Mərkəzi Asiyadan Xəzər regionuna nəqliyyat körpüsü
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun çəkilməsini dəstəkləyir
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin oktyabrında Bişkekə səfəri zamanı demişdi ki, biz Xəzər dənizinə çıxışı olan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun çəkilməsi qərarını dəstəkləyirik. Artıq Xəzərin tərəfimizdə olan hissəsində bizim hava, dəmir yolu və avtomobil nəqliyyatımızdakı daşınmalar nəzərə alınmaqla geniş nəqliyyat infrastrukturu yaradılıb.
Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin (TRIPP) perspektivləri görünməyə başladıqca qlobal nəqliyyat layihələrinin adının Azərbaycanla yanaşı çəkilməsi bundan sonra daha da artacaq. Vaşinqtonda paraflanan sülhün müsbət nəticəsi, Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündən də bunu aydın görmək mümkündür.
Xüsusilə, Qəbələdə Türk dünyasının nəqliyyat arteriyalarına münasibətin genişlənməsi dövrün yeni çağırışlarından xəbər verir. İqtisadi dividendlərin artırılması, daha çox gəlir-mənfəət cədvəlində Avropa ölkələri ilə rəqabətdə irəlidə olmaq istəyi yeni çağırışları, planları bərabərində gətirir. Türk Dövlətləri Təşkilatı qədim İpək Yolunun bərpası ilə yanaşı, yeni iqtisadi və tranzit imkanlarına “yaşıl işıq” yandırır.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin Qəbələ Zirvəsindəki çıxışı məhz bu çərçivədə xüsusi önəm daşıyır: “Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək. Zəngəzur dəhlizinin açılması qədim İpək Yolunun bərpası ilə yanaşı, bizim ölkələr üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi istismara verildikdən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da artacaq”, – deyən TDT rəsmisi əslində, uzaq Şərqdən başlanan yeni nəqliyyat dəhlizinin Zəngəzur dəhlizinə qədər uzanan perspektivini dilə gətirir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin gerçəkləşməsi dəyişən dünya nizamının bir parçasıdır. Belə ki, Sovet İttifaqı dağıldıqdan sonra Orta Asiya respublikaları müstəqil iqtisadi sistem qurmağa başladı. Dünyaya açılan bu respublikalar ticarət əlaqələrini hələ sovetlər dövründə yaradılmış infrastrukturdan istifadə etməklə qururdular. Onların iqtisadi potensialı Avropa ilə daha intensiv ticarət aparmağa imkan verir və bunun üçün də yeni, daha yaxın və daha təhlükəsiz yolların tapılması zərurəti meydana çıxıb.
2022-ci ilin sentyabrında isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanın Səmərqənd şəhərində keçirilən Zirvə görüşü çərçivəsində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun çəkilməsi haqqında saziş imzalandı. Ümumi uzunluğu 454 kilometr olan yol 18 stansiya, irili-xırdalı 81 körpü və 41 tuneldən ibarət olacaq. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun tikintisinin aparılacağı Toruqart–Arpa–Məkmal–Cəlalabad marşrutu üzrə texniki-iqtisadi əsaslandırma işləri 2023-cü il iyun ayında başa çatdırılıb.
Qeyd edək ki, Çindən və Orta Asiya ölkələrindən gələn böyükhəcmli yüklərin qəbulu, həmçinin Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi məqsədilə dəniz limanlarının keçid gücünün artırılması planlaşdırılır. Bu istiqamətdə Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, limanın konteyner dövriyyəsinin də mövcud 100 mindən 1 milyon konteynerə qədər artırılması planlaşdırılır.
Dəmir yolu layihəsi Mərkəzi Asiyanın iqtisadi mənzərəsini dəyişdirəcək. Onun səmərəliliyi həm də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır. Bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaları həyata keçirmək üçün nəzərdə tutulmuş Orta dəhlizin marşrutlarından biri olacaq. Bu xətt regionun Avropa ilə yanaşı, Cənub–Şərqi və Qərbi Asiya, eləcə də Yaxın Şərq bazarlarına çıxış imkanlarını genişləndirəcək.
Yeni dəmir yolunun istifadəyə verilməsi Çinlə Türkiyə arasında yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq, məsafə isə 900 kilometr qısalacaq. Nəticədə, qatarlar cəmi 8 gün ərzində mənzil başına çatacaq. Bu isə təkcə vaxt itkisinin qarşısını almır, həm də nəqliyyat xərclərini xeyli azaldaraq marşrutu iqtisadi cəhətdən daha səmərəli edir.
Göründüyü kimi, Azərbaycanın qlobal nəqliyyat arteriyalarında qovşaq rolunu oynaması, qitələrarası yükdaşımada mənfəət baxımından alternativsiz olması əldə olunan iqtisadi dividendləri artırır. Mövcud zamanda artan tələbat fonunda ölkəmiz hələ bundan sonra da nəqliyyat və yükdaşımalar sahəsində böyük uğurlar əldə edəcək.
Eldəniz ƏMİROV,
iqtisadçı
Bilirsiniz, Çindən başlayaraq Orta Asiya respublikalarının həm logistik xətləri, həm enerji resursları, həm də digər tranzit yollarının Avropaya ən təhlükəsiz keçidi məhz Azərbaycan üzərindən mümkündür. Bu ölkələr Azərbaycana Xəzər dənizi vasitəsilə daxil olurlar. Xəzərin sahilində isə Qazaxıstan və Türkmənistan yerləşir. Hər iki ölkənin limanları Bakıya, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birləşir. Yəni Qazaxıstan və Türkmənistan limanlarının yaratdığı axın Azərbaycandakı əsas limanda – Bakı limanında birləşir. Başqa limanlar da olsa, regionun əsas tranzit mərkəzi məhz Bakı limanıdır.
Beləliklə, istər Özbəkistan, istər Qırğızıstan olsun, bu ölkələr Mərkəzi Asiyanın bir hissəsi olaraq Orta Dəhlizdən istifadə edirlər. Onlar Azərbaycanın qurduğu müasir infrastrukturdan, Trans-Xəzər nəqliyyat dəhlizindən yararlanaraq Avropaya çıxış əldə edirlər. Bu ölkələri bir-biri ilə birləşdirən əsas amil onların nəqliyyat-kommunikasiya və enerji dəhlizləridir. Məhz Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin perspektivi bu baxımdan Orta Dəhliz üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhliz də bu ölkələrin iqtisadi əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Beləliklə, Çin, Qırğızıstan və Özbəkistan bu dəmir yolu vasitəsilə Qazaxıstana, oradan isə Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra isə Bakı–Tbilisi–Qars dəmir yolu ilə Avropaya qədər uzanan marşruta qoşula bilirlər.
Bütün bunlarla yanaşı, Azərbaycan həm enerji, həm də rəqəmsal qovşağın sahibidir. Böyük ölçüdə bu tərəfdaşlığın bazasını məhz Azərbaycan təkbaşına qarşılayır. “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsi bunun bariz sübutudur. Bir sözlə, nəqliyyat və enerji dəhlizlərinin önəmi postneft dövründə önəmli maliyyə axınını təmin edəcəkdir.
Nurlan ABDALOV
XQ


