Icma.az
close
up
RU
Kəlbəcərin işğalı zamanı dinc əhali qətl və işgəncələrə məruz qalıb

Kəlbəcərin işğalı zamanı dinc əhali qətl və işgəncələrə məruz qalıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi videomaterialları təqdim edib. Nümayiş olunan videomaterialdan biri 1993-cü ilin mart və aprel aylarında lentə alınıb.

Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar, Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir.

Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”

Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.

Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana “birləşəcək”, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, – deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.

Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana “birləşəcək”.

Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir. Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların nəşləri göstərilir.

Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir. Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Əvvəlcə çıxış edən zərərçəkmiş Zabil Səfərov ifadəsində 1993-cü il aprelin 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, – deyə o bildirib. Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

“Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Mən Şuşa “türmə”sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm. Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı. Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər. Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər. Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar”, – deyə Z.Səfərov diqqətə çatdırıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Z.Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.

Zabil Səfərov zərərçəkmişlərin nümayəndəsinin sualına cavabında deyib ki, o, 1995-ci ilin noyabrında girovluqdan azad edilib.

İfadə verən zərərçəkmiş şəxs Nəsimi Səfərov bildirib ki, Kəlbəcər rayonunun Ağdaban kəndində ata, ana, 3 qardaş, 2 bacı, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayıb. 1989-cu il iyulun 10-da Ermənistan silahlı bölmələrinin Ağdaban kəndinə ilk hücumları olub. Hücum edənlər Ağdərə rayonunun Çapar kəndinin sakinləri olublar. Onların başçıları Çapar kəndinin kolxoz sədri, Ermənistandan bu hadisələrə başçılıq etmək üçün göndərilən “Qaqo” adlı erməni olub. 1991-ci ilin oktyabr-noyabr aylarında Ermənistan silahlı bölmələri 2 dəfə Ağdaban kəndinə silahlı hücum edib, kəndin özünümüdafiə dəstəsi isə kəndi özlərində olan ov silahları ilə müdafiə edib və ermənilər kəndi işğal edə bilməyiblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran N.Səfərov qeyd edib ki, 1992-ci il aprelin 8-də səhər saatlarında Ermənistan ordusunun hərbçiləri çox böyük bir qüvvə ilə, təxminən 1000 nəfərə yaxın hərbçi və 6 zirehli texnika ilə kəndə hücuma keçdilər: “Hücum zamanı biz təxminən 30-35 nəfər şəxs idik. Ermənistan ordusunun bölmələrinin hücumu zamanı Ağdaban kəndinin 32 nəfər sakini şəhid oldu, 9 nəfər yaralandı, 5 nəfər isə girov götürüldü. Ermənilər kənddəki evlərin təxminən yarısını yandırdılar. Onlar kənd əhalisinə məxsus mal-qaranı, evlərdə olan müxtəlif məişət əşyalarını talayaraq apardılar. Kəndin qalan əhalisi isə məcburi şəkildə Kəlbəcərin Bağırlı kəndi istiqamətində qaçdılar. Onlar kəndi məcburi şəkildə, meşələr vasitəsilə piyada olaraq tərk etdilər.

Ermənilər həm say, həm də silah-sursat baxımından dəfələrlə üstün olduğu üçün kəndi müdafiə edə bilmədik”. Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Qurbanov Ermənistan silahlı qüvvələrinin hərbçilərinin 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinə silahlı hücum etdiyini bildirib.

“Həmin hücum zamanı atam Bakı Qocayev və anam Zeynəb Qocayeva yaşadıqları evdə yandırılaraq öldürülüblər. Ermənistan silahlı bölmələrinin kəndə silahlı hücumu zamanı bibim qızı evdə olduğu zaman ev ermənilər tərəfindən yandırılıb. O da evin içində yanaraq qətlə yetirilib. Onların meyitləri demək olar ki, tamamən yanaraq kül olmuşdu. Həmin vaxt həyat yoldaşım və övladlarım ilə birlikdə Bərdə şəhərində yaşayırdım”, – deyə o əlavə edib.

Zərərçəkmiş şəxslərin ifadələrindən sonra növbəti videomaterial nümayiş olunub. Həmin videoda sonradan qondarma rejimin “daxili işlər, milli təhlükəsizlik nazirləri” və “baş prokuroru” olmuş Arşavir Qaramyan hərbçilərin əhvali-ruhiyyəsinin yaxşı olduğunu deyir. Həmin videoda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar müharibəni davam etdirməkdə israrlı olduğu bir daha təsdiqini tapır.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında zərərçəkmiş şəxs deyib ki, həmin hücum nəticəsində əmisi Qara Qocayev yaşadığı evin yaxınlığında açılmış atəş nəticəsində güllə yaraları xəsarəti alaraq həlak olub.

“1988-ci ilin əvvəllərindən ermənilər tərəfindən Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı nifrət təbliğ olunurdu, ermənilər Ağdərə–Kəlbəcər yolunu bağlayıb və oradan keçən azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə daş atırdı, əllərində olan dəyənəklərlə maşınları vuraraq sürücü və sərnişinləri təhqir edirdilər. Onların məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaqdan ibarət idi və bu hərəkətləri ilə onları qorxudub evlərindən çıxartmaq istəyirdilər”, – deyə Z.Qurbanov deyib.

Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndər Kərimov da ifadəsində bildirib ki, Kəlbəcər rayonu işğal olunanadək rayonda yerləşən “İstisu” sanatoriyasında həkim işləyib, Ağdaban kəndində yaşayıb.

O qeyd edib ki, Ağdaban kəndinin Ermənistan silahlı bölmələrinin hücumlarından müdafiə olunması üçün təşkil olunmuş özünümüdafiə dəstəsinə qoşulub.

Artıq 1990-cı ildən başlayaraq Ermənistan silahlı bölmələri mütəmadi şəkildə Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Ağdaban kəndini müxtəlif çaplı silahlardan atəşə tutub. 1992-ci ilin aprel ayında Ağdaban kəndində təxminən 137 ev olub, yəni kənddə 137 ailə olmaqla 700 nəfərə yaxın sakin yaşayıb.

“1992-ci il aprelin 8-də Ağdaban kəndi hər tərəfdən Ermənistan silahlı bölmələri tərəfindən müxtəlif odlu silahlardan atəşə tutuldu. Onlar Çapar kəndi tərəfdən gələrək, meşəlik və dağlıq ərazilərə keçib, kəndi tam mühasirəyə aldılar. Kəndi iriçaplı silahlardan, pulemyotlardan, digər meşəlik və dağlıq ərazidən isə avtomat silahlardan atəşə tuturdular”, – deyə zərərçəkmiş şəxs bildirib.

Daha sonra ifadə verən zərərçəkmiş şəxs Müşfiq Əliyev bildirib ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu ərazisində Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülüb. Sonra digər girovlar ilə birlikdə “Ural” markalı avtomobillə Xankəndi şəhərində yerləşən uşaq bağçasına aparılıb.

“1993-cü il aprelin 1-də Cəmilə Quliyeva ilə birlikdə Xankəndi şəhər uşaq xəstəxanasına aparıldım. Orada Stepanyan Edik adlı erməni həkim əvvəlcə güllə yarası almış ayağımı kəsmək istədi, sonradan isə kəsməyərək heç bir ağrıkəsici və keyidici dərman istifadə etmədən döyə-döyə əməliyyat etdi. Üç ay xəstəxanada qaldığım müddətdə həmin erməni həkimin mənim üzərimdə eksperiment apardığını başa düşdüm”, – deyə zərərçəkmiş şəxs bildirib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs deyib ki, yaraları tam sağalmamış 5 nəfər girovla birlikdə Şuşa həbsxanasına aparılmaqla 1 il 7 ay saxlanılıb.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirib ki, girovluqda saxlanılan bəzi azərbaycanlılar verilən işgəncələrə dözməyərək özlərinə qəsd edib. O da buna cəhd etsə də, başa çatdıra bilməyib. Hətta işgəncələrə dözməyərək özünü yandırmaq da istəyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Daha sonra Ermənistan ordusunun Kəlbəcər rayonunun Başlıbel kəndini işğal etməsi ilə bağlı videomaterial nümayiş olunub.

Kadrlarda hərbi formada olan ermənilərdən biri Ermənistan hərbçilərinin özlərini çox yaxşı apardıqlarını və ruhlarının yerində olduğunu deyib. O, sözünə davam edərək deyir: “Kirovabada çatacağıq, qaraçıların dediyi kimi Gəncəyə”.

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamla bağlı protokolları elan edib. Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri