Icma.az
close
up
RU
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədri nümayəndə heyəti ilə aprelin 17-18-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib. O, diqqətə çatdırıb ki, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında, faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş iclasda və digər tədbirlərdə iştirak etmək idi.

Sonra S.Qafarova iclasda 12 məsələnin müzakirə olunacağını söyləyib. O bildirib ki, gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatıdır. Qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentin nəzarət funksiyasının həyata keçirilməsində mühüm rol oynayır.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.

Palata sədri bildirib ki, 2024-cü il üzrə Hesabatda Hesablama Palatasının audit və qeyri-audit fəaliyyəti əhatə olunub, icmal-statistik məlumatlar öz əksini tapıb. Sənəddə Hesablama Palatasının qanunla müəyyən edilmiş 21 vəzifəsinin hər birinin icra vəziyyəti barədə qısa şərh verilib. Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən strateji planının icrası məqsədilə 2024-cü ildə də əməliyyat planı tərtib olunub, fəaliyyətin institusional, təşkilati və peşəkar istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. O, Palatanın fəaliyyətinin 4 istiqamətdən ibarət olduğunu söyləyib.

Vüqar Gülməmmədov Hesablama Palatasının 2025-ci il üçün planlaşdırılan tədbirlərindən də bəhs edib.

Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti barədə hesabata dair bu komitənin rəyini bildirib.

O, hesabatın İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunduğunu, sənədin vaxtında, qanunvericiliyin tələblərinə, audit sahəsində beynəlxalq standartlara və prinsiplərə uyğun olaraq təqdim edildiyini söyləyib. Komitə üzvləri tərəfindən Palatanın fəaliyyətinin təkmilləşdirilməsinə, büdcə nəzarəti sahəsində onun rolunun və institusional potensialının daha da gücləndirilməsinə, audit tədbirlərinin real təsirinin artırılmasına dair qeyd və təkliflərin bildirildiyini, hesabatın müzakirə üçün parlamentin plenar iclasına tövsiyə edildiyini deyib.

Çıxışının sonunda Azər Əmiraslanov Palatanın tövsiyələrinin icra edilməsi mexanizminin təkmilləşdirilməsi, inzibati və hüquqi məsuliyyət tədbirlərinin sərtləşdirilməsi, büdcə prosesinin və qanunvericiliyinin, maliyyə-büdcə hesabatlılığının və uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi təkliflər səsləndirib.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar hesabatla bağlı öz fikirlərini açıqlayıblar.

Sahibə Qafarova müzakirələrdə 17 nəfərin çıxış etdiyini, çıxış edənlərin hamısının hesabat haqqında müsbət fikirlər söylədiyini, bir sıra təkliflər səsləndirdiyini bildirib, hesabatın yüksək səviyyədə hazırlandığını qeyd edib.

Müzakirələrin sonunda Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.

S.Qafarova növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsi “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu qanun layihəsini təqdim edib. O, "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş"in 12 fevral 2025-ci il tarixində Bakı şəhərində imzalandığını söyləyib. Qeyd edib ki, Saziş tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün hüquqi çərçivənin yaradılması məqsədinə xidmət edir.

Nəzərə çatdırılıb ki, 20 maddədən ibarət Sazişdə tərəflər arasında müdafiə və hərbi təhlükəsizlik, sülhə dəstək əməliyyatları, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi, hərbi təlim və təhsil, müdafiə sənayesi və texnologiyası və sair sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müddəalar əks olunub. Sazişin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli orqanlar kimi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi, Somali Federativ Respublikası Hökuməti adından isə Somali Federativ Respublikasının Müdafiə Nazirliyi müəyyən olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov məsələ barədə bu komitənin rəyini diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda nüfuzunun artması və Qoşulmama Hərəkatına uğurlu sədrliyi, habelə müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin haqq səsinin beynəlxalq miqyasda eşidilməsində əhəmiyyətli rolu, öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi digər ölkələrlə yanaşı, Afrika qitəsi dövlətlərinin də Azərbaycana marağını artırıb. Deputat müzakirəyə çıxarılan Sazişin iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malik olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

O, layihə barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini, deputatlar tərəfindən hər-hansı qeyd və təklifin irəli sürülmədiyini və sənədin üçüncü oxunuşda qəbulunun məqsədəuyğun hesab edildiyini söyləyib.

Qanun layihəsi istehlakçıların hüquqlarının qorunmasına, reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinə yönəlib. Sənəddə reklam fəaliyyətindəki yeniliklərlə bağlı bəzi zəruri dəyişikliklər nəzərdə tutulur.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələ barədə bu komitələrin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri layihənin əvvəlki oxunuşlarda ətraflı müzakirə edildiyini, mətnində heç bir dəyişikliyin olmadığını deyib, sənədin üçüncü oxunuşda dəsklənməsini xahiş edib.

Layihədə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda geniş müzakirə olunduğunu və dəstəkləndiyini bildirib, onun üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Sənəddə mübahisələrin alternativ həll üsullarından biri olan mediasiyanın daha da inkişaf etdirilməsi və effektivliyinin artırılması məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətindən danışıb. O, layihənin əvvəlki iki oxunuşda müzakirəsi zamanı deputatlardan hər hansı təklifin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Sənəd heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb.

Azər Əmiraslanov “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı təqdim edib.

Bildirilib ki, qanun layihəsinin məqsədi keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılması, bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılmasıdır.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri birinci oxunuşda məsələ barədə ətraflı məlumat verildiyini, əlavə rəy və təklifin daxil olmadığını deyib. O, layihənin ikinci oxunuşda rəhbərlik etdiyi komitədə baxıldıqdan sonra plenar iclasa tövsiyə edildiyini bildirib.

Sənəddə təklif olunan dəyişikliklərdə uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir. Nəzərdə tutulan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, dəyişikliklərdə icra məmurunun icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı vəzifəsi təsbit olunur. Layihəyə əsasən, həmçinin icra icraatı çərçivəsində pul vəsaitlərinin ödənilməsi də yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində icra icraatı üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib.

Birinci oxunuş zamanı layihə barədə ətraflı məlumat verildiyini deyən Azər Əmiraslanov xatırladıb ki, dəyişiklik Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin təkmilləşdirilməsinə xidmət edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.

On birinci məsələ - Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib.

O, bildirib ki, konseptual cəhətdən təqdim edilən qanun layihəsi hərbi məhkəmələrin yurisdiksiyası çərçivəsinin hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən cinayətlər hesabına genişləndirilməsini və sadələşdirilmiş icraat qaydasında təhqiqatın aparılmasını nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə məlumat verib. O, diqqətə çatdırıb ki, dövlət mühafizəsinə götürülən abidələrin pasportlaşdırılmasının ümumi qaydalarının qəbulu üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 6-cı maddəsinə müvafiq dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir.

Qanun layihəsinin məruzəçisi deputat Şahin Seyidzadə səslənən qeydlərə münasibət bildirəndən sonra sənəd birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see144

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see143

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see129

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see126

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see115

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see112

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see111

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see108

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see108

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see108

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see108

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see108

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri