“Mənə o dibçəyi ver, bir də akvariumu...” Mətləb Ağanın yeni şeirləri
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kulis.az Mətləb Ağanın şeirlərini təqdim edir.
Hər şey bir anda oldu,
yazaram, oxuyarsan!
o bədəsil yuxunu
yozaram, oxuyarsan!
…Ən bahalı donunu
geyinərsən, istəsən…
oturub bir tərəfdə
deyinərsən, istəsən…
…Şəklin də yoxdu məndə,
baxıb dəli olmağa…
səndə nə isə çatmır,
sevilməli olmağa!
…Elə bu havadan da
olacaqlar bəllidi…
Arabir gülümsəmən,
sadəcə, təsəllidi…
Yadından çıxmayıb ki,
mənə deyəcəklərin?
- Qorx, şeytan olmağından
qanadsız mələklərin!..
***
Avqust, yorğun işıqlar,
gecə, bürkülü hava...
o kədərli ağaclar
bilirlər nə yox, nə var...
...ay burnunun ucunda,
ulduzlar bir az uzaq,
hiss edirsən, bu fəsil
çox, lap çox uzanacaq.
...neyləsə, məsləhətdi,
bu dünyanın yiyəsi...
cəmi ikicə sözdü:
“gedənlər gəlməyəsi...”
...çırparsan üst-başından
hələ də isti külü:
“bircə mən qayıtmışam,
yorğun, dilsiz, mürgülü...”
***
Günəş batdı...su sakit...
...öldü quşların səsi...
çatlaq dodaqlarında
susuzluğun nəğməsi...
...o susqun ağacların
yaşıl xatirələri...
hərdən suya qoşulub
daşır xatirələri...
...bir şəklim var o üzdə,
canında qış qorxusu...
sənə nə lazımdı ki?
bir səssizlik, bir də su...
...qucaqlayıb indicə
islandığın leysanı,
gülərsən:
“bu həyat da
özünü bir şey sanır...”
***
Necə akvariumda
yaşayan tənha balıq,
ancaq bircə şey bilir,
nə deməkdi tənhalıq...
Necə köhnə albomun
saralmış şəkilləri,
elə bilir, dönəcək
ömrünün ağ illəri...
Necə o dibçəkdəki
o çiçək susur, susur;
sən bilirsən dərdini;
unudulmaq qorxusu...
Necə uzaq üfüqlər
çəkilər ilğım kimi,
həyat da bax beləydi;
ovucdakı qum kimi...
...Sonra bir isti səhra
göyə sovrulan qumu:
“mənə o dibçəyi ver,
bir də akvariumu...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Oktyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















