Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, S.Qafarova iki gündən sonra xalqımızın Silahlı Qüvvələri Gününü böyük qürurla qeyd edəcəyini bildirib, 107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Ordumuzun şərəfli inkişaf yolu keçdiyini deyib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə parlamentin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Fazil Mustafa, deputatlar Razi Nurullayev, Tural Gəncəliyev, Pərvanə Vəliyeva, Rizvan Nəbiyev, Ceyhun Məmmədov, Nizami Səfərov, Azər Badamov, Vüqar Bayramov çıxış ediblər.
Deputatlar ölkəmizdə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını bildiriblər. Habelə ölkəmizin təhsil ocaqlarında tətbiq edilən yeniliklərdən, yeni yanaşmalardan, xüsusilə innovasiyaların təşviqindən söhbət açılıb. Eyni zamanda, bu günlərdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışının ölkələrimiz arasında həmrəyliyin, birliyin nümunəsi olduğunu, dövlətlərimizin hər zaman bir-birini dəstəklədiyini də vurğulanıb.
Müzakirələrdə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən davamlı islahatlar çərçivəsində ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsindən də bəhs edilib.
Sonra gündəlikdə yer alan 12 məsələ müzakirə edilib. İlk 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında”, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında dəyişiklik edilməsi, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri haqqında məlumat veriblər.
Müzakirələrdən sonra hər 4 qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi olub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu məsələ barədə məlumatı təqdim edib. O qeyd edib ki, müqavilə suverenlik, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında iki dövlət arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı səmərəli əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevil Mikayılova sənəd barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Növbəti 7 məsələ isə birinci oxunuşda qanun layihələri olub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədini daşıyır.
Dəyişikliyə əsasən, gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsi nəzərdə tutulur.
Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
Qeyd edilib ki, Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn‒dövlət‒özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulur.
Aqrar siyasət komitəsini sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Komitə sədri bildirib ki, layihə ölkə Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" 7 aprel 2022-ci il tarixli Fərmanına əsasən hazırlanıb.
Layihədə adı çəkilən normativ hüquqi aktlarda onların tənzimləmə predmetinə uyğun olaraq müvafiq dəyişikliklər təklif olunur.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Komitə sədri bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair qüvvədə olan mövcud tələblərin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, təklif edilən dəyişikliyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır.
Gündəliyin onuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini deputat Kamal Cəfərov təqdim edib. O bildirib ki, qanun layihəsinin əsas məqsədi milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, hüquqi boşluqları aradan qaldırmaq və bir sıra normativləri təkmilləşdirməkdir.
Sənəddə təklif edilir ki, hakim və ya digər səlahiyyətli orqan mülki, inzibati və kommersiya məsələlərinə baxarkən əməldə cinayətin əlamətlərini aşkar edərsə, bu barədə materialları yenidən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərə bilər.
Digər dəyişiklik isə inzibati şikayətlərin məhkəmədə baxılması ilə bağlıdır. Layihədə “Şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer” ifadəsinin “inzibati xətanın törədildiyi yer” ifadəsi ilə əvəzlənməsi təklif olunub.
Növbəti məsələ - “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı deputat Vüqar Bayramov məlumat verib.
O bildirib ki, layihə “Büdcə sistemi haqqında” Qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Vüqar Bayramov layihədə büdcə hesabatlılığının, büdcə xərclərinin uçotunun aparılmasının təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişiklikləri diqqətə çatdırıb, onların büdcənin şəffaflığının artırılmasına xidmət etdiyini deyib.
Sonuncu məsələ olan “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da Vüqar Bayramov diqqətə çatdırıb.
Bildirilib ki, sənəddə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət Borcu və Zəmanəti üzrə Öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Qeyd olunub ki, dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


