Laçın MDB nin mədəniyyət paytaxtı dır
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Regionda mədəni dirçəlişin və beynəlxalq əməkdaşlığın simvolu
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad olundu, Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edilərək, işğala son qoyuldu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqisənin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində sözünü demiş oldu. 10 noyabr 2020-ci il tarixdə 44 gün davam edən hərbi əməliyyatların yekunu və Ermənistanın məğlubiyyətinin açıq etirafının təsdiqi olaraq Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiya aktı idi və ölkəmizin maraqlarını ifadə edirdi. Həmin sənəddə bir sıra müddəalarla yanaşı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmə tarixləri yer almışdır. Dekabrın 1-i 2020-ci il tarixində strateji əhəmiyyətə malik Laçın rayonu Azərbaycana qaytarıldı. "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq", - deyə Prezident çıxışlarının birində bildirmişdir. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu gün işğaldan azad olunan ərazilər yeni bir dövrünə qədəm qoyub. Hər yerdə abadlıq-quruculuq işləri aparılır, toy–büsat qurulur. Laçınında tarixində davamlı əlamətdar günlər yaşanılır. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsi Laçın şəhəri 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunub. Bu qərar mühüm sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq göstəricisidir.
BÜTÜN REGİON ÜÇÜN MÜHÜM HADİSƏ
Laçın şəhərinin "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq. 2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur.
Laçının "MDB-nin mədəniyyət paytaxtı" elan olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm hadisədir. Bu təşəbbüs mədəni əməkdaşlığın genişlənməsinə, həmçinin azad edilmiş ərazilərin dirçəlişinə töhfə verəcək. Laçının Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı kimi yüksək status alması əlbəttə ki, sevindirici haldır.
İşğal illərində Laçında və digər ərazilərimizdə tarixi abidələrimizə qarşı vandallıq aktı törədilib. 217 mədəniyyət, 101 təhsil və 142 tibb müəssisəsi, 462 ticarət obyektləri, 30 rabitə və bir çox sənaye obyektləri məhv edilib. 54 dünya əhəmiyyətli tarixi abidə və 200 yerli əhəmiyyətə malik abidəyə xeyli ziyan dəyib.
Tarixdən bəllidir ki, ötən əsrin 20-ci illərində indiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla şəhərə Laçın adı verildi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı.
"LAÇININ İŞĞALI ÖLKƏMİZ ÜÇÜN BÖYÜK FACİƏ İDİ, LAÇINLILAR ÜÇÜN BÖYÜK FACİƏ İDİ"
18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçını işğal etdi və işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Laçın rayonunun 22 min hektarı meşə sahəsidir.
Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. Prezident İlham Əliyev Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi, - deyərək, bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi:"AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur".
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Bu gün işğaldan azad olunan ərazilərimizə, eləcə də Laçına Böyük Qayıdış başlayıb. Laçın yeni qaynar dövrünü yaşayır. Azad Laçında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Prezident İlham Əliyev azad Laçına səfərləri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Laçının həyatında növbəti tarixi hadisə mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi oldu.. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
Laçında Kiçik Su Elektrik stansiyalarının açılışı, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı, "Həkəri Balıq Təsərrüfatı"nın açılışı, eləcə də bir sıra məkanların təməlqoyma mərasimləri Laçında aparılan abadlıq-quruculuq işlərinin təzahürüdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcəkdir.
Görülən bu və ya digər işlər göstərir ki, ədaləti bərpa edən Azərbaycan bölgədə sülh və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirərək, genişmiqyaslı quruculuq-abadlıq işlərini də uğurla davam etdirir.
Zümrüd BAYRAMOVA


