Icma.az
close
up
RU
İş dünyasında bir Ramazan axşamı

İş dünyasında bir Ramazan axşamı

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Və ya milli biznes elitasının rəsmi-səmimi "paradı"haqqında təəssüratlarım

20-ci əsrin (və yəqin, bütün sonrakı əsrlərin də!) nəhəng söz ustalarından biri Uilyam Folkner Nobel mükafatını alan zaman çox möhtəşəm bir çıxış etmişdi. Həmin çıxışın əvvəlində belə maraqlı cümlələr vardı: "Başa düşürəm, bu mükafat mənə deyil, gördüyüm işə verilib. Mən, sadəcə olaraq, bu mükafatı almaq üçün vəkil edilmişəm".

Dünənki mərasimində də mükafat alanlar var idi. Onlar da görülən işə görə ödülləndirildilər. "Görülən işdən isə gül iyi gələr" deyə bir məsəl var. Bu məsəl, yəqin ki, sahibkarlığın necə nəcib bir əməl (ya da çoxlu əməllər məcmusu) olmasının milli folklordakı "notarial" təsdiqidir.

Əlbəttə, bir azca məcazi oldu. Əslində Folkner də iş adamıydı. Yəni öz işinin adamıydı; yazıb-yaradırdı. Sözləri, fikirləri, emosiyaları cilalayıb, bədii şedevr, qiymətli ədəbi əmtəə halına salırdı, sonra da dünya boyda Ədəbiyyat "hipermarketində" sözün, fikrin dəyərini bilənlərə satırdı. Bir də var, qurub-yaradanlar. Uğurlu brendləri, gəlirli markaları, innovativ biznes-proyektləri araya-ərsəyə gətirənlər, bəsləyib-süsləyib bazar tələbinə çıxaranlar. Bir sözlə, iş adamları.

Dünənki iftar süfrəsində 500 belə iş adamı vardı; Folknerin dediyi kimi, gördüyü işin mükafatını alan adamlar.

Hamıya plaket verməzlər ki! Belə əziz günlərdə bir yerə toplanıb, bir süfrə arxasında oturmaq, bayram əhvalına köklənmək, öz pozitiv emosiyalarını, öz işgüzar informasiyalarını paylaşmaq özü də özlüyündə mükafatdır. İnsanı belə mükəmməl yaratmaq Allahın özünə mükafatı olduğu kimi, bir-birini bu dünyada tanımaq füsəti də insanların bir-birinə mükafatıdır. O baxımdan yanaşsaq, dünən birlikdə zaman keçirdiyimiz, çoxdan tanıdığımız, yaxud yenicə tanış olduğumuz insanlar da bizim özümüzə ödülümüz olsa gərək. O da ola gerçək iş adamları - gerçək işin gerçək adamları.

Dünyada bəzi nəzəri, bir az da, sanki əyləncəli qanunlar var. Onlardan biri də məşhur Uilson qanunudur: "Ağlını və intellektini ön planda qoysan, pul sel kimi axıb gələcək". Tarixən ən uğurlu iş adamları da elə həmin o ağlını və intellektini həyatının və işinin mərkəzinə qoyan insanlardır. Nəfsini öndə tutan, imkanı ilə iddiası arasında disbalans yaradan adamlar heç vaxt uğur qazana bilməz. Əksinə çevik zəkalar və zəngin erudisiyalar həmişə bir addım öndədir.

Baxın, Con Rokfeller də neft maqnatı idi; başqaları kimi, o da, "qara qızıl" hasilatına girişmişdi. Bir gün logistikanın önəmini hamıdan qabaq anladı, dəmir yollarını almağa başladı. Çünki bilirdi: nə qədər neft çıxarırsan-çıxar, onu daşımaq üçün sənə dəmir yolları lazım gələcək. Bununla da başqalarından önə keçdi Rokfeller. Axı o zaman neft boruları hələ heç ağıllarda da yox idi.

...İnsanın bütün qazancı-itkisi, uğuru-uğursuzluğu, yüksəlişi-çöküşü - hər şey ağlın və intellektin düzgün işlədilməsi, dəqiq hədəf seçməsi və hədəfi dəqiq vura bilməsi ilə, ya da vura bilməməsi ilə bağlıdır. Bəzən doğru tapdığın bir kreativ həll səni xəyalını belə qurmağa cəsarət etmədiyin məqama yüksəldər, yaxyd bir kiçik səhv insanın həyatını alt-üst edə də bilir.

Knut Hamsunun "Aclıq" romanının qəhrəmanı işsiz-pulsuz, bir sözlə, ac-yalavac günlərində bir mühasib vakansiyası tapmışdı. Hesabda pis deyildi, onu işə götürəcəkdilər. Yalnız iş üçün müraciətində kiçik (əlsində kiçik deyil, bir əsrlik!) yanlışa yol vermişdi: doğulduğu ili 1948-ci il yerinə, 1848-ci il kimi yazmışdı. Bu vakansiya onun o anda son ümidiydi, boşa çıxdı. Ancaq yolda o, cibindəki son kronu da tindəki dilənçiyə verib, yeni macəraya doğru çıxıb getdi...

Bununla yazıçı çox şey demək istəyib. Onlardan birini mən belə yozdum: Həyat - dəqiq elmdir. Bizə elə gəlir, cəmiyyətdə yaşamağın yollarını təkcə humanitar elmlər öyrədir. Yox! Həyat - hər şeydən əvvəl riyaziyyatdır. Xüsusilə, iş həyatında, biznesdə.

Buna "etibar" da deyə bilərsiniz. Bir rəqəm səhvi Hamsunun adsız qəhrəmanını "etibarsız çıxarmışdı"; işə almadılar. Deməli, hər bir iş adamının ən əsas sərmayəsi də, qazancı da ən birinci öz punktuallığı, dəqiqliyi, etibarıdır. Adamlar var, özü iş həyatında adının üstünə kölgə kimi düşür, adam da var, öz adının işığında tək özünü deyil, başqalarını da yaşadır. İşçi də işəgötürənə Allahın bir əmanətidir, elə deyilmi?! Biznesin dövlətə ənanət edildiyi kimi. Sahibkarın işi uğurlu olanda təkcə özü xoşbəxt olmur, başqalarının da bu xoşbəxtlikdə öz payı var.

Sözügedən mərasimdə belə uğurlu işlərin videonümayişi də, çıxışlarda səslənən adlar vardı. Foyedə stenddə xeyli yerli şirkətin adını oxudum. Nə gizlədim, çoxu ilə birinci dəfə tanış olurdum. Sahibkarlarla iftar süfrəsinin təşkilatçılarını, sponsorlarını, bəli, tanıyıram. Marsol Group öz yerində. Bir də Viva var, Crystal Group of Companies", "Veysəloğlu Şirkətlər Qrupu" və "Fibrotruck"var.

Keçən əsrin sonlarında millət: "Hanı milli burjuaziya?!" deyə meydanlarda hayqırırdı. O zamanlar hələ Sovet rejiminin plan iqtisadiyyatından tam qurtulmamışdıq. Öz milli sahibkarlarımızı axtarırdıq. İndi yüzlərlə iş adamının toplaşdığı salona baxanda, özlüyündə deyirsən: "Budur, millət, bu da sənin axtardığın milli sahibkarlar təbəqəsidir, biznesin elitasıdır. Qalx, uğur qazananı şərəfləndir, əlini sıx, çətinliyə düşəndə əlindən tut, qaldır ayağa".

Bilirsiniz, sahibkar olmaq təkcə sahib olmaq deyil. Erik Fromm deyirdi: "Əsas - sahib olmaq deyil, sahib olduğuna layiq olmaqdır". Yəni layiq olduğuna sahib olmaq. İş adamının layiq olduğuna sahib olması üçün qarşısındakı maneələr də aradan qalxsın gərək. İş adamı önünü daha aydın görsə, daha uzağa gedəcək (təbii ki, yeni bazarlara çıxmaq anlamında). Sahibkarlıq ən birinci məsuliyyət sahibi olmaqdır, məncə. O cümlədən, sosial məsuliyyət. Sosial layihələrə də dəstək vermək mənasında dedim. Ramazan ayında iş adamları üçün iftar süfrəsi də bir sosial məsuliyyət tədbiri idi. Ancaq cəmiyyətin daha çox ehtiyac duyan həssas təbəqələri ilə də paylaşmaq gözəldir. Bu da var, əlbət.

P.S. Mərasim yüksək səviyyədə keçdi: rəsmi hissəsi də vardı, bədii hissəsi də. Əsas olan "səmimi" hissədir. Səmimi hisslər. Buna milli biznes elitanın özünəməxsus təntənəli paradı da deyərdim. Paradı "qəbul edənlər" sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Marsol Group-un təsisçisi, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası İdarə Heyətinin sədri Tural Mustafayev vardı, maraqlı çıxışlar, səmimi arzular oldu. Bir sözlə, dostlarla gözəl bir axşam keçirdik. Dəvətə görə Marsol Groupun təsisçisi, İCMA İdarə Heyətinin sədri Tural Mustafayevə təşəkkür edirəm.

İşlərimiz uğurlu olsun!

Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see369

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see277

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see270

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see266

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see265

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see259

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see256

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see254

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see254

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see250

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see246

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see243

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see241

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see232

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see230

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see221

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see202

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see199

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see190

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri