İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, belə bir vəziyyətdə iqtisadçı ekspertlər 2026-cı ildə devalvasiya ehtimalının kifayət qədər yüksək olduğunu deyirlər.
İqtisadçı Zöhrab İsmayıl devalvasiya ehtimalını ixracdan ölkəyə gələn valyutanın azalması ilə əsaslandırır. Ekspert bildirir ki, Azərbaycanda neft hasilatı 50 faizə qədər azalıb: “Azərbaycan iqtisadiyyatı neft-qazdan asılıdır. Neft hasilatında maksimum hədd 2010-cu ildə olub. Ondan sonra getdikcə azalıb. Bu azalma gələn il 50 faizə çatacaq. Bu da o deməkdir ki, 2010-cu ildə nə qədər neft istehsal olunurdusa, 2026-cı ildə hasilat onun yarısı qədər olacaq. Bu isə o deməkdir ki, ölkənin gəlirləri, ölkəyə daxil olan xarici valyuta da kəskin azalıb”.
İqtisadçı bildirir ki, son dövrlərdə Azərbaycanın idxal-ixrac balansında fərq getdikcə aradan qalxır. Onun sözlərinə görə, 2025-ci ildə ixrac təxminən 20 milyard dollar, idxal isə 19 milyarddan çox olub.
Neftin hasilatı azaldıqca ixrac da azalır. Neft satışından ölkəyə gələn valyutanın azalması isə manatın kursuna birbaşa təsir göstərən amildir: “Ölkəyə daxil olan xarici valyutanın həcmi azalanda hökumətin iki yolu olur. Ya Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edərək, manatı dəyərdən düşməyə qoymamalıdır, ya da ehtiyatları qorumaq yolunu seçib, devalvasiyaya getməlidir. 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları daha çox idi. O zaman hökumət əvvəl valyuta ehtiyatlarından istifadə etdi. Ehtiyatlar da xeyli azaldı. Amma yenə də manatı qoruya bilmədilər. Qısa müddətdə iki dəfə devalvasiya oldu, manat kəskin dəyər itirdi”.
Ekspert xatırladıb ki, neft bumu başlayandan bəri ölkəyə 250 milyard dollar vəsait gəlib. Təəssüf ki, bu, mühüm iqtisadi dəyişikliyə gətirib çıxarmayıb. Ölkədə qeyri-neft sektoru inkişaf etdirilmədiyinə görə əvvəlki illərdə olduğu kimi, yenə də neft-qazdan asılı vəziyyətdədir: “Biz xaricə neft-qazdan başqa meyvə-tərəvəz satırıq, bir az da kimya məhsulları satırıq. Ölkə idxaldan asılı vəziyyətdədir. Əgər ölkənin öz tələbatını ödəmək üçün istehsalı kifayət etmirsə, bir çox məhsulları idxal edirsə, üstəlik, neftdən asılıdırsa, deməli, iqtisadiyyat inkişaf etməyib. Bu cür davam etmək uçuruma doğru getməkdir”.
Hökumət büdcədə neftin qiymətini 65 dollardan hesablayıb. Lakin hazırda dünyada qiymət 60 dollar civarındadır. Zöhrab İsmayıl bildirir ki, neftin qiyməti dünyadakı siyasi proseslərdən, münaqişələrdən asılıdır. Ekspert qiymətin 60 dollardan aşağı düşəcəyini proqnozlaşdırır.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 31 Dekabr 2025 02:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















