Icma.az
close
up
RU
Milli fikir adamı: Sabir Rüstəmxanlının söz və zaman yolu

Milli fikir adamı: Sabir Rüstəmxanlının söz və zaman yolu

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bəzi adamlar var - onları təqdim etmək çətindir. Çünki adını çəkdiyin anda belə, sanki yarımçıq deyirsən. Şair deyirsən - yetmir. Siyasətçi deyirsən - dar gəlir. Publisist deyirsən - tam açılmır.

Sabir Rüstəmxanlı haqqında danışmaq da məhz belədir: onu bir sözə sığdırmaq mümkün deyil. Çünki o, bir sözün içində yaşamayıb, sözün özünü yaşayıb.

Onun 80 yaşı tamam olur. Amma bu, sadəcə bir insanın yaşı deyil. Bu, bir ömrün hesabatıdır - yazılanların yox, daşıdığı məsuliyyətin hesabatı.

Mənim Sabir müəllimlə ilk tanışlığım da maraqlı olub. Açığı, mən onu əvvəlcə özü ilə yox, şeirləri ilə tanımışam. Bəzən insan müəllifi görməzdən əvvəl onun ruhu ilə tanış olur. Mənim üçün də Sabir Rüstəmxanlı əvvəlcə misraların içində yaşayan bir adam idi.

Sonra bir gün onu canlı gördüm. Mən universitetdə oxuyurdum. Hüquq fakültəsinin tələbəsi idim. Universitetdə tələbələrlə görüş keçirilirdi. O dövrün belə görüşləri indikilərdən fərqlənirdi. İnsanlar sadəcə tanınmış bir şairi görməyə gəlmirdilər. Hamının içində sıxılmış bir zaman vardı və insanlar sözün içində nəfəs axtarırdılar. Sabir müəllimi ilk dəfə orada canlı gördüm. Yaxından tanış olmadıq. Sadəcə gördüm. Amma bəzi adamlar insanın yaddaşında ilk gündən qalır.

Sonra illər keçdi. Xalq hərəkatı başladı. Meydanlar, mitinqlər, ağır və qarışıq zamanlar… O dövrdə Sabir Rüstəmxanlını artıq yalnız şair kimi yox, meydanın içində dayanan adam kimi gördük. O zaman bir çox insanın həqiqi çəkisi ortaya çıxırdı. Kiminsə səsi gur idi, amma iradəsi zəif idi. Kiminsə çıxışı emosional idi, amma zaman qarşısında davam gətirmədi.

Sabir müəllim isə fərqli görünürdü. Onun sözündə emosiyadan çox daxili inam vardı.

İllər sonra ictimai-siyasi həyatda yollarımız yenidən kəsişdi. Daha sonra deputat olduğumuz dövrdə onu başqa tərəfdən görmək imkanım oldu. Mənim deputat fəaliyyətim dövründə Sabir müəllimdə bir xüsusiyyətə daha yaxından şahid oldum: o, siyasətdə də söz adamı olaraq qalmağı bacaran nadir insanlardandır.

Bu yubiley yazısında onun bədii yaradıcılığına klassik mənada qiymət vermək istəmirəm. Çünki bunu daha peşəkar edənlər çox olub, var. Bundan sonra da olacaq.

Mən daha çox bir nəslin yaddaşında yaşayan Sabir Rüstəmxanlıdan danışmaq istəyirəm.

Çünki onun bir kitabı bütöv bir dövrün düşüncə atmosferinə təsir göstərdi.

Mən “Ömür Kitabı”nı nəzərdə tuturam.

Xüsusilə 80-ci illərin tələbə gəncliyi arasında “Ömür Kitabı” başqa cür oxunurdu. Biz o kitabı sadəcə oxumurduq. Biz o kitabın içində yaşayırdıq. O kitab bizim üçün yalnız ədəbiyyat deyildi - insanın özünü axtarması idi. Millətin özünü xatırlaması idi. Daxili oyanış hissi idi.

Bu gün də düşünürəm ki, “Ömür Kitabı”nı hansısa bir janra yerləşdirmək çətindir.

Ona publisistika demək azdır.

Siyasi ədəbiyyat demək kifayət etmir.

Xatirə kitabı kimi baxmaq isə onu daraldır.

Çünki o, doğrudan da öz adı kimi bir ömür kitabıdır.

Hər kəs onu oxuyanda bir yerdə özünü tapır. Hər kəs orada öz həyatından bir parçanı görür. Elə buna görə də o kitab müəyyən bir dövrün kitabı kimi qalmadı. O kitab yaddaşa çevrildi.

Məncə, əsl kitabın taleyi də budur.

Bəzi kitablar yazıldığı dövr üçün olur və zaman keçəndən sonra unudulur. Amma bəzi kitablar zaman keçdikcə daha yaxşı anlaşılır. “Ömür Kitabı” məhz belə kitablardandır.

Bu ömür necə yaşanıb?

Bu suala cavab vermək üçün onun kitablarını açmağa da ehtiyac yoxdur. Sadəcə Azərbaycanın son 40–50 illik ictimai tarixini xatırlamaq kifayətdir.

Elə dövrlər olub ki, söz demək təhlükəli idi.

Elə vaxtlar olub ki, söz demək dəbdə idi, amma məzmunsuz idi.

Elə mərhələlər olub ki, söz deyən çox idi, amma sözün çəkisi yox idi.

Bu müxtəlif dövrlərin içində bir xətt dəyişməyib: Sabir Rüstəmxanlı heç vaxt “asan söz” deməyib.

Onun yazdıqları bəzən qəbul olunub, bəzən mübahisə doğurub, bəzən də tənqid edilib. Amma bir şey dəyişməyib. O, həmişə dediyinə inanıb. Bu isə bugünkü mühitdə ən nadir keyfiyyətlərdən biridir.

Bizim ədəbiyyatda tez-tez belə yanlış təsəvvür olur ki, şeir guya reallıqdan qaçışdır. Sabir Rüstəmxanlının poeziyası bu fikri dağıdır.

Onun şeirlərində romantika var, amma bu romantika “bulud üstündə gəzmək” deyil. Bu, torpağa bağlı romantikadır. Xalqın taleyi ilə bağlı hissdir. Tarixlə barışmayan, amma onu daşıyan ruhdur.

Onun şeiri oxunanda hiss olunur ki, müəllif sadəcə yazmır, mübahisə edir: tarixlə mübahisə edir, ədalətsizliklə mübahisə edir, bəzən hətta öz dövrü ilə mübahisə edir.

Onun publisistikasını oxuyanda da bir şey dərhal hiss olunur: bu yazılar kimisə razı salmaq üçün yazılmayıb.

Bugünkü mediada çox vaxt yazı “hamıya uyğun” olur. Kəskinlik itir, mövqe yumşaldılır, söz “hamının xoşuna gəlsin” deyə formalaşdırılır. Sabir Rüstəmxanlı bu yolu seçməyib.

Onun yazıları bəzən sərt olub. Bəzən kəskin olub. Bəzən də oxucu ilə razılaşmayıb. Amma məhz buna görə də o yazılar yaşayır. Çünki onlar “neytral” deyil - məsuliyyətlidir.

Siyasətə gələndə isə məsələ daha mürəkkəbləşir.

Çünki siyasət çox vaxt insanı dəyişir: sözünü yumşaldır, mövqeyini elastikləşdirir, prinsiplərini “uyğunlaşdırır”. Sabir Rüstəmxanlının yolu isə fərqli olub.

Onun siyasi fəaliyyəti mübahisəsiz deyil - və bu, normaldır. Amma burada əsas məsələ başqadır. O, siyasətdə də ədəbi məsuliyyətini itirməyib. Yəni tribunaya çıxanda belə, sadəcə siyasətçi kimi yox, söz adamı kimi çıxış edib. Bu isə asan məsələ deyil.

Bir insanın uzun illər aktiv ictimai həyatda qalması çətin deyil. Çətin olan - dəyişmədən qalmaqdır.

Zaman dəyişir. İdeologiyalar dəyişir. Prioritetlər dəyişir. Amma bəzi insanlar bu dəyişikliklərin içində öz nüvəsini qoruyur. Sabir Rüstəmxanlı məhz belə adamlardandır.

Onunla razılaşmaya bilərsən. Bəzi mövqelərini qəbul etməyə bilərsən. Amma bir şeyi inkar etmək mümkün deyil: o, özünü dəyişərək uyğunlaşanlardan olmayıb.

80 yaşa çatmaq biologiyadır. Amma 80 yaşda hələ də müzakirə mövzusu olmaq artıq başqa məsələdir. Bu o deməkdir ki, yazdıqların unudulmayıb, dediklərin aktuallığını itirməyib, mövqeyin hələ də cəmiyyət üçün əhəmiyyətlidir.

Sabir Rüstəmxanlının 80 illiyi məhz buna görə qeyd olunur.

Bu yubiley münasibətilə ən asan yol uzun təriflər yazmaq olardı. Amma bu, onun yaradıcılığına uyğun olmazdı. Çünki o özü heç vaxt asan yolu seçməyib.

Ona görə də bu yazının sonunda təkcə bir fikir demək istəyirəm:

Sabir Rüstəmxanlı Azərbaycan cəmiyyətində o nadir adamlardandır ki, onun haqqında danışanda yalnız keçmişdən yox, indidən və gələcəkdən də danışmalı olursan.

Bu isə hər kəsə qismət olmur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 May 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri