Icma.az
close
up
RU
Milli mədəniyyətin folklor kodu

Milli mədəniyyətin folklor kodu

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Dünya mədəniyyətində qarşılıqlı təsirlərin artdığı, yad təsirlərin milli ənənələrə nüfuz etdiyi bir dövrdə folklor irsinin tədqiqi və toplanıb sistemləşdirilməsi xüsusilə aktualdır. Azərbaycan folklorşünaslıq elmi dünənin klassik irsinə əsaslanmaqla bu gün dünya elminin trendləri ilə vəhdətdə inkişaf edir. O qədər də qədim tarixi olmayan, buna baxmayaraq, zəngin elmi ənənələr  üzərində qərarlaşan Azərbaycan folklorşünaslıq elmi özündə neçə-neçə görkəmli alimin adını cəmləşdirir. Bu adlar içərisində ömrünün 70-ci zirvə məqamına gəlib çatmış, tanınmış folklorşünas alim, akademik Muxtar Kazımoğlu (İmanov) imzasının xüsusi yeri və mövqeyi vardır.

Akademik Muxtar Kazımoğlu elmi yaradıcılığına ümumi nəzər saldıqda aydın olur ki, onun tədqiqat istiqamətləri Azərbaycan humanitar fikrində fərqli mərhələləri birləşdirən sistemli bir təkamül yolu keçib. Alimin 1980-ci illərin ortalarından bəri keçdiyi elmi inkişaf yolunu şərti olaraq dinamik inkişafda olan bir neçə səviyyədə xarakterizə etmək olar: birincisi, elmi təsnifat baxımından o, ədəbiyyatşünaslıqdan folklorşünaslığa doğru istiqamətlənib. İkincisi, janr müstəvisində onun maraq dairəsi roman, povest, hekayə kimi yazılı nəsr janrlarından nağıl, dastan, lətifə kimi epik folklor janrlarına doğru genişlənib. Üçüncüsü, nəzəri problematika baxımından o, ədəbiyyatda psixologizm məsələlərindən folklor estetikası üçün mühüm kateqorial anlayış olan "gülüş" fenomeninə yön alıb. Bu çoxşaxəli keçidlər zahirən fərqli mövzular təsiri bağışlasa da, əslində vahid bir məqsədə - söz sənətinin (həm yazılı, həm şifahi) məzmunundakı dərin qatların, arxaik məzmunların üzə çıxarılmasına  xidmət edib.

Muxtar Kazımoğlu nəzəri-metodoloji görüşlərində şifahi və yazılı ədəbiyyatın paralel təhlili mühüm yer tutur. Hələ 1990-cı illərin əvvəlində müasir Azərbaycan nəsrində psixologizm problemini araşdırarkən belə, o, nəsrin nəzəri-estetik məsələlərini folklor düşüncəsi kontekstində araşdırıb, bədii təfəkkürün milli-mifoloji potensialını tədqiqatın kontekstual platformasına istiqamətləndirib. Tədqiqatçı vurğulayıb ki, XX əsr Azərbaycan nəsrinin obrazlar sistemi bir çox hallarda epos təfəkkürünün izlərini daşıyır. Sonrakı illərdə akademik Muxtar Kazımoğlu həm ədəbiyyatşünas, həm də folklorşünas kimi qələmə aldığı əsərlərində də bu metodoloji prinsip - yəni şifahi və yazılı söz sənətinin vəhdətdə öyrənilməsi - ardıcıl şəkildə qorunub saxlanılır. Onun təqdimində milli mədəniyyət bütöv sistem xarakteri daşıyan bir fenomen kimi yazılı və şifahi ənənələrin vəhdətindən ibarətdir. Akademik Muxtar Kazımoğlu zahirən fərqli mövzular üzərində işləsə də, elmi yaradıcılığının bütün mərhələlərində, əslində, otuz il əvvəl başladığı elmi missiyanı (ədəbiyyatımızın müasir nəzəri problemlərini folklorla əlaqədə tədqiq etməklə Azərbaycan filoloji fikrində nəzəri-metodoloji körpü yaratmaq!) davam etdirir. Onun folklorşünaslıq elminə gətirdiyi yeniliklər də məhz bu yanaşmadan - yəni folkloru sırf arxaik bir sahə kimi deyil, ədəbiyyatımızın canlı yaddaşı və bədii təfəkkürümüzün özünəməxsus modeli kimi dəyərləndirməsindən qaynaqlanır.

Muxtar Kazımoğlu Azərbaycan humanitar elmi fikrində yeri həm də onun elmi təşkilatçılıq və pedaqoji fəaliyyəti ilə şərtlənir. O, uzun illər AMEA Folklor İnstitutuna rəhbərlik etməklə folklor tədqiqatlarının sistemli şəkildə aparılmasına töhfə verib. Akademik Muxtar Kazımoğlu elmi redaktoru olduğu çoxcildlik nəşrlər, tərtib etdiyi antologiyalar Azərbaycan folklorunun geniş coğrafiyada tədqiqinə imkan yaradıb. Alim, həmçinin, folklor və ədəbiyyatın populyarlaşması, elmi biliklərin kütləviləşməsi istiqamətində də KİV-də müntəzəm olaraq çıxışlar edib. Bütün bunlar göstərir ki, Muxtar Kazımoğlu təkcə konkret elmi problemlərin həllinə töhfə verməklə qalmayıb, ümumilikdə Azərbaycan folklorşünaslıq elminin beynəlxalq miqyasda tanınmasına və yeni metodoloji düşüncələrlə zənginləşməsinə əhəmiyyətli təsir göstərib.

Muxtar Kazımoğlu Azərbaycan filoloji düşüncəsinə ümumən milli ictimai təfəkkürün demokratikləşdiyi, etnik-milli genezisə və milli-mənəvi dəyərlərə qayıdışın elmdə, sənətdə və həyatda ümummilli hərəkata çevrildiyi 80-ci illərin əvvəllərində gəlmişdi. Hesab edirik ki, bu amil onun elmi-filoloji maraq dairəsinin formalaşmasında, yaradıcı şəxsiyyət kimi milli mədəniyyətə münasibətdə elmi baxış bucaqlarının müəyyənləşməsində həlledici rol oynayıb. O, ötən əsrin 80-ci illərinin ortalarında filoloji elmi yaradıcılığa həmin dövr üçün (elə indinin özündə də!) kifayət qədər elmi aktuallıq kəsb edən mürəkkəb bir nəzəri problemin (ədəbiyyatda psixologizm) kifayət qədər maraqlı bədii faktura üzərində (60-70-ci illər Azərbaycan nəsri) araşdırılması ilə başlamışdı. 1991-ci ildə nəşr olunan "Müasir Azərbaycan nəsrində psixologizm"  kitabında müəllif İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Mövlud Süleymanlı kimi nasirlərin bədii yaradıcılığını psixologizm aspektindən tədqiqat predmetinə çevirir. Bu tədqiqat alimin filoloji təfəkkürünün analitik-nəzəri səpkiyə, milli folklor potensiyasına (artıq normativləşmiş qənaətə görə 60-70-ci illər Azərbaycan nəsri öz genetik qaynağı etibarilə epos təfəkkürünə söykənir) elmi marağının ifadəsi olmaqla onun yaradıcı təfəkkürünün tipoloji oriyentasiyasını da əsaslı olaraq müəyyənləşdirmiş olur. Muxtar Kazımoğlunun elmi yaradıcılıq təkamülünün 80-ci illərin ortalarından bu günədək qət etdiyi yolu ən ümumi şəkildə aşağıdakı kimi cizgiləmək olar: elmi təsnifat baxımından ədəbiyyatşünaslıqdan folklora; janr təsnifatı baxımından romandan (povestdən, hekayədən...) eposa (nağıla, lətifəyə...); nəzəri problematika baxımından psixologizmdən onun konkret təzahür formalarından biri olan və mühüm elmi-kateqorial anlayış kimi götürülən gülüş anlayışına.

Əsərin 2021-ci ildə yenidən çap edilməsi, orada irəli sürülən fikir və qənaətlərin bu gün də öz aktuallığını qoruduğunu göstərir.

Daha sonralar akademik Muxtar Kazımoğlu zahirən fərqli elmi problemlərlə məşğul olmuş kimi görünsə də, əslində otuz il bundan əvvəl başladığı işi davam etdirir. Hələ nəsrdə psixologizm problemi üzərində araşdırmalar apararkən müəllifin nəsrin ən müasir nəzəri problemlərini folklorla vəhdətdə araşdırdığının, şifahi və yazılı ədəbiyyatı eyni bir təhlil kontekstində birləşdirdiyinin şahidi oluruq. Sonralar da yazılı və şifahi ədəbiyyat paralelliyi onun yaradıcılığının xarakterik xüsusiyyətinə çevrilir.

Müəllifin "Gülüşün arxaik kökləri" (2005) və "Xalq gülüşünün poetikası" (2006) kitabları həm problematikası, həm də problemə elmi-metodoloji yanaşması baxımından müasir Azərbaycan folklorşünaslığında yeni bir istiqamətin əsasını qoyan əsərlərdir. Yazılı ədəbiyyatla bağlı kifayət qədər geniş təhlil olunmuş gülüş anlayışı bu əsərlərdə ilk dəfə olaraq sistemli şəkildə folklor üzrə araşdırılır, gülüşün magik mahiyyəti, ayrı-ayrı folklor obrazlarının gülüş aspektindən genezisi kimi problemlərə işıq salınır. Aydın görünür ki, gülüşün arxaik köklərinə elmi maraq nəsrdə psixologizm axtarışlarının təbii davamıdır. Gülüş Muxtar müəllimin təqdimatında gerçəkliyə münasibətin hər hansı bir fiziki-bioloji faktoru kimi deyil, xüsusi semantikaya malik elmi-kateqorial paradiqma kimi təhlil olunur. Kitabların elmi dəyəri ondadır ki, aparılan tədqiqatın nəzəri ümumiləşdirilməsi olaraq humanitar düşüncəyə Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı yeni elmi konsepsiya təqdim olunur.

2011-ci ildə müəllifin indiyədək milli filoloji və folklorşünaslıq düşüncəmizdə heç bir aspekti ilə elmi tədqiqatın predmetinə çevrilməyən digər bir nəzəri problemə həsr olunmuş "Folklorda obrazın ikiləşməsi" kitabı nəşr olunur. Əsərdə müxtəlif folklor janrlarında, xüsusən nağıl, dastan, lətifə və sair kimi epik janrlarda "ciddi" və komik yöndəki ikiləşmənin folklordakı mahiyyəti, mifoloji kökləri və təzahür formaları elmi tədqiqatın predmetinə çevirir.  Bu araşdırmada ilk dəfə olaraq bədii obrazın ikiləşməsinin mifdən gələn və folklorun müxtəlif janrlarında təzahür edən, yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilib.

2012-ci ildə nəşr olunan "Epos. Nəsr. Problemlər" kitabına müəllifin müxtəlif illərdə həm ayrı-ayrılıqda epos və nəsr probleminə, həm də epos və nəsrin qarşılıqlı əlaqələrinə həsr olunmuş məqalələri daxil edilib. Eposda obrazın ikiləşməsi, Mənfi əvəzedici, Yalançı qəhrəman kimi məsələlər ənənəvi ədəbiyyatşünaslıqda özünə yer tapa bilməyən, müasir dünya, xüsusən də Avropa folklorşünaslığının elmi-nəzəri bazası əsasında qələmə alınan ciddi problemlərdəndir. Müəllif buradakı elmi yanaşmaları ilə yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış ortaya qoyur, ədəbi düşüncənin yazılı və şifahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları kimi yanaşılmasının orijinal nəzəri təhlil standartlarını təqdim edir.

2013-cü ildə nəşr olunan "Portretlər" kitabında "Yazıçılar" və "Ədəbiyyatşünaslar" bölmələri üzrə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Molla Pənah Vaqif, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi ədiblər, Məmməd Cəfər, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Nizami Cəfərov, Kamran Əliyev kimi ədəbiyyatşünaslar "portretləşdirilir". Bu kitabda ideya-estetik məfkurəsi baxımından bir-birindən fərqli ədəbi və elmi simalardan bəhs edilsə də, onların hamısı vahid Azərbaycan mədəniyyəti kontekstində birləşdirilir. Kitabda seçilən portretlərin yaradıcılıqları, fəaliyyət sahələrinin çoxprofilliliyi müasir Azərbaycan ictimai düşüncəsini narahat edən məqamlara gətirib çıxarır və müəllif ayrı-ayrı ədiblərin simasında ictimai-mədəni düşüncəni narahat edən problemlərə öz baxışlarını və münasibətini ortaya qoyur.

2014-cü ildə müəllifin "Folklor həm keçmiş, həm də bu gündür" kitabı işıq üzü görür. Burada biz Muxtar müəllimi bir alim olmaqla yanaşı, eyni zamanda bir publisist kimi də kəşf edirik.

Muxtar müəllim həmin kitabın sonunda yer alan müsahibəsində qeyd edir ki, folklorda qəribə bir sadəlik var və bu, müdrikin sadəliyidir. Belə bir müdrik sadəliyi onun öz elmi yaradıcılığına da şamil etmək mümkündür. Onun elmi yaradıcılığı indi filologiyada və folklorşünaslıqda geniş yayılmış, bir çox hallarda yaradıcı elmi təfəkkürün səmimi inkişaf dialektikasından deyil, elmi görünmək, orijinal təsir bağışlamaq mərəzindən qaynaqlanan terminoloji əllaməçilikdən, sintaksisin süni mürəkkəbləşdirilməsindən tamamilə uzaqdır. Onun əsərlərində elmi düşüncə təbii sadəliyindəcə təqdim edilir. Və bu səmimi sadəlik ən mürəkkəb elmi mətləbləri izah etməklə özünüifadə mədəniyyətinin təvazöyə əsaslanan yüksək nümunəsi kimi faktlaşır.

2015-ci ildə müəllifin "Sənət qayğıları" adlı növbəti kitabı işıq üzü görür. Bu kitab, adından da göründüyü kimi, sənət məsələləri ilə bağlı müəllifin düşüncələrini əks etdirir. Kitaba müxtəlif illərdə qələmə alınan, şifahi və yazılı ədəbiyyatın düşündürücü problemlərinə həsr edilən məqalələr və iki müsahibə daxil edilib. Toplunun birinci bölməsi "Şifahi söz sənəti" adlanır və burada xalq oyunları, meydan tamaşaları, aşıq yaradıcılığı kimi folklor örnəklərinə dair tədqiqat yazıları yer alır. Xüsusilə "Oyunlar və ayinlər (Qarabağ nümunələri əsasında)" məqaləsi Qarabağ folklor mühitində xalq oyunlarının təsnifatı və funksiyasını işıqlandırır. İkinci bölmədə yazılı ədəbiyyatın aktual problemlərinə dair müəllifin məqalələri toplanıb. Toplunun sonunda verilən müsahibələrdə isə Muxtar Kazımoğlu öz elmi fəaliyyəti, ideyaları barədə sualları cavablandırır, folklor və ədəbiyyat barədə mülahizələrini ümumiləşdirir. "Sənət qayğıları" elmi-kütləvi üslubda yazılsa da, hər bir məqalə dərindən düşünülmüş elmi tezislərlə zəngindir. Bu kitab Muxtar Kazımoğlu həm folklorşünas, həm də ədəbiyyatşünas kimi geniş erudisiyasını nümayiş etdirir və onun ikili - ədəbiyyat və folklor prizmasından Azərbaycan sənətinə elmi baxışını təqdim edir.

Akademik Muxtar Kazımoğlunun mühüm tədqiqat istiqamətlərindən biri də folklorun ideoloji-mənəvi kontekstlərinin öyrənilməsidir. Bu baxımdan onun ideya rəhbərliyi ilə  həyata keçirilən "Folklor və dövlətçilik" (2016) elmi-tədqiqat proqramı xüsusi qeyd olunmalıdır. Əsər folklor və dövlətçilik düşüncəsi arasındakı qarşılıqlı əlaqələrə həsr olunub, burada xalq ədəbiyyatında dövlətçilik ideyalarının, ənənələrinin inikası geniş şəkildə araşdırılıb.

Akademik Muxtar Kazımoğlunun folklorşünaslığımızda əhəmiyyətli iz qoymuş tədqiqatlarından biri də "Xalq oyunları və meydan tamaşaları" (2017) istiqamətindəki elmi-tədqiqat proqramı çərçivəsində olan tədqiqatlarıdır. Bu elmi-tədqiqat proqramı xalq oyunlarının və açıq meydan tamaşalarının genezisi, təsnifatı və poetik xüsusiyyətlərinə həsr olunmuş ilk fundamental işlərdəndir. Layihə üzrə tədqiqatında müəllif oyunları məzmun və funksiyasına görə bir neçə əsas qrupa ayırır, məsələn: yalnız uşaqlara xas oyunlar (söz oyunları, rəqsli-mahnılı oyunlar...), tale-qumar-fal oyunları, bacarıq və güc oyunları, zəka oyunları, qarışıq tipli oyunlar və sair. Bu təsnifat çərçivəsində hər bir qrupa aid konkret oyunların adları və qaydaları izah edilir. "Xalq oyunları və meydan tamaşaları" üzrə araşdırmalar nəticə etibarilə Azərbaycan xalq oyunlarını həm tarixi perspektivdə (mənbəşünaslıq baxımından), həm də nəzəri kontekstdə (funksional semantika baxımından) incələyən dəyərli tədqiqatdır. Bu kitab ölkəmizdə folklorun az tədqiq olunmuş bir sahəsini - oyun folklorunu elmi əsaslarla öyrənən ilk fundamental tədqiqat proqramı kimi yüksək qiymətləndirilməlidir.

Muxtar Kazımoğlunun son illərdəki elmi yaradıcılığının məhsullarından biri də "Söz haqqında söz" (2020) kitabıdır. Bu əsər məzmun etibarilə müəllifin müxtəlif mədəni-fəlsəfi mövzularda qələmə aldığı esselər, tənqidi məqalələr və çıxışlardan ibarətdir. "Söz haqqında söz" adından da anlaşıldığı kimi, sözün - dilin, ədəbiyyatın, folklorun mahiyyəti barədə düşüncələri ehtiva edir. Kitabın birinci bölməsində milli düşüncənin keçdiyi tarixi yollar, folklorşünaslığın inkişaf mərhələləri barədə yazılar toplanıb. Məsələn, Muxtar Kazımoğlu burada XIX əsrin sonu, XX əsrin əvvəllərində milli mədəniyyət mücadiləsi kontekstində folklorşünaslığın roluna nəzər salır. Mirzə Fətəli Axundzadədən başlayıb sovet dövrünədək olan folklor tədqiqatlarının ictimai-mədəni əhəmiyyətini dəyərləndirir. Sonrakı bölmələrdə çağdaş ədəbi proses, dil mədəniyyəti, folklorun müasir təhsil və tərbiyədə rolu kimi məsələlər haqqında məqalələr yer alır. "Söz haqqında söz" həm üslub, həm də problematika baxımından akademik tərzdə yazılmış, lakin geniş oxucu kütləsi üçün də anlaşılacaq dil-üslub xüsusiyyətinə malik bir kitabdır. Buradakı yazılardan aydın olur ki, Muxtar Kazımoğlu milli-mənəvi dəyərlər mövzusunda həm tarixə nəzər salmağı, həm də bu günü dəyərləndirməyi bacaran universal fikir sahibidir. Kitabda dilimiz, klassik irsimiz, folklor və müasirlik haqqında elə məqamlar vurğulanır ki, bunlar Azərbaycan humanitar fikrinin ümumi inkişaf xəttinə dair orijinal elmi nəticələr təqdim edir.

Muxtar Kazımoğlu elmi axtarışlarını daim yeni istiqamətlərdə genişləndirib və son illərdə hətta riyaziyyat və məntiq elmləri ilə folklorun kəsişməsində maraqlı tədqiqat aparıb. Bu işin nəticəsi olan "Epos qəhrəmanlarında qeyri-səlislik" monoqrafiyası 2023-cü ildə çapdan çıxıb. Kitabın adından göründüyü kimi, burada qeyri-səlis məntiq nəzəriyyəsi folklor materialına tətbiq olunub. Konkret olaraq, "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposları qeyri-səlis məntiq baxımından araşdırmaya cəlb olunur, həmçinin qeyri-səlis məna çoxluqları kontekstində epik şeir ilə eposun, roman ilə eposun müəyyən səsləşmələrinə də diqqət yetirilir. Monoqrafiya müasir elmi yanaşmaların folklorşünaslıqda sınaqdan keçirilməsi baxımından unikal bir örnəkdir. Müəllif riyazi məntiq nəzəriyyəsinin (qeyri-səlis məntiqin) ədəbiyyat və folklor analizi üçün necə yararlı ola biləcəyini konkret nümunələr üzərində göstərir. Kitabda qeyd olunur ki, 2022-ci ildə akademik Kamal Abdulla və Rafiq Əliyevin Dədə Qorqud dastanına qeyri-səlis məntiq prizmasından yanaşan məqalələri nəşr edilib və ciddi müzakirələrə səbəb olub.

Muxtar Kazımoğlunun monoqrafiyası həmin diskussiyaların elmi müstəvidə davamı kimi də dəyərləndirilə bilər. Əsərin "Ön söz"ündə müəllif bu yeni yanaşmanın aktuallığını əsaslandırır və bildirir ki, dastan mətnlərindəki bəzi qəhrəman obrazlarının davranışı klassik məntiq çərçivəsində tam izah olunmadığı halda, qeyri-səlis məntiq modeli onların "tutarsız" və ya "təxminən" davranışlarını anlamağa imkan yaradır. Məsələn, Dədə Qorqud boylarında bəzi igidlərin həm çox cəsur, həm də müəyyən situasiyalarda tərəddüdlü davranması qeyri-səlis qəhrəman modelinə uyğun təhlil edilir. Bu cür yanaşma Azərbaycan folklorşünaslığında bir ilkdir və elmi yeniliyi ondan ibarətdir ki, folklor mətnlərinin analizi üçün interdisiplinar (riyazi-humanitar) metodologiya təklif olunur.

Bu kitabda tam analitikadan və ya analitik tamlıqdan ona görə ürəklə, inamla bəhs etmək mümkündür ki, müəllifin simasında filologiya klassik, kibernetika normativ tipologiyadan yeni elmi sintez naminə imtina edir,  iki fərqli elmi dünyagörüş kateqorial anlayışlar səviyyəsində bir-birini zənginləşdirə bilir.

"Epos qəhrəmanlarında qeyri-səlislik" monoqrafiyası artıq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb, folklor mətnlərinin dərin semantik strukturlarına nüfuz etmək baxımından perspektivli bir cəhd kimi dəyərləndirilib.

Muxtar Kazımoğlunun ən yeni elmi əsərlərindən biri də "Şifahi sənət və yazılı ədəbiyyat" adlı (2025-ci ilin nəşri) monoqrafiyasıdır. Bu kitab alimin uzun illər üzərində düşündüyü şifahi ədəbiyyatın nəzəri konseptlərinə həsr edilib. Əsərdə şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyatdan fərqləndirən cəhətləri, şifahi ənənənin özünəməxsus bədii qanunauyğunluqları dərindən təhlil olunur. Müəllif əsərin əvvəlində mühüm bir problem irəli sürür: nə üçün şifahi sənətdə müəllifin fərdi üslubundan danışmaq yazılı ədəbiyyatda olduğu kimi mümkün deyil? Bu suala cavab axtararkən alim izah edir ki, şifahi sənət nümunələri ayrıca istedadlı şəxslər tərəfindən yaradılsa da, onlar xalq arasında məlum folklor qəlibləri əsasında formalaşır və ifa prosesində cilalanaraq kollektiv şüurun məhsuluna çevrilir. Beləliklə, yazılı ədəbiyyatda fərdi üslub əsas meyar ikən, şifahi sənətdə başlıca göstərici xalq arasında məşhur qəliblərin, formulaların ustalıqla tətbiqidir. Müəllif folklor nəzəriyyəsində əsas anlayışlardan biri olan "formula" konsepsiyasını geniş şərh edir, Albert Lordun epik formul nəzəriyyəsinə toxunur və qeyd edir ki, formulun istifadəsi yazılı və şifahi sənətin mahiyyətini ayıran əsas cizgilərdəndir. Kitabda misallarla göstərilir ki, məsələn, klassik yazılı epik poeziyada (Nizami "Xəmsə"si və onun davamçılarının poemalarında) rast gəlinən bəzi epik formullar (sabit təsvir ifadələri) məhz folklor mənşəlidir. Əksinə, şifahi dastanların ifası zamanı aşıqlar bəzən formuldan kənara çıxaraq klassik ədəbiyyatdan gəlmə sufi motivlər, dini-təriqət məzmunlu obrazlar əlavə edir və bununla folklor mətninə yazılı mədəniyyət elementləri daxil olur. Bu qarşılıqlı təsir və konseptual məsələlər kitabda ətraflı şəkildə təhlil edilib. "Şifahi sənət və yazılı ədəbiyyat" monoqrafiyası Azərbaycan folklor nəzəriyyəsini zənginləşdirən, xüsusən şifahi ənənənin konseptual əsaslarını müəyyənləşdirməyə çalışan dərin bir tədqiqat kimi dəyərləndirilə bilər. Bu əsər həm də Muxtar Kazımoğlunun folklor və yazılı ədəbiyyatın sintezini nəzəri baxımdan əsaslandırmaq istiqamətində uzun illər apardığı işlərin məntiqi yekunu sayılır.

Muxtar Kazımoğlunun son illər zəngin Azərbaycan folklorunun məhz folklorşünaslıq elmi prinsipləri baxımından toplanılması, sistemləşdirilməsi və nəşri sahəsindəki xidmətləri üzərində də xüsusi dayanmaq lazımdır. Folklorun spesifikası belədir ki, formalaşmış elmi prinsiplər əsasında uğurlu toplama olmadığı halda ən modern nəzəriyyəçilik belə havadan asılı vəziyyətdə qalmış olur. Və bu halda nəzəri folklorşünaslığın əsas vəzifələrindən biri kimi təqdim olunan universallaşmış bilik əsasında  kollektiv yaddaşdan etnik dünya modelinin rekonstruksiyası da elmi blefdən başqa bir şey olmur. Şifahi ənənədə mövcud olan folklor mətnlərinin kollektiv yaddaş daşıyıcısı olan infarmatorlardan mümkün qədər zədəsiz və zamanında toplanılması xüsusi intellektual-metodoloji, bəzi hallarda hətta psixoloji hazırlıq tələb edən, eyni zamanda fiziki zəhmət bahasına başa gələn bir işdir.

Muxtar Kazımoğlu 1990-cı illərdən başlayaraq respublikanın müxtəlif bölgələrinin folklorunu əhatə edən antologiyaların tərtibində iştirak edib. Məsələn, onun həmmüəllifi olduğu "Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru" kitabı (2005) Zəngəzur mahalından toplanmış geniş materialları əhatə edir. Bu nəşr bir çox unikal nağıl, rəvayət, mərasim nümunələrini ilk dəfə elmi ictimaiyyətə təqdim etməklə dəyər qazanır.

Muxtar Kazımoğlunun rəhbərliyi altında həyata keçirilən ən böyük toplayıcılıq işlərindən biri "Qarabağ: folklor da bir tarixdir" çoxcildlik külliyyatıdır. Alim bu 10 cildlik layihənin elmi rəhbəri və ideya müəllifi olub, Qarabağın ayrı-ayrı bölgələrindən (Ağdam, Füzuli, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) toplanmış folklor örnəklərinin sistemli nəşrini təmin edib. Bu toplular təkcə elmi baxımdan deyil, həm də milli maraqlar baxımından mühüm əhəmiyyət daşıyır. Alim Azərbaycanın digər bölgələrindən folklor örnəklərinin toplanmasına da böyük önəm verib. Onun tərtib etdiyi "Gədəbəy folklor örnəkləri. I kitab" (2016) və "Şərur folklor örnəkləri. I kitab" (2016) bu sahədə görülən işlərin bariz nümunəsidir. Akademik Muxtar Kazımoğlu 1995-ci ildə "Bu yurd bayquşa qalmaz" adlı Qarabağ folkloru nümunələrinin toplandığı kitabın tərtibçilərindən biri olub. O, eləcə də folklor toplayıcılarına metodiki göstərişlər verən, ekspedisiya materiallarının işlənib hazırlanmasında yardım edən bir mentor kimi fəaliyyət göstərib.

Muxtar Kazımoğlunun çoxşaxəli elmi fəaliyyəti - istər nəzəri folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsindəki fundamental tədqiqatları, istərsə də elmi təşkilatçılıq sahəsindəki xidmətləri - Azərbaycan humanitar fikrinin inkişafında müstəsna yer tutur. Onun 70 illik ömür yolu məhsuldar elmi axtarışlarla zəngindir. Heç şübhəsiz, Muxtar Kazımoğlunun əsərləri bugünümüz üçün də aktualdır və gələcək nəsil tədqiqatçılar üçün etibarlı istinad nöqtəsi olaraq qalacaqdır.

İnanırıq ki, akademik Muxtar Kazımoğlu bundan sonra da Azərbaycan folklorşünaslıq elminin, ümumən humanitar elmi düşüncəmizin inkişafına töhfələr verməyə, elmimizi yeni ideyalarla zənginləşdirməyə davam edəcək.  Onun zəngin təcrübəsi və dərin biliyi yeni elmi araşdırmaların həyata keçirilməsində, milli-mənəvi irsimizin tədqiqi və təbliğində mühüm rol oynayacaq.

70 illik yubileyiniz mübarək, əziz Muxtar müəllim!

Sərxan XAVƏRİ

Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 28 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə ən zəhərli ilanlardan biri görüntüləndi

28 May 2025 06:42see201

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see156

Neandertal sənətkarın əsəri: 43 min illik barmaq izinin sirri açıldı

28 May 2025 03:37see131

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

28 May 2025 09:40see127

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım Foto

28 May 2025 00:18see126

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see124

Peter Mixalko: Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq daha da güclənməkdədir

28 May 2025 02:33see124

A Seriyasının bombardiri iki klubun hədəfində

28 May 2025 02:17see121

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see117

Röyanın keçmiş əri üçüncü dəfə evləndi FOTO

27 May 2025 22:39see116

Fransadan sonra sıra Azərbaycandadır? Yaxın gələcəkdə...

28 May 2025 07:33see116

İslam maarifçiliyinin mərkəzi olan şəhər qumların altında yox olur

27 May 2025 23:44see116

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see116

Avtomobilləri isti mövsümə necə hazırlamalı? Ekspertlərdən vacib xəbərdarlıqlar

28 May 2025 06:21see115

Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün…

28 May 2025 01:03see115

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see114

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see112

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see112

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri