İmperiya əsarətinin sonu azadlığa açılan qapı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür
Xalqların və dövlətlərin tarixində elə taleyüklü məqamlar olur ki, həmin dövrlərdə baş verən siyasi, hərbi, iqtisadi və mənəvi böhranlar onların gələcək taleyini müəyyənləşdirir. Belə çətin və sınaqlı dövrlərdə dövlətlərin qarşısında “olum, ya ölüm” seçimi dayanır. Azərbaycan xalqı da öz müstəqilliyi, dövlətçiliyi və milli varlığını qorumaq uğrunda bu cür ağır sınaqlardan keçmiş xalqlardan biridir.
Uzun illər imperiyaların marağında olan və hərbi istilaya məruz qalan vətənimizdə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Şərqdə və bütün türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi müsəlman dövləti quruldu. Lakin mürəkkəb beynəlxalq və regional şərait nəticəsində bu müstəqillik uzunömürlü olmadı və Azərbaycan cəmi 23 ay sonra, 1920-ci ildə bolşevik işğalına məruz qalaraq Sovet imperiyasının tərkibinə daxil edildi.
Bununla belə, xalqımızın azadlıq və istiqlal arzusu heç vaxt sönmədi. Sovet rejiminin ən amansız və repressiv vaxtlarında belə Azərbaycan istiqlalı ədəbi-bədii nümunələrdən tutmuş, gizli dərnəklərə qədər hər zaman müzakirə mövzusu oldu və heç zaman unudulmadı.
Ötən əsrin axırlarında dünyanın altıdabirini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi "beyin mərkəzi"nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdı. Sonuncu sovet diktatoru Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına düşmüşdülər.
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlanmışdı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, öz hökumətlərinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən didərgin salmır, həm də onları cismən öldürür, diri-diri yandırırdılar.
Ermənilərin tarixdə görünməmiş bu vandalizminə ittifaq rəhbərliyi heç bir reaksiya vermirdilər. Ermənilər bundan da istifadə edirdilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar tarixi torpağımız olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Lakin ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri daha da alovlandırdı.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Milli Azadlıq Hərəkatının ilk qığılcımı olan Meydan hərəkatının əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı.
17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan Meydan hərəkatının mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük Meydan hərəkatı Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.
XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
Beləliklə, XX əsrin sonlarında – 1990-cı illərin əvvəlində ölkəmizdə və İttifaqın digər respublikalarında vüsət almış milli azadlıq hərəkatı SSRİ-nin dağılması ilə nəticələndi və yaranmış tarixi şəraitdə Azərbaycan dövləti özünün müstəqilliyini bərpa etdi – 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və bu tarixi sənəd dekabrın 30-da ümumxalq səsverməsi – referendum vasitəsilə bəyənildi.
6 fəsil və 32 maddədən ibarət olan həmin Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yarandı, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi. Müstəqillik bərpa olunandan sonra isə dövlətin digər atributları – bayraq, himn və gerb haqqında da qanunlar qəbul edildi.
Bu tarixi sənədlə xalqımız uzun illər ərzində həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdi, özünün suveren dövlətini yaratmaq imkanını qazandı. Bu gün həmin şanlı tarixdən – Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 35 il ötür.
Bunlar isə heç də asanlıqla başa gəlmədi – Azərbaycanın müstəqilliyi xalqın azadlıq arzusu və bu yolda dönməz mübarizəsi nəticəsində ölkəmiz üçün ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən ölkə daxilində gedən siyasi çəkişmələr müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
Müstəqilliyin yenicə bərpa edilməsindən qısa müddət sonra xalqımız onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə ilə yanaşı, o zamankı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr və vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsini yaradırdı. Həmin dövrdə Azərbaycan parçalanmaq, vətəndaş qarşıdurmasına sürüklənmək və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət boşluğu hökm sürür, müxtəlif qüvvələr tərəfindən etnik və siyasi zəmində qarşıdurmalar yaradılırdı.
1993-cü ilin iyun hadisələri zamanı ölkədə yaranmış dərin siyasi böhran Azərbaycanın gələcəyini sual altına qoymuşdu. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarix sonralar Azərbaycan xalqının taleyində dönüş nöqtəsi kimi qiymətləndirildi.
Lakin böyük siyasi təcrübəsi olan ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırdı, müstəqilliyimizin siyasi və iqtisadi sütunlarını möhkəmləndirməyə başladı. Bundan sonra milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevrildi.
Ulu öndər böyük məsuliyyət və qətiyyət nümayiş etdirərək ölkədə sabitliyi bərpa etdi, vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, dövlətçiliyin əsaslarını möhkəmləndirdi və Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olmasına nail oldu. Bununla da müasir Azərbaycan dövlətinin inkişaf mərhələsinin əsası qoyuldu.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, iqtisadi islahatlara başlanıldı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının təməlini qoydu və ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirdi. Neft gəlirləri iqtisadi inkişafın və insan kapitalının formalaşmasının əsas mənbələrindən birinə çevrildi.
Ulu öndərin ən mühüm xidmətlərindən biri də müstəqil Azərbaycanın gələcəyini düşünərək siyasi kursun davamlılığını təmin etməsi oldu. Ulu öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının davamı 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir.
Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Şübhəsiz ki, 2020-ci ilin payızında Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı müharibədə qazandığı tarixi Zəfər Azərbaycan xalqının yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi.
Ölkəmizə yeni can verən Ümummilli liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu öndərimizin bu arzusunu da Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Prezident İlham Əliyevin son illərdə apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz siyasi, iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.
Bu gün biz varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki suverenliyimizin bərpasına nail olmuşuq, tam və qəti şəkildə bu müstəqilliyə çatmışıq. Azərbaycanın bütün ərazisində artıq suverenliyimiz təsdiq olunub.
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















