Lənkəranın Hirkan Daştatük Biləsər avtomobil yolu təmir olunur
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəran, 15 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolunda təmir-bərpa işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər bölgədə yağan intensiv yağışlar və torpaq sürüşmələri nəticəsində yolun bir neçə hissəsində çökmələr və deformasiyalar baş verib. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun bərpası və möhkəmləndirilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir.
Eyni zamanda, sürüşmə riski yüksək olan ərazilərdə əlavə tədbirlər görülür. Belə ki, həmin ərazilərdə istinad divarlarının tikilməsi ilə yanaşı, torpaq bərkidilməsi məqsədilə betonlama və sıvay işləri də aparılır.
“7 saylı Yol İstismarı” MMC-nin mühəndisi Samir Bədəlovun sözlərinə görə, yolun əvvəlki infrastrukturundan fərqli olaraq, bu dəfə marşrutun müəyyən hissəsində 2500 metr uzunluğunda xüsusi suötürücü kanalların tikintisi də nəzərdə tutulub və bu işlər hazırda sürətlə davam etdirilir.
Qeyd edək ki, bu yol 22 kilometr uzunluğunda olub, dağlıq ərazidən və Hirkan Milli Parkının ərazisindən keçir, 7 yaşayış məntəqəsini birləşdirir. 2018-ci ildə bu yol əsaslı şəkildə yenidən qurulmuş və istifadəyə verilmişdi.

