Məktəb kitabxanası savadlı gələcəyin təməli
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
(Heydər Əliyev)
Ümummilli liderin bu kəlamı kitabxanaların sadəcə kitab saxlanılan bir məkan deyil, həm də bir xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini qoruyan müqəddəs bir ocaq olduğunu bir daha sübut edir. Hər bir cəmiyyətin inkişaf səviyyəsi onun mütaliəyə, kitaba və kitabxanaya verdiyi dəyərlə ölçülür. Kitabxanalar əsrlər boyu bəşəriyyətin topladığı təcrübəni gələcək nəsillərə ötürən əvəzsiz bir körpü rolunu oynayıb.
Hazırda rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə yaşasaq da, kitabxana öz elmi və mənəvi mənbə funksiyasını itirmir. Əksinə, müasir elektron kitabxanalar biliklərin daha geniş kütlələrə çatdırılmasına xidmət edərək bu missiyanı yeni müstəviyə daşıyır. Texnologiya dəyişsə də, bilik mənbəyinə olan ehtiyac və kitabxana mədəniyyəti dəyişməz qalır. Gənclərin analitik düşüncəyə, dərin biliklərə və zəngin dünyagörüşünə yiyələnməsində kitabxanaların rolu əvəzsizdir.
Hər il dünyanın bir çox ölkəsində, 1999-cu ildən etibarən UNESCO-nun təşəbbüsü ilə məktəb kitabxanalarının cəmiyyətdə və təhsildəki rolunu qiymətləndirmək, şagirdlərdə mütaliəyə və kitaba maraq yaratmaq üçün Məktəb Kitabxanaları Günü qeyd olunur. İlk dəfə bu günü Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz təklif edib. 2005-ci ildən isə günün rəsmi statusu təsdiqlənib və beynəlxalq miqyasda daha geniş qeyd olunması təmin edilib.
Hər il bu əlamətdar günü biz də 135 saylı tam orta məktəbin kitabxanasında qeyd edirik. Kitabxanamızın fəaliyyəti yalnız gündəlik oxucu xidməti ilə məhdudlaşmır. İl ərzində keçirdiyimiz müxtəlif maarifləndirici tədbirlər kitabxananı məktəbin canlı məkanına çevirir. Bu kimi tədbirlər şagirdlərdə kitaba və kitabxanaya marağı artırır. Kütləvi tədbirlərimiz kitabın və digər çap məhsullarının geniş oxucu kütləsi arasında təbliğ edilməsində xüsusi rol oynayır. Kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni-yeni oxucular cəlb edirik. Hər bir kütləvi tədbir oxucularımızda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, onları həmin mövzular üzrə aparılan müzakirələrin iştirakçısına çevirir və bununla bağlı mövcud ədəbiyyatla tanış edir.
Hər il kitabxanamızda keçirdiyimiz tədbirlər – 14 fevral Kitab Bağışlama Günü, 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü, 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, mütaliə saatı, oxu günü, şair və yazıçılarla görüş – şagirdlərimizin sevərək iştirak etdiyi tədbirlər siyahısındadır. Bu tədbirlərdə şagirdlərimiz istədikləri bədii kitabları bir-birlərinə hədiyyə edir, oxuduqları kitablar haqqında fikir mübadiləsi apararaq yeni kitablarla tanış olurlar. Hər il oxucularımız bu kimi əlamətdar günləri səbirsizliklə gözləyirlər.
Dərsliklər şagirdə müəyyən fənn üzrə baza bilikləri qazandırırsa, kitabxana resursları – bədii əsərlər, ensiklopediyalar, elmi-kütləvi ədəbiyyat və sorğu kitabları – bu bilikləri dərinləşdirir və genişləndirir. Düzgün təşkil olunmuş kitabxana mühiti şagirdlərimizdə analitik və tənqidi təfəkkürü, müstəqil araşdırma bacarıqlarını formalaşdırır.
Eyni zamanda, kitabxanaçı sadəcə kitab paylayan deyil, şagirdin mütaliə yolunda bələdçisi, onun maraq dünyasını kəşf edən bir mütəxəssisdir. Kitabxanaçının şagirdlərin yaş xüsusiyyətlərini və maraq dairəsini nəzərə alaraq kitab tövsiyə etməsi onların mütaliədən zövq almasını təmin edən əsas amildir.
Kitabxanası zəngin, oxucusu bol olan məktəb gələcəyə inamla addımlayan savadlı nəsillərin yetişdiyi məkandır. Məktəb kitabxanasına göstərilən hər bir diqqət və ayrılan hər bir resurs gələcəyimizin intellektual kapitalına yatırılan sərmayədir. Kitabın işığında yetişən gənclik isə hər zaman cəmiyyətin inkişaf mühərriki olacaqdır.
Nigar Hacıyeva,
135 saylı tam orta məktəbin kitabxana müdiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















