“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” FOTO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi.
Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı.
Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı.
Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi.
İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi.
Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi.
Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir.
Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi.
Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir.
Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir.
Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.
s.e.f.d., dos. Murtəza Həsənoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
Siyasi İdarəetmə fakültəsinin dekanı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 02 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















