İcra hakimiyyətləri ləğv edilir? Prezidentin bəyanatının şifrələri açılır
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev ötən gün yerli telekanallara müsahibəsində mühüm fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, Qarabağ modeli bütün ölkə ərazisində tətbiq oluna bilər.
Sitat:
“Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
Bu model özündə nəyi ehtiva edir?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Prezidentin nəzərdə tutduğu model xüsusi nümayəndəliklərin yaradılmasıdır.
O bildirib ki, Qarabağ və Naxçıvanda belə nümayəndəliklər artıq fəaliyyətə başlamışdı:
“Qarabağdakı nümayəndəlik uğurlu olub. Mən də ora getmişdim və gördüm ki, çox yaxşı sistem qurulub. Polisindən tutmuş icra strukturlarına qədər hamısı səliqəli və effektiv çalışır. Amma eyni sözləri Naxçıvan haqqında demək mümkün deyil. Prezident də açıq şəkildə bildirib ki, Naxçıvana təyin etdiyi xüsusi nümayəndə özünü doğrultmayıb. Burada Fuad Nəcəfli nəzərdə tutulurdu. Həqiqətən, onun fəaliyyəti nəticəsində Naxçıvanda vəziyyət bərbad idi”.
H.Oğuz əlavə edib ki, ölkə başçısının çıxışı zamanı diqqətçəkən məqam özünü doğrultmayan icra başçıları və xüsusi nümayəndələr üçün ciddi ölçü götürülməsi ilə bağlıdır:
“O şəxslər məhkəmə qarşısında cavab verəcəklər. İstərdim ki, Fuad Nəcəfli də prezidentin etimadını doğrultmadığı üçün məhkəmə qarşısında dayansın və göstərilsin ki, onun fəaliyyəti necə uğursuz olub. Bu, digərləri üçün ibrət dərsi olar. Ölkə başçısının dediyi modelə baxsaq, yaxın zamanlarda Azərbaycanda 13-14 iqtisadi zona yaradılması gözlənilir. Görünür, həmin zonalara da xüsusi nümayəndəliklər təyin olunacaq, eyni zamanda 60-dan çox rayon icrası ləğv ediləcək. Bu, çox müsbət addım olar, çünki indiki sistemdə kasıb vətəndaşlara ayrılan vəsaitlər çox vaxt rayon icra strukturları tərəfindən mənimsənilir və vəsait camaata çatmır. Prezidentin bu istiqamətdə ciddi işlər görəcəyinə inanıram. Bu tədbirlər olmadan Azərbaycanda korrupsiyanın tam qarşısını almaq mümkün deyil.
Heydər Oğuz
Düzdür, korrupsiyanın qarşısını almaq çətin məsələdir, çünki ölkə başçısı da bildirdi ki, bunun üçün insan formalaşdırmaq, yeni təfəkkürlü insanlar yetişdirmək lazımdır. Azərbaycanda hələlik vəziyyət tam ideal deyil. Məmurların çoxu keçmiş məmur ailələrindən çıxıb və rüşvət “mədəniyyətini” öyrənərək böyüyüblər. Haram yeyən şəxsdən yaxşı idarəçi çıxarmaq çətindir”.
Heydər Oğuz bir qədər əvvəl vəzifəsindən azad olunan icra başçısı haqda da danışıb:
“Nəsimi rayonunun icra başçısı Elxan İbrahimov 42 gün ərzində vəzifəsindən azad edildi. Bu isə göstərir ki, vəzifələrə əl-ayağı təmiz, vicdanlı insanlar gətirilməlidir. Prezident çıxışında həmçinin qeyd etdi ki, cəzalandırdığı icra başçılarının fəaliyyətindəki qüsurları əsasən ictimai nəzarət vasitəsi ilə aşkar edib. Burada nəzərdə tutduğu qurumların arasında media da var. Xüsusilə Naxçıvanla bağlı məsələlərdə bizim – buradakı problemi qələmə alan jurnalistlərin rolu olub. Bu, onu göstərir ki, ölkədə idarəetmə yalnız icra hakimiyyətləri tərəfindən deyil, həm də onların fəaliyyətinə ictimai nəzarət edən media vasitəsilə həyata keçirilir. Bu, müsbət bir tendensiyadır”.
Siyasi şərhçinin fikrincə, Prezident İlham Əliyevin ictimai nəzarətə verdiyi dəyər “xalq üçün, xalq naminə və xalqla bərabər” prinsipi ilə üst-üstə düşür:
“Bu, mənə Azərbaycan Xalq Cümhuriyyətinin əsas devizini xatırlatdı. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Xalq Cümhuriyyətinin vacib prinsiplərindən biri də dövlət orqanlarının xalqın mənafeyi üçün işləməsi, bütün siyasi fəaliyyətlərin xalqın rifahına xidmət etməsi və idarəçilikdə xalqın da iştirak etməsi idi. Hesab edirəm ki, Azərbaycanda artıq bu sistemə doğru irəliləyirik”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 06 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















