Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Mən indi bilirəm, İlahi... Sevinc Mürvətqızının essesi

Mən indi bilirəm, İlahi... Sevinc Mürvətqızının essesi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1 oktyabr görkəmli şair Vaqif Bayatlının doğum günüdür.

Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının "Mən indi bilirəm, İlahi..." essesini təqdim edir.

Yağışı, çiskini ilə gələn payızın saralmış üzündən baş götürüb xatirələrimizin nostalji bədbinliyinin dibsiz dərinliyinə üzüquylu gömüləndə Vaqif Bayatlının bu mənsur misraları antidepressant effekti ilə yenidən ruhumu silkələdi: "...Mən indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Mən indi bilirəm, İlahi, ruhdan düşdüyüm, məni görmədiyini düşündüyüm anlarda sən milyonlarla gözlə mənə baxırsanmış. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş..."

Ruhdan söz açmışkən, subyektiv düşüncələrimə ordan başlamaq istəyirəm ki, fikrimcə, Vaqif Bayatlı çağdaş poeziyamızda spiritualistik (ruhçuluq) - mistikqatlarla, yalnız (və yalnız) özünə xas orijinal üslubla yazan müasir mütəsəvvif şairlərin biri və bəlkə də birincisidir. O, şeir yazmır, öz təbiri ilə desək, min illər, milyon illər əvvəlki "yaşadıqlarını" dəqiqcə xatırlayır və qələmə alır.

Ruhçuluq nəzəriyyəsinə görə, zaman-zaman Yer üzünə müxtəlif vücudlarda təkrar-təkrar bədənlənən ruhumuzun ali məqsədi mənəvi təkamül yollarından keçərək Allaha qovuşmaqdır. İlahi yaddaşın kodlandığı bəzmi-ələst aləmində taleyimizin cizgiləri bircə-bircə özümüzə göstərilib razılığımız alınıb sonra yer üzünə göndəriləndə hamımız hardan qopub gəldiyimizi burada unutduq. Halbuki yaşadıqca ruhumuzun missiyasını yenidən xatırlamalı, keçən yaşantılarımızda bitirmədiyimiz həyat dərslərimizi tamamilə yekunlaşdırmaq üçün yuvadan pərvazlandığımızı bilməliydik... Amma bizlərdən çox azımız bunları düşünüb xatırlamağa cəhd elədik. Nəfsimiz və həvəsimizlə sınanmağa gəldiyimiz bu dünyada "seçilmiş"liyi ilə heyrətləndirən Vaqif Bayatlı isə o bilgini incəliyi ilə xatırlaya bilən, xatırlamaq istəyənlərə də xatırlada bilən şairdir. Onun poetik xatırlatmalarında paralel dünyalar da var, ilham yoluyla ilahi qaynaqdan ona ötürülən fənafillah məqamının düşüncəmizin dərk etmədiyi çalarları da, seyri-sülük yolçuluğunda Allahın sonsuz böyüklüyünə uçuşun təsviri də... Və bunları bildiyinə, bildirdiyinə rəğmən, fitrətən təvazökar şair nə peyğəmbərlik iddiasındadır, nə də insanları övliya olmağa çağırır. Sadəcə hamını ən azı insan olmağa səsləyir. Aldatmaqdansa, aldanmağı yeyləyən insan olmağa. Çünki aldatmaq iblisanə tərəfimizdi, aldanmaq isə məhz insani yönümüz: "...İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir. Həqiqətə aldada-aldada yox, aldana-aldana gedilir. Bununçün insan ən azı insan olmalıdır. Ən azı insan! Heç vaxt aldatmayan, hər an aldanmağa hazır insan!"

Vaqif Bayatlının özünü də, sözünü də sevməmək mümkün deyil. Çünki sadəcə ona məxsus işıqlı frekansın, məxsusi auranın daşıyıcısıdır. Onunla hələ 15 il əvvəl şəxsən görüşəndə də min illər əvvəldən ruh tanışı olduğumuzu, ən əsası da özünün də sözü kimi olduğunu bilmişdim. Onun Allahdan yazılan və yazdırılan nə varsa, onlara xəyanət etmədən işıqlı, munis yaşamağa çalışdığına Vaqif Bayatlını böyük sevgiylə TAMAMlayan xanımının fədakarcasına onu hamımız üçün qorumaq istəyi ilə dolu müsahibələrini oxuyanda bir daha əmin olmuşdum: "Hər bir adam onunla müsahib olanda elə bilir ki, onu çoxdan tanıyır. O, hamının daxilindəki adamdır. İnsanın durulması üçün elə bir adamın varlığı kifayətdir. Allahın seçilmişidir. Ona görə də bu qədər sevilir"...

Dəqiq təsbitlərdir. İndi özünün olmadığı yerlərə də onun şeirləri Vaqifdir. Səhhəti ilə bağlı şairlə həmsöhbət olmaq imkanından indilik məhrum olsaq da, təsəllimiz budur ki, şeirləri onu dipdiri təmsil edir.

Vaqif Bayatlı poeziyası su daşı kimidir. Bulananda damla-damla ondan keçib durulursan, süzülüb qəlibini aldıqca, öz içindəki ilahi cövhərlə tanış olduqca, daxilindəki işığı kəşf elədikcə bunun "səbəbkarına" şükranlıq hissi ilə dolur ürəyin... Mərhəmətin kəlmələrdə vücud tapmış halından doğulan şeirlərin təsiri ilə pıçıldayırsan ki:

Bəlkə də bizi Tanrı dərgahına,

Bağışladığımız günahlar qaldıracaq...

Hər halda buna inanmaq istəyirsən... Və tam inandığın məqamda yeni bir məna atlayışı olur. Görürsən ki:

Yürüməyə irəli yox,

Qayıtmağa geri yoxmuş...

Bu məqam elə bir "yoxluq"dur ki, burda nə sən varsan, nə mən varam, amma həm də hamımız burdayıq, günahları, savabları da dualist dünyanın üzərində qoyub hamımız bir olmuşuq, vəhdəti-vücud şəklində Allaha qovuşmuşuq. Heçlik məqamının şüuru, qəlbi, zehni susduran o ilahi zövqündə sağ ovcumuzu göy üzünə, sol ovcumuzu yer üzünə çevirib orbitimizdə fırlanaraq sözün hər mənasında özümüzdən keçirik - Allaha tərəf...

Heç bir iz qoymadan

Yox olmaq!

Yox olduğunu bilmədən

Bütün yox olanlarla

alın-alına, göz-gözə,

nəfəs-nəfəsə qalmaq...

Tam o an yer üzünün "sol"luğundan göy üzünün "sağ"lığına ilahi vəcddən sərxoş ruhumuz bir bədənlik qədəh kimi qaldırılır... Tam o anda Allahın növbəti xatırlatması Vaqif Bayatlıdan keçib bizə bir udum nəfəs kimi üflənir, Xızır kimi yetişir imdadımıza:

Lap min il də qal tənha, tək,

Səni Allah yaradıbsa,

Bil, sən ən böyük varlığa,

Allaha lazımsan demək...

Və onda ruhumuzun təməl ehtiyaclarına diqqət kəsilirik: Sevgi, dəlilik, ölüm... Əslində hamımız da bu ehtiyaclardan qorxuruq. Halbuki ruhu diri tutan bu üçüdür... Vaqif Bayatlının poeziyasında sevgi - ağı, dəlilik - səfillik, ölüm qaramat qiyafəsində görünmür, ən işıqlı, qəlbin ən doğma qəbul edəcəyi şəkildə təqdim edilir. Onların hamısı ilahidir, İlahiyədir, İlahidəndir. Onun sevgi şeirlərində vücudların sevişməsi deyil, ruhların bir-birinə qovuşan işığının vəcdi var:

Bu dünyadan xəlvət, kəsə,

Qalxaq, sivişək səninlə...

Min illər, milyon illər

Göz-gözə, nəfəs-nəfəsə,

Qalaq, sevişək səninlə.

Məhz bu, gerçək ilahi sevgidir: dünyaya dəfələrlə gəlib-getmişliyinin yaddaşı ilə ruhların dünyadan kəsə yolla zaman və məkan sonsuzluğunun ağuşuna sivişib bir-birinə min illərin, milyon illərin aşinalığıdır. Ki, vücud da başqa bir bədəndəki ÖZünü bir baxışdan tanıyır, o ruhun heyranlığı ilə o vücudun hər telinə ayrı ayrı qurban olur. Ruh başqa vücudda bir olan ÖZünü tanıdığındadır ki, bu hisslərdən qaçmağa lüzum görmür, ruhani olandan utanılmaz, qaçılmaz, gizlədilməz...

Eşqdə gizlətdim bu canı,

Görəmməyən varmı, hanı,

Həm gizlətdim, həm də hamı

Bilə istədim, niyə?!

Belə "niyə"lərin cavabı olmur. Bu cür niyələrin səbəbi "dəlilik"di. İlahi eşqin və eşqin ilahiləşdirilməsinin vəcdindən yaranan məsum, tərtəmiz dəlilik... Elə o məqamda da heyrətləndirən, iliyə işləyən misraların oxucunu dəli edən növbətim həmləsi gəlir:

Bir mən bilirəm,

İnsan göz yaşından oynamağa necə keçir...

Bundan sonra isə heç eyninə də almırsan ki, o dəliliyə kim necə baxır?! Bu misralarda "dəlilik"dən vəliliyə bircə addım var. O həqiqət mərtəbəsində anlaşılır ki, "amentü"- nə gəlirsə Allahdandır, vuran əllər də, saçına sığal çəkən isti ovuclar da Onundur, bunu ilk başda tanımamış kimi hiss etsən də:

Deyirlər, burda dəli var,

Kimdi dəli, tanımıram.

Hey öpürəm, öpürəm

Məni vuran bir əli,

Ancaq əli tanımıram...

Bütün varlığı ilə sadəcə yerə aid olanların bacaracağı bir iş deyil bu, bunun üçün "göydən gəldiyini" xatırlamalısan... Bunu xatırlayanlar xoşbəxtlərin xoşbəxti olur, çünki bir ürəyə sığışdıra bildiklərinin səadətindən ilahi bir sərxoşluq başlayır. Ayılması mümkün olmayan dərvişanə vəcd:

Ha deyinin, ha deyin bu adam divanədi, dəlidi,

Bilin, hamını bir ürəkdə xoşbəxt eləmək

Hamıdan xoşbəxt olmaqdan irəlidi...

Yer üzündəki yad ruhlardan çimçəşəndə bunun əksini də yazıb, amma özü də bilib ki, bəzən "ağlın səsinə uymaq" qəlbə dəlilikdən betər peşmanlıq gətirir:

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki ağlımın səsinə uydum...

Amma ağlı dinləmək beynin işidir, ruhun vəzifəsi qəlbi dinləməkdir. Boşuna deyil ki, qəlbin elektromaqnit sahəsinin beyninkindən dəfələrlə güclü olduğunu kvant elmi də isbatladı. Allah demişdi, elm təkrarlayır, dərinlərdə ruh da bilir... Amma adamlar, adamlar...

Üzünü görmədiyimiz adamlar açır,

Taleyimizin ağır qapılarını...

Amma bir yandan da yazılıb ki:

Dəyişən insanlardı, talelər qalır,

Musa elə İsadı, İsa elə Məhəmməd,

Ancaq bir azca yeri dəyişir talelərin

Bu, bir qarışıq yuxudu, heç kəs bilmir...

Dünya həyatının yuxu olduğunu əslində yazan özü bilirdi, amma bilməyənlərin anlayacağına əmin olmadığından bu qarışıq yuxunun yozumunu təkrarlamır. Və müəllif də bu qarışıq yuxunun içində şəxsiyyətlər, dinlər, inanclar və yolların iç-içə qaynayıb qarışdığını, ancaq hamısının bir qaynağa - Həzrəti Məhəmmədin dediyi "İnsanlar yuxudadır, öləndə oyanacaqlar" həqiqətinə apardığını bilir.

Vaqif Bayatlının şeirlərində ölüm ağappaq nur kimi işlənib. O, poeziyamızda ölümü ən işıqlı, ruhun bildiyi, hiss etdiyi və təslim olduğu bir bədii qiyafədə bizə tanıtdıran bəlkə də yeganə müasir şairdir. Şeirlərini oxuduqca əmin olursan ki, Allahın varlığı elə ölümün yoxluğuymuş...

Axı Allah olan yerdə nə ölüm?!

O an ancaq başqa bir dünyaya yürüş anı,

Allahla təkbətək qalmaq,

Allahla görüş anı...

Bu yerdə ölmədən öncə ölməyin dadını ruhumuzun qəbul edəcəyi şəkildə tamsınıb idrakımızın yetdiyi qədər heçliyin sirrinə Vaqif olmağı öyrənirik... Allahda əriyib yox olmağın, dünyadakı hər varlığın əslində onun əsmalarının təzahürü həqiqətindən bir daha agah oluruq. Ölüm yoxdu, sən də yoxsan. Gördüyün nə varsa, Ondan görünəndi. Tək var olan Allahdı və biz Onun "bilinməsini istədiyi o gizli xəzinə"dən açığa çıxanlarıq... Çəkə bilmədiyimiz bilgi ilə çox yüklənərkən bəşəri tərəfimiz dəhşətə gələndə Vaqif Bayatlının spiritual təsəllisi boy göstərir:

Həddən çox şey bilirik bu dünyada,

Boş şeydi! Unudulacaq hamısı!

Vaqif Bayatlının hamını sevmək missiyasına razılaşıb dünyaya oyanmış ustad olaraq gələn ruhu bir daha bizə xatırladır ki, ən böyük gözəllik unudulmaqdır. Bəşəri tərəfimiz bulanıq zehnin diktəsi ilə tam əksini söyləsə də, unudulmaqdan qorxsa da, ruhun dincliyi üçün "Unudulacaq unudulmaz hər nə var..." Min il sonra dünyaya gələndə "yenidən sevməkçün hər bahar..."

Vaqif Bayatlını oxumaq meditasiya kimidir. O şeirləri ruhuna hopdurandan sonra dünya ilə arandakı pərdəni - göz qapaqlarını endirirsən, gözlərini yumursan, xatırladığın minillik bilgilərlə "doğmalar doğması Allaha sarı yüyürürsən". Çünki:

Dünyada elə şeylər var

Gözlərini yumub görə bilərsən onları ancaq...

Bakıda K-Pop musiqi festivalı keçirildi Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi "Anamdan əmdiyim süd geri qayıtdı" - Həmid Herisçi Anara şeir həsr etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14020

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see813

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see274

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see183

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see156

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see130

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see128

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri