“İranın taleyini üç millət həll edəcək” Politoloqla müsahibə
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər gün daha da güclənən etirazlar İranda bütün şəhərlərə yayılıb. Yüzlərlə ölü və minlərlə yaralı var. Ölənlərin arasında çox sayda təhlükəsizlik qüvvələrinin əməkdaşları var. Dövlət obyektləri məhkəmə binaları, hətta məscidlərə od vurulub. Rejimin qəhrəman elan etdiyi şəxslərin heykəlləri dağıdılıb, dövlət bayraqları yandırılıb.
Qonşu ölkədə baş verənlərlə bağlı Bakupost.az -ın suallarını politoloq Şahin Cəfərli cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
– Şahin bəy İrandakı iğtişaşlar gündən günə böyüyür. Bu etirazların sonu hara gedir?
– Yəni, İranda əvvəllər də bir neçə dəfə bu cür situasiya yaranıb. Ölkə ərazisində küçələrdə etiraz aksiyaları keçirilib. Amma bu tip aksiyalar hər zaman kortəbii xarakter daşıyıb, hər hansı bir təşkilatlanmış formada, konkret bir proqramı, aydın bir məqsədi, niyyəti olan bir təşkilat və ya lider tərəfindən idarə olunmayıb.
İndi budəfəki aksiyaların da bu baxımdan əvvəlkilərə bənzədiyini görürük. Daha çox kortəbii xalq etirazları şəkilində ortaya çıxması, aksiyaların uğur qazanması məsələsində bir az şübhələrə əsas verir. Hər hansı bir mərkəzi təşkilat və ya hər kəsin qəbul elədiyi, kütlənin arxasınca getdiyi lider olmadan bu tip aksiyaların məntiqi sonluğa çatacağı qaranlıq görünür.
Amma eyni zamanda onu da birmənalı qeyd edə bilərik ki, İranda artıq vəziyyət həqiqətən də dözülməz həddə çatıb. Ölkədə uzun illərdir xroniki sosial-iqtisadi böhran var və bu daha da dərinləşməyə davam edir. Ən pisi odur ki, insanlarda böhranın düzələcəyinə, vəziyyətin yaxşılaşacağına dair hər hansı ümid işığı yoxdur. İran faktiki olaraq iqtisadi baxımdan iflasa uğramış ölkədir. Vətəndaşların ən fundamental və təməl ehtiyaclarını təmin edə bilməyən ölkədəki sistem çöküb. Ona görə də İranda bundan sonrakı mərhələdə hər cür hadisə baş verə bilər. Ölkə hərtərəfli, ciddi, dönməz böhrana daxil. Açığı bundan sonra rejimin prosesləri yenidən nəzarətə götürəcəyi, İranı ciddi, hər tərəfli böhrandan xilas edəcəyi və ölkəni yenidən inkişaf etdirəcəyi ehtimalı qalmayıb. Ona görə də hər cür situasiya gözləmək olar. Hətta sabah rejimin çökməsi, İranın parçalanma ehtimalı da var və bunlar uzaq perspektiv kimi görünmür.
– Lider demişkən Pəhləvi aksiyalardan sonra yaman aktivləşib. Dalbadal açıqlamalar verir. Ayın 12-də onun ABŞ prezidenti ilə görüşməsi barədə şayiələr ortaya atmışdı. Kütlə içərisində özü barədə Qərb tərəfindən qəbul olunan vacib persona təsəvvürü yaratmağa çalışırdı. Hərçənd Donald Tramp iki gün qabaqkı müsahibəsində bunları yalanladı. Amma bir məsələ də var ki, qeyri fars millətlər Rza Pəhləvini sevmir. Güney Azərbaycanda son günlər səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şuraları bunun sübutudur. Digər tərəfdən Şahın dövründə yaşayan farslar da varisə inanmırlar.
– Pəhləvinin İran toplumunda çox ciddi bir dəstəyə sahib olduğuna inanmıram. Amma dövlət aparatı içərisində müəyyən qədər tərəfdarları, xüsusən farslar arasında Şah dövrünün xiffətini çəkənlər ola bilər. Bu baxımdan təbii ki, müəyyən qədər dəstəyi var, amma bu dəstəyin o qədər də böyük olduğuna inanmam.
Bu rejim vətəndaşların ümidini o qədər qırıb, ölkəni acınacaqlı, rəzil vəziyyətə salıb ki, xüsusən farsların arasında şahın oğlunun daha yaxşı seçim olduğuna inanan, ona ümid bəsləyən müəyyən qisim var. Amma hətta rejim çöksə belə, Pəhləvinin qayıdıb hakimiyyəti ələ keçirəcəyinə şübhə edirəm. Yəni, ölkə daxilində onun sosial dayaqlarının güclü olduğuna, ciddi siyasi perspektivlərinə inanmıram.
Amma rejim çökərsə və ölkə xaosa sürüklənərsə burada, əlbəttə ki, xarici faktorların da ciddi rolu olacaq. Yəni, ABŞ, İsrail, digər bölgə dövlətləri və regional güclər İranda hansıda bir siyasi sistemin qurulmasında maraqlı olacaqlar. Bu məsələnin də İranın gələcəyinə çox önəmli təsiri olacaq. ABŞ-nin şah rejimini, Pəhləvini dəstəkləyəcəyi çox ciddi şübhəlidir. Çünki Tramp, ümumilikdə ABŞ dövləti bu məsələlərə çox praqmatik yanaşır.
Məncə, Vaşinqton hər hansı bir ciddi gücü olmadığı təqdirdə Pəhləvini İranda hakimiyyətə gətirməz. Əgər vəziyyət rejimin çökməsi və dövlətin dağılmağa başlaması mərhələsinə girərsə, böyük ehtimalla, hakimiyyətin öz içindən İranı keçid dövründə idarə edəcək hansısa məqbul fiqur tapa bilərlər. Məsələn, Venesuela məsələsində olduğu kimi. ABŞ müxalifəti gətirmədi, əvəzində keçid dövründə ölkədə stabilliyi qorunması üçün rejimin öz içərisindən olan vitse-prezidentə üstünlük verdilər.
İranda da təxminən buna bənzər bir model həyata keçirilə bilər. Amma hələlik bu barədə danışmaq çox tezdir.
– Onda bu sualın ikinci variantı kimi Məsud Pezeşkiyan Siz deyən məqbul fiqur ola bilərmi? Yəni, rejim dəyişir, amma prezident qalır və hökumət strukturları öz gücündə işləyir.
– İstisna deyil. Əgər Pezeşkian vəziyyətə nəzarət eləyə bilərsə, yəni əlində elə bir real güc olarsa, onda təbii ki, Pezeşkian beynəlxalq aləm tərəfindən məqbul fiqur sayıla bilər.
Ən azından Pezeşkianın adı mənfi hallarda hallanmır, hansısa neqativ əməlləri yoxdur. İndiyə qədər hər hansı ölkə ilə, xüsusilə Qərblə konflikti olmayıb. O istisna deyil ki, bir keçid dövr üçün Pezeşkianın idarəçiliyinə üstünlük verilə bilər. Digər tərəfdən faktiki bu adam xalq tərəfindən seçilmiş prezidentdir. Pis-yaxşı insanların səsini almış, legitim siyasi fiqurdur.
– Rejim vəziyyətin daha acınacaqlı olduğunu görür, məsələn hətta dünənə qədər qəhrəman elan olunan Qasım Süleymanı üçün mitinqlərə toplaşan milyonlar bu gün onun heykəllərini yandırır, dağıdırlar. Xamenei və rejimin keçmiş dövlət xadimləri dialoqla açıqlamalar verir. Bir neçə dəfə etiraza çıxan dialoqla aldadıb sakitləşənədən sonra aksiyaçılara divan tutan, rejimin ilk illərində etirazçılar barədə kütləvi edamlar hökmü verən məhkəmə hakimi Rəisini prezident təyin edən rejimin danışıqlar çağırışı inandırıcıdırmı?
– Yəni, dediyim kimi, İslam inqilabı artıq öz cazibəsini tamamilə itirib. Bundan sonrakı mərhələdə rejim xalqa nə vədə edə bilər? Bayaq qeyd etdiyim kimi, vəziyyəti düzəltmək imkanları yoxdur. Sosial iqtisadi baxımdan çöküş yaşanır, sanksiyalar davam edir. Yəni, bu baxımına vəziyyətin düzələcəyinə, yaxşılaşacağına hər hansı bir ümid yeri, şans yoxdur.
Ona görə dini lider bundan sonra xalqa nə vədə edə bilər? Nə deyə bilər ki, insanlar onu qəbul edib küçələrdən evlərinə çəkilsin? Bunlar sual doğuran məsələlərdir. Ola bilər ki, müəyyən mərhələdə insanlar ötən dəfə olduğu kimi, yenidən sakitləşsin. Amma bu da müvəqqəti olacaq.
Çünki problemlər davam edir və daha da dərinləşir. Həm pis idarəçilikdən, həm də İrandakı sistemin əcaibliyindən qaynaqlanan problemlər var. Ancaq ki, bilirsiniz ki, orada ikili sistem var da. Biri dini qanada, ali dini rəhbərə bağlı olan dövlət sistemi, bir də var prezident və onun hökuməti. Amma ölkənin idarə edilməsindəki əsas səlahiyyətlər ali dini rəhbərin və ona bağlı strukturların əlindədir.
Prezidenti xalq seçir, hökuməti xalq müəyyən eləyir, amma prezidentin əlində real səlahiyyətlər yoxdur. Bunlardan Pezeşkian da şikayət edir, ondan əvvəlki prezidentlər də – Həsən Ruhani, hətta Əhmədi Nejad da bu sistemdən şikayət edirdi. Amma bu dəyişməyincə İranda hər hansı bir yaxşılaşma olmayacaq.
Əgər rejim radikal şəkildə siyasi sistem dəyişikliyinə qərar versə, ali dini rəhbər çıxıb desə ki, artıq biz öz səlahiyyətlərimizdən vaz keçirik, əlimizi-ətəyimizi idarəçilikdən geri çəkirik, bundan sonra, digər demokratik ölkələrdə olduğu kimi, ölkəni xalqın seçdiyi prezident və hökumət idarə edəcək. Bu vəd olunarsa və həyata keçirilərsə, bəlkə onda xalq məmnun qala bilər. Yəni bir ümid yaranar ki, bundan sonrakı mərhələdə vəziyyət düzələ bilər.
Yəni bu olmayınca, hətta bu etiraz aksiyaları sona çatsa, insanlar evlərinə dağılışsa belə, bu müvəqqəti olacaq. Yenidən çox kiçik bir qığılcım nəticəsində insanlar yenidən küçələrə çıxacaq.
– Əslində, bu sən deyən variant, yəni Xameneinin geri çəkilməsi kimi inandırıcı deyil. Çünki o öz varisin belə təyin edib. Digər tərəfdən “B planı” kimi dini liderin qaçmaq hazırlığı barədə iddialar var.
– Bu, daha çox aksiyalarının miqyasından asılı olacaq. Əgər bu etirazlar genişlənməkdə davam edərsə, vəziyyət rejimin nəzarətindən çıxarsa, onda dini liderin və onun yaxın ətrafının ölkədən qaçması variantı gündəmə gələ bilər. Çünki dövlət daxilində və toplumda bütün dayaqlarını itirdikdən sonra onların öz təhlükəsizliyi ciddi təhdid altında qalacaq.
Bu aksiyalarda müşahidə olunan odur ki, insanlar problemin əsas mənbəyinin kim və nə olduğunu çox yaxşı dərk edirlər. İstər farslar və digər millətlər olsun, İran əhalisi siyasi baxımdan yetkindir. Bu baxımdan dini lider, özü və yaxın ətrafı problemin əsas səbəbi kimi hədəfə çevrilə bilər. Əgər qaçış baş verərsə, bu rejimin çökməsi anlamına gələcək.
– Bilirsiniz ki, təxminən İranda ölkə əhalisinin yarısını Güney Azərbaycan türkləri təşkil edir. Bundan başqa ölkədə Qacarlar, Türkmənlər, Avşarlar kimi digər türk xalqları var. Güney Azərbaycan uzun müddət aksiyalara qoşulmadılar. İndi isə artıq Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərdə etirazlar başlayıb. Ümumiyyətlə bu aksiyalarda güneylilərin hədəfi nə olmalıdır?
– İrandakı Azərbaycan əyalətləri hər zaman siyasi aktivliyi ilə seçilib və öz aralarından Səttərxan, Xiyabani, Pişəvəri kimi önəmli liderlər çıxardılar. Yəni orada çox ciddi siyasi aktivlik, hərəkat ənənəsi var. Bu baxımdan soydaşlarımızın ölkədəki siyasi proseslərdən kənarda qalması düşünülə bilməz. Onlar hansısa siyasi mərhələdə səslərini çıxarmalı, öz mövqelərini ortaya qoymalıdırlar ki, bütün dünya İranda bir Azərbaycan, Türk faktorunun da olduğunu görsün. Əks halda sayları nə qədər çox olursa olsun, İranın gələcəyində söz sahibi ola bilməzlər. Azərbaycan türkləri də hansı şəkildə – istər etiraz aksiyaları, istər təşkilatlanma şəklində mütləq öz mövqelərini ortaya qoymalıdırlar ki, gələcək siyasi qərarlarda səsləri eşidilsin.
– Bir şey də var, əgər rejim çökərsə, belə görünür ki, qaçılmaz mərhələdə olduğu üçün bu labüddür. Okeanı nəzərə almasaq, İranın 3 tərəfdən qonşularının əksəriyyəti (Türkiyə, Azərbaycan və Pakistan) Güney Azərbaycanlıları – türkləri dəstəkləyən ölkələrdir. Bu ölkələrdən Türkiyənin mövqeyi bizim üçün həll edici olacaq. Türkiyə necə davranmalıdır?
– Türkiyə İranın parçalanmasını qəti şəkildə istəmir. Yəni, Ankara parçalanmanı heç cür maraqlı deyil və bunu özü üçün çox ciddi bir təhdid kimi görür. Məlumdur ki, İran parçalanarsa, orada da yeni bir kürd dövləti yapılanması ortaya çıxar. Yəni, necə ki, İraqda oldu, indi də Suriyada baş verir. İranın da parçalanmasından ən çox faydalana biləcək etnik qrup məhz kürdlərdir. Çünki, İrandakı kürdlər digər millətlərlə müqayisədə daha yaxşı təşkilatlanıb.
Onların uzun illərdə fəaliyyət göstərən, PKK-nın İran qolu olan PJAK adlı terror təşkilatı var. Bundan başqa siyasi təşkilatları da var. Yəni İrandakı kürdlər həm silahlanmış, həm də ideologiyalanmış qrupdur. Bu baxımdan digər etnik qruplarla müqayisədə kürdlər daha ön plandadır. Amma Türkiyə bu ssenariyə həddən artıq qorxu ilə yanaşır. Və bu məsələdə Türkiyə cəmiyyəti – istər hakimiyyəti, istər müxalifəti, istərsə də xalqı olsun, separatçı kürdləri çıxmaq şərti ilə – hamısı tam yekdil fikirdədir. Bu baxımdan Türkiyə son ana qədər İranın bütövlüyünün qorunması yönündə bir mövqe ortaya qoyacaq. Amma əgər görsələr ki, artıq İranın parçalanmasını qarşısını almaq mümkün deyil, onda həmin mərhələdə Türkiyənin başqa yolu qalmayacaq. Ankara öz siyasətini dəyişməli və İrandakı türk faktoruna istinad etməli olacaq.
– Son 100 ili saymasaq, Türklər İranda uzun müddət 1000 ildən artıq hakimi mütləq olublar. Rejimin çökməsi halında ölkə 100 il əvvələ qayıda bilərmi? Regionda növbəti Türk dövlətinin yaranması mümkündürmü?
– Bu, bir az mürəkkəb sualdır. İranın keçmişi ilə bağlı da, orada zaman-zaman türk faktoru önə çıxır. Türk dövlətlərinin özü müəyyən müddət sonra fars mədəniyyətinə üstünlük veriblər. Məsələn Səfəvi dövləti son mərhələlərində paytaxtı İsfahana köçürdü. Daha sonra fars dili dövlət dili oldu. Bu baxımdan, məsələlərlə bağlı bir mənalı rəy bildirmək çox çətindir. Bunu sonrakı mərhələdə görmək mümkün olacaq. Amma aydındır ki, İranın gələcəyində 3 ana faktor rol oynayacaq. Fars, türk və kürd amili. Yəni bu 3 millət İranın gələcəyinin müəyyən olunmasında həll edici rol oynayacaq. İran dövlət kimi qalacaqsa, bu 3 qrupun anlaşması nəticəsində ola bilər. Dağılacaqsa da məhz bu 3 faktorun seçimin nəticəsində baş verəcək.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 12 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















