Icma.az
close
up
RU
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Söhrab Sipehrinin şeirləri

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Söhrab Sipehrinin şeirləri

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün görkəmli İran şairi Söhrab Sipehrinin anım günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

İlğım

Günəşin yaxdığı çöllü-biyaban!
Onda nə çəmənlik, nə bir ağac var.
Səssizlik bürüyüb bütün hər yanı,
Yalnız qarıldaşır hərdən quzğunlar.

Arxa tərəfində toz pərdəsinin,
Uzaqdan titrəyir qara bir nöqtə.
Əgər yaxınlaşsan, görəcəksən ki,
Bir insan yol ölçür sakit, ahəstə.

Üstünə-başına çöküb toz, torpaq,
Yorğunluq içində gedir o yolu.
Boğazı bir udum suya təşnədir,
Yalın ayaqları tikanla dolu.

Gedir addım-addım üfüqə sarı
Gözünə görünür dalğalı dəniz.
Bir az da irəli gedib, düşünür:
Yəqin yuxu görüb birdən, xəbərsiz.

Əhvalat

Hayqırır dəniz.
Sahil sakit, kimsəsiz.
Görünmür dənizdə qara bir ləkə
ki, gələndə yaxına
qayıq ola bəlkə.

Sahildə qalıb
üstünə gecə çökmüş bir qayıq,
vücudu qaranlıq içində
kədərli görünür azacıq.
Bir kimsə yox ki, gəlib
atsın onu suya.
Və bu zaman hər dalğa
qulağa gizlicə nəsə söyləyir guya.
Kükrəyən bir dalğa da uzaqdan çapıb atını
gəlir, danışır bizə
tufanlı bir gecənin əhvalatını.

Balıqçı getmişdi o gecə çağı
ki, tutsun dənizdən
xəyalında bəslədiyi balığı.

O gecənin səhəri
dənizdə bir dalğa
başqa dalğaya çırpılmayanda,
balıqçılar suyun üzərində
rast gəldilər bir qayığa:
dodağında əvvəlki gecənin acı hadisəsindən bir xəbər.
Və onu yuxulu sahilə çəkdilər -
indi olduğu yerə.
Həmin kədərli anında
yerində və onun yanında
hayqırır dəniz.
Və uzaqdan o dalğa çapıb atını
özünü yetirir, nəql edir bizə
o tufanlı gecənin
uzun olmayan əhvalatını.

İtmiş sərhəd

İşığın kökü quruyub töküldü.
Və səs fəzanın əyri-üyrü yolu ilə gedirdi.
Bir sərhədi keçmişdi,
itmiş sərhədi axtarırdı.
Yekə bir dağ baxışını kəsdi.
Səs özünü itirdi
və dağın ətəyindən yapışdı:
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Mənə sığınacaq ver”.
Dağ ağır yuxuya getmişdi.
Yuxusu rabitəsiz idi.
Səs biganəlik qoxusunu duyub
geri qayıtdı,
fəzanı özündən keçirib
gecənin görünməz bir küncündə yerə yıxıldı.

Dağ ağır yuxuya getmişdi.
Çox keçdi,
yuxusu buxarlandı.
İtmiş bir əks-səda damarlarına işlədi:
“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Mənə sığınacaq ver”.
Acı bir yanğı vücudunu bürüdü.
Günahkar yuxusuna qarğış elədi
və baxışını yola saldı.

Bir intizar titrəməkdə idi.
Bir baxış yolda qalmışdı
və bir səs təklikdə ağlayırdı.

Qarşılaşma

Yerə bir nur endi:
İki ayaq izi gördüm səhranın qumları üzərində.
Hardan gəlmişdi?
Hara gedirdi?
Yalnız iki ayaq izi görünürdü.
Bəlkə də səhvən yerə ayaq basmışdı.

Birdən izlər yola düşdülər.
İşıq da onlarla bərabər sürünürdü.
İzlər gözdən itdilər,
özümü qarşıdan seyr etdim:
Bir çuxur ölümlə dolmuşdu.
Və mən ölmüş bədənimdə yola düşdüm.
Ayaq səslərimi uzaqdan eşidirdim,
bəlkə də bir səhradan keçirdim.
İtmiş bir intizar mənimlə idi.
Birdən cəsədimə bir nur endi
və mən bir iztirab içində dirildim:
İki ayaq izi varlığımı doldurdu.
Hardan gəlmişdi?
Hara gedirdi?
Yalnız iki ayaq izi görünürdü.
Bəlkə də səhvən yerə ayaq basmışdı.
Tamaşa surəsi
And olsun tamaşaya
və sözün başlanğıcına
və xəyaldan göyərçinin uçuşuna,
bir kəlmə qəfəsdədir.

Sözlərim bir parça çəmənlik tək aydın idi.
Mən onlara dedim:
Evinizin astanasında bir Günəş var,
əgər qapını açsanız, sizin davranışınıza işıq saçar.

Və onlara dedim:
Daş dağın bəzəyi deyil,
necə ki, dəmir də zinət deyil külüngün bədəninə.
Yerin ovcunda görünməz bir gövhər var ki,
onun parıltısından bütün peyğəmbərlərin gözü qamaşıb.
Gövhəri axtarın.
Onları peyğəmbərlik otlağına aparın.

Və mən onlara müjdəsini verdim qasidin addım səsinin,
günün yaxınlaşmasının, rəngin çoxalmasının,
qızılgülün əks-sədasının,
kobud sözlərin belinin bükülməsinin.

Və onlara dedim:
Kim taxtanın yaddaşında bir bağı görsə,
onun surəti əbədi şövq meşəsinin təravətində qalacaq.
Kim göydəki quşla dostlaşsa,
yuxusu dünyanın ən rahat yuxusu olacaq.
Kim zamanın dırnağından nur yığsa,
pəncərələrin düyününü ahla açacaq.

Bir söyüdün altında idik.
Başımın üstündəki budaqdan bir yarpaq dərib dedim:
Gözünüzü açın, bundan yaxşı əlamət istəyirsiniz?
Eşitdim ki, bir-birlərinə deyirlər:
Sehrbazlıq bacarır, sehrbazlıq!

Hər dağın başında bir peyğəmbər gördülər,
inkar buludunu çiyinlərinə atdılar.
Küləyi nazil etdik ki,
papaqlarını başlarından çıxartsın.
Evləri payızgülü ilə dolu idi,
gözlərini bağladıq.
Əllərini ağıl budağına çatdırmadıq.
Ciblərini adətlə doldurduq.
Yuxularını aynaların səfərinin səsi ilə pozduq.

Vaxtın işıqlı vərəqi

İşığın hücumundan qapının şüşələri titrəyir.
Səhər açıldı, Günəş gəldi.
Çayı içdik stolun çəmənliyi üzərində.

Saat doqquzda bulud gəldi, məhəccər islandı.
Mənim kiçik anlarım ərik gülünün altında gizlənmişdi.
Bir gəlincik yağışın arxasında idi.

Buludlar getdi.
Təmiz bir hava, bir sərçə, bir uçuş.
Düşmənlərim hardadır?
Düşünürdüm:
Ətirşahların hüzurunda ədavət əriyəcək.

Qapını açdım: səmanın bir parçası
mənim su stəkanıma düşdü.
Suyu səma ilə birgə içdim.
Mənim kiçik anlarım gümüş yuxu görürdü.
Mən kitabımı açdım vaxtın görünməyən tavanı altında.

Günorta gəldi.
Çörəyin ətri süfrənin
Günəşindən gülün cisminin idrakına qədər səfər edirdi.
İdrak çəməni yaşıllaşmışdı.

Əlim varlığın təbii rənglərində üzməyə başladı:
Bir portağalın qabığını soyurdum.
Şəhər aynada görünürdü.
Dostlarım hardadır?
Günləri narıncı olsun!

Şüşənin arxasında istədiyin qədər gecə.
Otağımda barmaqlarımın zirvəyə toxunmasının
əks-sədası,
Otağımda miqyasın azalmasının səsi.
Mənim kiçik anlarım ulduzları düşünürdülər.

Yuxu gözlərimin üstündə bir şeylər qururdu:
Bir açıq fəza, nəğmə qumları, dostun ayaq izləri...

Fars dilindən tərcümə: Məsiağa Məhəmmədi

"Ona yüksək qonorar vəd etmişdilər" - Səməndər Rzayev niyə Riqaya getmədi? Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur Heydər Əliyevin astaralı agenti – “Alagöz” kim idi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri