Konte “Napoli”ni zirvəyə necə qaytarıb?
“Napoli” 2022/23 mövsümündə 33 ildən sonra İtaliya çempionu oldu. Amma Luçano Spallettinin baş məşqçi vəzifəsindən gedişi növbəti mövsümdəki nəticlərə çox pis təsir etdi: mövsüm ərzində üç məşqçinin başçılığı altında çıxış edən komanda yekun cədvəldə 10-cu yeri tutaraq avrokuboklarda belə iştirak hüququ qazana bilmədi.
Cari “futbol ili”ndə isə vəziyyət köklü surətdə dəyişib: “Napoli” yenidən A seriyasının zirvəsində görünür. İndi Antonio Kontenin çalışdırdığı cənubluların yaxşı mənada necə dəyişdiyinə nəzər salacağıq.
Unikal hücum sistemi necə qurulub?
Əslində komandanın hücum potensialının 90 faizini təşkil edən Xviça Kvaratsxeliya ilə Viktor Osimhenin yayda bir-birindən ayrılması cənubluların ön xəttini zəiflətmişdi. Onların son mövsümlərdəki məhsuldar çıxışından sonra Neapolda çox da qalmayacaqları məlum idi. Hücuma vaxtında əl gəzdirmək üçün bu cütlüyü daha tez buraxmaq lazım idi. Lakin qoca rəhbər Aurelio De Laurentis müasir dövrün yeni qaydalarına uyğun addımları lazımi məqamda atmaqda çətinlik çəkir. Nigeriyalı hücumçu ilə yeni müqavilə üzrə danışıqları gecikdirən klubun prezidenti eyni səbəbdən gürcü yarımmüdafiəçinin də oyun planında bir qədər geriləməsinə səbəbkar oldu. Fakt budu ki, Osimhen mövsümün əvvəlindən icarə əsasında “Qalatasaray”da çıxış edir, Kvaratsxeliya isə bir neçə gün əvvəl PSJ-yə satılıb.
A seriyasının yanvarın 18-də keçirilən oyununda qeydə alınan nəticə yetərincə düşündürücüdü. “Napoli” Berqamoda Xviçasız 3:2 hesabıyla qalib gələrək liderliyini qorudu. Halbuki “Atalanta” ötən il noyabrın 3-də Neapolda meydan sahiblərinin qapısından üç cavabsız top keçirmişdi. Can Pyero Qasperininin komandası neapollularla ikinci görüşə qədər ölkə çempionatında 15 oyun idi uduzmurdu. “Napoli” iki ay iki həftədən sonra evdəki məğlubiyyətin əvəzini çıxmağa müvəffəq oldu. İtaliyada “Yuventus”u üç, “İnter”i və İngiltərədə “Çelsi”ni bir dəfə çempionluğa daşıyan Kontenin xarakterə malik məşqçi olduğu hamıya bəllidi. Həm də çox bacarıqlıdı. Zarafat deyil, ötən mövsüm çempion simasından əsər-əlamət qalmayan, az qala hamıya uduzan komandanı zirvəyə qaytara bilib. “Napoli”nin zəif cəhətlərini necə “sığortalamaq” lazım gəldiyini düşünüb. Qeyd edək ki, hətta komandanın ən təcrübəli oyunçularından olan kapitan Covanni Di Lorentso da Spallettinin memarı olduğu çempionluq mövsümündəki ən yüksək səviyyəsinə qayıda bilməyib. Buna baxmayaraq, “Napoli” liderlər qrupunda olmaq və çempionatın aşkar favoriti sayılan son çempion “İnter”lə axıra qədər başabaş mübarizə aparmaq istəyir. Bunun üçün isə Kontenin sərəncamında olan hər bir futbolçudan öldürücü silah təsiri bağışlamaq tələb olunur.
Baş məşqçi taktiki savadına görə də Avropanın öncülləri sırasındadı. Kontenin komandası Berqamodakı matçda qapı çərçivəsinə yalnız üç zərbə endirə bildi və bütün dəqiq zərbələr qolla nəticələndi! Təcrübəli Romelu Lukaku ilk dəqiq zərbəsi ilə qapıya yol tapdı. Belçikalı hücumçu Andre-Frank Zambo Angissanın sol cinahdan asmasına reaksiya verdi. Romelu bu mövsüm Aseriyasında 8 qolun və 6 məhsuldar ötürmənin müəllifi olub. O, Kontenin başçılığı altında özünü çox yaxşı hiss edir və göstərməyi bacarır. Lukaku “İnter”lə çempion olduğu mövsümdə də məhz bu mütəxəssisin sərəncamında oub.
Neapolluarın yeni oyunçularından Skott Maktominey də yerli tifozini sevindirməkdədi. Milli komandasında qol vurmaq bacarığını göstərən şotlandiyalı indi klubda da qapıya yol tapır. Yarımmüdafiəçi Neapoldakı həyatından çox razıdı, çünki daim şəhərin sakinlərindən böyük dəstək alır.
Yeri gəlmişkən, o, komandanın avtobusundan Berqamodakı tərəfdarlar tərəfindən necə qarşılanmalarını çəkib sosial şəbəkə hesabında paylaşmışdı. Neapolluların vacib oyun üçün 800 kilometr məsafə qət etmələrini bu şəkildə dəyərləndirmişdi.
“Mançester Yunayted”in sabiq oyunçuları olan Romelu ilə Skottdan başqa sabiq “Fulhem”li Zambo Angissanın mükəmməl oyunu da vurğulanmalıdı. Kamerunlu dayaq yarımmüdafiəçisi Kontenin başçılığı altında meydanda sərbəstlik qazanıb. Sol cinaha meyillənən Andre-Frank həm oyundaşlarına məhsuldar ötürmə verir, həm də özü qol vurur. Sağ cinahda oynayan müdafiəçi Di Lorentso da məhsuldar fəaliyyətini davam etdirir. Kontenin qurduğu unikal hücum sistemində rol oynayanlardan Matteo Politano fiziki hazırlıq planında “artırarsa”, daha çox çol vura bilər. Komandaya yayda gətirilən braziliyalı David Neres isə indi yüksək səviyyəli texnikası ilə Kvaratsxeliyanı əvəzləyir.
Baş məşqçi optimal müdafiə axtarışındadı
“Napoli” A seriyasının son 6 oyununda xal itirməyib. Halbuki ötən ilin dekabrında ölkə kuboku və çempionatında üç gün ərzində “Latsio”ya iki dəfə uduzmuşdu (1:3, 0:1). Paytaxt komandası indi A seriyasında 4-cü yeri tutur, “Napoli” isə ayyarım əvvəlki vəziyyətlə müqayisədə “Atalanta”nı qabaqlayaraq 1-ci yerə çıxıb. Konte komandanı dərin böhranda olarkən qəbul etdiyini yaxşı bilir. 55 yaşlı mütəxəssis arxada qalan aylar ərzində bir sıra problemli komponentlərə əl gəzdirməklə inanılmaz nəticəyə nail olub. Neapollular indi döyüşkən kollektivi xatırladır. Amma etiraf edək ki, Kontenin komandası heç də hər oyunda gələcək çempiondan xəbər vermir.
Bəli, hücum xətti indi daha rəngarəng görünür. Lakin arxa xətdə ötən mövsümdən yığılıb qalan bir sıra problemləri tam şəkildə həll etmək hələ mümkün olmayıb. Spallettinin “Napoli”sində müdafiənin mərkəzi Kalidu Kulibali və Kim Min Ce ilə yetərincə sakit görünürdü. Qapıçı onların sayəsində oyuna tez-tez qoşulmaq ehtiyacını duymurdu. Lakin Aleks Meret “Atalanta” ilə matçda bir neçə dəfə real qola mane olmaqla komandasının həlledici əks-hücumuna ümid yeri qoydu. Bu məqamda rəqib oyunçu Nikolo Zanyolo da cənubluların köməyinə gəldi: qalmaqalçı xarakterli hücumameyilli yarımmüdafiəçi rəqib qapısı qarşısında topdan səmərəli istifadə edə bilmədi. Onun qəribə hərəkəti isə qonaqlara hələ Valter Matsarri və Mauritsio Sarri kimi sabiq çalışdırıcıların vaxtında populyar olan klassik cinahla hücum metodundan yararlanmaq imkanı verdi. Necə deyərlər, Lukakunun vurduğu qol zamanı hücumun qanadı bəhrə verdi.
İndiki heyətdə Di Lorentso ilə Leonardo Spinatsola kimi təcrübəli müdafiəçilərdən başqa uruqvaylı Matias Olivera da var. Cinah müdafiəçiəri ilk növbədə öz mövqeyində rəqib hücumlarının qarşısını almalı olurlar. Ona görə ki, Konte əvvəlki komandalarında olduğu kimi üç mərkəz müdafiəçili sxemdən istifadə etmir. Arxa xəttin nə dərəcədə etibarlı olduğu böyük ölçüdə dayaq yarımmüdafiəçisi slovakiyalı Stanislav Lobotkanın oyun keyfiyyətindən asılıdı. Maktominey ilə Zambo Angissa hücuma daha çox meyil edirlər. İstənilən halda müdafiə xətti səviyyəsini artırmalıdı. Amir Rrahmani mövsümü çox yaxşı keçirir: Kosovo yığmasının oyunçusu oyundaşlarına daim məsləhətlər verir, ikili mübarizəyə girişir və əksər hallarda düzgün mövqe seçir.
Amma onun amplua üzrə oyundaşları hərdən qeyri-adi hərəkətləri ilə komandanı çətinə salırlar. Bir ay əvvəl Alessandro Buoncorno məşq zamanı uğursuz halda kürəyi üstə qazona yıxıldı. Bu səbəbdən bir neçə oyunu buraxan gənc mərkəz müdafiəçisi artıq məşqlərə başlayıb. Onu əvəzləyən Juan Jezus topla davranış planında komandanın ən səliqəli oyunçusu sayılır. Lakin A seriyasında güclü rəqiblərə qarşı daim oynamaq 33 yaşlı oyunçu üçün problemli məsələdi.
Ən böyük arzunu reallaşdırmaq üçün...
Mərkəz müdafiəçiləri Maktominey ilə Zambo Angissanın tez-tez hücuma atıldıqlarını qeyd etdik. Onların həmlələri “Napoli”ni təhlükəli edir. Şotlandiyalı zərbə mövqeyinə çıxarkən, kamerunlu isə sol cinaha yönəlməklə zonaları açır. Müdafiə xəttinə iradlar olsa da, komanda 21-ci turdan sonra A seriyasında hamıdan az - 14 top buraxıb! Buna baxmayaraq, cənubluların necə qollar buraxdıqlarına diqqət yetirsək, komandanın hələ də inkişaf mərhələsində olduğu aydın görünər. Konte bir qədər yeni kollektiv qurub. Kvaratsxeliya Parisə yollanandan sonra yeni liderlərə ümid bəsləmək lazım gələcək. Və yaş amilini də unutmaq olmaz. Axı Lukaku mayda 32 yaşını tamamlayacaq. Kvaratsxeliya ilə yayda birdəfəlik satılacaq Osimhenin gedişi “Napoli”yə pul qazandıracaq. Deməli, Konte heyəti gücləndirmək üçün vəsaitlə təmin olunacaq. Bu, xüsusilə komanda skudettonu qazanacağı halda daha vacib sayılacaq.
Çempionluğun reallaşması isə fiasko ilə nəticələnən mövsümdən sonra çox böyük nailiyyət sayılacaq. Hələlik isə bir nömrəli favorit “İnter”di. Son çempion bir oyun az keçirməklə neapollulardan 3 xal geri qalır. Başqa sözlə, itirilməyən xallara əsasən, şərikli potensial liderdi. Milanlılardan fərqli olaraq avrokuboklarda oynamamaq Kontenin komandasının işinə yarayır. “Napoli” artıq ölkə kubokunda da mübarizəni dayandırıb. Deməli, bir cəbhədə daha effektli mübarizə aparmaqla ən böyük arzunu reallaşdırmaq mümkündü. Amma bundan sonra gərək “İnter” də ciddi səhvlərə yol versin. Əks halda...