Maduro əməliyyatı İranda da mümkündür? Təhlükəsizlik eksperti DANIŞDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Son günlər ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat, yəni ölkə başçısı Nikolas Maduro və onun həyat yoldaşının gecə saatlarında yataqlarında həbs edilərək ABŞ-yə aparılması ilə bağlı yayılan məlumatlardan sonra cəmiyyətdə yeni müzakirələr yaranıb. Bu fonda müəyyən dairələrdə belə iddialar səsləndirilir ki, ABŞ oxşar ssenarini gələcəkdə başqa ölkələrdə, xüsusilə də İranda tətbiq edə bilər.
Bu baxımdan sual yaranır: ABŞ-nin Venesuelada keçirdiyi bu əməliyyatın analoji formada İranda da həyata keçirilməsi mümkündürmü? Belə bir ssenari çərçivəsində İranın ali dini liderinə qarşı da yataqda həbs və ölkədən çıxarılma kimi bir addım atıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik Seymur Şeydayev bildirdi, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatı, yəni ölkə başçısı Maduronun və həyat yoldaşının yataqdaca həbs olunub Amerikaya gətirilməsi planını İrana tətbiq edilməsinə inanmır:
"ABŞ kimi güclü bir dövlətin geniş kəşfiyyat və strateji təhlil imkanları mövcuddur. Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqonun nəzdində fəaliyyət göstərən strateji araşdırma mərkəzlərində peşəkar analitiklər çalışır. Bu qurumlar hər hansı ölkəyə müdaxilə etməzdən əvvəl həmin dövləti dərindən öyrənir, cəmiyyətin əhval-ruhiyyəsini, mövcud narazılıqların səbəblərini və mümkün əməliyyatın uğur şansını əvvəlcədən təhlil edirlər. ABŞ-nin Venesuelada tətbiq etdiyi ssenarinin İranda təkrarlanacağı inandırıcı görünmür. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, İranın beynəlxalq nüfuzu və regional çəkisi Venesuela ilə müqayisəedilməz dərəcədə yüksəkdir. İranın həm ordusu, həm də təhlükəsizlik strukturları daha güclü və sistemlidir. İkinci mühüm amil İranda dini fanatizmin güclü olmasıdır. Venesuelada belə bir ideoloji bağlılıqdan söhbət getmir. İranda isə dini liderə bağlılıq o səviyyədədir ki, Xamenei uğrunda özünü qurban verməyə hazır olan insanlar mövcuddur. Bu reallıq ABŞ-nin belə bir əməliyyata girişməsini son dərəcə riskli edir. Üçüncü məqam son dövrdə baş vermiş İsrail-İran qarşıdurması ilə bağlıdır. Bu münaqişə İranın hərbi və təhlükəsizlik sistemində mövcud olan boşluqları üzə çıxardı və eyni zamanda həmin boşluqların aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsinə səbəb oldu. Münaqişədən sonra İran bu sahədə gücləndirmə işləri aparır. Bu amillər nəzərə alınarsa, ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatın eyni formada İranda təkrarlanacağı ehtimalı olduqca zəifdir".
Müsahibimiz hesab edir ki, xarici müdaxilə olacağı təqdirdə, bu, fərqli üsullarla reallaşdırıla bilər. Polkovnikin sözlərinə görə, İranın milli tərkibinin müxtəlifliyi belə ssenarilər üçün münbit zəmin yaradır.
"Milli azlıqların hüquqlarının müdafiəsi, insan haqları və azadlıqları kimi mövzular bəhanə edilərək, xüsusilə ABŞ tərəfindən kəşfiyyat kanalları vasitəsilə müəyyən proseslərin təşviq edilməsi mümkündür. Hazırkı mərhələdə isə vəziyyət daha mürəkkəb xarakter alıb. Ölkədə sosial-iqtisadi gərginlik kəskinləşib, İran rialı sürətlə dəyər itirir, əhali arasında narazılıq və təşviş artır. Tehranın içməli su ehtiyatlarının azalması da cəmiyyətin psixoloji durumuna ciddi təsir göstərir. Qərar qəbuletmə mexanizmi isə iflic vəziyyətindədir. Real hakimiyyət dini liderin əlində cəmləşib, prezident isə əsasən icraçı rolunda çıxış edir. Bu idarəetmə modeli geniş kütlələri qane etmir. Mövcud etirazlar gələcəkdə iğtişaşlara, iğtişaşlar isə daha genişmiqyaslı inqilabi proseslərə çevrilə bilər. ABŞ-nin İrana qarşı hərbi müdaxilə ehtimalı da tamamilə istisna edilmir. Vaşinqton bir neçə dəfə rəsmi xəbərdarlıq edərək etirazçılara qarşı zorakılıq tətbiq ediləcəyi təqdirdə onların hüquqlarını qorumaq bəhanəsi ilə İrana hücum edə biləcəyini bəyan edib. Hazırda bu xəbərdarlıqların üçüncü mərhələsi geridə qalıb və vəziyyət “qırmızı xətt” həddinə yaxınlaşıb. Bu proseslər fonunda isə ən çox diqqət mərkəzində olan məsələ İranda yaşayan soydaşlarımızın taleyidir. Bildiyiniz kimi, ölkədə 40 milyona yaxın Azərbaycan türkü yaşayır və onların təhlükəsizliyi xüsusi narahatlıq doğurur. Ümid edirik ki, bölgədə baş verən proseslər bu insanların həyatına mənfi təsir göstərməyəcək", - deyə Seymur Şeydayev yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















