Kəlbəcərdə həyatın ritmi dəyişir 476 mənzildən ibarət yeni yaşayış kompleksi inşa edilir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kəlbəcər, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC
Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub. Layihə şəhərin inkişaf planına uyğun hazırlanıb və ümumi sahəsi 7,6 hektarı əhatə edir.
AZƏRTAC xəbər verir ki, kompleksdə 4 və 5 mərtəbəli 29 bina tikiləcək, burada 476 mənzil yer alacaq. Mənzillərin strukturu belə planlaşdırılıb: 8 birotaqlı, 176 ikiotaqlı, 169 üçotaqlı və 123 dördotaqlı. Bu müxtəliflik ailələrin fərqli ehtiyaclarına uyğunlaşdırılıb.
Sakinlərin rahatlığı üçün kompleksdə məişət və ticarət obyektləri, uşaq oyun meydançaları, velosiped yolları, istirahət guşələri, söhbətgahlar, futbol meydançası və yerüstü avtomobil dayanacağı inşa olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksək sürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri də aparılacaq.
Yeni yaşayış kompleksi Kəlbəcərin sosial-mədəni həyatına canlılıq gətirəcək, bölgədə işğaldan sonra bərpa prosesini sürətləndirəcək və sakinlər üçün müasir standartlara cavab verən yaşama şəraiti yaradacaq.


