Kukla Teatrında nə baş verir? Rejissordan qalmaqallı açıqlama
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
"Dünənki məlum paylaşımım, uzun müddətdir davam edən mənəvi terrora, şəxsimə və həyat yoldaşım Rəşad Əhmədzadəyə qarşı edilən haqsızlıqlara üstüörtülü etirazım səs-küyə səbəb oldu. Onlarla dəstək zəngi, mesaj və rəyi aldım. Bəli, haqlı-haqsız iradlar, sosial platformalarda narahatlıqlar və bundan doğan müxtəlif fikirləri də gördüm".
Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin rejissor xanımı Səidə Haqverdiyeva sosial şəbəkədə yazıb. O, ötən gün açıqladığı boşanma xəbərinə aydınlıq gətirib.
O bildirib ki, həyat yoldaşından boşanmağa onu vadar edən səbəblər var:
"Hesab edirəm ki, bu məsələ barəsində geniş şərhə, açıq qalan suallara cavaba böyük ehtiyac var. Həyat yoldaşımı qorumaq üçün atmış olduğum addım - çıxılmaz, ən sonuncu yol kimi qəbul etdiyim boşanma haqqında ağır qərara aydınlıq gətirməliyəm. Beləcə, yaranan və yarana biləcək bütün suallara da cavab vermiş olacağam.
Mədəniyyət Nazirliyinin bəzi məmurları qoçuluq edən aktrisanı niyə dəstəkləyirlər? Yaxud Mədəniyyət Nazirliyi kimin dostudur?
Görəsən, başqalarının əmək hüquqlarını ciddi şəkildə pozaraq sırf bir aktrisanın nazını çəkən Mədəniyyət Nazirliyinin bəzi məmurları bu ağlasığmaz cəsarəti haradan alıblar? Axı, havadarlıq prinsipi ilə yaşayan bir şəxsin tələbləri ilə hesablaşmaq bizə yaraşmaz! Vicdanlı vətəndaş kimi məhkəmənin verdiyi əsassız qərara susmaq isə heç olmaz!
Birinci dərəcəli keçmiş hakim qohumu, külli miqdarda rüşvətə görə hazırda həbsdə olan qaynının əlaqələrini, üstəlik ərinin qanuni və qeyri-qanuni “dost”luğunu rəhbər tutaraq “Kor atı minib köndələn çapan” bir insana bu qədər səlahiyyəti niyə və nə adla veriblər? Üstəlik, Mədəniyyət Nazirliyi Aparatının rəhbər şəxsi səviyyəsində biri sırf bir aktrisanın hikkəsini təmin etmək üçün bütün əmək qanunvericiliyini yerə çırparaq ömrünün 45 ildən artıq bir dövrünü teatra həsr edən peşəkar idarəçiyə necə hüquqazidd əmr verə bilər? Belə olan təqdirdə ömrünün 15, 20, 30 və artıq dövrünü şırma arxasında keçirən sənət fədailərinin haqqını kim tələb etsin?".
S.Haqverdiyeva haqqında danışdığı aktrisa Nərmin Əhmədova haqqında bunları əlavə edib:
"Gəlin, məsələni bir az ətraflı qeyd edim: Deməli, teatrımızda Nərmin Əhmədova adlı bir aktrisa var. Hazırda şad-xürrəm növbəti (3-cü dəfə) analıq məzuniyyətinə hazırlaşır. 12 il bundan öncə o vaxtkı Mədəniyyət və Turizm Nazirliyində çalışan bir xanımın xahişi ilə dram artisti (bəzi məktublarında ştat vahidini düzgün qeyd etməyərək, “aktyor” kimi yazır) kimi işə götürülüb. Bu ad sizə heç tanış deyil. Əslində, teatrda çalışanların da çoxu onu müəssisədə yaratdığı özünəməxsus iğtişaşlara görə tanıyıb. Bu qadın hələ teatra gəldiyi qısa vaxtda (təxminən 1 ay sonra) teatrın o vaxtkı baş rejissoru Rəhman Əlizadənin təqdimatı ilə ilk töhmətini alıb. Həmin vaxtdan bəri Nərmin Əhmədova teatrın iki baş rejissorundan müxtəlif təqdimatlarla töhmətlər alıb, hazırkı baş rejissor ilə isə ciddi münaqişədədir. Qısacası Nərmin Əhmədovanın aktyor tərcümeyi-halı rəngarəng rollar, qastrollar, mükafatlarla yox, “töhmət”lər, “şiddətli töhmət”lər, “təqdimat”larla zəngindir.
O, teatrda 12 ildən artıq çalışmasına (bu zamanın da təxminən 4-5 ili analıq məzuniyyəti dövrlərinə düşür) rəğmən, cəmi bir neçə tamaşada irili-xırdalı rol alıb və bütün tamaşalardan sonra rejissorlar onunla çalışmaq istəmədiklərini qeyd ediblər.
Özünü teatrda ağa kimi aparan, bəzi həmkarlarını nalayiq küçə sözləri ilə təhqir edən, yaradıcılıq anlayışını dava-dalaş kimi anlayan mürəkkəb xarakterə malik idarəolunmaz şəxs. Bu xanım özü ilə o qədər qürrələnir ki, artıq haqq etmədiyi kateqoriya, fəxri ad, mükafat qovğalarına girişir.
Bu da təsadüfi deyil. Çünki arxasında dağ kimi dayanan əvvəlin Mədəniyyət Nazirliyinin əməkdaşı, indinin nəqliyyat şirkəti rəhbəri əri Əfsun Əhmədov və onun iş birliyində olduğu məmur dostları var".
Rejissor bildirib ki, adını çəkdiyi aktrisa ona təzyiqlər göstərir:
"Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi ərinin və ona himayədarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir. Teatr, onun gələcək rəhbəri, nəinki teatr, Mədəniyyət Nazirliyi strukturu barədə ekspertsayağı proqnozlar verir. Bu onun köhnə vərdişidir.
Həqiqətən maraqlıdır deyə soruşuram: Mədəniyyət nazirliyi strukturundakı hər hansı dəyişiklik Kukla Teatrının aktrisası ilə məsləhətləşilir, yoxsa nazirin təyinat əmrlərinə ilk əvvəl Nərmin Əhmədova baxır? Ümid edirəm ki, bu sualımın cavabı olacaq!
Gücünü, bir növ yuxarı dairələrdə statusunu göstərmək üçün 96 nəfərlik kollektiv və nazirlikdən gələn nümayəndələrin gözü qarşısında nazirin çıxışı zamanı zalı nümayişkaranə tərk edərək qapını çırpmaqdan çəkinməyərək çıxıb gedib.
Sonuncu qalmaqalı isə bu olub: Mənim şəklim divarda niyə yoxdur? Bəli, məhz son olaraq bu ilin mayında teatrın direktorunun otağına soxularaq bununla bağlı müəssisə rəhbəri ilə mübahisə edib. Bu şəxs teatrın yaradıcı heyət üzvlərinin foyedə şəkillərinin düzülüşü ilə bağlı texniki işi də əlaqədar şəxsdən yox, direktordan soruşaqcaq qədər “fərasətli” və rahatdır. Hərçənd həmin vaxt yaz yağışları səbəbindən teatrın iki divarında çat yaranmış və o çatın kosmetik təmiri ilə əlaqədar olaraq onunla yanaşı 14 nəfər teatr təmsilçisinin fotosu müvəqqəti olaraq götürülmüş, təmir bitib, divar quruyan kimi də bu işə məsul əməkdaşlar tərəfindən yerinə asılmışdı".
S.Haqverdiyeva Nərmin Əhmədovanın onun həyat yoldaşını işdən çıxarmaqla hədələdiyini bildirib:
"Nərmin Əhmədova bu və başqa əsassız bəhanələrlə direktorun iş otağına gələrək onu qalmaqala təhrik edib, direktor onun xasiyyətinə bələd olduğundan sakit şəkildə yola verməyə çalışıb. Sonuncu dəfə həddini bir az da aşaraq yumruğunu direktorun iş otağındakı masaya vuraraq Rəşad Əhmədzadəni işdən çıxartdıracağı ilə hədələyib. Bundan ürəyi soyumayan Nərmin Mədəniyyət Nazirliyinə bir neçə dəfə şikayət məktubu yazıb və bütün məktublarında heç bir əlaqəm olmadığı halda haqqımda əsassız iddialar irəli sürüb. Maraqlısı budur ki, məsələ ilə bağlı məhkəmə də məlum şəxsin xeyrinə əsassız qərar qəbul edib.
Ən dəhşətlisi bilirsiniz nədir? Nərmin Əhmədovanın nazirliyə ünvanladığı tələb xarakterli məktubunu rəhbər tutan Mədəniyyət Nazirliyinin aparatından teatra Nərmin Əhmədovanın kateqoriyasının, bu yolla əmək haqqı ödənişinin artırılması ilə bağlı tələb məktubu, nəticə olaraq hədələyici təlimat gəlib.
Maraqlıdır, dəfələrlə nizam-intizam qaydalarını kobudcasına pozan, buna görə töhmətlər alan, aktyor həmkarlarından qat-qat az çalışan, qısacası, bir dram artisti kimi ştat vəzifələrini icra etmədiyi halda tələbnaməsi boy verən Nərmin Əhnmədovanın başqa hansı üstünlüyü var? Yaxud, bu qadın və havadarları bizdən nə istəyirlər?
Onun qeyd etdiyim məktublarından sonra Mədəniyyət Nazirliyi tərəfindən izahatım alınıb. Əvvəlcə ali təhsil sənədi kimi diplomumun olmaması, sonra isə ixtisasım üzrə işləmədiyimi (bu arada ixtisasım pedaqoq və musiqi sənəti üzrə menecmentdir) əsas gətirilib. Bu ittihamların da əsassız olduğunu gördükdən sonra diplomumu nostrifikasiyadan keçirmədiyimi xüsusi vurğuladılar. Bu məsələdə haqlı idilər. Amma mən onsuz da Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TİKA) bununla bağlı müraciət etmişdim".
S.Haqverdiyevanın adını çəkdiyi aktrisa Nərmin Əhmədova
S.Haqverdiyeva bildirib ki, Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə (Санкт-Петербургский государственный институт культуры) ixtisası üzrə magistraturasını bitirib. O əlavə edib ki, magistraturanın son 6 ayında səhhəti ilə əlaqədar təhsilini dondurmalı olub.
Rejissor deyib ki, teatrın direktoru olan həyat yoldaşından onu işdən çıxarması tələb edilir:
"Qəribə olsa da bu sadə prosesi rəhbər tutan bəzi səlahiyyət sahibləri bunu əllərində rəhbər tutaraq həyat yoldaşım Rəşad Əhmədzadəyə “Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz” kimi absurd ittihamlar irəli sürürlər. Onu da qeyd edim ki, diplomun tanınması üçün müraciətə cavab 1-3 ay, bəzən də 6 ay çəkə bilir. Amma Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova Rəşad Əhmədzadəyə zəng edərək işdən çıxmağımla bağlı ərizəmin alınmasını tələb edib. Hə, əlavə edim ki, Nərmin Əhmədovanın özünün dediyinə görə, Böyükxanım Talıbova ilə isti münasibətləri var. Nərmin Əhmədova ilə bağlı mənə hədələyici tonda başqa xəbərdarlıqlar, birbaşa hədələr də olunub. Bunlar haqqında daha ətraflı sonra danışacağam.
Ümid edirəm ki, qarşılaşdığımız bu ağlasığmaz hərəkətlərin əsaslı cavabı olacaq. Ən azı xoşbəxt ailəmi dağıtmaqdan zövq alan, “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi iyrənc ultimatumlardan çəkinməyən kiçik məmurlar layiqli cəzalarını alacaqlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 13 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















