Mərakeş Kitabxanasında Qarabağ müharibəsində Azərbaycan mediasının fəaliyyətindən danışılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rabat, 28 sentyabr, AZƏRTAC
Azərbaycan mediası 44 günülk müharibədə və ondan sonra baş verən müxtəlif hadisələrin işıqlandırılmasında və dünya KİV-lərinə çatdırılmasında ciddi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan dezinformasiya kampaniyasına məruz qalmışdı. Azərbaycan haqqında yalan və çaşdırıcı xəbərlər yayılırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti döyüş meydanında olduğu kimi, dezinformasiyaya qarşı cəbhədə də öndə idi. Bundan ilhamlanaraq başda AZƏRTAC olmaqla, Azərbaycan mediası bu istiqamətdə fəaliyyətə öz töhfəsini verdi.
Bu fikirlər AZƏRTAC-ın Mərakeş üzrə müxbiri Şueyb Brhaddanın Rabatda yerləşən Milli Kitabxanada 27 Sentyabr - Anım Gününün 5-ci ildönümü ilə bağlı keçirilmiş dəyirmi masadakı çıxışında bildirilib.
Qeyd edilib ki, AZƏRTAC hadisələri işıqlandıraraq, Ermənistanın təcavüzkar ölkə olduğunu dünya mediasına çatdırıb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbirləri, fotoqrafları döyüş meydanlarında peşəkarlıqla fəaliyyət göstərib, dəqiq informasiyalar yayıblar. AZƏRTAC-ın müxbirləri, xarici dillərdə fəaliyyət göstərən redaksiyalarının əməkdaşları müxtəlif telekanallarda çıxışlar edərək, ölkənin haqlı mövqeyini çatdırıblar.
Dəyirmi masada peşə fəaliyyətini yerinə yetirərkən tank əleyhinə mina partlayışı nəticəsində şəhid olmuş azərbaycanlı jurnalistlər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov rəhmətlə alınıb.
Qeyd edilməlidir ki, Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin Mərakeş Milli Kitabxanası və “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti” ilə birgə təşkil etdiyi bu tədbirdə Mərakeşin dövlət rəsmiləri, icra hakimiyyəti qurumlarının təmsilçiləri, İslam dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) rəsmiləri, diplomatik korpus, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri də olmaqla, 50-dən çox qonaq qatılıb.


