L.Salayeva: “Azərbaycanlı şair” kimi təqdim olunduğumu görəndə, içimdə dərin bir qürur hissi yaranır”
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugünkü müsahibimiz eksperimental rəssam, şair, Azərbaycan Yazıçılar Birliyinin, Böyük Britaniya Poeziya Cəmiyyətinin və Azərbaycan Animasiya Assosiasiyasının üzvü Leyli Salayevadır.
- Leyli xanım, müasir Azərbaycan cəmiyyətində qadın yazıçı olmaq sizcə, nə deməkdir?
- Məncə, müasir Azərbaycan cəmiyyətində qadın yazıçı olmaq həm cəsarət, həm də davamlılıq tələb edən bir çağırışdır. Qadın yazıçı, təkcə ədəbiyyat yaratmır, eyni zamanda cəmiyyətdəki stereotiplərlə də mübarizə aparır. Qadının səsi, xüsusilə yazı vasitəsilə yüksələndə, bu səsin nə qədər şəxsi, bir o qədər də ümumbəşəri olduğunu görürük.
Yazıçı olmaq üçün daxili sakitlik, müşahidə qabiliyyəti və zaman lazımdır. Bu isə qadınlar üçün daha çətin əldə olunan bir “lüks” ola bilər, çünki onların çiyinlərində çox zaman həm ailə qayğıları, həm də sosial öhdəliklər olur. Amma bütün bunlara baxmayaraq, qadın yazıçı olmaq bir növ müqavimət formasıdır - “mən buradayam, mən yazıram və mənim hekayəm dəyərli və dinlənilməyə layiqdir” deməkdir.
- Əsərlərinizdə feminist mövqedən yanaşırsınız?
- Mən bir qadın olaraq hər zaman qadın təcrübəsindən yazıram: qadının keçdiyi yoldan, onun hisslərindən, qorxularından, ehtirasından və sevgisindən bəhs edirəm. Əgər bu xüsusi bir layihə üçün deyilsə, əsər yazarkən əvvəlcədən “burada mütləq feminist mövqe olmalıdır” deyə düşünmürəm. Mənim üçün əsas məsələ dürüstlükdür, əsər səmimi və gerçək olmalıdır.
Eyni zamanda, mənim üçün feminizm yalnız ideoloji bir mövqe deyil, həm də yazıya yanaşma formasıdır. Qadının öz hekayəsini özü danışması, özü haqqında öz dili ilə yazması artıq bir feminist aktdır. Mən yazarkən qadının daxili aləmini, yaşadığı çətinlikləri və eyni zamanda onun gücünü göstərməyə çalışıram. Və nəticə etibarilə, qadın haqqında həqiqi və səmimi danışdıqda bu istər-istəməz feminizmə gətirib çıxarır. Çünki oxucu anlayır ki, qadın hər bir cəmiyyətin bərabərhüquqlu və tamhüquqlu iştirakçısıdır. Qadınlar susmadıqca, yazdıqca, danışdıqca - cəmiyyət də dəyişir. Mən də bu dəyişikliyin bir hissəsi olmaq istəyirəm.
- Sizcə, ədəbiyyat cəmiyyətdə qadınların mövqeyini dəyişə bilərmi?
- Əlbəttə, ədəbiyyatın cəmiyyətdə qadınların mövqeyinə təsir etmək gücü var. Amma bunun baş verməsi üçün ilk növbədə yazıçının özü inandırıcı olmalıdır - oxucu onun səsinə inanmalıdır. Yalnız o zaman ədəbiyyat insanlarda düşüncə dəyişikliyi yarada bilər.
Amma sual yaranır: müasir Azərbaycan ədəbiyyatında belə bir nümunə varmı? Bu, çox böyük və açıq bir sualdır. Çünki son zamanlar cəmiyyətdə səs gətirən layihələr belə hələ də klassikaya - məsələn, “Vətəndaş A” serialının əsasını təşkil edən Cəfər Cabbarlının “Almaz” pyesinə üz tutur. Bu da bir tərəfdən göstərir ki, hələ də qadının cəmiyyətdəki yeri ilə bağlı əsaslı və çağdaş bədii ifadə axtarışları davam edir. Yəni ədəbiyyatın potensialı var, amma bu potensialı reallaşdırmaq üçün həm güclü yazıçılar, həm də onları dinləməyə hazır bir cəmiyyət lazımdır.
- Ümumilikdə, hazırda ölkəmizdəki ədəbi mühiti haqqında nə düşünürsünüz?
- Ümumilikdə, müsbət dinamikanın müşahidə olunduğunu deyə bilərəm. Mən mütəmadi olaraq kitab mağazalarına baş çəkir, rəflərdə nələrin yeniləndiyinə baxıram. Sevindirici haldır ki, yeni-yeni müəlliflər meydana çıxır və bəzi yerli yazıçıların adlarını beynəlxalq bestsellerlərin yanında görmək olur. Bu, həm oxucu marağının artdığını, həm də ədəbi istehsalın canlandığını göstərir.
Bununla belə, ciddi çatışmazlıqlar da var. Bizdə yazıçıların bir-biri ilə açıq, səmimi fikir mübadiləsi apara biləcəyi ədəbi mühitlər, ədəbi icmalar demək olar ki, yoxdur. Ən böyük boşluqlardan biri isə tənqid məktəbinin və peşəkar resenziya yazılışının olmamasıdır. İnsanlar fikirlərini açıq bildirməkdən çəkinirlər, çünki tənqid etmək üçün həm texnikaya, həm də bilik bazasına sahib olmaq lazımdır. Təəssüf ki, bizdə çox vaxt tənqidlə qaragüruhçuluq (heyt) bir-birinə qarışdırılır.
Aldığım resenziya və dərin tənqidi fikirlər isə, əksər hallarda, xarici həmkarlarımdan gəlir. Bu da göstərir ki, bizdə ədəbi tənqidin formalaşması hələ qarşıda duran mühüm vəzifələrdən biridir.
- Leyli Salayevaya görə, qadının yaradıcılığı üçün və ümumilikdə yaradıcı qadının formalaşması üçün nələr zəruridir?
- Yaradıcı qadının formalaşması üçün ilk növbədə azadlıq vacibdir - xüsusən də, qadının yalnız məişət üçün doğulduğu fikrindən azadlıq. Mənim sevimli şairələrimdən biri olan Nigar Rəfibəylinin “Mətbəx şeirləri” adlı silsiləsi bu mövzuda çox dəyərlidir. Orada belə bir fikir var: “Birinin qismətinə yüksək masa arxasında oturmaq, birinin qismətinə qab-qacaq yumaq düşür.” Ola bilsin, burada o, həyat yoldaşını nəzərdə tutur, çünki hər ikisi şair olsa da, mətbəx qayğılarına görə poeziyaya vaxt ayırmaq onun üçün daha çətin idi. Amma buna baxmayaraq, həmin silsilədə belə Nigar xanımın nikbin ruhu hiss olunur:
Güllü bir bağça da şeir ola bilər
Adi bir mətbəx də
Balaca bir mətbəxdən də
böyük bir dünya görünər...
Bu misralar bizə göstərir ki, hətta ən gündəlik məkan belə bir yaradıcı qadının gözü ilə baxıldıqda poeziya məkanına çevrilə bilər. Əsas olan qadına bu dünyanı yaratmaq üçün nəfəs almağa imkan verilməsidir.
Qadın əgər kitab mağazalarında özünə bənzər qadın müəllifləri görərsə, bu ona “mən də bacararam” inamını verər. O həmçinin həyat yolunda qarşılaşdığı bələdçilərə - müəllimlərə ehtiyac duyur. Və ən əsası: qadın özünü ifadə edə bilməsi üçün təhlükəsiz bir mühitdə yaşamalıdır. Çünki bizim cəmiyyətimizdə qadının özünü ifadə edə bilməsi üçün hələ də bəzən ən elementar sosial və fiziki təhlükəsizlik belə təmin olunmur. Yalnız bu təməl ehtiyaclar ödənildikdə qadın öz yaradıcılıq gücünü tam şəkildə ortaya qoya bilər.
Əgər daha geniş kontekstdə yanaşsaq, cəmiyyətin müxtəlif təbəqələrində olan qadınların qarşılaşdığı maneələr də fərqli olur. Bəzi qadınlar üçün bu, evdə qoyulan qadağalar, kitab oxumağa və ya özünü inkişaf etdirməyə imkan verilməməsi və ya tamamilə nəzarətdə olan asudə vaxt ola bilər. Digərləri üçün isə bu, daxili güvənin, öz dəyərini hiss etməyin olmamasıdır. Hətta bəziləri üçün, baxmayaraq ki, onların inkişafı üçün bütün şərait mövcuddur, əsas çətinlik məşhur bir soyadın kölgəsindən çıxmaq, özünü müstəqil bir şəxsiyyət kimi qəbul etdirmək ola bilər.
Məncə, qadının nə qədər çox sosial rolu varsa, onun yaradıcılığı da bir o qədər zəngin və dərin olur. Eyni zamanda, təhsil, oxumaq və vizual dünyanı duymaq, yəni gözün sənətə alışması və estetik zövqün formalaşması da olduqca önəmlidir. Qadın yazıçı mümkün qədər çox səyahət etməli, muzeyləri, incəsənət sərgilərini ziyarət etməli, filmlər izləməli və dünyanı fərqli bucaqlardan görməlidir. Bütün bu amillərin sintezi yaxşı ədəbiyyatın yaranmasına zəmin yaradır.
- Yazıçı kimi üzləşdiyiniz ən böyük çətinlik nə olub?
- Mənim ailəm həmişə dəstəyim olub, bu baxımdan özümü şanslı sayıram. Amma ümumilikdə, cəmiyyətdə poeziya ilə məşğul olan bir insanın kimliyi hələ də tam dəyərləndirilmir. Özümü şair kimi təqdim etdikdə, insanlar çox zaman nə demək istədiyimi anlamırlar. Halbuki bizim klassik şairlərimiz dərin hörmətlə anılır. Görünür, şairləri yalnız susduqdan sonra - bir sükut heykəlinə çevrildikdə - dəyərləndirməyi bacarırıq.
Şair olaraq, mənim ən böyük çətinliyim odur ki, dinləyicilər, təəssüf ki, müasir poeziya ilə çox tanış deyillər. Mənim üçün ən böyük çətinlik bu dinləyicini yetişdirmək olub. Onları anlamağa çalışdırmaq, şeirin yalnız qafiyə və ritmdən ibarət olmadığını göstərmək. Azərbaycan poeziyası hələ də modernizmin mərhələsini keçmədiyi üçün, biz, əslində, postmodernizmin təsiri altında qalaraq romantizmdə qalırıq. Bu isə poeziyanın dərinliyinə enmək istəyənlər üçün bir maneə yaradır.
- Əsərlərini yayımlamaq və oxucu auditoriyasına çatdırmaq sizə nə dərəcədə asan olub?
- Əsərləri yayımlamaq və oxucu auditoriyasına çatdırmaq indi daha asan olub. Bu, xüsusən də sosial şəbəkələr və müxtəlif poeziya gecələri vasitəsilə mümkündür. Lakin əvvəlki sualda da qeyd etdiyim kimi, əsas çətinlik müasir poeziya ilə bağlı doğru oxucu auditoriyasını yetişdirmək olub. Çünki insanlar ənənəvi poeziya ilə daha yaxından tanışdır və müasir poeziyanın fərqli yanaşmalarını başa düşməkdə çətinlik çəkirlər. Bu, öz növbəsində əsərlərin daha geniş auditoriyaya çatdırılmasında maneələr yaradır.
- Sosial şəbəkələrin yazıçılığa təsiri barədə nə düşünürsünüz?
- Düşünürəm ki, sosial şəbəkələr yazıçılar üçün pulsuz bir auditoriya yarada bilər, amma burada hər cür ədəbiyyat mövcud olduğu üçün oxucu artıq müəyyən qədər təcrübəli olmalıdır. Sosial şəbəkələr eyni zamanda yazıçılar üçün öz əsərlərini paylaşmaq və yeni oxucularla əlaqə qurmaq baxımından faydalıdır. Mənim üçün sosial şəbəkələr daha çox poeziya sahəsində, xüsusilə qadın şairlərinin səsini tanıtmaq və onların əsərlərini geniş auditoriyaya çatdırmaq məqsədilə istifadə olunan bir platformadır. Çünki çox zaman bu şairlərin səsləri, illər keçsə də, hələ də kifayət qədər eşidilmir.
- Ən çox bəyəndiyiniz qadın yazıçı kimdir və niyə?
- Əgər qadın yazıçılardan danışsaq, mənim ən çox bəyəndiyim yazıçı Elif Şafakdır. Onun üslubunu və yazı tərzini çox bəyənirəm. Biz adətən dünyanı kişilərin düşüncə tərzi, məntiqi və baxış bucağından görməyə alışmışıq. Şafakın əsərlərini oxuduğumda, onun yazılarının mənim qadın kimliyimlə necə birləşdiyini hiss edirəm. Onun mətnləri mənimlə çox yaxşı bir şəkildə əlaqə qurur, elə bil bir vanna qəbul edirsən, yumşaq və qoxulu su ilə. Bu, mənim üçün böyük bir zövq və ruhsal rahatlıqdır.
- Yeni kitabınız barədə danışardınız...
- “Gecənin Şairi” - mənim altıncı kitabımdır və bu kitab mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bu, mənim poeziya fəaliyyətimdə on illiyin yekununu təşkil edir. Kitabın adı mənim adımla - Leyli ilə bağlıdır. Ərəb dilində “Leyli” adı “gecə” və ya “gecəlik” mənasını verir ki, bu da kitabın konsepsiyası ilə mükəmməl uyğun gəlir. Kitabda gecə və ruhun tünd tərəfləri əhəmiyyətli rol oynayır.
Kitab həm şeirlər, həm də qısa hekayələrdən ibarətdir və çoxsahəli bir nağıl yaradır. Kitabın əsas bölmələrindən biri olan “Nəfəs” koronavirus karantini dövründə yazıldı, bu dövr dünyaya sadə şeylərin, məsələn, nəfəs alma və vermənin vacibliyini xatırlatdı və bu, həyatın simvoluna çevrildi.
Oxucu, kitabı oxuduqca, nəticədə özünə gəlir, amma öncə özünün tünd tərəfləri ilə tanış olmalıdır. Mənə sufi qapıları ideyası yaxın gəlir - bu ideya ilə bilik axtarışı xaricdən başlayır və daxilə, gerçəkliyə doğru irələyir. Mən bunu dərhal anlamadım, amma sufi konsepsiyasını gördükdə, kitabı bu prinsiplərə uyğun olaraq intuitiv qurduğumu anladım.
Kitabın təqdimatında sufi ədəbiyyatının mütəxəssisi də iştirak edirdi və o, yazılarımda həqiqətən də sufi xüsusiyyətlərinin izlənildiyini təsdiqlədi, xüsusilə “mən”in inkarı və ondan qaçma, bu da sufi təlimində vacib bir elementdir.
- Son vaxtlar ölkəmizdə çox müzakirə olunan dil məsələsindən söhbət açmaq istərdim. Sizin sözügedən mövzu ilə bağlı fikirləriniz nədən ibarətdir ?
- Dil məsələsi Azərbaycanda daim gündəmdə olan, lakin bəzən emosional reaksiyalarla və yanlış anlaşılmalarla müşayiət olunan bir mövzudur. Azərbaycan dili dövlət statusuna malikdir və onun qorunması, inkişaf etdirilməsi vacibdir. Bununla belə, ölkəmiz müxtəlif mədəniyyətlərin və etnik qrupların bir arada yaşadığı bir məkandır. Bəzi insanların bu dili ana dili kimi istifadə etməməsinə baxmayaraq, onların bu torpaqlara bağlılığı və burada formalaşmış dərin kökləri ümumi mədəniyyətimizin zənginliyindən xəbər verir. Məncə, bu çoxsəslilik və fərqlilik bizim əsas sərvətlərimizdəndir.
Rus dilinə gəldikdə, onun ədəbiyyat və elmi-tədqiqat sahələrində hələ də əhəmiyyətli rolu qalmaqdadır. Klassik ədəbiyyatımızın böyük bir hissəsi kiril əlifbası ilə nəşr olunub və bu əsərlərə çıxış bəzən çətin olur. Eyni zamanda, çoxsaylı elmi məqalə və araşdırmalar hələ də rus dilində mövcuddur. Bu səbəbdən bu dilin tədrisi və istifadəsi praktiki baxımdan əhəmiyyətini qoruyur.
Tarixən düşünən insan hər zaman bir neçə dildə danışmağı bacarıb. Rus dili də bizim üçün, xüsusilə araşdırma aparanlar üçün, hələ də geniş bilik məkanına çıxış imkanı yaradır. Öz təcrübəmdən deyə bilərəm ki, klassik əsərləri tapmaq üçün bəzən kitab mağazalarından çox bukinistlərə üz tuturam, çünki bir çox qiymətli nəşrlər yalnız köhnə kiril əlifbasında mövcuddur. Əgər mən 90-cı illərin uşağı olmasaydım və həmin dövrdə Azərbaycan kiril əlifbası ilə yazılmış dərslikləri avtomatik olaraq latın əlifbasına çevirə bilməsəydim, bu gün araşdırmalarımın miqyası çox məhdud olardı.
Azərbaycanlıların ana dilləri ilə yanaşı başqa dilləri də bilməsi - xüsusilə də rus dilinə bələd olması - onların dünyaya baxışını genişləndirir və mədəniyyətlərarası əlaqələrin dərinləşməsinə töhfə verir. Məncə, dilimizi qoruyaraq onu inkişaf etdirmək, eyni zamanda çoxdilliliyi qəbul etmək, ölkəmizin gücünü və intellektual potensialını artırar.
Eyni zamanda düşünürəm ki, artıq daha qlobal mövzular ətrafında düşünməyə başlamalıyıq. Əgər İlon Mask artıq digər planetlərə səyahətdən danışırsa və əgər iqlim böhranı qapımızdadırsa, o zaman gələcəkdə bir kapsulda birlikdə yol gedəcəyimiz insanlarla necə ünsiyyət quracağımızı düşünmək də zamanın tələbidir. Dil sadəcə bir ünsiyyət vasitəsi deyil, həm də birgə yaşamın əsas şərtidir - bu gün bəşəriyyətin qarşısında duran çağırışlara cavab vermək üçün isə artıq başqa cür düşünməyi öyrənməliyik.
- Bildiyim qədər rus və ingilis dilində daha çox yazırsınız...
- Bəli, əsasən rus və ingilis dillərində yazıram. Bu seçim həm daxili dil təcrübəmə, həm də əsərlərimin əsasən xaricdə dərc olunması ilə bağlıdır. Bu yolla öz ölkəmi beynəlxalq ədəbiyyat arenasında təmsil etmək və Azərbaycanı tanıtmaq imkanı qazanıram. Hər dəfə bir əsərim dərc olunanda və orada “Azərbaycanlı şair” kimi təqdim olunduğumu görəndə, içimdə dərin bir qürur hissi yaranır.
Söhbətləşdi: Havar Şəfiyeva

