İkinci Dünya Müharibəsində həmyerlilərimizin qəhrəmanlıq NÜMUNƏSİ Yaxınları onları belə xatırlayır
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İkinci Dünya müharibəsi insanlıq tarixində ən qanlı və dağıdıcı münaqişələrdən biri olub. Bu savaş milyonlarla insanın həyatına son qoyub və dünya miqyasında böyük dağıntılara yaradıb. Bu dəhşətli dövr həm hərbi, həm də sosial baxımdan insanları dərin izlər buraxaraq yadda qalıb.
1939-cu ildə başlanan bu qlobal münaqişə 1941-ci ildə nasist Almaniyasının Sovet İttifaqına hücumu ilə daha da genişlənərək dünya miqyasında dağıntılara və milyonlarla insanın həyatına səbəb olub. Bu faciəli dövr Azərbaycan xalqının da taleyində dərin iz buraxıb.
Azərbaycan SSRİ-nin tərkibində həm ön, həm də arxa cəbhədə mühüm rol oynayıb. Müharibə illərində 700 minə yaxın azərbaycanlı orduya səfərbər olunub. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq nümunələri sırasında Həzi Aslanov və İsrafil Məmmədov kimi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən həmyerlilərimiz xüsusi yer tutur. 416-cı Taqanroq atıcı diviziyası isə Berlinə daxil olan ilk sovet hərbi birləşmələrindən biri olub.
Döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də xalqımız misilsiz fədakarlıq göstərib. Qadınlar, yaşlılar və uşaqlar gecə-gündüz çalışaraq ön cəbhəyə dəstək veriblər. Sənaye müəssisələri hərbi istehsalata keçib, torpaqla bağlı işlər fasiləsiz davam edib, Müdafiə Fonduna könüllü ianələr toplanıb.
Bakı müharibə illərində SSRİ-nin əsas neft mərkəzi kimi çıxış edərək, ölkənin neft tələbatının təxminən 70%-ni təmin edib. Bakı nefti müharibənin taleyini dəyişdirən əsas amillərdən birinə çevrilib – texnika, silah və sursat istehsalında həlledici rol oynayıb. Bu səbəbdən Bakı Almaniya üçün strateji hədəfə çevrilib. Adolf Hitlerin “Edelveys” planı çərçivəsində Bakının işğalı nəzərdə tutulsa da, sovet ordusunun və xalqımızın güclü müqaviməti bu niyyəti puç edib.

Azərbaycanlılar təkcə Sovet ordusu sıralarında deyil, eyni zamanda Fransada, İtaliyada və Belarusda partizan hərəkatlarında da iştirak edərək faşizmə qarşı beynəlxalq mübarizəyə öz töhfələrini veriblər. Bu mübarizə təkcə hərbi zəfər deyil, xalqımızın iradəsinin, vətənə bağlılığının və azadlıq uğrunda mübarizə əzminin təcəssümüdür.
Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycanın İkinci Dünya müharibəsində oynadığı rolu daim yüksək qiymətləndirib, xüsusilə Bakı neftinin və xalqımızın fədakarlığının qələbənin əldə olunmasında həlledici rol oynadığını dəfələrlə vurğulayıblar.

2025-ci il 9 may tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümü qeyd olunur. Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli sərəncamına əsasən, həmin dövrdə iştirak etmiş şəxslərə və müvafiq kateqoriyalara aid olan vətəndaşlara dövlət tərəfindən birdəfəlik maddi yardım göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 2500 manat, digər müvafiq şəxslərə isə 1250 manat məbləğində yardım ödənilib. Ümumilikdə 2340 nəfəri əhatə edən bu ödənişlər onların bank hesablarına köçürülüb.
Azərbaycan xalqının İkinci Dünya müharibəsindəki mübarizəsi və göstərdiyi fədakarlıq bu gün də xalqımızın yaddaşında yaşayır, gənc nəsillərə milli qürur və vətənpərvərlik nümunəsi kimi ötürülür.
İkinci Dünya Müharibəsi təkcə silahlarla deyil, həm də vətəni üçün canını fəda etməyə hazır olan insanların mübarizəsi ilə yadda qalıb. Bu qanlı və çətin illər minlərlə insanın taleyini dəyişib, bir çox sadə vətəndaş qəhrəmanlığa doğru yola çıxıb. Belə igidlərdən biri də polkovnik Sayad Vəliyevdir.
Sadə bir müəllim kimi həyata başlayan Sayad Vəliyev müharibənin qızğın çağlarında cəbhəyə yollanaraq qısa müddətdə döyüş meydanında şücaəti ilə seçilib. O, yalnız silahla deyil, həm də bacarığı, qayğıkeşliyi və vətənə olan sonsuz sevgisi ilə tanınıb.

“Əsl qəhrəmanlıq təkcə döyüş meydanında yox, dürüstlükdə, insanlıqda və dəyərlərə sədaqətdədir” — əmim də bunu öz həyatı ilə sübut edib.
İllər keçsə də, unudulmayan və ölməz qəhrəmanımızı qardaşı oğlu Həsən Vəliyev belə xatırlayır:
“Mən, fizika-riyaziyyat elmləri namizədi Vəliyev Həsən, hazırda Azərbaycan Texniki Universitetində çalışıram. Əvvəlcə Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda fəaliyyət göstərmişəm. 1987-ci ildən etibarən ali məktəblərdə dərs deyirəm.
Əmim Sayad Vəliyev Həsənoğlu mənim üçün yalnız bir döyüşçü deyil, eyni zamanda insanlıq, vətənpərvərlik və qürur simvoludur. 1920-ci ildə Gürcüstan azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qaçağan kəndində dünyaya gələn bu böyük şəxsiyyətin həyat yolu ailəsinə və köklərinə olan bağlılığı ilə seçilir. Onun həyatına nəzər salanda yalnız döyüş meydanında göstərdiyi qəhrəmanlıq deyil, həm də şəxsiyyət olaraq necə dərin dəyərlərə sahib olduğu açıq şəkildə görünür.

Əmim 1939-cu ildə pedaqoji institutun iki kursunu bitirib müəllimlik fəaliyyətinə başlamışdı. Amma heç kim o dövrdə onun gələcəkdə necə böyük bir qəhrəman olacağını bilmirdi. Müharibə başlayandan sonra, 1941-ci ildə Sayad əmim Qırmızı Orduya çağrıldı. Burada göstərdiyi şücaət və liderlik keyfiyyətləri ilə özünü fərqləndirdi və qısa bir müddətdə döyüş meydanında özünə böyük hörmət qazandı.
Əvvəllər sıradan bir müəllim olan əmim, bir anda döyüş meydanına atıldı və qısa bir müddətdə özünə böyük hörmət qazandı. Sayad əmim 33-cü atıcı diviziyasının 82-ci atıcı alayında iştirak edərək, Moskva yaxınlığında baş verən döyüşlərdə yer aldı. Bu döyüşlərdəki təcrübələri onu daha da gücləndirdi. Əmim yalnız döyüş bacarıqları ilə deyil, həm də liderlik xüsusiyyətləri ilə seçilərək əsgərlərinə nümunə oldu və müharibənin gedişatını dəyişdirdi. Onun şücaəti və insanlıq dəyərləri, onu həm döyüş meydanında, həm də cəmiyyətdə böyük bir şəxsiyyətə çevirdi. Onunla birgə əmisi Mehralı da müharibəyə qatılmışdı. Təəssüf ki, Mehralı müharibədən sağ qayıtmadı. Allah rəhmət eləsin”.
Danışdıqca qürur hissi keçirən Həsən müəllim sözlərinə belə davam edir:
“1942-ci ildə yaralanmasına baxmayaraq, müalicə alıb döyüşlərə geri döndü. Sürətlə Kiyev özüyeriyən artilleriya məktəbini bitirərək leytenant rütbəsi aldı və 1943-cü ildə Moskva Hərbi Dairəsində 1821-ci özüyeriyən artilleriya alayına komandir təyin edildi. O, buradakı döyüş hazırlığının təşkilində çox böyük əhəmiyyət daşıdı. Bu döyüşlərdəki şücaətləri əmimin müharibə tarixindəki ən önəmli anlarından biri oldu. 1943-cü ilin dekabrında, Kutsovka stansiyasındakı döyüşdə 30-a yaxın tankı məhv edərək almanları geri atmaqla, həm döyüşün gedişatını dəyişdirdi, həm də öz cəsarəti ilə hərb tarixinə imza atdı.

Bu dövr əmim Sayad Vəliyevin qəhrəmanlıq yolunun başlandığı mərhələ idi. Qələbə qazandıqca rütbəsi yüksəldi, amma o heç zaman döyüşlərdən imtina etmədi. Onun həm fiziki, həm də ruhi gücü, əsgərlərinə olan rəhbərliyi hər zaman təriflənirdi. Mən şəxsən onunla bağlı hər şeyi yaxşı bilirəm, çünki onunla çox vaxt keçirmişəm. Bir tərəfdən, əmim Sayad Vəliyev müharibənin fədakar qəhrəmanı kimi yadda qalıbsa, digər tərəfdən, o, kəndinin, xalqının xidmətində olan və daim öz köklərinə bağlı bir insan olaraq tanınırdı”.
Həsən müəllimin sözlərinə görə, əmisi müharibədən sonra Tiflisdə işləməyə başlayıb, Qafqaz Hərbi Dairəsinin orada yerləşdiyi vaxtda isə onu Bakıya göndəriblər:
“Bakıda bir müddət yaşadıqdan sonra, əmimin qazandığı orden və medallara görə onun şücaətinə yenidən qiymət verilərək, Sovet İttifaqı Qəhrəmanı adının verilməsi üçün müraciət olundu. Bu məqsədlə kəndimizə müraciət edərək, yerli sovetlərdən xasiyyətnaməsi tələb edildı.
Həmin dövrdə belə müraciətlərdə insanların ailəsi haqqında məlumat verilməsi vacib idi. Məlum oldu ki, əmimin atası “qulak” olub — yəni, insanları zorla işlədib, onlara əzab verən və nökər kimi istifadə edən bir şəxs. O vaxtlar “Zampalit” adlanan siyasi rəhbər əmimin müraciətinə baxılmasının mümkün olmadığını bildirib. Buna səbəb, əmimin atasının “qulaq” olması idi. Lakin əmim buna etiraz edib və atasının belə bir insan olmadığını, əksinə, xeyirxah və kəndin böyük və hörmətli şəxsiyyətlərindən biri olduğunu deyib.
Bu etirazdan sonra aralarında münaqişə yaranıb və bəhanə ilə əmimi həbs etməyə çalışıblar. Lakin dostu Xıdır Mustafayev ona yardım edərək, onu bu vəziyyətdən xilas edib. Xıdır Mustafayev ona deyib: “Məndən 4-5 gün əvvəl buradan Belarusa əsgər göndəriblər, bu gün isə sənin adını siyahıya salıram, buradan gedirsən”. Əmim həmin gün heç bir əşyasını götürmədən yola salınıb. Sonradan Belarusiyada alay komandiri vəzifəsinə qədər yüksəlib və orada keçirilən iki hərbi paradın komandiri olub. Onun çox böyük hörməti vardı. Mən tez-tez gedib-gələrdim, generalların əhatəsində o, tamamilə fərqli bir adam kimi görünürdü. Baxmayaraq ki, 65 yaşında vəfat edib, əmim həmişə sağlam və gümrah olub”.
Əmisi Sayad Vəliyevin cəbhədəki şücaətlərini fəxr hissi ilə belə davam edir:
“İlk vaxtlarda müharibəyə çağırılan sıradan bir əsgər olan əmim, qısa müddətdə kapitan rütbəsinə yüksəlib və döyüş meydanında özünün necə fərqli bir lider olduğunu göstərib. Əsgərləri onu həm cəsarətinə, həm də insanlığına görə çox sevirdi. Komandanlıq etdiyi bölmələrdə hər zaman nizam-intizam və ruh yüksəkliyi hiss olunurdu. Müharibənin ən ağır anlarında belə, geri çəkilmədən əsgərlərinə öncülük edərdi. Onunla bağlı danışılan xatirələrdə ən çox vurğulanan isə sarsılmaz iradəsi və qorxmaz xarakteri olurdu. O, müharibə və döyüşlərdəki qələbələri ilə yanaşı, ailəsinə, kəndinə və doğma xalqına olan bağlılığını heç zaman itirmədi.
Əmim xatirələrində danışardı ki, almanlar istədiklərini əldə edə bilməyəndə, yerli xalqa divan tuturdular, yemək istəyəndə və ya tələbləri yerinə yetirilməyəndə, bunun acığını əhalidən çıxır, insanlara amansız zülm edirdilər. Mən hərbçi olmamışam, amma bu hadisələri öz gözlərimlə gördükdən sonra içimdə onlara qarşı dərin bir nifrət yaranmışdı. Əmim bu ağrı dolu xatirələri bizə tez-tez danışardı.
Mən Belarusda, xüsusilə də Minskdə çox olmuşam. Əmimlə birlikdə Belarusiyanın Xatın kəndinə də getmişik. Xatın – İkinci Dünya Müharibəsi zamanı yerlə-yeksan edilən, Belarus xalqına qarşı törədilən soyqırımın simvoluna çevrilmiş bir kənddir. Bütün sakinləri bir yerə toplayıb, bir tövləyə salaraq diri-diri yandırmışdılar. Oradan cəmi bir nəfər xilas ola bilmişdi. Əmim bu faciəni heç vaxt unutmurdu və hər il Xatını ziyarət edərək, orada həlak olanların xatirəsini ehtiramla yad edirdi”.
Onun ailəsinə və köklərinə bağlılığından danışan Həsən müəllim belə deyir:
“Əmim Sayad Həsənoğlu Vəliyev çox dəyərli bir insan idi. Həyatı boyunca xalqını, vətənini böyük sevgi ilə qəlbində daşıyıb və onlara səmimi xidmət etməyə çalışıb. Onun üçün vətənpərvərlik sadəcə söz deyil, həyat prinsipi idi. Həmişə deyərdi: “Biz başqalarından fərqliyik, bizə dəyərlərimiz çox əhəmiyyətlidir”. Bu sadə, amma dərin məna daşıyan sözlər onun düşüncə tərzini və həyat fəlsəfəsini əks etdirirdi.
Əmim bu yanaşmanı yalnız müharibə illərində yox, bütün həyatı boyunca yaşayıb və yaşadıb. Onun üçün insan öz xalqına, mədəniyyətinə, adət-ənənələrinə bağlı olmalı, köklərini unutmamalıdır. Həmrəylik, qarşılıqlı hörmət, birgə yaşamaq və birliyimizi qorumaq onun üçün ən önəmli dəyərlərdən idi. Düşünürdü ki, bu prinsiplər sayəsində həm fərdi, həm də cəmiyyət olaraq daha möhkəm və sağlam ola bilərik.
Bu düşüncələri təkcə özü üçün deyil, ətrafındakı insanlara da ötürməyə çalışırdı. Əmimin bu vətənpərvər və müdrik yanaşması onun sadəcə döyüş meydanında yox, gündəlik həyatda da öz xalqına necə bağlı olduğunu sübut edirdi. O, bu dəyərləri yaşatmağı yalnız keçmişi deyil, gələcəyi qorumağın bir yolu kimi görürdü. Bizim üçün o, hər zaman örnək olaraq qalacaq”.

Həsən Vəliyev əmisi Sayad Vəliyevin bitməz xidmətlərini belə xatırlayır:
“Əmim müharibə dövründə özünü əsl qəhrəman kimi göstərərək, vətənə xidmətini böyük şücaətlə yerinə yetirdi. Müharibəyə başladığı zaman sadə bir əsgər olan Sayad əmim, qısa müddət ərzində göstərdiyi cəsarət və liderliklə sürətlə rütbəsini artırdı. Müəllimlikdən kapitan rütbəsinə yüksəldi və sonunda polkomandir oldu. Əmim heç vaxt qorxmazdı, hər zaman vətənini və xalqını qorumaq üçün mübarizə aparırdı. Həmçinin, o, nəvələrinə böyük sevgi göstərir, onların yanında olmaq üçün əlindən gələni edirdi. Əmimin qəhrəmanlığından danışarkən, bir döyüşdə o, 200 nəfər düşməni məhv etmiş, 20 əsgər bir anda öldürülmüş və 15-ni əsir almışdır. Bu şücaətləri onun müharibə dövründəki igidliyini və liderlik bacarıqlarını daha da aydınlaşdırır. Əmim 9 mayda Belarusiyada, Böyük Vətən Müharibəsi Muzeyindəki paradın komandasını idarə edirdi. Hər il bu paradda bütün əsgəri bölmələr iştirak edirdi, və əmim həmin mərasimdə komandanlıq edirdi. Buna görə də, 9 mayda o, hər zaman bizim yanımızda ola bilmirdi.
Amma əmim həmişə kəndinə çox bağlı idi. Hətta xəstə olanda belə, ilk olaraq kəndini görmək istəyirdi. Həmişə deyirdi ki, ən çox görmək istədiyi yer öz doğma kəndidir. İmkan düşən kimi, dərhal kəndə qaçırdı, çünki orası onun üçün çox xüsusi bir yer idi. Hətta xəstə olanda qardaşıma demişdi: “Məmin, birdən başıma bir iş gələrsə, məni anamın qucağında dəfn edəcəksən”.
Həsən Vəliyev danışarkən sanki keçmişin o unudulmaz döyüş anlarına qayıtmışdı. Hər sözündə həm kədər, həm də qürur vardı. Əmisi Sayad Vəliyevin dəfn mərasimi isə onun üçün çox unudulmaz bir an olmuşdu, çünki o, doğma kəndində, öz torpağında son dəfə vida edərək əbədi sükunətə çəkilmişdi. O anlarda, əmisi ilə bağlı bütün xatirələr gözü önündə canlanır, vətəninə xidmət edən böyük bir qəhrəman, son nəfəsinə qədər ideallarına sadiq qalan bir insan olaraq, kəndinin torpağında əbədi olaraq qalırdı:
“Əmimin dəfn olunduğu vaxt atəş açıldı və o, kəndimizdə dəfn olundu. Bir oğlu var idi, hazırda Minsk şəhərində yaşayır, qocalıb, məndən iki yaş böyükdür. Tez-tez dəvət edirik, gəlirlər. Əmimin həyat yoldaşı moldoviyalıdır və tibb bacısı olub. O, əmimə yaralı olduğu vaxt qulluq etmişdi və məhz oradan bir-birini tanıyıb ailə qurmuşdular. Anam da əmimin xidmətində çox dayanıb, onun ailəsi isə çox yaxşı insanlardır.
Anam onun xidmətində çox dayanıb, ailəmizdə ona böyük hörmət bəslənib. Əmimin həyat yoldaşı moldoviyalı idi, tibb bacısı kimi müharibə vaxtı əmimə qulluq etmiş və bu tanışlıq ailəyə çevrilmişdi. O da ailəmizə tez alışmış, hətta dilimizi öyrənməyə çalışmışdı. Onun timsalında, başqa millətlərin də bizimlə birgə harmoniya içində yaşaya biləcəyini görürdük”.
Həsən müəllim deyir ki, əmimi barədə Azərbaycanda bəzən məlumatlar verilsə də, təəssüf ki, onun həyatı və qəhrəmanlığı haqqında geniş və dolğun yazılı məlumatlar yoxdur:
“Halbuki, onun kimi insanlar tariximizin yaddaşında daha aydın və möhkəm bir yer tutmalıdır. O dövrün insanları, böyük və kiçik hər kəsin yerini bilirdi, ədəb və ərkanın qaydalarına ciddi riayət edilirdi. Əmim də bu yüksək dəyərlərə sadiq bir insan idi. O, gəldiyi zaman nəsildə kim var, hər birini ziyarət edər, heç birini unudmazdı.
Həmişə deyərdi ki, “Biz başqalarından fərqliyik”. Doğrudan da, o həm vətəninə, həm xalqına, həm də ailəsinə dərin bağlılıq hissi ilə yaşayan, ürəyi böyük bir insan idi. Bu dəyərlər həm əmimin həyatında, həm də bizim yaddaşımızda yaşayan böyük bir miras olaraq qalır.
Bu, heç də təsadüfi deyildi ki, Hitler Bakının üzərinə tort şəkli çəkərək, üstündə bir bayraq sancıb demişdi: “Buranı ələ keçirəcəyik və burada yeyəcəyik”. Tortun Bakı hissəsini göstərərək, böyük əminliklə “Biz mütləq Bakıya çatmalıyıq” deyə vurğulamışdı. Bax, belə niyyətlə gələn qüvvələrin qarşısını alan igidlər — əmim kimi insanlar — bu torpaqları bizə qoruyub saxladılar”.
O vurğulayır ki, onlara olan borcumuz böyükdür və belə insanları heç vaxt unutmamalı, onların fədakarlığını daim yaddaşımızda yaşatmalıyıq.
Müəllim, döyüşçü, ailə başçısı… Bəzən bir insanın həyatına bu qədər ağır, məsuliyyətli missiyalar sığar. Elə Hacı Mirzəyev kimi. Onun ömür yolu yalnız ailəsinə deyil, bütöv bir nəslə örnək olacaq qədər zəngin, fədakarlıqla dolu idi.

Onun qızı Tamella Mirzəyeva ilə söhbət zamanı bu ailənin keçdiyi həyat yolunu, dözümünü, sevgisini və vətənə bağlılığını bir daha hiss etdik. Danışılan hər xatirə yalnız bir ata haqqında deyil, həm də bir xalqın çətinliklərə qarşı necə ayaqda durduğunu göstərirdi.
Tamella xanım danışdıqca gah kövrəldi, gah gülümsədi. Atasının həm müəllim, həm müharibə iştirakçısı, həm də əsilzadə ruhlu bir insan olduğunu deyərkən səsində qürur vardı.
“Deyirlər, hər kəs üçün atası ən yaxşı insandır”, – deyə başlayır Tamella xanım:
“Amma mən elə bilirəm ki, bu dünyada mənim atamdan yaxşısı olmayıb. Bəlkə də hər kəsə elə gəlir, amma mənim bunu deməyə əsasım var.
Atam 1921-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub. Ora elə bir yer idi ki, yalnız atla getmək olurdu, yollar daşlı-kəsəkli idi. Amma bu kənddən İsmayıllının ən savadlı insanları çıxmışdı. Hələ 4-5 yaşında ikən yetim qalıb. O vaxtlar – XX əsrin 20-ci illəri həm ölkə üçün, həm də atamın ailəsi üçün çox ağır keçmişdi. Böyük qardaşı, yəni əmim, onu böyük fədakarlıqla böyüdüb, doqquz uşaqdan ibarət ailəni ayaqda saxlayıb.

Amma bütün bu çətinliklər atamı sərtləşdirmədi. Ailəmizdə yeddi qız, iki oğlan olmuşuq. Atam heç birimizi bir-birindən ayırmadı. “Bu oğlandı, bu qızdı” demədi. Hamımıza eyni gözlə baxdı, eyni sevgini göstərdi. Deyirdi ki, oxumaq hər kəsin haqqıdır. Bizi sadəcə müəllim maaşı ilə oxudub, böyüdüb. Bu da onun böyüklüyünün, ailəsinə və elmə olan sevgisinin ən gözəl sübutudur”.
Atamın uşaqlıqdan yaddaşında qalan bir xatirə vardı, tez-tez danışardı, heç unuda bilmirdi.
“Deyirdi ki, kənd camaatı cümə axşamı bazarlığa gedər, bazar günü evə dönərdi. Uşaqlar da yol kənarında durub valideynlərini gözləyərdi. Atam balaca qardaşlarını da götürüb bazarçılara tərəf qaçarmış. Uzaqdan camaat görünəndə “Uraa, bazarçılar gəlir!” – deyə hamı sevinərmiş. Amma atam birdən dayanıb qardaşına deyərmiş: “Axı bizim atamız yoxdur…” Sonra ağlaya-ağlaya evə qayıdarmışlar.
Nənəm (atamın anası) onları bu halda görəndə bir toyuq kəsib deyərmiş: “Bunu bazarçılar gətirib.” Bilirmişlər ki, o toyuq onların öz toyuğudur, amma inanmaq istəyiblər. Atam deyirdi ki, biz o həyatın acısını uşaq ikən dadmışıq, çox əziyyət çəkmişik”.
Tamella xanım sözlərinə belə davam edir:
“Atam 1928-ci ildə məktəbə başlamışdı. Maddi çətinliklərə baxmayaraq natamam orta məktəbi bitirib, Göyçay Pedaqoji Məktəbinə daxil olmuşdu. O illərdə əvvəl kirayədə, sonra isə yataqxanada qalırdı. Gündə üç dəfə yeməklə təmin olunurdu: səhər şirin çay və qara çörək, günorta isə əsasən kələm borşu verilirdi. İsmayıllının kələmi o vaxtlar çox məşhur idi. Yeməklər sadə və gigiyenik olmasa da, atam bütün bu çətinliklərə dözərək təhsilini uğurla davam etdirmişdi.
Pedaqoji məktəbdə üç illik təhsilini başa vurmuşdu. Bədən tərbiyəsi, rəsm və musiqidən başqa bütün fənlərdən “əla” qiymət almışdı. Son kursda rus dili üzrə xüsusi qrup yaradılmış və o da həmin qrupa daxil edilmişdi. 1939-cu ilin yayında dövlət imtahanlarını müvəffəqiyyətlə verərək Quba şəhərinə ezam olunmuş, orada rus dili müəllimi kimi fəaliyyətə başlamışdı”.

“Amma müharibə başladı…”
“Amma həyatda hər şey planlandığı kimi getmir”, – deyə davam edir Tamella xanım:
“Atam 19 yaşında Böyük Vətən müharibəsi başlayanda orduya çağrılmışdı və o zaman artıq ailəli idi, Tahir adlı bir oğlu vardı. Sonralar isə vəfat etdi.
Müharibənin başlandığı gün Levitanın səsi hər evdən eşidilirdi. O dövrün məşhur diktoru idi Levitan. Elə bil müharibə onun səsində yaşayırdı. Xalq döyüşlərin gedişini məhz onun səsi ilə izləyirdi. O qədər təsirli danışırdı ki, faşist Almaniyası onu ələ keçirib təhvil verənə 5 min rubl mükafat vəd etmişdi. Müharibənin başlandığını da məhz o elan etmişdi: “Началась война!”(Müharibə başladı!) Bu sözlər o zaman bütün ölkəni silkələmişdi.
Atam Gəncə, Stalinqrad və Rostov cəbhələrində döyüşlərə qatılmışdı. Stalinqrad döyüşləri xüsusilə dəhşətli idi… Amma o, bu savaşlarda da mərdliklə döyüşmüşdü. Bir müddət sonra isə almanlara əsir düşdü. Hitlerin Almaniyasında əsirlik ölümə bərabər idi. Atamın başına gəlməyən qalmamışdı.
Əsirlikdən isə gözlənilməz bir şəkildə xilas olmuşdu. Gecə vaxtı alman zabitlərindən biri gəlib atam da daxil olmaqla beş nəfərə “buradan qaçın” deyib. Bəxti gətirib ki, alman dilini gözəl bilirmiş, bu da ona çox kömək etmişdi. Atam gizlənə-gizlənə sərhədə çatıb, yerli əhalinin dəstəyi ilə vətənə dönə bilib.
Amma doğma yurda qayıtdıqdan sonra da çətinliklər onu tərk etmədi. Əsirlik damğası üzərindən silinməmişdi. Görünüşcə bir qədər fərqli olduğuna görə ona “yəhudi” deyirdilər. Hətta ermənilər tərəfindən satıldığı deyilirdi. Nə qədər izah etsə də, azərbaycanlı olduğuna inanmırdılar. Dörd il ön cəbhədə xidmət keçməsinə baxmayaraq, uzun illər veteran kimi tanınmadı, müvafiq sosial təminatdan məhrum edildi. Yalnız uzun mübarizədən sonra, Ustinovun göstərişi ilə əsirlik damğası rəsmən silindi.
Təsəvvür edin, bir evdən üç qardaş müharibəyə yollanır. Hərəsinin taleyi ayrı, yolu fərqli olur. Amma xoşbəxtlikdən hamısı sağ-salamat geri dönür. Böyük qardaş yüksək rütbə ilə qayıtmışdı. Onun rütbəsini dəqiq xatırlamıram, amma ailədə onun nüfuzu böyük idi. Müharibə bu ailəyə həm acı xatirələr, həm də fədakarlıq və dözüm nümunəsi gətirmişdi”.
Tamella xanım onu da deyir ki, onun iki dayısı, Qədirov Mirzəxan və Qədirov Sərxan da o müharibəyə gediblər. Təəssüf edir ki, onlardan bir xəbər çıxmadı, itkin düşdülər. Deyir, heç bilinmədi harada döyüşüblər, harada şəhid olublar. Hər ikisi çox cavan yaşlarında cəbhəyə getmişdi. Elə o gedən getdi, bir daha geri dönmədilər.
Hacı Mirzəyevin əsirlikdə keçirdiyi günlər ailəsinin yaddaşında dərin iz buraxıb. Tamella xanım o dövrə aid bir xatirəni belə danışır:
“Atam bu xatirəni danışanda həmişə səsi titrəyərdi, mənim də içim parçalanardı. Deyirdi ki, əsir düşəndə onları qatarlara yükləyib üst-üstə yığıblar, sanki insan yox, yük daşıyırdılar. “O vaqonlara bizi elə sıxlıqla doldurmuşdular ki, nəfəs almaq belə mümkün deyildi. Yemək yadımıza belə düşmürdü. Bircə su istəyirdik. Ölüm nəfəsi burnumuzun ucundaydı”, – deyə danışardı. Hətta bu səhnələrin filmlərdə göstərilməsinin belə insanı sarsıtdığını söyləyirdi.

Bir dəfə əlini vaqonun balaca pəncərəsinə çatdıraraq oradan süzülən su damcılarını barmağına yığıb ağzına qoyduğunu danışmışdı. Alman nəzarətçilər bunu görəndə qışqırıb deyirmişlər: “Qoy acından ölsünlər!” Atam deyirdi ki, o vaqonlarda neçə-neçə insan aclıqdan və susuzluqdan həyatını itirmişdi. Meyitləri isə sadəcə qatardan atırdılar.
Xatirələrinin birində deyirdi ki, əsirlik zamanı almanlar tez-tez onları hamama salmağı tələb edirmişlər. Amma atamın yaddaşında dərin iz buraxan ən dəhşətli səhnə – əsir rus qadının gözlərinin qabağında zülmlə öldürülməsi olmuşdu. Bu barədə danışanda səsi tutulardı. Çox danışmazdı, biz də soruşmağa ürək etməzdik”.
Tamella xanım müharibədən sonrakı illərə toxunur:
“Atam 1946-cı ildə ordu sıralarından tərxis olunaraq yenidən müəllimliyə qayıtdı. 1950-ci ildə Talıstan kəndinə köçdü və burada pedaqoji fəaliyyətini davam etdirdi. 1957–1962-ci illərdə ali təhsil alaraq pedaqoji diplom qazandı. Həm təhsil aldı, həm də dərs deməyə davam etdi. Ümumilikdə 58 il müəllim kimi çalışdı və 1997-ci ildə bu müqəddəs peşədən təqaüdə çıxdı.
Bu illər ərzində saysız-hesabsız şagirdlər yetişdirdi, onların həyat yoluna işıq saldı. Hacı Mirzəyevin ömür yolu – istər müharibə illərində göstərdiyi dözüm və fədakarlıq, istərsə də təhsilə verdiyi töhfələrlə nümunəvi bir həyat idi. O, təkcə ailəsinin deyil, bütöv bir nəslin mənəvi dayağı olmuşdu. Onun həyatı fədakarlığın, zəhmətin və əzmkarlığın canlı simvoluna çevrilmişdi.”
Hacı Mirzəyev – müharibə görmüş, müəllimlik etmiş, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini vicdanla daşıyan bir insan idi. Onun ömür yolu sadəlik, zəhmət və ləyaqətlə yazılmış bir tarixdir.
Tamella xanım atasını böyük qürurla xatırlayır:
“O, həyatı boyu heç kimə pislik etmədi, heç kimə borcu olmadı. Onun haqqında pis söz deyən tapılmaz. Atam çox təmiz, dürüst bir insan idi. Mən fəxr edirəm ki, onun qızıyam. Yazmağı sevərdi, müharibə və həyat xatirələrini qələmə almışdı. Biz də həmin yazıları toplayıb kitab halında çap etdik. Onu tanıyan hər kəs, ailəsi, dostları, şagirdləri bu kitabda onun haqqında xoş sözlər yazıb. Pensiyaya çıxdıqdan sonra da yazmağa davam edirdi, bizə deyirdi: “Oxuyun yazdıqlarımı”.
98 yaşında belə onun yaddaşı hələ də çox güclü idi. Aleksandr Puşkinin “Yevgeni Onegin” əsərini, bəzi mahnıları əzbər bilirdi. Alman və rus dillərini mükəmməl bilirdi, dil öyrənməkdə qabiliyyəti vardı. Heç kimlə düşmənçilik etməzdi, kiminsə nöqsanını da dilə gətirməzdi. Görmə və yaddaş qabiliyyəti sonadək yerində idi”.
Tamella xanım xatirələrini belə davam etdirir:
“Hər il 9 May – Qələbə günü bizim ailədə xüsusi gün kimi qeyd olunardı. Atam İsmayıllıya parada gedərdi, biz isə onu təbrik edərdik. Anam plov bişirərdi, əmim gələrdi.
Müharibədən sonra, təəssüf ki, Rusiya tərəfindən elə bir qayğı görmədik. İçimdə ruslara qarşı bir kin qalıb. Çünki atam kimi insanların gəncliyi onların səbəbindən puç oldu. Dayılarım Qədirov Mirzəxan və Qədirov Sərxan müharibəyə gedib bir daha geri dönmədilər. Onlardan bir xəbər çıxmadı. Heç onların dəyəri bilindimi?
Keçən il Rusiyada keçirilən parada baxdım, Azərbaycanın adı bir dəfə də çəkilmədi. Halbuki biz də o qələbənin bir parçası olmuşuq. Bu, içimdəki incikliyi daha da artırdı.
Amma bir şey var ki, dövlətimiz atama və digər müharibə veteranlarına həmişə böyük qayğı göstərib. Atam müxtəlif ordenlərlə təltif olunub. Hər il ona veteran pulu verilirdi, dəyəri bilinir, hörmət göstərilirdi.
Əsirlik statusu Ustinov tərəfindən üzərindən götürüldükdən sonra bu qayğı daha da artdı. Mən o vaxtlar uşaq olsam da, yaxşı xatırlayıram. Atam Heydər Əliyev ilə bir neçə dəfə görüşmüşdü. Hətta bir dəfə onun qarşısında şeir də demişdim”.
Tamella xanım atasının son illərindən də söz açır:
“Atam 2018-ci ildə dünyasını dəyişdi. Ardında dərin iz qoyub getdi. Onun həyatı fədakarlığın, zəhmətin və insanlığa xidmətin canlı nümunəsi idi. Mən hər zaman fəxr etmişəm ki, Hacı Mirzəyev kimi bir insanın qızıyam.
Atam Birinci Qarabağ müharibəsini görmüşdü, o illərin ağrısını içində daşıyırdı. Həmişə torpaqlarımızın azad olunacağına ümidlə baxırdı. Təəssüf ki, o böyük günü görmək ona qismət olmadı.
Yaxın qohumumuz şəhid Teymur Osmanlı da vətən uğrunda canından keçib. Atam onunla qohum idi və Teymurun şəhidliyi atam üçün çox ağır olmuşdu.
Uşaqlığımda atam məni bir neçə dəfə Heydər Əliyevlə görüşə aparmışdı. Hətta bir dəfə onun qarşısında şeir də söyləmişdim – bu, yaddaşımdan silinməyən ən dəyərli xatirələrdəndir. Hacı Mirzəyev ömrünü xalqa, ailəsinə və gələcək nəsillərə həsr etmiş bir insan idi. Onun izi zaman keçsə də silinmir, xatirəsi daim yaşayır”.
Tarix yalnız onu xatırlayanlarla yaşaya bilər. O qəhrəmanlar bizim qürurumuzdur, milli kimliyimizin simvoludur. Onların göstərdiyi igidlik təkcə müharibənin taleyini dəyişmədi, həm də xalqımızın iradəsini, vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi.
İkinci Dünya müharibəsində yazılan bu qəhrəmanlıq nümunələri bu gün də bizə yaşamaq, qorumaq və gələcəyimizi qurmaq üçün güc verir. Qəhrəmanlarımızın xatirəsi həmişə uca tutulacaq.
Tarix də, xalqımız da onları heç vaxt unutmayacaq….

Şəbnəm Rəhimova


