Icma.az
close
up
RU
Konstitusiyamız dövlət müstəqilliyimizin əbədi təminatı

Konstitusiyamız dövlət müstəqilliyimizin əbədi təminatı

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının tarixində elə sənədlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da aydın görünür, dövlətçilik yolumuzun istiqamətini müəyyən edir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası da məhz belə tarixi sənədlərdəndir. Bu sənəd müstəqil dövlətimizin ideoloji, siyasi və mənəvi təməl daşı, xalq iradəsinin rəmzidir.

Müasir Azərbaycan Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq xalqın iradəsi ilə qəbul olunub. Bu, sadəcə hüquqi sənədin qəbul edilməsi deyildi – əslində azad, müstəqil və suveren Azərbaycanın gələcək taleyinin yazılması idi. Prezident İlham Əliyevin sözləri ilə desək, “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə gedib çıxır. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, xalqın müstəqillik arzusu o dövrdə özünü bütün gücü ilə büruzə verdi. Sonrakı illərdə – sovet dönəmində – 1921, 1927, 1937 və 1978-ci illərdə qəbul olunmuş konstitusiyalar Azərbaycan SSR-in hüquqi statusunu müəyyənləşdirsə də, həmin sənədlər o dövrün ideoloji məhdudiyyətləri çərçivəsində formalaşmışdı. Bununla belə, 1978-ci il Konstitusiyasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daxil edilən “Azərbaycan dilinin dövlət dili olması” maddəsi milli kimliyimizin qorunmasında dönüş nöqtəsi oldu.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə dərin siyasi və sosial böhran içində idi. Qanunçuluq pozulmuş, idarəetmə mexanizmləri dağılmışdı. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaosdan çıxardı, dövlətçiliyi xilas etdi, sabitlik və hüquqi nizam yaratdı. Məhz həmin sabitlik yeni Konstitusiyanın hazırlanması üçün zəruri zəmin oldu.

Ulu Öndər demişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Beləliklə, Azərbaycan tarixində ilk dəfə xalqın iradəsi ilə öz dövlətinin gələcəyini hüquqi şəkildə təsbit edildi. Bu gün həmin tarix milli yaddaşımıza “Konstitusiya Günü” kimi həkk olunub.

Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. Bu sənəd müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat verən, insan hüquqlarını və azadlıqlarını qoruyan mükəmməl hüquqi baza yaratdı. Prezident İlham Əliyevin dediyi kimi, “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.”

Azərbaycan Respublikasının Konstitusiyası həmçinin hüquqi dövlətin əsas prinsiplərini müəyyən etdi – hakimiyyət bölgüsü, qanunların aliliyi, vətəndaşların bərabərliyi, insan hüquqlarının toxunulmazlığı. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr edilmişdir. Bu, dövlətin vətəndaşa münasibətində humanist yanaşmanın, demokratiyanın və hüquqi düşüncənin ən bariz ifadəsidir.

Müstəqil Azərbaycan Konstitusiyası qəbul edildikdən sonra hüquqi və institusional sahədə mühüm addımlar atıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması, sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlarla sənədə edilən dəyişikliklər dövlət idarəçiliyinin daha çevik və müasir prinsiplərlə uyğunlaşdırılmasına, insan hüquqlarının daha səmərəli qorunmasına yönəlmişdi. 2016-cı ildə yaradılmış Birinci vitse-prezidentlik institutu idarəetmə sisteminin yenilənmiş, daha çevik və məsuliyyətli modelinin əsasını qoydu.

Müstəqilliyimizin bərpasından bu yana keçən illər ərzində Azərbaycan Konstitusiyası dövlətin inkişafını, sabitliyini və hüquqi sistemin təkmilləşməsini təmin edən əsas dayaqlardan biri olub. Xüsusilə 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin antiterror əməliyyatlarından sonra ərazi bütövlüyümüzün tam bərpa edilməsi Konstitusiyanın real qüvvəsini bütün torpaqlarımızda bərqərar etdi. Bu, yalnız hərbi və siyasi uğur deyil, həm də Konstitusiyanın bəyan etdiyi milli suverenliyin tam şəkildə həyata keçməsidir.

Məhz bu səbəbdən Prezident İlham Əliyevin 2024-cü il sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu qərar həm Konstitusiyamızın qəbulunun 30 illiyi, həm də Vətən müharibəsində qazanılan qələbənin 5 illiyi münasibətilə dövlətçilik tariximizin iki ən uca zirvəsini birləşdirir. Bu il, həmçinin Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib. Bu medal ölkəmizin hüquq sisteminin inkişafına, Konstitusiyanın aliliyinin təmininə, dövlət müstəqilliyinin möhkəmlənməsinə, insan hüquqlarının müdafiəsinə və konstitusion dəyərlərin təbliğinə mühüm töhfə vermiş şəxslərə təqdim ediləcək.

Bu gün Azərbaycan dövləti öz inkişaf yolunu Konstitusiyanın prinsiplərinə əsaslanaraq inamla davam etdirir. Qanunun aliliyi, vətəndaş azadlığı, sosial ədalət, dövlət suverenliyi kimi dəyərlər artıq təkcə hüquqi terminlər deyil – hər bir vətəndaşın gündəlik həyatında hiss etdiyi reallıqdır.

Konstitusiyamız bu gün də xalqımızın azadlıq iradəsinin, dövlət müstəqilliyinin və milli birliyinin ən ali simvoludur. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü təkcə hüquqi bayram deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin, suverenliyimizin bayramıdır. Bu sənədin müəllifi Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti sayəsində Azərbaycan bu gün regionun ən güclü, ən sabit və ən hüquqi dövlətlərindən birinə çevrilmişdir.

Konstitusiyamız – dövlətimizin vicdanı, xalqımızın iradəsi və gələcək nəsillərə əmanət olan müqəddəs and yeridir.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri