Lələtəpədən Qubadlıya uzanan Zəfər yolu
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
22 oktyabr şəhadət günündə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun əziz xatirəsini dərin ehtiramla yad edirik!
Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərən Şükür Həmidov 2016-cı ildə Lələtəpə yüksəkliyini fəth edən zabitlərdəndir. O zabitlərdən ki, əsgəri ilə çiyin-çiyinə qanlı döyüş meydanına atılaraq ölümün gözünə dik baxıb. Özünün təbirincə desək, Lələtəpə romantikasını Azərbaycan əsgərinin qarşısından silahını ataraq qaçan düşmən zabitini görmə həzzini yaşayıb. Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.
Şükür sağlığında verdiyi müsahibədə Lələtəpə döyüşlərini belə xatırlayırdı: "Həmin günlər düşmən öz aləmində gizli tədbirlər həyata keçirirdi. Onlar arxadakı bölmələrini önə çəkirdilər, döyüş təlimləri adına müəyyən qruplaşmalar yaradırdılar, artilleriya, motoatıcı, mexanikləşdirilmiş tank bölmələrini önə gətirib ərazilərdə cəmləşdirirdilər. Təbii ki, bizim bölmələr boş durmayıb qarşı tərəfin bütün hərəkətini müşahidə edirdi. Baş verənləri təhlil etdikdən sonra anlamışdıq ki, düşmən hücumu ola bilər. Yanılmadıq... Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribat fəaliyyətinə başladı. Həmin istiqamətdə hərbi hissə komandiri idim. Baxdım ki, düşmən açıq şəkildə hücuma başlayır. Həmin vaxt ön xətdə xidmət aparanların hamısı adi əsgərlər idi. Həmin əsgərlər düşmən hücumunun qarşısını rəşadətlə aldılar. Onlara Azərbaycan əsgərinin zərbi-dəstini göstərdilər. Düşmənə sübut etdilər ki, bu, 1992-1993-cü illərdəki peşəkar zabitlər tərəfindən idarə olunmayan, silah-sursat qıtlığı yaşayan özünümüdafiə bölmələri deyil, bu, ən müasir ordularla müqayisə ediləcək Azərbaycan Ordusudur".
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində 2-ci Ordu Korpusunun Komandir müavini olan Şükür Həmidov, cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olur. Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bir neçə kəndinin azad edilməsi əməliyyatlarında iştirak edir.
Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Oktyabrın 23-də II Fəxri Xiyabanda dəfn edilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova (hazırda dünyasını dəyişib) dərin hüznlə başsağlığı vermişdir. Sonda müdafiə naziri şəhidin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onun ailəsinə təqdim etmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsindəki şücaətlərinə görə, Şükür Nəriman oğlu Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda" medalı , "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Şükür Həmidovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilmişdir.
Polkovnik Şükür Həmidov öz doğma torpağı uğrunda döyüşərək şəhadətə ucalan sərkərdə şərəfinin ən ali rəmzidir. 22 oktyabr şəhadət günündə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun əziz xatirəsini dərin ehtiramla yad edirik!
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 22 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















