bu, ümumilikdə Azərbaycan qadınının uğurudur və ona verilən qiymətdir. Azərbaycan qadını bu gün parlamentin rəhbəridir, komitə sədridir, komitə sədrinin müavinidir, prokurordur, polisdir.

- Son illərdə Türkiyədə qadınların abort etdirməsinin rəsmən qadağan ediləcəyi fikri müzakirə olunur və yaxın aylarda bu qanunun qüvvəyə minəcəyi gözlənilir. Azərbaycanda 2024-cü ildə 78 min 245 abort halı qeydə alınıb və əksəriyyəti selektiv abortlardır. Nəticədə ölkəmizdə hər 100 qıza 113 oğlan düşür. Azərbaycanda abortların tamamilə qadağan edilməsi də zamanla müzakirə olunur, siz bu haqda nə düşünürsünüz?
- Azərbaycanda hər bir insanın hüququ birmənalı olaraq qorunur və bu məsələ qadın və o ailənin müstəsna hüququ, seçimidir. Bu prosses qadının səhhətinə toxuna bilərsə, ailənin təməlinin sarsıdırsa və əsas olan demoqrafik məqam mənfi təsir edirsə, dövlət hansısa ölçü götürmək məcburiyyətində qalır və qala bilər də. Amma bu o demək deyil ki, bu gün məsələ gündəmdədir.
- Son illərdə boşanma hallarının artmasının ailə institutuna necə təsir edəcəyini düşünürsünüz? Ümumiyyətlə, komitədə boşanmanı problem kimi görürsünüzmü?
- Əlbəttə hər bir boşanma poetik desək, sınıqlıq və qırıqlıqdır. Ona görə də, hər zaman dünya görmüş şəxslər tərəfindən də tövsiyə edilir ki, ailə quranda çox düşünün, ani həvəs və istəklə onu sevgi kimi dəyərləndirib nə özünüzü, nə də gələcəyinizi pis vəziyyətə salmayın. Bir ana, qadın olaraq ailələrdəki münaqişələr şəxsən mənim üçün çox üzücüdür, çünki həmin an ailədəki övladı gözümün qarşısına gətirirəm. Buna yol verməyək, ailə olacaqsınızsa, nikaha girəcəksinizsə, özünüzü ağıllı və dərrakəli şəxs kimi görürsünüzsə, addımlarınızı gələcəyinizi düşünərək atın. Ümumiyyətlə o ailədə birlikdə yaşamaq artıq qeyri-mümkün hala gəlibsə, bir-birinizə və uşağınıza zərər vurmadan boşanın. Amma ailəni qorumaq imkanı varsa, şəxsi eqonuzu bir tərəfə qoyun. Anam Nurəngiz xanımın bir fikrin xatırladacam. Deyir ki, sevgidə mən yox, o var. Sevərkən, addım atarkən “məni” qoyaq kənara, qarşımızdakı “onu” düşünək. Belə olan təqdirdə ailələrimiz də dağılmaz, möhkəm olar.
- Siz həm də əvvəlki illərdə Mədəniyyət komitəsinin sədr müavini olmusunuz. Bəziləri düşünür ki, müstəqillik dövründən sonra mədəniyyət sahəsi sanki bir az kölgədə qaldı. Siz bu fikirlə razısınızmı, mədəniyyət sahəsində ən böyük problemimiz nədir və bu problemlərin aradan qalxması üçün hansı addımlar atılmalıdır?
- Mən bunun tam əksini düşünürəm. Azərbaycan mədəniyyəti çox böyük rəsm qalereyalarında, musiqi salonlarında nümayiş etdirilir. Azərbaycan mədəniyyət xadimlərinə dövlət tərəfindən diqqət göstərilir. Əksinə, əvvəllər Azərbaycan mədəniyyəti dedikdə, kütlə Azərbaycanı SSRİ-nin tərkibində görürdüsə, mədəniyyətini də elə görürdü. Bu gün isə Azərbaycan mədəniyyət müstəqil ölkənin mədəniyyəti kimi təmsil olunur və dünyada da elə tanınır. Azərbaycan mədəniyyətinin qorunmasında, muğamının, kulinariyasının qorunmasında Heydər Əliyev Fondunun ciddi imzası var. Boşluqlar isə məncə Azərbaycan kinosundadır ki, hələ də bu sahədə dünya səviyyəsində bir iş görə bilmirik. Kino sənayesi olmalıdır ki, rejissor çəkdiyi filmin satışı ilə məşğul olmasın. Bu sahə ciddi maliyyə istəyir və bu sahə ilə bağlı mütəxəssislərin keyfiyyətcə artırılması sahəsində çalışılmalı, diqqət ayrılmalıdır. Kino sənətinə yanaşma dəyişməlidir ki, Azərbaycan filmi beynəlxalq aləmdə tanınsın və məhəllilikdən uzaqlaşanda da Azərbaycançılıq ideologiyamızı qoruyaq.
- Siz həm də BDU-nun Şərqşünaslıq fakültəsində dərs deyirsiniz. Tələbələrlə bağlı təəssüratlarınız nələrdir, ümumiyyətlə bu qədər iş içində tələbələrə dərs demək sizi yormur?
- 1983-1988-ci illərdə Bakı Dövlət Universitetində “Lenin” təqaüdü ilə təhsil almışam. Universiteti bitirdiyim ildən Şərqşünaslıq fakültəsində saathesabı müəllim kimi işləmişəm, daha sonra isə ştata keçdim, sonra filologiya üzrə fəlsəfə doktorluğumu 1996-ci ildə müdafiə etdim, 2006-cı ildə isə doktorluq dissertasiyamı müdafiə etdim. Məzun olduqdan cəmi 10-15 gün sonra auditoriyaya girəndə çox həyəcanlı idim, amma həm də çox xoşbəxt idim. Çünki çoxdan arzusunda olduğum yol açımışdı qarşımda.Tələbələrimlə eyni yaşda idim, bəziləri məndən böyük idi. Ehtiyat edirdim, qorxurdum ki, birdən qəribə suallar verərlər, ona görə də tələbələrdən daha çox hazırlaşırdım. Amma şükür ki, o mərhələləri də çox yaxşı şəkildə keçdik. Zaman keçdikcə, təhsil səviyyəsi kimi, tələbələr də dəyişdi. Onların öyrənmə metodları, dərsə yanaşmaları daha fərqlidir.
Əlbəttə bu gün də auditoriyaya girmək mənim üçün fəxrdir. Dərsimlə eyni günə hansısa önəmli tədbir və ya plenar iclas, xarici səfərim düşəndə - keçərli səbəblərim olanda iştirak edə bilmirəm, assistentimiz dərsləri davam etdirir. Digər vaxtlarda tələbələrlə ünsiyyət qurmaq, onları qiymətləndirmək mənim üçün xoşdur. Onların diplom işlərində rəhbərləri olmaq da həmçinin çox xoşdur.
- Siz həm də Yazıçılar Birliyi (AYB) idarə heyətinin üzvüsünüz. Bu birliklə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri qeyd edir ki, Anardan sonra AYB dağılacaq, bəziləri onun gənclərə yer verməli olunduğunu vurğulayır. Bəziləri isə ümumiyyətlə SSRİ-dən qalan qurumun heç bir işə yaramadığını deyir, siz bu barədə nə düşünürsünüz?
- Ümumiyyətlə yaradıcı ittifaqların hamısı SSRİ dövründə yaradılıb. Bu insanların çətin bir anda toplanması, həmçinin cəmiyyətdə öz sözünü deməsi və onları arxalarınca aparması baxımından əhəmiyyətli addım olaraq atılıb. Bu cür yaradıcı ittifaqlar dövlətin siyasətini yerinə yetirmək baxımından önəmli işlər görür, üzvlərinin maddi-mənəvi imkanlarının həyata keçirilməsində, dövlətə onlarla bağlı fikirlərin söylənilməsində önəmli rol oynayır. Cəmiyyət müxtəlif fərdlərdən və düşüncələrdən ibarətdir. Cəmiyyət də o zaman inkişaf edir ki, orada plüralizm olur. Yaradıcı insanlar da çox azad insanlardır. Onları bir yerə cəmləmək, idarə etmək o qədər də asan məsələ deyil.
- Bitərəf deputatsınız. Siyasətçinin tərəfsiz olması onun şəxsi, partiya və ya ideoloji maraqlardan kənarda qalaraq obyektiv və ədalətli qərarlar verməyə çalışması deməkdir. Lakin siyasətin mahiyyəti mövqe tutmaq, qərar vermək və maraqları ifadə etmək üzərində qurulduğu üçün bu "bitərəflik" anlayışı çox vaxt nəzəri olaraq qalır. Biz sizin bugünkü reallıqda siyasi mövqeyinizi öyrənmək istərdik.
- Əvvəla onu deyim ki, bitərəf sözünü qətiyyən qəbul etmirəm. Hər kəsin bir tərəfi olmalıdır. Bitərəf insanın mövqeysizliyidir. Siyasətdə bitərəflik ola bilməz. Bitərəflik bəlkə də, insanın daxili səsini dinləyərək qarşısına çıxan hansısa nüansa və ya qanuna tərəfsizlik prizmasından yanaşmasıdır. Bu ola bilər, nə müxalifət, nə də iqtidar tərəfindən deyil, tərəfsiz ola bilərsən, amma bu mövqe bildirməmək deyil. Nəticədə sən mövqe bildirirsənsə, istər iqtidaryönümlü və ya əksinə mövqeyin var. Bu sənin tərəfini göstərir. Ona görə də, mən bu anlayışı müstəqil deputat olaraq adlandırardım və nə yaxşı ki, son vaxtlarda da siyasi ədəbiyyatımızda bu söz işlənir. Mənim isə bugünədək keçdiyim yol bəllidir, 2005-ci ildən parlamentdə müstəqil depuatat kimi Zərdab-Ucar rayonunu, son seçkidə isə artıq Kürdəmir rayonun 17 kəndini təmsil edirəm və çıxışlarımda, yanaşmalarımda, verdiyim qərarlarda da müsahibənin əvvəlində dediyim kimi, xalqla dövlət arasında sağlam körpü qurmağa çalışıram. Eyni zamanda xalqım, məni seçən insanlar və dövlətim üçün hansı mövqe daha sağlam və düzgündürsə, hər zaman o möveydə olmağa çalışmışam, varam və bundan sonra da olacağam. Mən həmişə müstəqil deputat kimi dövlətimin yanında olacağam.
- Bir qızınız var. Maraqlıdır, o da sizin kimi deputat olmaq istəyərmi və ya siyasətlə məşğul olurmu?
- Mənim bir qızım, üç nəvəm var. Qızım həkimdir. Hazırda fəlsəfə doktorluğunu müdafiə etmək ərəfəsindədir. Onun təhsil və seçimində, həm rolum olub, həm də olmayıb. Mən onun seçimlərinə müdaxilə etmək istəməmişəm, ona qarşı mühafizəkar olmamışam, istəmişəm ki, öz arzularını özü həyata keçirsin, sadəcə deyəsən uşaqlıqdan onu düzgün reysin üzərinə qoymuşam. Tibb ağır sahədir, mənim anamın babası da həkim olub, onun keçdiyi məşəqqətli yol ailəmin gözünün qarşısında baş verib. Buna görə də anam özü o sahəyə qısqanclıqla yanaşıb. Onun da ilk təhsili tibbdə olub və yarımçıq qoyub. Qızım bu sahəni seçəndə anam qətiyyən onun tərəfdarı deyildi, mən də ürəyimdə düşünürdüm ki, insanlarla, üstəlik ağrısı olan insanlarla işləmək çətin olacaq. Amma seçdi, bunu istədi. Hətta ixtisas seçimini necə etdiyindən xəbərim olmadı. Daha sonra burada və İngiltərədə rezidenturanı bitirdi. İndi işləyir, öz üzərində çalışır. Siyasət bizim evimizdə həmişə var. Mən varamsa, demək ailəlikcə bu proseslərin içindəyik. Bilmirəm gələcək seçimi bundan sonra nə ola bilər, hələlik ailəsinə, elinə, ixtisasına bağlı biri kimi özünü göstərir.





