Icma.az
close
up
RU
Amerikanın yeni imperiya dövrü

Amerikanın yeni imperiya dövrü

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Dünya ən yaxşısına ümid etməli, amma ən pisinə hazırlaşmalıdır

Türkiyənin "Karar" qəzetinin 13 yanvar 2026 tarixli sayında zəmanəmizin görkəmli iqtisadçı alimi, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Dünya Bankının keçmiş baş ekonomisti, ABŞ Prezidentinin İqtisadi Məsləhətçilər Şurasının keçmiş sədri və Kolumbiya Universitetinin professoru Cozef Stiqlitsin (Joseph E. Stiglitz) Amerikanın yeni imperiya dövrü haqqında məqaləsi çıxıb.

Yazının önəmini diqqətə alaraq məqaləni izləyicilərim üçün Ana dilimizdə paylaşıram...

Nyu-York - ABŞ Prezidenti Donald Trampın Venesueladakı addımları, beynəlxalq hüququ pozması, oturuşmuş normaları saya salmaması və Danimarka ilə Kanada kimi müttəfiqlər də daxil olmaqla, digər ölkələrə yönəltdiyi hədələr onu ciddi tənqidlərin hədəfinə çevirib. Dünyada real bir qeyri-müəyyənlik və narahatlıq mühiti hökm sürür. Artıq aydın olmalıdır ki, nə ABŞ, nə də dünyanın qalan hissəsi üçün bu proseslərin sonu yaxşı olavaq.

Bunların heç biri sol çevrələrin böyük bir hissəsi üçün sürpriz deyil. ABŞ Prezidenti Duayt Eyzenhauerin İkinci Dünya müharibəsindən sonra formalaşan sənaye-hərbi kompleks barədə vida çıxışındakı xəbərdarlığı hələ də yaddaşlardadır. Hərbi xərcləri dünyanın qalan hissəsinin ümumi xərclərinə bərabər olan bir ölkənin gec-tez silah gücü ilə başqalarını ram etməyə çalışması qaçılmaz idi.

Doğrudur, amerikalıların Vyetnamda, İraqda, Əfqanıstanda və başqa yerlərdə uğursuzluqlarından sonra hərbi müdaxilələr getdikcə daha az populyar oldu. Lakin Tramp Amerika xalqının iradəsinə əhəmiyyət vermədi. Siyasətə girdiyi gündən (və şübhəsiz ondan əvvəl də) özünü qanunlardan yuxarıda görüb və Nyu-Yorkun “Beşinci” prospektində birini güllələsə belə səs itirməyəcəyini lovğalıqla söyləyib. 6 yanvar 2021-ci ildə ABŞ Konqresində baş verən iğtişaşlar onun bu iddiasını təsdiqlədi. 2024-cü il seçkiləri isə Trampın Respublikaçılar Partiyası üzərindəki nəzarətini daha da möhkəmləndirdi və partiyanın onu məsuliyyətə cəlb etməyəcəyini faktiki olaraq təmin etdi.

Venesuela diktatoru Nikolas Maduronun ələ keçirilməsi açıq-aydın qanunsuz və konstitusiyaya zidd idi. Hərbi müdaxilə kimi, hətta rəsmi təsdiq olmasa belə, Konqresə məlumat verilməli idi. Bu addım “hüquq-mühafizə əməliyyatı” kimi təqdim edilsə belə, beynəlxalq hüquq belə halların yalnız ekstradisiya (təslimetmə) prosesi ilə həyata keçirilməsini tələb edir. Heç bir dövlət başqa bir dövlətin suverenliyini poza, xüsusən də xarici vətəndaşları — lap elə dövlət başçılarını — öz ölkələrindən zorla qaçıra bilməz. İsrailin Baş naziri Benyamin Netanyahu, Rusiyanın Prezidenti Vladimir Putin və digərləri müharibə cinayətlərində ittiham olunublar, amma heç kim onları harada olurlarsa-olsunlar tutmaq üçün əsgər göndərilməsini təklif etməyib.

Trampın sonrakı açıqlamaları isə daha da məsuliyyətsizdir. Tramp administrasiyası Venesuelanı “idarə edəcəyini” və onun neftini götürəcəyini bəyan edir; bu isə ölkənin resurslarını ən yüksək təklif verənə satmaq hüququnun əlindən alınması deməkdir. Bu planları nəzərə alsaq, yeni bir imperializm dövrünün başlandığı təəssüratı yaranır: güclü olan haqlıdır, başqa heç nə önəmli deyil. Onlarla narkotik qaçaqçısı olduğu iddia edilən şəxsin heç bir ədalətli məhkəmə prosesi olmadan öldürülməsinin mənəvi tərəfi və hüququn aliliyi bir kənara atılıb; vaxtilə Amerika “dəyərlərini” fəxrlə müdafiə edən respublikaçılar isə demək olar ki, susurlar.

Bir çox şərhçi bunun qlobal sülh və sabitlik üçün nəticələrini müzakirə edib. Əgər ABŞ Qərb yarımkürəsini öz təsir dairəsi elan edir və (bir növ “Donro Doktrinası” ilə) Çinin Venesuela neftinə çıxışını əngəlləyirsə, Çin niyə Şərqi Asiyanı öz təsir sahəsi sayıb ABŞ-ın Tayvan çiplərinə çıxışını kəsməsin? Bunun üçün Tayvanı “idarə etməsinə” ehtiyac yoxdur; sadəcə siyasətləri, xüsusən də ABŞ-a ixraca icazə verən siyasətləri nəzarət altına alması kifayətdir.

XIX əsrin böyük imperiya gücü olan Birləşmiş Krallığın XX əsrdə elə də uğurlu performans göstərmədiyini xatırlamaq yerinə düşər. Əgər digər ölkələrin çoxu bu yeni Amerika imperializmi qarşısında əməkdaşlıq edərsə - etməlidirlər də - ABŞ-ın uzunmüddətli perspektivi daha da pisləşə bilər. Heç olmasa, Birləşmiş Krallıq müstəmləkələrinə hüququn aliliyi və müəyyən “yaxşı” institutlar kimi idarəçilik prinsiplərini ixrac etməyə çalışmışdı.

Bunun əksinə olaraq, Trampçı imperializm ardıcıl ideologiyadan məhrumdur; açıq-aşkar prinsipsizdir və yalnız acgözlük və güc ehtirasının ifadəsidir. Bu sistem Amerika cəmiyyətinin yetişdirə biləcəyi ən acgöz və ən yalançı insanları özünə cəlb edəcək. Belə tiplər sərvət yaratmır; enerjilərini renta axtarışına — bazar gücü, aldatma və ya birbaşa istismar yolu ilə başqalarını talamağa sərf edirlər. Rantçılar tərəfindən idarə olunan ölkələr bir neçə çox zəngin insan yarada bilər, amma rifah yarada bilməz.

Rifah üçün hüququn aliliyi lazımdır. Hüququn aliliyi olmadan həmişə qeyri-müəyyənlik mövcuddur: hökumət mülkiyyətimə əl qoyacaqmı? Məmurlar xırda pozuntulara göz yummaq üçün rüşvət tələb edəcəklərmi? İqtisadiyyat bərabər şərtlər üzərində qurulacaqmı, yoxsa hakimiyyətdə olanlar daim öz tərəfdarlarına üstünlük verəcəklər?

Lord Actonun məşhur sözləri var: “Güc korlayır, mütləq güc isə mütləq korlayır”. Lakin Tramp göstərdi ki, misli görünməmiş korrupsiyaya bulaşmaq üçün mütləq gücə belə ehtiyac yoxdur. ABŞ-da olduğu kimi, nəzarət və tarazlıq mexanizmləri dağılmağa başlayanda güclülər cəzasız şəkildə hərəkət edə bilirlər. Korrupsiya həmişə iqtisadiyyat üçün zərərlidir və onun bədəlini cəmiyyətin qalan hissəsi ödəyir.

Ümid edək ki, “Trump zirvəsi” artıq geridə qalıb və bu distopik kakistokratiya dövrü 2026 və 2028-ci illərin seçkiləri ilə sona çatacaq. Amma Avropa, Çin və dünyanın qalan hissəsi yalnız ümidə arxalana bilməz. Dünya ABŞ-sız da yoluna davam edə biləcəyini qəbul edən fövqəladə planlar hazırlamalıdır.

Amerika dünyaya onsuz da keçinilə bilməyən nə təqdim edir? Silikon Vadisi nəhəngləri olmadan bir dünya təsəvvür edilə bilər; çünki onların təklif etdiyi əsas texnologiyalar artıq geniş şəkildə əlçatandır. Digərləri boşluğu sürətlə doldurar və yəqin ki, daha güclü təhlükəsizlik mexanizmləri qurardılar. ABŞ universitetləri və elmi liderliyi olmadan bir dünya da mümkündür; axı Tramp bu qurumların dünyanın ən yaxşıları sırasında qalmasını çətinləşdirmək üçün əlindən gələni edib. Digər ölkələrin ABŞ bazarından asılı olmadığı bir dünya da təsəvvür edilə bilər. Ticarət faydalıdır, amma imperiya gücü bu faydadan qeyri-mütənasib pay götürməyə çalışırsa, fayda azalır. ABŞ-ın davamlı ticarət kəsirlərinin yaratdığı “tələb boşluğunu” doldurmaq, təklif tərəfi problemləri ilə boğuşan ABŞ-la müqayisədə, dünyanın qalan hissəsi üçün daha asandır.

Gücündən sui-istifadə edən və başqalarını zorbalıqla ram etməyə çalışan bir hegemon öz küncündə tək buraxılmalıdır. Bu yeni imperializmə müqavimət göstərmək hər kəsin sülhü və rifahı üçün zəruridir. Dünya ən yaxşısına ümid etməli, amma ən pisinə hazırlaşmalıdır. Ən pis ssenariyə hazırlaşarkən isə iqtisadi və sosial təcrid - yəni bir növ çevrələmə siyasəti - yeganə seçim kimi qala bilər.

Tərcümə İbrahim Nəbioğluna məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 Yanvar 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see295

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see278

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see275

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see270

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see263

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see249

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see244

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see244

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see240

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see240

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see234

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see227

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see217

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see215

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see210

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see205

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see194

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see184

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see178

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri