Mənim ikinci anam..
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bəlkə də bu yazımın başlığı birmənalı qarşılanmayacaq. Amma ilk baxışdan... Mənim həyat hekayəm topalanmış bulud kimi göydən yerə damcı-damcı süzüldükcə mənə haqq verəcəyinizə əminəm.
Birinci sinfə qədəm qoyarkən Şəmsiyyə xanımın anama dediyi "Mahirə mənim qızımdır, ona mən cavabdehəm" sözləri hələ də qulağımda səslənir. İlk baxışdan adi görünən bu söz bütün həyatım boyu öz icraatını göstərdi. Orta məktəbə həmişə anamla qoşa gedər, təhsilimlə maraqlanardı. Uğurlarımı müəllimlərimin dilindən eşitdikcə qürurdan köksü qabarardı. Ali məktəbə qəbul imtahanının nəticəsini anamla bərabər həyəcanla gözləyib, müsbət cavabı eşidərkən necə bəxtiyar olduğunu, sevincdən ağladığını indi də unuda bilmirəm. Tələbəlik dövrüm də Şəmsiyyə xanımın səxavəti, sevgi və diqqəti sayəsində qayğısız keçib. Vəziyyət elə gətirdi ki, mən iş həyatına qədəm qoyanda bacımla eyni evdə yaşamalı olduq. Onun mənə səhər obaşdan qəlyanaltı hazırlaması, iş çantama nahar azuqəsi yığması, evdən çıxarkən havaya uyğun geyimimi xüsusi nəzarətdə saxlaması məni o qədər qəhərləndirirdi ki... Çünki Şəmsiyyə xanım bacılıq hüdudunu çoxdan aşmışdı. Bu qayğı, bu nəvaziş ancaq analığın boyuna biçilmiş fədakarlıq idi.
Ezamiyyətə gedəndə necə də həyəcan keçirirdi, İlahi!
Bir dəfə işdən gələndə gördüm ki, stolun üstündə ən azı bir həftəlik bazarlıq var. Yanında da kiçik bir not: "Mahirə! Bir həftəyə qayıdıram. Ac qalma! Gecə yatanda pəncərəni bağla!"
İndi gəl bu boyda sevginin böyüklüyündən qanadlanıb uçma görüm... Bu canfəşanlıqdan, bu sevgidən atamın yoxluğunu düşünməyə macal belə tapmadım desəm, inanın.
Bacım peşəsi ilə bağlı tez-tez bölgələrə ezamiyyətə gedirdi. Bəzən də bölgələrdən gələn zənglərə səbrlə cavab verdiyi üçün öz nahar fasiləsini də xərcləyirdi. Mən ona kənardan heyranlıqla tamaşa edirdim. Onda elə insani keyfiyyətlər kəşf edirdim ki, əvvəl uca Yaradana, sonra anama təşəkkür edirdim ki, həyatımıza belə mələk verib. Çünki biz doğması idik. Bizi sevməsi, qoruması təbii idi. Amma...
Şəmsiyyə xanımın xasiyyətinə bələd olduqca onun hər insanda olmayan mərdlik, dürüstlük, yardımsevərlik kimi məziyyətlərini gördükcə onun həyatında olan, heç bir qan bağı olmayan hər kəsə... sözün yaxşı mənasında, həsəd apardım ki, belə bir dostunuz, iş yoldaşınız var. Onun kəlməsi həmişə möhürlü sənəd kimi olub. Bacımla gündəlik məişətdə birlikdə olan adam bilir ki, Şəmsiyyə xanımın həyat tərzi, xarakteri kulisdən baxanda da eyni cürdür. Bu xanım maskalanmağı, riyakarlığı, yalanı sevmir. Heç kəsdən kömək əlini əsirgəmir. Bacım nə qədər mərhəmətli olsa da, eyni zamanda zabitəli, hökmlü bir qadındır. Onun zərifliklə yanaşı, zabitəsini görəndə niyəsə Suqovuşanı xatırlayıram. Kürlə Arazın bir-birinə qarışmadan yanaşı axan suları kimi pozitivliyi, şuxluğu sevən bacım eynən beləcə ciddiyyəti səmimiyyətə qarışdırmadan hər şeyi öz çərçivəsində saxlayıb davam etdirməyi məharətlə bacarır.
Doğmalarımın yazdığı kimi, mən də deməliyəm ki, çoxuşaqlı ailədə böyümüşük. Şəmsiyyə bacımın haqqında hər birimiz kiçik xatirə yox, bəlkə də kitab yaza bilərdik. Şəmsiyyə xanımın keçdiyi həyat yolu buna imkan verir. İlk yadıma düşən odur ki, 1-ci sinfə gedəndə dərs gündəliyi yazırdım. Mənə heç nə demədən, yanımda oturmuşdu. Mən isə ayın 1-dən başlayıb 39, 40, 41 yaza-yaza gedirdim. Onda məni başa saldı ki, hər ay ya 30, ya da 31 gündən ibarətdir. Səhər tezdən dərsə bir yerdə gedirdik.
Düşünürəm ki, əgər bir ailə istəyirsə, onun uşaqları əlaçı, tərbiyəli, mədəni olsun, onda böyük uşağa diqqət daha çox edilməlidir. Çünki sonrakı uşaqlara nəzarət lazım olmur. Biz də özümüzdən əvvəlki bacılarımızın əlaçı oxuduğunu görüb bunu qanun kimi qəbul etdik.
Şəmsiyyə bacım ailənin 3-cü övladıdır. Ata-anamızdan gördüyümüz tərbiyədən bizim evdə hər birimiz özündən bir, iki yaş böyük olanın sözünü eşidir, hörmətlə yanaşırdıq.
Mən 6-cı sinifdə oxuyurdum. Atam çox cavan yaşında - sentyabr ayının 8-də dünyasını dəyişdi. Hamımız çox sarsıldıq bu ağır itkidən. Bacım da atama şeir yazmışdı ağlaya-ağlaya. Amma Allahdan güc aldı. Dərdi ürəyində, şux gəzdi. Şəmsiyyə xanım hər kəsin dərdini dinləyib, təsəlli verən, amma öz dərdlərini içində tutan insandır. Bacım insanlarla deyil, ona üz verən müsibətlərlə mübarizə apararaq özünü büsbütün anamın ağır qayğlarına şərik etdi.
Mən 9-cu sinifdə oxuyanda anamın öd ağrısı tutmuşdu. Rəngi sapsarı idi. Baxmayaraq ki, Şəmsiyyə xanımdan böyük 2 bacım var idi. O vaxtdan özünü ailədə 3-cü yox, 1-ci övlad kimi apardı.
Rayon xəstəxanasında həkimlər anamı əməliyyat etmək istəmişdilər. Ödündə daş var idi. Bacım Bakıdan gəlib, həmin həkimlə görüşüb, söhbət etdi. Sonda həkim anamı rayon mərkəzi xəstəxanasında əməliyyat etməkdən qorxaraq, vaz keçdi. Fədakar bacım anamı Bakıya - ən yaxşı cərrahın yanına apardı. Anamı açıq əməliyyat edib, ödünü götürdülər. Həkim mütləq pəhriz saxlamağı, hər il sanatoriyalarda müalicə götürməyin vacib olduğunu dedi. Bir ildən sonra bacım anamı Çexiyanın Karlovı-varı kurort şəhərinə göndərdi. Və bu, anamın son illərinə qədər adət halını aldı. Bacım öz ehtiyaclarından əvvəl anamın sanatoriyaya getmək üçün putyovka pulunu hazır edirdi. Artıq may ayı gələndə sanatoriyada həkimlər, tibb bacıları, xadimələr və hər il eyni ayda müalicəyə gələn qadınlar anamın yolunu gözləyərdilər.
Bunları ona görə yazıram ki, bəlkə də Şəmsiyyə xanımın bizə çox yaxşı bacı olmağından başqa, anama həddindən artıq can yandırıb sağlamlığı üçün əlindən gələni etməsi bizdə ona qarşı səmimi hislər yaradır. O, əlbəttə bizə çox əzizdir, çox dəyərlidir. Bəlkə də Allah Şəmsiyyə bacımın və hər mənada qulluğunda dayanan Tahirə bacımın üzünə anama uzun ömür verdi. Baxmayaraq ki, anamdan doymadıq. Çünki deyirlər, gözəl insanlar bir nemət kimidirlər. Qədirləri bilinməzsə, Allah onu geri alar. Bizim anamıza bağlılığımız başqa cür idi.
Çox adam təəccüb edirdi ki, bu qədər ana sevmək olar? Biz gün ərzində anama 1-2 dəfə zəng edəndə deyirdi ki, a bala, bu gün mənə niyə zəng eləmədin? Ona görə yox ki, yaddaşı zəif idi. Əsla, elə deyildi. Sadəcə, öyrəşmişdi, gün ərzində hər birimiz 3-4 dəfə zəng edib danışırdıq. Hərdən deyirdi ki, ağrıyıram. Deyəndə ki, ay ana, haran ağrıyır? Deyirdi ki, nə bilim, hər yerim ağrıyır. Bacım anamın nələri sevdiyini əzbər bilirdi. Tez hamısını alıb rayona yola düşürdü. Özü də anama bildirməyə icazə vermirdi. Deyirdi ki, çatana qədər narahat olmasın, həyəcan keçirməsin. Mən də tez-tez zəng edirdim ki, mama, necəsən? Hıqqıldayırdı. İlahi, bacım qapıdan girdiyi dəqiqədən anamın ağrıları da keçərdi. Elə iştahla yemək yeyərdi ki... Anamın orqanik dərmanı idi Şəmsiyyə bacım. Yəni bacı-qardaşımın yazdıqlarını təkrar yazmaq istəmirəm. Onu demək istəyirəm ki, Şəmsiyyə bacım çox mərhəmətli, qayğıkeş, səxavətli, nəcib insandır.
1983-сü ilin oktyabr ayında böyük qardaşımın toyu oldu. Mən 2-ci kursda oxuyurdum. 2-3 günlük icazə alıb Moskvadan qardaşımın toyuna gəldim. Bacım qardaşım üçün həm böyük bacı, həm də böyük qardaş rolunu oynadı. O vaxtlar maşın karvanı “Jiquli” və “Volqa”lardan ibarət idi. Qohumlarla bərabər qardaşımın çoxlu dostu gəlmişdi. Bəziləri avtoşluq etmək istəyirdilər. Bacım hamısına “dayanın!” işarəsi verib cərgəyə düzdü. Dedi ki, biriniz sürəti artırıb, qaydanı pozsanız, məndən inciməyin. Qonşu oğlanlar qardaşıma necə həsəd aparırdılar. Birinin özündən böyük 3 qardaşı var idi. O, özünü saxlaya bilmədi. Qardaşıma - sən nə bəxtəvər adamsan, - dedi. Kaş ki, mənim də bircə dənə Şəmsiyyə kimi bacım olardı. Halbuki hamısının böyük qardaş, bacıları var idi. Demək, var olmağı bəs etmirmiş. Böyük ürəyə sahib olmaq lazımdır ki, özün gənc qız olduğun halda ailədə həm böyüklərin, həm də kiçiklərin qayğısına qala biləsən.
İllər sürətlə keçdi. Artıq dörd ildir ki, ərköyün, qızılgözlü qardaşım həyatda yoxdur. Ürək ağrısı ilə onun da adından öz dilindən eşitdiyim bir neçə kəlməni yazmaq istəyirəm. Bir dəfə stol ətrafında oturub söhbət edirdik. Valideynlərə olan borcumuzdan, qayğılardan söz düşdü. Gözləmədiyimiz halda qardaşım söhbətə qarışdı. Özü də gözlərində sevinc, üzündə təbəssüm, dedi ki, siz elə bilirsiz ki, mən dərk eləmirəm Şəmsiyyə bacımın nə dərəcədə fədakar olduğunu? Şəxsən mən elə bilirəm ki, Şəmsiyyə bir bacı kimi mənə Allahın ayrıca lütfüdür. Çünki böyük oğul kimi öz məsuliyyətimi çox yaxşı dərk edirəm. Ona görə də Allahıma hər gün şükür edirəm, Şəmsiyyə kimi bacım olduğu üçün. Havayı bir-birimizə oxşatmırlar ki, bizi. Sonra da gülə-gülə - almagöz bacım demək olar ki, məni bütün qayğılardan azad edib Allahın lütfü ilə, - dedi (Hərdən qardaşımla bacım bir birinə zarafatla “almagöz” deyirdilər).
Şəmsiyyə xanım rayona gedəndə qardaşım manqalı işə salardı. Canfəşanlıqla bazara gedərdi, qulluğunda dayanardı. Bununla bərabər özü də uşaqlaşardı bacımı görəndə. Nə qayğısı, nə problemi var, bölüşərdi. Qardaşımdan sonra ürəyim kabab istəmir daha. Heç onun kimi kabab çəkən də yoxdur. Özü sağ olsaydı, hamıdan yaxşı öz ürək sözlərini yazardı məncə. Mən isə az da olsa yazdım ki, ruhu şad olsun. Amin.
Böyük qardaşımın toyundan sonra 1983-cü ildə kiçik qardaşım əsgər getmişdi. Moskva ətrafında Tula vilayətinin Tula şəhərində ikiillik hərbi xidmətini başa vurub 1985-ci ildə Vətənə qayıtdı. Oğlanlar əsgərlikdən gələndən sonra şadlıq edilirdi. Qohum-qonşular, dost-tanışlar görüşünə gəlirdilər. O vaxtlar əsgərlikdən qayıdandan sonra da bir müddət əsgər paltarında gəzirdilər çox oğlanlar. Bəzilərinin xoşu gəlirdi. Görüşə gələnlər əsgəri olduğu kimi görsünlər deyə. Bəzilərinin imkanı olmurdu ki, tez əyninə lazım olan mülki geyimləri alsın. İndi hamının asanlıqla geyindiyi cins, vilvet şalvarın ən bahalısını və qış geyimlərini alıb hazır qoymuşdu Şəmsiyyə xanım qardaşım üçün. Onda mən Moskvada idim.
İmam həyatı yaşayıb Şəmsiyyə xanım. Peyğəmbər Rəsulullah kimi övladla sınağa çəkildi. Allah sevdiyi qullarını sınağa çəkər. Bu, onun qəlbində uşaqlara olan qayğını, sevgini azaltmadı, artırdı. İnsanları olduğu kimi qəbul edir. Səbr kasası çox böyükdür. MAŞALLAH! Amma həddini bilməyənlərə qarşı qəti sədd çəkir. Allah bacımı heç vaxt ruzi ilə sınağa çəkmədi. Əksinə, əliaçıq, çörək verən, səxavətli olduğu üçün ruzisi həmişə bol olub. O ruzidən ailə üzvlərinə də, qohuma da, yada da pay ayırıb. Allahın buyurduğu kimi. Həmişə şükr edib.
Bölgələrdən müəyyən problemlərlə bağlı bacıma müraciət edənlər olur. Əlindən gələni edər, özü də minnət qoymadan. İnsanlar arasında sülh yaradır, küsülüləri barışdırır. Hər dəfə kiminsə xahişini yerinə yetirəndə üzünün nuru daha da artır. Əlhəmdülillah!
Bacımın yanında kimdənsə gileylənmək mümkün deyil. Mütləq əks tərəfə haqq verir. Düşünürəm ki, burada da bir hikmət var. Qeybəti sevmir. Hərdən özü də istəmədən bəzi məsələlərin müzakirəsinə qoşulmalı olur. Onda da, tam bilmədiyim şey haqqında heç nə deyə bilmərəm, - deyir. Paxıllıq hissi, həsəd hissi bacıma tam yaddır. Başqalarının xoşbətliyi də onu xoşbəxt edir. Bacımın həm ailəmizdə hamımızın, qohumlarda, çox insanın çiynində haqqı var. O, bu yaxşılıqları təmənnasız, Allah rizası üçün edib və edir. Mənim üzərimdə haqqı çox böyükdür. Ümumiyyətlə, bir ana balasına necə can yandırar, necə qayğısına qalar, necə problemlərini həll edər, hamısını bacımdan görmüşəm. İnstituta qəbul olunduğum gündən anamla bərabər ikinci ana olub mənim üçün. Mənə aldığı geyimləri çox vaxt özünə aldıqlarından daha bahalısını seçib. İlk namaz xalçamı, şalımı da 23 il bundan öncə məhz Şəmsiyyə xanım alıb. Ona görə də əlim gəlmir o xalçanı dəyişməyə. Qıldığım hər namazın savabı bacıma da çatır. 23 ildir ki, mənə imsak və iftar süfrəsi açır.
2018-ci ilin iyun ayı olardı. Həzrəti Peyğəmbər (s.ə.a.v.) Rəsulullahı yuxumda görmüşdüm. Mənə dedi ki, bəlkə mənim ziyarətimə gəldin. Düşündüm, yəqin ki, elə savab iş görəcəm ki, Həcc ziyarətinin savabını qazanacam. 2019-cu ilin aprel ayında iş yoldaşım mənə Ümrə ziyarətinə gedən qrupun elanını göndərdi və təklif etdi. Çox həyəcanla anamdan icazə istədim. Anam icazə vermədi. Ağladım, yatdım. Səhəri gözümün işığı Şəmsiyyə bacım mənə işə zəng edib bildirdi ki, anamdan icazə aldım. Gedəcəksən Məkkəyə, Mədinəyə Ümrə ziyarətinə. Təkcə icazəmi aldı? Mənimlə ticarət mərkəzinə gedib ziyarət üçün nələr lazımdır aldı. Özünün də qara rahat ayaqqabısını mənə verdi ki, müqəddəs yerləri onunla gəzim. Qayıdanda ayaqqabının tozunu cırpmağa da qoymadı. Dedi ki, beləcə geyinəcəm. Getdik Tovuzda anam qurban kəsdi, imam süfrəsi verdi. Sonra da bacım evinə gəlmək istəyənlər üçün imam süfəsi açdı. Yenə də Peygəmbər nəslindən, bəy nəslindən olan gözəl anam başda oturmuşdu. Yəni xeyir işləri Allah yaxşı insanların əli ilə edir. Mənim Ümrə ziyarətinə getməyimə də bacım vəsilə oldu. Anam hicablanmağıma narazı olanda belə Şəmsiyyə bacım dadıma çatıb. Anamı razı saldı. Yadımdadır ki, 20 il öncə hicablandığım üçün Novruz bayramında rayona getmədim ki, anam əsəbləşəcək. Şəmsiyyə xanım və rəhmətlik böyük qardaşım anamla danışandan sonra may ayında ürəklənib rayona getdim. Onda anam xüsusi vurğu ilə - mübarəkdir hicabın, a qızım, gəl yemək ye, - dedi. Bacım isə mənə baxıb güldü. Əlhəmdülillah!
Həzrəti Peyğəmbərimiz (s.ə.v.ə) deyib ki, etdiyin əməllər sənə dönəcək. O üzdən yalnız yaxşılıq edin. Bacımın etdiyi yaxşılıqlar var ki, yazmağa ehtiyac yoxdur. Allah eşidib, mələklər yazıb. Ailəmizdə, qohumlarda, tanışlarda nə qədər ailədə evə gələn ruzidə də ALLAH vəsilə olaraq bacımı seçib. Onlarla insanı işə düzəltmək üçün əlindən gələni edib. Bəzən insanların köməyə ehtiyacı olduğunu duyanda, gözləməz ki, ona ağız açsınlar. Özü həmin adamın problemini həll edir, sevincinə özü hamıdan da çox sevinir.
Bir dəfə bacımdan - yaxşı diş həkimi tanıyırsan, - deyə soruşdum. O da Mərkəzi Neftçilər Xəstəxanasında yanına getdiyi diş həkimi Lalə xanımın adını çəkdi, təriflədi. Mən də həmin həkimin yanına diş müalicəsi üçün getdim. İnanmazdım ki, bacım onun yaddaşında elə iz qoyub. Deyir ki, Şəmsiyyə xanım çox tez-tez yadıma düşür. Həmin an özümdən asılı olmayaraq üzümə təbəssüm gəlir. 30 ildir işləyirəm, hələ Şəmsiyyə xanım kimi təvazökar, səmimi insan görməmişəm. Bu xanımın gülüşü də çox fərqlidir. Şəmsiyyə xanım yanıma gələndə bütün günü xoş əhval-ruhiyyədə oluram. Onun o qədər pozitiv enerjisi var ki, otağın aurası dəyişir. Təkcə mən yox, diş texniki də tez tez soruşur ki, o jurnalist xanım necədir?
1990-cı il Qanlı Yanvar hadisələrində də özünəməxsus vətənpərvərliyini göstərdi.Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu o qanlı faciəni törətmişdi. Bütün azərbaycanlılar kimi, biz də ağlayırdıq. Dəhşət içində idik. Yemək yeməyə də utanırdıq. 22 yanvar 1990-ci ildə şəhidlərin dəfn mərasimi olmalı idi. Hələ təhlükə sovuşmamışdı. Çünki azğınlaşmış rus ordusu eyvanlara, həyətlərə atəş açırdı. Yenə də yaralananlar, şəhid olanlar olurdu. Artıq rəsmi məlumat verildi ki, günahsız şəhidlərimizin dəfni 22 yanvarda baş tutacaq. Mənə elə gəlirdi ki, o izdihamda təkcə mən yox idim. Bacım mənə icazə vermədi ki, qorxuludur. Həm də mən xəstə idim. Özü isə evin ünvanını, ad-familyasını yazıb, cibinə qoyub getdi mərasimdə iştirak etməyə. Mən də istədim onun getməyinə mane olum. Mane ola bilmədim. Dedi ki, heç kim o şəhidlərdən artıq deyil. Təbəssümlə, - əgər mənə bir şey olsa, ünvanım cibimdədir. Qorxma, qayıdacam, sonra da bazara gedəcəm. Bəzi qonşu qızlar da gəlib bizdə qalırdı. Evə lazım olan şeyləri almaq lazımdır, - dedi. Qonşu da olsalar, qonaqdılar. Meyvələr qurtarıb. Almaq lazımdır.
2014-cü il olardı. Şəmsiyyə xanım saçının rəngini dəyişmişdi. Bir az saraltmıdı. Çox yaraşırdı ona. Rayona anamın yanına getmişdi. Qayıdandan sonra anam zəng eləyib bacıma dedi ki, anan qurban, saçının rəngini bəyənmədim. Öz köhnə rənginə qaytar. Anam istəkli qızından “baş üstə” sözünü eşidib həmişəki kimi şad oldu. Bacım həftəsonu gülə-gülə saçının rəngini qaraltdı. Və anamdan yenə də xeyir-dualar, xoş sözlər eşitdi. Bacımın üzünün nurunun bu kimi sirləri var. Valideynləri razı salan Allahı razı salmış kimi olur.
Bir az da geyim mədəniyyəti haqqında yazmaq istəyirəm. Bir deyim var ki, onu hər əsrdə, hər ildə eşidirik. İndiki dövrün qızları belə, indiki dövrün oğlanları belə və.s.
Bu sözləri bizim də gənclik illərimizdə deyirdilər. İndi də deyirlər. Bacımın da, mənim də gənclik illərində kifayət qədər açıq-saçıq, qısa don, sarafan, ətək geyinən qızlar, qadınlar olub. Nə qədər desələr ki, geyim əxlaq ölçüsü deyil. Məhz geyimlə insanın özünə və ətrafına qoyduğu hörmətini, münasibətini, xarakterini də bilmək olur. Dırnaqlarını da həmişə səliqəli nəzarətdə saxlayıb. Heç vaxt onun əllərini yarı qopmuş lakla görməmişəm. Bu da qadının həm özünə, həm də ətrafında olan insanlara qoyduğu hörmətdir. Mənim yadımdadır ki, bacım həmişə necə gözəl geyinirdi. Şəmsiyyə xanımın gənclik illərində çəkdirdiyi şəkillərdən də aydın görünür ki, həmişə xanım-xatın geyimləri seçib. Mənim çox yaxşı yadımdadır ki, institutu təzə bitirdiyim illər idi. Almaniyanın “Burda” kataloqundan çox sevdiyim bir stili seçdim. Kətan parçasını da böyük bacım Gəncədən almışdı. Kofta ətək dəst tikdirdim. Şəmsiyyə xanıma demişdim ki, dərziyə sifariş eləmişəm. Elə gözəldir ki, ”Burda” jurnalından seçmişəm. Dedi ki, hazır olanda gətir geyin, baxım. Hazır oldu. Sevincək geyinib güzgünün qabağına keçdim. Düşündüm ki, indi bacım tərifləyəcək. Çox əsəbi halda – bu, nədir, Mahirə, - dedi. Hindüşkaya oxşayırsan dedi. Ətəyi dizdən sifariş etmişdim. Sonra maşınlar siqnal verəndə əsəbləşmə, - dedi. Bəzi sözlər də eşitdim və agah oldum. Artıq qalan parçadan çox səliqəli şəkildə dəbə uyğun əlavə artırası oldu dərzi. Özü də məəttəl qalmışdı. Həm də çox arıq olduğum üçün ona qəribə gəlmişdi ki, bacımın xoşuna gəlmədi. İndi həmin anları sevə-sevə, minnətdarlıq hissi ilə xatırlayıram. Çünki özünün də həmişə paltarları dizdən aşağı və ya uzun olub. Bununla gözəlliyi itməyib ki. Daha da gözəl, zövqlə geyinən, eleqant xanım kimi bizlərə də örnək oldu.
Yadımdan çıxıb, hansısa bayram günləri idi. Yenə də anamın yanına getmişdik. Şəmsiyyə xanım həyətə çıxmışdı. Onun adətidir, bağda ağaclara, güllərə baxıb göstəriş vermək. “Bu ağacı budamaq lazımdır, bu gülün qollarını kəsmək lazımdır” demək.
Anam öz taxtında oturub fikrə getmişdi. Qollarını da sinəsində çarpazlamışdı. Gözləri də dolmuşdu. Anama baxanda, Allah məni bağışlasın, Süleyman peyğəmbər yadıma düşürdü. Üzündən nur yağırdı. Qol-qanadlı çinara oxşayırdı. Hərdən anamı güldürmək üçün deyirdim ki, ay ana, sən kürd toyuq kimi cücələrini böyüdüb başından dağıtmısan. Bu dəfə gülmədi. Birdən üzünü mənə çevirib dedi ki, a qızım, mənim balam yaman çox əziyyət çəkib hamıya. Mənimlə bərabər analıq edib sizə. Əgər kimsə bacının əməyini itirsə, əməyi itsin! Bədənim ürpəşdi. Dedim ki, ay mama, məni deyirsən? Dedi ki, yox, qızım. Ümumiyyətlə, deyirəm yəni. İstər yadlardan olsun, istər də doğmalarımdan olsun. Hamıya aiddir sözüm. Kefim də korlandı. Dedim ki, ay ana, nə olar, yazığıq axı, haqqını halal eylə hamımıza. Dedi ki, mən haqqımı halal eləmişəm. Həmişə dualarım sizinlədir, qızım. Allah hamınıza ağıl versin. Mən Allahımdan çox razıyam, qızım. Mən xoşbəxt anayam. Neynək. Bəzi dərdlərim ürəyimdə olsa da. Allahın sevimli bəndəsi olduğumu bilirəm, dedi. Sonra başa düşdüm ki, ən yaxşı dua imiş. Ağıla hamının ehtiyacı var. Özü də həmişə. Allah ağlımızı artırsın, azaltmasın. AMİN.
Bir də demək istədiyim odur ki, adətən çoxuşaqlı ailələr kasıblar kateqoriyasına aid sayılırdı. Düzünü deyim ki, onda bir az da olsa mən də elə düşünürdüm. Sonradan öz uşaqlıq illərimə, tələbəlik illərimə qayıdıb tam səmimiyyətlə demək istəyirəm ki, biz çox varlı olmasaq da, heç kasıb da olmamışıq. Allaha şükürlər olsun! Normal həyat tərzimiz olub. Məktəb illərində çox uşaqların kitabını məktəbdən verirdilər. Amma, anam yay tətilində hamımızın kitabını mərkəzi kitab mağazasından alırdı. Kərpic dəftər, mil dəftər, 96 vərəq, 48 vərəq, 12 vərəq dəftərləri qutu ilə alardı. Ailədə hər birimizin fərdi xətkeşi, pozanı vardı, yəni anam hər şeyi elə edərdi ki, evdə də bir-birimizdən asılı olmazdıq. Bir dəfə də yadıma gəlmir ki, biz dəftər-kitab üçün qonşuya gedək. Əksinə, bizə gəlib borca istəyirdilər. Təbii ki, anam borca yox, pay verərdi hər dəfə. Kasıb o adama deyərlər ki, nədənsə korluq çəksin. Bizim ailəmiz isə heç nədən korluq çəkməyib. Hər həftəsonu sağda, evimizin arxasında qəssab qonşuların kəsdiyi heyvanların ən yaxşı yeri bizim evə gələrdi. Anam nəğd pul ödədiyi üçün də sevinirdilər ki, ruziləri bərəkətli olacaq. Anamın əli, uğuru yüngül sayılırdı...
Ətraflı çox şey yazmaq olar yəni. Hətta bəzi qonşular deyərdilər ki, elə gəzirlər, elə bil nazir balalarıdır. Ailəmizin böyük uşaqları üçün anam-atam əllərindən gələni edib maddi, mənəvi sağlam övladlar böyüdüblər. Sonra da Şəmsiyyə bacım anamla birlikdə bizim üçün çalışıb. Ailəmizə daxil olan kürəkənlər də, gəlinlər də ailəmizlə fəxr ediblər. Çünki əsl zənginlik vicdanı təmiz, mənəviyyatlı olmaqdır. Anamın bizə miras qoyduğu tərbiyəni də bacılarım, gəlinlərimiz öz uşaqlarına ötürür.
Ən böyük arzum bacımla Məşhədə, Kərbəlaya, Məkkə-Mədinəyə getməkdir. İnşallah! Allahdan bacıma möhkəm can sağlığ, uzun və bərəkətli ömür arzulayıram. Allah gözünün nurunu artırsın mənim gözəl, mehriban, qayğıkeş, mərhəmətli, fədakar bacım. Həmişə sağlam canla yaz, yarat. Oxucularını sevindir, sevin, gözəl və mehriban bacım. Allah amanında olasan həmişə. Allahın mərhəmət nəzərləri daima üzərində olsun. AMİN.
Şəmsiyyə! Mənim ana yarım! Sən isti evsən, sən yanar ocaqsan, sən kəklikotu ətirli çaysan, sən şəfa niyyətli bir qab isti yeməksən, sən illərlə oruc tutan bacına Allah sevgisi ilə hazırlanan imsaksan, işdən evə qaça-qaça gəlib tələsə-tələsə hazırladığın iftar yeməyisən... Sən əsl Anasan... bu, mənim hər iki dünyada deyəcəyim ürək sözlərimdir!
Şəmsiyyə xanımın yubileyidir. Mən sənə uzun ömür, sağlam can arzu edirəm. Səni sevənlərin əhatəsində yaz, yarat!
Sənin o nurlu çöhrəndəki mərhəmətlə hökmün vəhdətindən doğan zəhmdən bu günə qədər sənin yanında heç vaxt səsimi qaldırmadım. Amma kağız üzərinə ürəyimdəkiləri səpələmək o qədər də hünər tələb etmədiyi üçün sənə cəsarət edib yüksək səslə deyirəm: "Hər zaman şən, sağlam ol, yanımda ol. Yağışdan, tufandan, ildırımdan qaçaraq üz tutduğum qapı olaraq qal!”
21.10.2025-ci il
Mahirə Kərimova
Baxış sayı:39
Bu xəbər 12 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















