İrəvanda Qərbi Azərbaycan təlaşı Bakıdan operativ reaksiya
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistandan raket sistemləri alan “sülhpərvər” Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına, deportasiya olunduqları Qərbi Azərbaycana qayıtmaq istəklərindən ciddi şəkildə narahatdır. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin apardığı “hərtərəfli təhlil”lərlə bağlı ictimailəşdirilən yanaşma bu narahatlığı aydın şəkildə göstərir.
Təsəvvür edin, sülhün paraflanmasından sonra belə, silahlanmanı davam etdirən Ermənistanın Xarici Kəşfiyyat Xidməti ölkənin xarici riskləri ilə bağlı 2026-cı il hesabatında rəsmi Bakının siyasətini və müşayiət olunan hərəkətləri “uzunmüddətli sülhün qurulması üçün əhəmiyyətli mənfi amil və risk” kimi qiymətləndirib. Bildirilib ki, 2026-cı ildə Xidmətin prioritet vəzifələrindən biri Azərbaycanın “Qərbi azərbaycanlıların qayıdışı” ideyasını təbliğ etmək üzrə dövlət siyasətinin əsl məqsədinin davamlı olaraq qiymətləndirilməsi olacaq.
İddia olunur ki, guya Qərbi Azərbaycan mövzusu Qarabağ ermənilərinin geri qaytarılması məsələsinə qarşı mübarizə üçün alətlər dəstinin bir hissəsidir.
Qarabağdan könüllü köçən ermənilərə görə Azərbaycan dövləti niyə hansısa əks plan hazırlasın ki? Digər tərəfdən, Ermənistan Qərbi Azərbaycan mövzusundan niyə bu qədər təlaşlanır? Bakının sülh gündəliyi açıq-aydındır, İrəvanla əməkdaşlıq başlayıb. Qərbi Azərbaycanlıların ləyaqətli qayıdışıdır prioritet, o torpaqların geri qaytarılması yox. Belə olduğu halda Ermənistan niyə narahatdır?
Bu iddialarla bağlı Musavat.com-a açıqlama verən deputat Sahib Alıyev bildirdi ki, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin Vaşinqton Bəyannaməsindən sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətinin nəinki zəifləmədiyi, hətta gücləndiyi haqda açıqlaması həqiqəti əks etdirir:
“Amma burada Vaşinqton Bəyannaməsinə, ümumiyyətlə, regionda sülh gündəliyinə qarşı nə var? Normal məntiqdən çıxış etsək, bunu anlamaq mümkün deyil. Özlərini “Arsax Respublikası”nın təmsilçiləri kimi təqdim edənlərdən fərqli olaraq, Qərbi Azərbaycan İcması heç vaxt Ermənistanın ərazi bütövlüyünə qarşı çıxmayıb. İcma üzvləri yurd yerlərinin Azərbaycana birləşdirilməsi tələbini irəli sürməyib, Qarabağdakı haylar sayaq hər hansı qanunsuz silahlı dəstə yaratmayıb, terror törətməyib, müstəqillikdən dəm vurmayıb. Elə isə onların öz yurdlarına qayıtmaq istəklərini hayların kəşfiyyat strukturu nədən “regional sabitliyə təhdid” və “münaqişənin Ermənistan ərazisinə keçirilməsi” kimi qiymətləndirir? Bəlkə ona görə ki, onlar Ermənistanı yalnız monoetnik dövlət kimi görür və azərbaycanlılar öz yurdlarına döndükdən sonra onlara qarşı yenə köhnə metodlarla davranmaq fikrindədirlər? Əlbəttə, güclü Azərbaycan dövləti buna seyrçi qalmayacaq!”
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin Qərbi Azərbaycan kökənlilərin öz yurdlarına dönüş məsələsinin guya hayların Qarabağa qayıdışlarının qarşısını almaq məqsədi daşıdığı fikrinə gəldikdə, S.Alıyevin sözlərinə görə, ilk baxışda bu, kiməsə ağlabatan versiya təsiri bağışlaya bilər: “Amma bir daha vurğulayıram: burada söhbət fərqli keçmişləri və tələbləri olan icmalardan gedir. Azərbaycanlılar indi Ermənistan adlanan ölkənin aborigen xalqıdır. Onlar heç vaxt öz doğma torpaqlarında hayların Qarabağda etdikləri çox-çox yumşaq desək, qanunsuzluqların heç birinə yol verməyiblər, bundan sonra da verməyəcəklər”.
S.Alıyev əlavə etdi ki, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin Azərbaycanın hərbi gücünün durmadan artdığı barədə açıqlaması da doğru təhlildir:
“Amma bu hərbi gücün artması onların düşündüyü kimi öz yurdlarından qovulan azərbaycanlıların geri qayıtmasına yol açmaq yox, regionda sabitliyi qorumaq və nə qədər paradoksal səslənsə də, Ermənistanın da az-çox müstəqil dövlət kimi fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır. Çünki bizə böyük dövlətlərin əlində alət olan qonşu lazım deyil”.
Deputat Azərbaycan əleyhinə silsilə xarakterli açıqlamalara da diqqət çəkdi: “Duqinlərin, Solovyovların növbəti sayıqlamaları göstərir ki, Ermənistan yenə də forpost kimi görülməkdədir. Yaxşı olar ki, hay kəşfiyyatçıları güclərini başqa dövlətlərdən gələ biləcək təhlükələrə yönəltsinlər. Qərbi Azərbaycan İcması Ermənistan dövləti üçün təhlükə deyil; düzgün qiymətləndirsələr, əksinə, təhlükəsizliklərinin təmininə öz töhfəsini verə biləcək bir gücdür”.
E.Paşasoy
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 20 Yanvar 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















