İdmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycanda idman sahəsi uzunmüddətli dövlət strategiyasının prioritet istiqamətləri kimi müəyyən edilmiş, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsi məqsədilə daimi diqqət mərkəzində saxlanılmışdır. Əvvəlki illərdə olduğu kimi 2025-ci il də Azərbaycan üçün həyatın bütün sahələri ilə bərabər idmanın inkişafı sahəsində də mühüm uğurlarla yadda qaldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada idman ölkəsinə çevrildi. Paytaxt və regionlarda yaradılan müasir idman infrastrukturu, eləcə də uğurlu təşkilatçılıq beynəlxalq idman arenalarında davamlı uğurların əsasına çevrilib. Milli Olimpiya Komitəsinin Prezidenti kimi dövlət başçısının idmana göstərdiyi diqqət və qayğı qazanılan nailiyyətlərdə, rekord sayda medallarda, habelə ölkəmizin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsində aydın şəkildə öz əksini tapır. Bölgələrimizdə də müasir idman infrastrukturunun yaradılması beynəlxalq idman tədbirlərinin ölkəmizin digər şəhər və rayonlarında keçirilməsinə imkan verir. Bu xüsusda, cari ildə III MDB Oyunlarının ölkəmizin Gəncə, Göygöl, Mingəçevir, Qəbələ kimi yeddi müxtəlif şəhərində, yüksək səviyyədə təşkil olunması infrastruktur potensialını nümayiş etdirdi.
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı cari ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulaması heç də təsadüfi deyildir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, idmanın inkişafına göstərilən diqqət və görülən işlərin nəticələri bu sahənin ardıcıl və düşünülmüş dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq yarışlarda qazanılan 2000-dən çox medal, o cümlədən 600-dən çox qızıl medal Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib.
Bu nəticələr həm idmançılarımızın peşəkarlığının göstəricisi, həm də ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqətin parlaq nəticəsidir. Bu qazanılan uğurlar gələcək illərdə daha böyük hədəflərə yol açır.
Yeri gəlmişkən, qış idman növləri üzrə Dünya Kuboku kimi nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edən ölkələrin sayının məhdud olması fonunda Azərbaycanın bu siyahıda yer alması təsadüfi xarakter daşımır. Bu, ardıcıl dövlət siyasətinin, məqsədyönlü investisiyaların və peşəkar idarəetmənin nəticəsidir. Şahdağ Turizm Xizək Mərkəzi bu strategiyanın uğurlu və nümunəvi təcəssümüdür. Burada hər il yeni trasların və xizək zolaqlarının istifadəyə verilməsi, yaxın perspektivdə onların ümumi uzunluğunun 50-55 kilometrə çatdırılması planları Azərbaycanın qış turizmi sahəsində regional liderliyini daha da möhkəmləndirir. Şahdağ Xizək Mərkəzi artıq yalnız idman obyekti deyil, eyni zamanda geniş iqtisadi və sosial ekosistem kimi çıxış edir. Müasir infrastruktur, hotellər və xidmət obyektləri özəl sektorun artan marağı ilə müşayiət olunur. Nəticədə minlərlə yeni iş yeri yaradılır, ətrafda yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı sürətlənir, yerli əhali turizm sektoruna fəal şəkildə cəlb edilir. Bu yanaşma regionların müstəqil inkişafını təmin edən və ölkənin ümumi tərəqqisinə xidmət edən uğurlu dövlət modelinin göstəricisidir. Ölkəmizin idman və turizm üstünlükləri onun zəngin coğrafi mövqeyi və iqlim müxtəlifliyi ilə tamamlanır. Ölkəmiz eyni zamanda dəniz, dağ və qış turizmi imkanlarına malik olan nadir məkanlardandır. Bu potensial güclü nəqliyyat və logistika infrastrukturu ilə dəstəklənir. Yenilənmiş avtomobil və dəmir yolları, şəhərlərarası əlaqələrin müasirləşdirilməsi, 9 beynəlxalq hava limanının fəaliyyəti Azərbaycanın regional və qlobal bağlantılarını əhəmiyyətli dərəcədə gücləndirir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin idman və turizm potensialını kifayət qədər gücləndirir. Köndələnçay və Suqovuşan su anbarlarında keçirilən yarışlar bu torpaqların idman həyatına qayıtdığını nümayiş etdirir. Gələcəkdə Sərsəng su anbarında avarçəkmə yarışlarının təşkili də regionun beynəlxalq idman arenasında tanıdılmasına xidmət edəcək. Beynəlxalq arenada himnimizi səsləndirən, üçrəngli bayrağımızı dalğalandıran və ölkəmizi ləyaqətlə təmsil edən gənc idmançılarımızın nailiyyətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bu uğurları xüsusi vurğulayaraq qeyd etmişdir ki, “idmançılarımızın uğurlu çıxışları bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”. Dövlət başçısı idmançılarımızın yalnız qələbələri ilə deyil, eyni zamanda yarışlardakı mövqeyi, davranışı və məsuliyyətli çıxışları ilə gənclik üçün əsl nümunə olduqlarını diqqətə çatdırmışdır. Bütün bu nailiyyətlərin məntiqi nəticəsi kimi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü idman siyasətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısının vurğuladığı kimi, “Bu, bizim üçün böyük şərəfdir və eyni zamanda Azərbaycanda idman sahəsində görülən işlərə verilən qiymətdir”. Bu status ölkəmizin üzərinə əlavə məsuliyyət qoysa da, formalaşdırılmış güclü infrastruktur, zəngin təşkilati təcrübə və artan beynəlxalq etimad Azərbaycanın bu adı ləyaqətlə daşımağa tam qadir olduğunu nümayiş etdirir.
Onu da qeyd edək ki, idmançıların və idman mütəxəssislərinin dövlət tərəfindən mükafatlandırılması isə bu sahədə əldə olunan uğurlara verilən yüksək dəyərin, ədalət və təşviq prinsiplərinə əsaslanan siyasətin bariz göstəricisidir. Bu yanaşma sağlam rəqabəti gücləndirir, yeni qələbələrə stimul yaradır və idmanın davamlı inkişafını təmin edir.
Ən əsası, ölkəmiz idman sahəsində yalnız bugünkü nailiyyətlərlə kifayətlənməyən, gələcəyə hesablanmış strateji baxışa malik olan dövlətdir. Qarşıda duran əsas vəzifə bu inkişaf xəttini ardıcıl şəkildə davam etdirmək, mövcud potensialdan maksimum səmərəli istifadə etməklə dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmaqdır və bunun üçün müdrik xalqımız və qüdrətli dövlətimiz yetərincə gücə malikdir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 05 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















