İranın taleyini onlar həll edə bilər Azərbaycanlıların AYAĞA QALXMASI...
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda dekabrın sonlarından başlayan etirazlar davam edir və ölkənin müxtəlif yerlərində hüquq-mühafizə orqanları ilə toqquşmalarda təxminən on nəfər həlak olub. İranda etirazlar 28 dekabrda Tehranda tacirlərin küçələrə çıxması ilə başlayıb. Etirazlar sürətlə yayılıb və hazırda ölkənin bütün böyük şəhərlərində davam edir.
Turkustan.az xəbər verir ki, əvvəlcə etirazlar ölkədəki yüksək inflyasiya fonunda İran valyutasının kəskin zəifləməsi ilə bağlı idi. Tehrandakı tacirlər küçələrə ilk çıxanlardan oldular, sonra tələbələr də onlara qoşuldu. Tezliklə İsfahan, Şiraz, Məşhəd və Fəz də daxil olmaqla digər şəhərlərdə etirazlar baş verdi.
Getdikcə iqtisadi vəziyyətlə bağlı etirazlar iğtişaşlara çevrildi. İnsanlar küçələrə çıxaraq bankları və dövlət binalarını dağıdıblar, hüquq-mühafizə orqanlarına hücum ediblər, abidələri təhqir ediblər və Quran da daxil olmaqla dini kitabları yandırıblar.
İran hakimiyyəti şəhərlərə əlavə təhlükəsizlik qüvvələri yerləşdirib. Bildirilir ki, bütün İran şəhərləri təhlükəsizlik qüvvələrinin və SEPAH-ın nəzarəti altındadır. Etirazlarda iştirak edənlər arasında həbslər aparılır. Ölkədəki iğtişaşlarla bağlı çıxış edən İran Prezidenti Məsud Pezeşkiani daxili işlər nazirini etirazçılarla dialoqa çağıraraq, “onların haqlı tələblərini dinləməyin və dövlətin onların problemlərini həll etmək üçün bütün potensialından istifadə etməsinin” vacibliyini bildirib.
Etirazlar fonunda Pezeşkian həmçinin İranın bank və maliyyə sistemlərində islahatlar aparılacağını elan edib. İranda baş verən olaylara ABŞ Prezidenti Donald Trampdan reaksiya özünü gözlətməyib. O bildirib ki, İran dinc etirazçılara şiddətlə cavab verərsə, ABŞ etirazçıların köməyinə gələcək: "Biz hərəkətə keçməyə hazırıq".
Qeyd edək ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Hər kəsə məlumdur ki, fars-molla rejimi hər zaman azərbaycanlıları basqı altında saxlayır və onların haqlarını tapdalayır. O səbəbdən indiki etiraz aksiyalarında azərbaycanlıların tutduğu mövqe həlledici ola və ya son nəticələrə təsir edə bilər. Ekspertlərin iddiasına görə, son illər ölkə daxilindəki etirazlarda azərbaycanlılar molla rejiminə qarşı radikal mövqedə durmur. Bu səbəbdən də yekunda aksiyalar ciddi nəticə vermir. Bu baxımdan hazırkı nümayişlərdə azərbaycanlıların hansı mövqe tutacağı maraq doğurur...
Professor Qabil Hüseynli etirazlar Azərbaycan şəhərlərində də davam edir: “Həmədan və digər bölgələrdə etiraz aksiyaları keçirilir. Amma razıyam ki, hadisələr “inqilab beşiyi” olan Təbrizə, eləcə də Ərdəbil və digər şəhərlərə geniş yayılmayıb. Bu cür proseslər olanda azərbaycanlılar praqmatik mövqe tutur və hadisələrin inkişafını izləyir. Yəni son sözü istənilən halda Azərbaycan şəhərləri deyir. Budəfəki hadisələrdə fərq həm də ondan ibarətdir ki, prezident azərbaycanlıdır. Zənnimcə, bu fakt da müəyyən təsir rolu oynayır. Üstəlik, Pezeşkiana yox, rejimə etirazlar var. Əlbəttə, hadisələr ən gərgin dövrünə daxil olanda Azərbaycan şəhərləri də üsyana qalxacaq”.
Q.Hüseynlinin fikrincə, İranda hər zaman həlledici rolu azərbaycanlılar oynayıb: “Hələlik rejim farsların, kürd və ərəblərin yaşadığı şəhərlərdə üsyanları yatırmağa çalışır. Əgər geridönüşü olmayan proseslər baş verərsə, Azərbaycan şəhərləri ayağa qalxacaq. Bax, o zaman mövcud rejimin dağılması başlayacaq”.
Politoloq Elxan Şahinoğluya görə, İrandakı iğtişaşlar Prezident Məsud Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək. Onun fikrincə, İrandakı iğtişaşların fitilini elə Prezidentin yuxarıdakı açıqlaması alovlandırıb. “Pezeşkian etiraz yürüşləri başladıqdan sonra polisi təmkinli davranmağa, hökumət üzvlərini isə etirazçılarla dialoqa çağırıb. Problem ondadır ki, yürüşləri və etirazları təşkil edən vahid mərkəz yoxdur ki, hökumət üzvləri kimlərlə danışıqlar aparacaqlarını müəyyənləşdirsinlər. Bir də ki, mühafizəkarlar artıq “iş başındadırlar” və onlara dialoq sərf etmir. Etirazçılara atəş açılır, ölənlər barədə məlumatlar artır. Bu o deməkdir ki, Prezidentin dialoq təklifi müxtəlif səbəblərdən alınmayacaq. Mühafizəkarlar etirazçılara qarşı radikal addımların atılmasının tərəfdarıdılar və onlar Prezidentə tabe deyillər”,_ deyə analitik belə şərh edib.
Onun sözlərinə görə, etirazçılar Prezidentin əleyhinə şüarlar səsləndirmir, çünki anlayırlar ki, qarşılarındakı gücün Prezidentə aidiyyatı yoxdur: “Buna baxmayaraq, mühafizəkarların etirazçılara atəş açmalarının intensivləşməsi Məsud Pezeşkianı çətin vəziyyətə salacaq. O indiki vəziyyətdən çıxış yolu tapmadığına görə, istefa barədə düşünə bilər”.
Yaxın Şərq siyasəti üzrə politoloq Rüstəm Tağızadə isə hesab edir ki, bu etirazlar nə dərhal rejim dəyişikliyi, nə də sürətli sabitlik vəd edir: “Ən real ssenari uzanan qeyri-sabitlikdir: zəifləyən, lakin dağılmayan bir sistem. Belə bir İran nə proqnozlaşdırıla bilən tərəfdaş, nə də tamamilə neytrallaşdırılmış aktor olacaq. Nəticə etibarilə, bu etirazlar İranın gələcəyini ani şəkildə dəyişməsə də, onun strateji davranışını məhdudlaşdırır və regionda güc balansını daha kövrək hala gətirir. Əsas sual artıq “rejim qalacaqmı?” deyil, “rejim hansı qiymətə və nə qədər davam edəcək?” sualıdır. Bu isə Yaxın Şərqin gələcək onilliyini formalaşdıracaq əsas qeyri-müyyənliklərdən biridir”.
Onun müşahidələrinə görə, İranda son iqtisadi etirazlar təkcə sosial narazılığın spontan ifadəsi deyil: “Onlar rejimin uzun müddətdir yığılan struktur zəifliklərinin üzə çıxmasıdır. Bu etirazları fərqləndirən əsas cəhət onların ideoloji şüarlardan çox yaşayışın davamlılığı və iqtisadi sağ qalma instinkti üzərində qurulmasıdır. Bu isə hakimiyyət üçün daha təhlükəlidir, çünki ideoloji çağırışlar basdırıla bilər, lakin sistemli iqtisadi çöküş uzunmüddətli legitimlik eroziyası yaradır”. (Musavat.com)
Baxış sayı:117
Bu xəbər 03 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















