Icma.az
close
up
RU
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi Çingiz Fərzəliyev

Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi Çingiz Fərzəliyev

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lent.az Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin APA-nın “Əsrin yaşıdı” layihəsindəki müsahibəni təqdim edir

Dosye: Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev 1943-cü ildə Bakıda anadan olub. 1973-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildə SSRİ Rəssamlıq İttifaqının üzvü olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, həmçinin Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədri olub.

Çingiz Fərzəliyevlə vədələşdiyimiz kimi Qız qalasının yanındakı binanın qarşısında görüşürük. Kodu yığıb, giriş qapısını açır, içəri dəvət edir. Qarşımızda uzun pillələr bizi gözləyir.

- İndi səbirli olub... Altıncı mərtəbəyə qalxacağıq. - Çingiz müəllim başı ilə yuxarı işarə edir. - Gör nələr çəkirəm də.

O, qabaqda, biz də arxası ilə pillələri qalxırıq.

- Sizə kömək edim? - Soruşuram. Əlində metrə ilə dəftərçə tutub.

- Yox, - deyir.

Ağır-ağır pillələri qalxır. Arabir dayanıb nəfəsini dərməklə yanaşı danışmağa da ara vermir.

- Bura Hacınskinin (Neft sənayeçisi İsa bəy Hacınski – M.A.) mülki olub. Bir əsas girişi var, bir də köməkçi. Bura xidmətçilər üçündür.

- O tərəfdə lift olub? – Maraqla soruşuram.

- Qalır. Ağalar o tərəfdən gəliblər, xidmətçilər burdan. Sovet vaxtında binanı bölüblər.

- Bura sizin ata evinizdir? Yoxsa sonradan almısınız?

- Bura Yusif Məmmədəliyevin evidir, mən də onun yeznəsiyəm.

Burda Stalin bir gecə qalıb, De Qoll qalıb

- Onda 50 il olar burda qalırsınız?

- Ondan da artıq.

Hər dəfə pilləkən meydançasında dayana-dayana dördüncü mərtəbəyə gəlib çatmışıq. O, mənzillərdən birinin qapısı qarşısında ləngiyir:


- Bura bizimdir. Sovet dövründə qonaq evi kimi istifadə edilib. Burda Stalin bir gecə qalıb, De Qoll qalıb.

- Aşağıda divarda lövhəsi də var.

- Hə.

- Stalin nə vaxt qalıb?

- Tehrana gedəndə. Moskvadan qatarla gəlib. Onun təyyarə ilə arası yox idi. Bir dəfə Mixail Qusmanla söhbət zamanı mənə maraqlı bir fakt dedi. Sən demə, təhlükəsizlik məsələləri ilə əlaqədar SSRİ-nin ali rəhbərlərinə təyyarədən istifadə etmək qadağan imiş.

Başını qaldırıb pillələrə baxır:

- Acı bağırsaqdır, uzanır. Hələ qalxacağıq.

- Qusman Bakıda yaşayanda onunla münasibətiniz var idi? Yoxsa sonralar tanış olmuşdunuz?

- Biz onunla uşaqlıqdan tanış idik. Onun qardaşı Yuri Qusmanı da yaxşı tanıyırdım. Bilirsən, o dövrdə mehriban, sakit şəhərimiz vardı. Hamı bir-birini tanıyırdı.

- Ümumiyyətlə o dövrdə Bakıda qeyri-azərbaycanlılarla münasibət necə idi?

- Bakı o vaxtlar SSRİ-nin ən internasional şəhəri idi. Heç bir millət arasında ayrı-seçkilik yox idi.

Söhbət edə-edə ən sonuncu mərtəbəyə çatırıq. Çingiz müəllim təngnəfəs olub, ağır-ağır danışır:


- Məsəl var e, küsəndə elə küs ki, barışmağa yer olsun. İndi elə qalxmaq lazım idi ki, danışmağa hal olsun (gülür).

Nəhayət, əksər rəssam emalatxanaları kimi Çingiz müəllimin binanın çardağında yerləşən emalatxanasındayıq. İçəri girən kimi bizi üst-üstə yığılmış, divara söykənib dincini alan tablolar qarşılayır. Çingiz müəllim bir stəkan su içib özünə gələnə kimi mən də otaqları gəzib emalatxana ilə tanış oluram. Çingiz Fərzəliyevin Hindistan silsiləsindən olan məşhur tablolarından biri molbertdən bizə baxır. Yerdə də eyni əsərdən var.

- Bu işinizi yenidən işləmisiniz?

- Mənim Gürcüstanda fərdi sərgim keçirilən zaman bir dostumun bu işdən çox xoşu gəldi. Onun qarşıda yubileyi olasıdı, onun üçün bu işi təkrar çəkdim ki, yubileyinə hədiyyə edim.

Yusif Məmmədəliyevin Naxçıvanda ev muzeyi mənim tərtibatımla hazırlanıb

- Bir əsərdən nə qədər kopya eləmək olur?

- Nə qədər istəsən. Kim sənə nə deyər?

- Da Vinçi “Mona Liza”dan beş-altısını çəksəydi, onda bu qədər dəyərli olmazdı.

- Mən məcburiyyətdən elədim.

- Rəssamın öz işini təkrar çəkməsi nə dərəcədə doğrudur? Əsəri dəyərli edən bir az da təkrarsızlığı deyil?

- Nə qədər kopya olur-olsun, eyni əsər ola bilməz.

- Sizin əsərdə də deyəsən biri bir az tünd alınıb.

- Yox, o biri yerdədir, işıq düşmür. Diqqətlə baxsan, görərsən eyni iş deyil. Bir dənə nəyisə dəyişdinsə, artıq təzə iş sayılır. Özü də rəssamın özünün əsərini yenidən çəkməsinə kopya demirlər, müəllif təkrarı deyirlər.

Çingiz müəllim suyunu içib, nəfəsini dərib, düşünürəm müsahibə üçün hazırdır.

- Bayaq əlinizdəki metrə nə üçün idi?

- Mən Naxçıvandan təzə qayıtmışam. Bilirsiniz də Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi keçiriləcək. Mən onun Naxçıvandakı heykəlinə, ev muzeyinə baş çəkməyə getmişdim. Onun ev muzeyi o vaxtı mənim tərtibatımla hazırlanıb. Bir az təmir işləri gərəkdir. Ona görə metrə lazım idi.

- Elə mən də fikirləşdim ki, yəqin hansısa yaradıcı proseslə məşğulsunuz. Adətən sizin kimi əlində metrə ilə gəzənlər ev tikməkdən gəlirlər, xüsusən də bağ evi.

- Yox, məndə sırf yaradıcılıqla bağlıdır (gülür). Buranın tərtibatını da özüm vermişəm. 2000-ci ildə Bakıda zəlzələ oldu. Onda bu binanın da damı dağıldı, təmir zamanı buranı çardaq elədilər. Miralayev var idi.

- Memar Fəxrəddin Miralay. Rəhmətlik, tanıyırdım.

- Hə, rəhmətlik. Yaxşı adam idi, sənətə hörmət edirdi. Layihəni özü verdi. Görürsünüz, hündürlüyü beş metrə yaxındır.

- Adətən heykəltəraşların emalatxanası belə hündür olur. Siz heykəl də düzəltmisiniz?

- Heykəl düzəltmirəm. Rəhmətlik Akif Əsgərovun mindən artıq heykəli var, ancaq onların ən məşhurları Yusif Məmmədəliyevlə Bülbülün heykəlləridir. Mən onun hər iki heykəlinin rəssamıyam.

İctimaiyyət arasında az görünə bilərəm, ünsiyyətcil olmaya bilərəm, amma xalqdan qaçmaram

- Çingiz müəllim, mən sizi kənardan çox müşahidə eləmişəm. Duruşunuzla, davranışınızla, geyim-keçiminizlə həmişə nəcib, aristokrat insan təsiri bağışlamısız.

Gülüb zarafatla cavab verir:

- Düz sözə nə deyəsən.

- Amma eyni zamanda, məndə belə bir təəssürat olub ki, siz xalqdan qopuq adamsız.

- “Xalqdan qopmaq” ifadəsi bir az düz deyil. İctimaiyyət arasında az görünə bilərəm, ünsiyyətcil olmaya bilərəm, amma xalqdan qaçmaram. Mən təvazökar adamam.

- Məsələ burasındadır ki, ötən həftə sizinlə müsahibənin vaxtı üçün danışanda dediniz, Şəkiyə hüzrə gedirsiniz... Belə başa düşdüm ki, xeyir-şər məclislərindən qalmırsınız, aristokrat görünüşünüzə baxmayaraq, əsl el adamısınız.

- Əlbəttə. Mən camaatdan qaçan deyiləm. Sizdə yanlış təsəvvür yaranıb. Ancaq onu da deyim ki, mənim rəhmətlik anam 15 yaşında Bakıya ərə gəlib. Ömrü boyu ürəyi qalıb Şəkidə. Rəhmətə gedəndə mənə vəsiyyət elədi ki, sən Allah, ildə bir dəfə get, ayağın Şəkiyə dəysin. Ruhu şad olsun. Mən də onun vəsiyyətinə əməl edib hər il gedirəm. Şəkili qadınlarda xüsusi tələbkarlıq olur. Belə bir məsəl var: Kişinin qazancı evdə, özü çöldə. Bütün evi qadın idarə edir, axşam kişi evə gələndə bir dənə (əlini ağzına aparır) “ıhım-ıhım” elədi, elə bil qurbağa gölünə daş atdılar.

- Ananız da yəqin o cür qadın olub.

- Əlbəttə. Özü də biz şəkili qohumlarımıza çox bağlı olmuşuq. Ata tərəfdən qohum yoxdur ki. Elə bil atam yetim olub (gülür).

- Doğrudan, bəs atanız hardandır?

- Atam zaqatalalıdır. Amma sonra Bakıya köçüblər. Atamla anam arasında təxminən 18 yaş fərq olub. Amma o da ayrı cür tələbkar adam idi. Bakıya gəlib evlənməmişdən qabaq bir neçə il Moskvada yaşamışdı.

- Peşəsi nə idi?

- Ekonomist idi.

Mənim bacılarım hamısı Azərbaycan məktəbini bitirib, bircə mən rus sektorunda oxumuşam

- Siz də Bakıda doğulmusunuz?

- Biz uşaqlar hamımız Bakıda doğulmuşuq. Ən böyük bacımla yaş fərqim 19 ildir. Mən beş qızdan sonra anadan olmuşam. Sonbeşiyəm. Bizim evimiz “Azdrama”nın arxa tərəfində yerləşirdi. Oralara yuxarı məhəllələr deyirdilər. Oranın öz qaydaları, öz folkloru var idi. Mən şadam ki, elə bir yerdə böyümüşəm. Uşaqlarla dostluq edirdik, gəzirdik. Məhəlləmizdə bir dənə xoşuma gələn cəhət var idi. Heç vaxt özgə qızın üzünə baxmazdılar. Qeyrət var idi. Qadın keçəndə başlarını aşağı salardılar. Çömbəlmə oturublarsa, ayağa qalxardılar. Mən bu mədəniyyəti keçmişəm. Mənim bacılarım hamısı Azərbaycan məktəbini bitirib, bircə mən rus sektorunda oxumuşam, sonrakı təhsilim də rus dilində olub.

- Yəqin sizin formalaşmağınızda Bakının həmən məhəllələrinin rolu çox olub.

- İndi arxaya dönüb baxanda o cür fikirləşirəm, uşaq vaxtı bunlar barədə düşünməzdik.


- Davalarda da çox iştirak etmisiniz?

- Yox, davakar olmamışam. İnandırıram sizi, bir oğlum var, onun canına and olsun, bu yaşa gəlib çıxmışam, mənə bir dənə şillə vurmayıblar. Mən ölərəm! Özümü elə aparmalıydım ki, söz gəlməsin.

- Rəssamlığa öz həvəsinizlə gəlmisiniz, yoxsa valideynləriniz yönləndirib?

- Dərnəyə filan getməmişəm. Ortancıl bacımın yaxşı əl qabiliyyəti vardı. Hamımızın paltarını o tikərdi. Mən birinci şəkil çəkməyi ondan öyrənmişəm. Orta məktəbdə də divar qəzetlərini mən hazırlayardım. Sonradan Əzim Əzimzadə adına məktəbdə oxudum.

- Sizin uşaqlığınız post-müharibə dövrünə düşüb. Necə keçib. Necə yaşayırdınız?

- Biz ailədə 8 nəfər idik. Anam heç vaxt işləməyib. Həmişə evlə, uşaqlarla məşğul olub. Ailəni dolandıran təkcə atam idi. Həmişə işdə olurdu. Çox böyük hörmətlə yaşamışıq. Anam çox yaxşı nəslin qızı olub. Yorğanımıza baxıb ayağımızı uzadırdıq. O vaxtlar adamlar şənbə günü də işləyərdilər. Bir dənə bazar günü dincələrdilər. Atam hər gün olduğu kimi bazar günü də üzünü qırxırdı, kostyum geyinirdi. Evdə əsl bayram ab-havası yaşanardı. Uzun stolumuz vardı. Süfrə salınırdı. Atam başda otururdu. Sağ tərəfdən onun yanında otururdum mən. Stolun axırında otururdu anam, atamla üzbəüz, qızlar da sağda-solda əyləşirdi. Anam xörəyi birinci atama çəkirdi. Atam hələ əl vurmurdu. Gözləyirdi, anam ən axırda özünə çəksin. Görəndə ki, özünə “supnik”in dibini çəkib, boşqabını götürüb aparıb anamın qabağına qoyurdu, onunkunu götürürdü. Anam da dava salırdı (gülür). O səhnələr hamısı gözümün qabağındadır. Evdə böyüyə hörmət, ehtiram vardı. Mən uşaqlığımdan çox razıyam. Mən əsl ailədə, sevgi mühitində böyümüşəm.

- Ananız adətən nə bişirirdi?

- Şəkili qadınların əl qabiliyyəti yaxşı olur. Nə bişirmirdi! Anam hər gün bazarlıq edirdi.

- Təzə bazara gedirdi?

- Yox, Kömürçü meydanına gedirdi. Hər səhər. Axşama heç nə qalmırdı. Soyuducu filan əvvəllər yox idi.

Fərhad Bədəlbəyli deyir, Çingiz sən xoşbəxtsən ki, ananı tarixə qovuşdurmusan

- Doğrudan e, heç ağlıma gəlmirdi. Gündəlik alınırmış. Həsir səbəti də olmamış olmazdı.

- Həsir yox, dermantindən bir çantası vardı. Balacaboy qadın idi. Özü də çox tələbkar idi. Mənə iradə aşılayan anam olub. Bir xüsusiyyəti də vardı. Qızların tərbiyəsini bir üsulla aparırdı, mənim tərbiyəmi başqa üsulla. Mənə qarşı hədsiz tələbkar idi. Ən çətin işləri mənə gördürürdü. Özü də başımın üstündə dururdu ki, yerinə yetirim. Mən anamdan çox razıydım. Çox sərt idi. Amma bir də gördün yumşalırdı, məni belə əzizləyirdi: Oğlan bala, yorğan bala (gülür). Amma bunu da nadir hallarda edərdi.

- Ananızla portretiniz var. Sizin pasport işiniz sayılır.

- Hə, “Ana ilə avtoportret” adlanır. Mənim ən sevimli işimdir. Mənim çox gözəl dostlarım var. Onlardan biri də Fərhad Bədəlbəylidir. Fərhad deyir, Çingiz sən xoşbəxtsən ki, ananı tarixə qovuşdurmusan. Polad (Bülbüloğlu – M.A.) da yaxın dostumdur. O da eyni sözü deyir.

- Ananızın elə bir portreti var?

- Yox üçünü çəkmişəm. - Telefonu götürüb baxır. - Göstərərəm o birilərini də.

- Tahir Salahovun da anasının portreti var. O da məşhur tablodur.

- Toğrul Nərimanbəyovun da “Ana” portreti var. Səttar da çəkib. Səttar vurğun idi Azərbaycana, onun təbiətinə, Füzuliyə, bir də anasına. O iş bizim İncəsənət muzeyindədir.

Telefonu açıb qalereyada anasının portretini axtarır.

- Bu cənab Prezidentlə fotomuzdur.

- Şuşada çəkilib?

- Yox, Bakıda. Müslüm Maqomayevin heykəlinin açılışı zamanı.

Yeni bir foto göstərir.

- Bu mənim yoldaşım Sevda Məmmədəliyevanın portretidir.

- Sevda xanımın başqa portretləri də var?

- Yox, ancaq bunu çəkmişəm. O da 1978-ci ildə. Özü də “Sevdanın portreti” yox, “Kitab oxuyan qız” adlanır. Sevda xanımın ən sevimli məşğuliyyəti kitab oxumaqdır.

- Nə əcəb sonralar portretini çəkməmisiniz?

- (Gülümsəyir) nə bilim.

- Çingiz müəllim, yaxşı məqama gəldik, Sevda xanımla münasibətləriniz barədə soruşmaq istəyirdim. Nə vaxt tanış olmusunuz?

- 66-cı ildə.

- Maraqlıdır, necə?

- Bilirsən, bizim şəhərimiz xüsusən 50-60 il bundan qabaq elə də böyük deyildi. Hamı bir-birini ən azı üzdən tanıyırdı, bir-birinə qarşı simpatiya yaranırdı. Mənim bir dostum universitetdə oxuyurdu. Mən də onun yanına getmişdim.

Yeni bir portret göstərir.

- Bu da anamın portretidir. “Sadiqlik” adlanır. Trümonun üstündəkini görürsünüz, əsgər məktubudur.

- Kompozisiyanı özünüz qurmusunuz?

Deyəsən, Çingiz müəllim nəyə eyham vurduğumu duyur.

- Qələbə Günü münasibətilə sifariş verirdilər, çəkirdik.

- Deyirəm yəni atanız müharibədə olmamışdı, düzdür?

- Yox təbii ki. Sadəcə bura bizim evimizdir. O biri portretdəki məkan da evimizdir. Sənətşünas Gülrəna Mirzə mənim sərgimlə bağlı yazmışdı ki, Çingiz Fərzəliyevin bütün yaradıcılığında ailə üçün nostalgiya var.

Söhbətdən yayınmaq istəmirəm:

- Sevda xanımla tanış olmağınızdan danışırdınız...

- Hə, orda Sevda xanımla tanış oldum, çıxandan sonra telefon nömrələrimizi bir-birimizə verdik, daha sonra zəngləşdik, yavaş-yavaş ünsiyyət, hörmət yarandı, sonradan da ailə qurduq.

İlk növbədə gərək ərlə arvad arasında mənəvi uyğunluq olsun

- Bunlar neçənci ildə olub?

- 1966-cı ildə. Üstündən 59 il keçib. Bu da sadiqlikdir.

- Çingiz müəllim, boşanmaların sayı durmadan artır. Ər-arvadlar bir-birlərini dinləmirlər, sözləri necə deyərlər, bir-birlərinin boğazından keçmir. Sizcə bir ailənin uzunömürlülüyünün sirri nədir? Bunu necə başarmısınız? Halbuki siz də yaradıcı adam kimi kaprizli olmusunuz.

- O da kaprizlidir.

- Gəlsin olmasın, Yusif Məmmədəliyev kimi alimin övladıdır.

- Bilirsiniz, ilk növbədə gərək ərlə arvad arasında mənəvi uyğunluq olsun. Hər şey keçir, amma mənəvi yaxınlıq qalır. İndi mən də işləyirəm, Seva xanım da işləyir. Bununla belə biz saat beşə kimi oturub təzə oxuduğumuz kitabı, ya bir filmi, yaxud bir hadisəni, ya da təzə tanış olduğumuz adamı müzakirə edə bilərik, vaxt elə uçar, heç xəbərimiz olmaz. Halbuki səhər doqquzda ikimiz də işdə olmalıyıq.

- Hər sözü-söhbəti yoldaşınızla bölüşürsünüz?

- Hər şeyi. Mən sizə deyim ki, mənim üçün dünyada ondan əziz və yaxın adam yoxdur. Elə bil ikimiz də bir qaba yerləşmişik. Bir adamıq. İndi elə zəmanədir ki, hər kəsin öz kompüteri var, öz işi ilə məşğuldur. O daim oxuyur, yazır, mən də öz otağımda oturmuşam. Sadəcə bilim ki, ordadır. Bu mənə bəs edir.

- Sevginin başqa bir ifadə forması...

- Ekzüperinin “Balaca şahzadə” əsərində deyilir: Xoşbəxtlik odur ki, səni başa düşürlər. Səni anlayırlarsa, artıq xoşbəxtsən.

- Bir məsələ də var ki, yaradıcı adamlar çox kaprizli olurlar. İşin təbiəti budur. Bəs o sizə necə dözüb?

- Qabiliyyət də elə budur. O dözür, sənə hörmət xatirinə büruzə vermir. Ola bilsin ki, Sevda xanım anam kimi yemək bişirə bilmir, amma mən ömrümdə onun xətrinə dəyməmişəm.

- Fərhad adlı bir övladınız var, doğrudur?

- Bəli. Rəssamdır.

- Evlidir?

- Yox, subaydır, Almaniyada təhsil alır.

- Bu yaşda adamlar adətən nəvə istəyirlər. Sizin elə arzunuz yoxdur?

- Onu istəməmək üçün gərək dəli olasan. Allah eləsin, olsun.

- Adını nə əcəb Fərhad qoymusunuz?

- Sevanın bu addan xoşu gəlir. Deyir bu adda türklük var. Həm də dostumuz Fərhad Bədəlbəylinin adıdır.

15 il bizim övladımız olmayıb

- Sizin yaşınızı nəzərə alanda oğlunuz çox cavandır.

- Hə, 15 il bizim övladımız olmayıb. Deyir, anan səni doğanda adına Bəsti dedi - pambıqçı Bəsti Bağırova vardı, Səməd Vurğun ona yazıb - oğul üzü görməkdən əlini üzüb dedi. Biz də artıq əlimizi üzmüşdük, amma Allah görən işi heç kəs görə bilməz. Mən inanan adamam. Adam gərək ümidini heç vaxt itirməsin. Konstantin Simonovun şeiri var, mən onu rusca bilirəm, “Gözlə məni” adlanır.

Şeirdən bir neçə misranı söyləyir.

Bax, ürəkdən gözləmək lazımdır, Allah sənin arzunu mütləq yerinə yetirəcək. Hər bir dində ən yüksək tələb hövsələ, səbirdir. O oldu, Allah hər şeyi edir, hövsələn olmadı, olmur.

- Əlinizdəki üzük də müqəddəs yerlərdən gələnə oxşayır.

- Ordandır. Xalis Məkkə üzüyüdür.

- Həcc ziyarətində olmusunuz?

- Ümrə ziyarətində olmuşam. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İncəsənəti Biennalesi keçirilirdi. Mən də sərginin iştirakçısı idim. Xəritəyə baxdım ki, Ciddədən Məkkəyə 32 km-dir. Fikirləşdim, əlimə düşən bu imkandan istifadə etməyə bilmərəm. Təşkilatçılara dedim, onlar mənə bir “Cip” verdilər, bir nəfər də bələdçi. Gedib Ümrə ziyarətini yerinə yetirib qayıtdıq.

Hindistanın bizə tanış olmayan mədəniyyəti, məişəti var

- Kəbəni görəndə hansı hissləri yaşadınız?

- Bilirsiniz, o qədər bu haqda oxumuşuq. Məlumatımız var... (Susur) icazə verin bu suala cavab verməyim. Onu deyə bilərəm ki, ziyarətdən qayıtdıqdan sonra iki gün yata bilmədim.

- Sizin məşhur Hindistan səfəriniz də olub, ora ilə bağlı silsilə əsərləriniz var.

- Hindistanda dörd dəfə olmuşam. Çox şəhərlərini gəzmişəm, xeyli əsər çəkmişəm. Bombey, Kəlküttə və Dehlidə mənim fərdi sərgim olub.

- Hindistana gedənlər deyirlər, oranın havasında bizim öyrəşmədiyimiz spesifik qoxu var.

- Doğrudur, Hindistanın bizə tanış olmayan mədəniyyəti, məişəti var. Lakin elə ki, Hindistandan çıxdın, rastlaşdığın bütün mənfi məqamlar unudulur, yalnız müsbət cəhətlər yadda qalır. Uzun müddət Hindistanın yaratdığı təsirdən çıxa bilmirsən. Yatanda da Hindistan yuxuna girir, rəngli yuxular görürsən. Özü də bu təəssürat təkcə məndə deyil. Hindistana gedib-gəlmiş bütün dostlarım hamısı deyir ki, adamın ürəyi Hindistanda qalır. Bilirsiniz, induizmdə belə bir qavrayış var ki, Yer kürəsi özü canlı bir orqanizmdir, materiklər də onun bədəninin hissələridir. Hindistan isə Yer kürəsinin ürəyidir. Əgər xəritəyə baxsaq, doğrudan da onun konturları ürəyə oxşayır. Buna görə də Hindistana gedib qayıdanların hamısının ürəyi orda qalır.

- Çingiz müəllim, emalatxananızda əsərləriniz var?

- Burda yoxdur. Hamısı muzeydə, fərdi qalereyalarda, dostlarımın şəxsi kolleksiyalarında, xaricdədir.

- Bəs hazırda nə işləyirsiniz? Əgər molbertdəkini nəzərə almasaq.

- Mən axır vaxtlar gül-çiçək rəsmləri işləyirdim. Onların da hamısını pay verdim.

- Sizin Sovet dövründə çəkilmiş bir əsərinizdə Azərbaycan bayrağı təsvir olunub. İncəsənət Muzeyindəki sərginizdə görmüşdüm. Onu sonradan əlavə etmisiniz?

- O tablo “Susmayan mahnı” adlanırdı. 1976-cı ildə çəkilib. O əsəri vaxtilə alıblar, Rusiya Mədəniyyət Nazirliyinin balansındadır. Sərgi vaxtı Bakıya gətirmək çətin idi. Oturub təzədən işlədim, ölçülərini cüzi dəyişdim, uşağın da əlindəki qırmızı sovet bayrağını Azərbaycan bayrağı elədim.

- Deyirlər muzeylər mistik yerlərdir. Bu barədə filmlər çəkilib, əsərlər yazılıb. Uzun illər İncəsənət Muzeyinin direktoru olmuş biri kimi deyə bilərsinizmi bizim İncəsənət Muzeyinin hansı mistik tərəfləri var? Siz onu hiss eləmisinizmi?

- Yox. Bunlar hamısı uydurmadır. Heç bir mistika yoxdur. Adi yerdir. O bina da muzey kimi tikilməyib. Çoxları mistika haqqında danışır, özlərindən mistik hadisələr uydururlar. Bəlkə də müəyyən qədər nəyləsə əlaqədar olaraq mistika da mövcuddur, insanlar da diqqət çəkmək üçün bunları şişirdirlər. Lakin sizə səmimi olaraq deyim. Mən 15 ilə yaxın İncəsənət Muzeyində işləmişəm və onu bütövlükdə canıma hopdurmuşam.

Bilirsiniz, muzeylərdə tamam ayrı bir atmosfer olur. Bu, küçədəki atmosferdən fərqlənir. Sən muzeydə özünü pis hiss edə bilərsən, ya da həyəcanlanaraq əla da hiss edə bilərsən. Çünki orda on minlərlə rəssamın, heykəltəraşın, qrafika ustasının energetikası mövcuddur. Axı rəssam rəsm çəkən zaman kətanla birbaşa ünsiyyətə girir, o kətana özünün ruhunu, qəlbini, energetikasını köçürür. Enerji isə itə bilməz, o kətanda qalır və radioaktiv maddələr kimi daim kətandan saçılır. Və dəqiq bilirəm ki, muzeylərin energetikaları mövcuddur. Dediyim kimi, muzeydə səbəbsiz yerə başın ağrıya bilər. İnanın mənə, bu muzeyin atmosferindən asılıdır. Halbuki muzeydən bir addım bayıra atan kimi baş ağrısı da keçir. Buna görə də muzeyin özünün mühiti, oradakı on minlərlə əsərin enerjisi mövcuddur. Bizim muzeydə isə 20 minə yaxın eksponat var. Bunlar plastmas plastinkaya yazılmış nəğmə, kağıza köçürülmüş not deyil, bunlar rəssamın emalatxanasından çıxmış canlı kətandır. O, emalatxanadan rəssamın energetikası ilə birlikdə çıxır və ətrafa yayılaraq muzeyin mühitini, ab-havasını yaradır. Görünür, çoxları məhz muzeydə olan bu ab-havanı mistika hesab edirlər.

- Burda kitablar görürəm, oxuyursunuz?

- Əlbəttə.

- Kimləri sevirsiniz?

- Markesi, Heminqueyi sevirəm. Sizə bir etiraf da edim: Mən rus klassiklərinin içində təkcə Çexovu təkrar-təkrar oxumağı xoşlayıram. Bəzilərini təzədən oxuya bilmirəm. Bu baxımdan Çexov mənim üçün istisnadır.

Azərbaycan Şərq ölkələrinin flaqmanıdır

- Adətən gündəlik iş rejiminiz necədir? Bax, müsahibədən sonra nə iş görəcəksiz?

- Sizdən sonra Yusif Məmmədəliyevin ev muzeyinin təmiri ilə bağlı bir memarla görüşəcəyəm. Mən həm də Rəssamlıq Akademiyasının professoruyam, diplom işlərini aparıram.

- Çingiz müəllim, xalqımızın taleyi elə gətirib ki, biz heç vaxt dünyada aktual olan sənətlərin avanqardı ola bilməmişik. Hər zaman nələrisə Qərb mədəniyyətindən əxz eləmişik. Amma çox yəqin ki, biz sənətin hansısa hissəsində orijinallığımızı yaratmışıq. Sizcə Azərbaycan təsviri incəsənətinin harasında dünya üçün orijinal, yeni və maraqlıyıq?

- Azərbaycan Şərq ölkələrinin flaqmanıdır. Biz təsviri sənəti Rusiyadan, Baltikyanı ölkələrdən əxz etmişik. Lakin təəssüf ki, biz öz dəyərimizi ala bilməmişik. Ola bilsin, klassizmi, impressionizmi, kubizmi biz yaratmamışıq, amma əvəzində bizim də misilsiz və bənzərsiz rəssamlarımız var. Sosrealizm dediyimiz janrda bizimkilər necə gözəl əsərlər yaradıblar! Bizim çox talantlı rəssamlarımız var. İdeologiya deyib bu əsərlərdən imtina etmək olmaz. Kim deyir ki, sosrealizm pisdir? Sosrealizmin ideoloji tərəflərini qəbul etməyə bilərik, amma o janrda yaradılan əsərlər professionalizm baxımından əvəzsizdirlər.


Xalq rəssamı adı versəydilər, etiraz etməzdim

- Siz “Sərvət” layihəsini də buraxmısınız. Onun üçün israrla soruşuram: Bəs hansı Azərbaycan rəssamı orijinalıdır, dünyanı heyrətləndirə bilir?

- Bizdə çağdaş təsviri sənət gec başlasa da, çox professional rəssamlarımız yaranıb. Bizim rəssamların çox güclü baqajları var.

- Çingiz müəllim, sizə nə əcəb Xalq rəssamı adı verilməyib?

- Bilirsiniz də, Albert Enşteyn dünyanın ən məşhur adamlarından idi. O bir az özünə fikir verən deyildi, saçını daramırdı, köhnə plaşda gəzirdi. Bir dəfə hələ təzə vaxtlarında ondan soruşurlar ki, professor, niyə həmişə bu plaşda gəzirsiniz? Qayıdıb deyir, nə fərqi var, kimdir məni tanıyan? Sonralar Nisbilik nəzəriyyəsini yaratdı, dünyada tanındı. Yenə bir gün soruşurlar ki, artıq hamı sizi tanıyır, bəs indi niyə belə gəzirsiniz? Cavab vermişdi ki, nə fərqi var? Məni belə də hamı tanıyır. Yəni deməyim odur ki, adım oldu, olmadı, fərqi nədir? Onsuz da məni hamı tanıyır. Mən Çingiz Fərzəliyevəm. Bu adı mənə atam verib. Bu adla tanınmışam. Həmişə hamıya hörmət etmişəm, camaat da mənə hörmət göstərir. Ona qalsa Əməkdar incəsənət xadimi çox yüksək addır. Ən böyük alimlərə, tutalım Yusif Məmmədəliyevə bu adı veriblər – Əməkdar elm xadimi. Daha Xalq fiziki, Xalq kimyaçısı demirlər, Əməkdar elm xadimi deyirlər. Böyük addır. Mən bu adla fəxr edirəm. Özü də mənim fəaliyyətim təkcə rəsm çəkməklə yekunlaşmır. Mən sənətşünaslıq fəaliyyəti ilə, tədrislə, canım sizə desin, ictimai fəaliyyətlə məşğulam. Buna görə mən təkcə rəsm çəkmirəm ki, məni yalnız rəssam adlandırsınlar. Əlbəttə Xalq rəssamı adı versəydilər, etiraz etməzdim. Lakin adın verilməməsinə də dəhşətli hadisə kimi baxmıram. Əlbəttə Xalq rəssamı adı almaq mənim ən böyük arzularımdan birisi idi. Lakin heç vaxt bu məsələni dilə gətirməmişəm. Anam həmişə deyərdi ki, ağzın dolu qan olsa da, ud, görən olmasın.


- Axı sizin bu adı almağa imkanınız olub. Muzeyin direktoru olmusunuz, yoldaşınız mədəniyyət nazirinin müavini olub. İstəsəydiniz ala bilərdiniz.

Uzun müddət susub sonra gülümsəyir:

- Yaxşı bir Azərbaycan məsəli var. İcazənlə mən o məsəli bir qədər dəyişim. Deyir, ağlamayan uşağa süd verməzlər. Tahir Salahovun da yaxşı bir sözü vardı. Bilmirəm öz sözü, yoxsa hansısa dahinin fikri idi. Deyirdi: Təvazökarlıq unudulmağa aparan ilk addımdır... Bax belə... Təvazökarlığın müsbət cəhəti olduğu kimi mənfi cəhəti də var. Təvazökarlıq isə mənim həyat normamdır.

Çingiz Fərzəliyevlə iki saata yaxın davam edən səmimi söhbətimiz burda bitir. Lakin müsahibə hazır olar-olmaz əvvəl telefonda, sonra evində görüşüb düzəlişlər aparırıq. Çingiz müəllim hər sözün üstündə əsir, səmimi söhbətdə bəlkə də cilalanmadan deyilmiş hər bir fikrin daha dəqiq, sərrast alınması üçün diqqət göstərir. Səbirlə, tələsmədən bəzi ixtisarlar aparır, əlavələr edirik... Nəticədə sizin oxuduğunuz bu müsahibə ortaya çıxır. Mən isə öz növbəmdə təkcə zahiri ilə deyil, batini ilə də nəciblik heykəli olan bir insanla, misilsiz bir estetlə həmsöhbət olduğuma artıq şübhə etmirəm. Görünür, zənnim məni aldatmayıbmış.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:20
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see175

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see145

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see117

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see117

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see115

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see114

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see113

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see113

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see113

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see112

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see111

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see110

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri