Icma.az
close
up
RU
Minilliklərin qaranlığına işıq salan arxeoloq

Minilliklərin qaranlığına işıq salan arxeoloq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vəli Baxşəliyev – 70

Naxçıvanın yeraltı və yerüstü abidələrinin lal dilini açan alim

Azərbaycan elmi fədakar və tanınmış tədqiqatçıların araşdırmaları ilə beynəlxalq səviyyədə nüfuzlu mövqe qazanıb. Milli arxeologiyamızı çoxillik səmərəli fəaliyyəti ilə zənginləşdirən və dünyada da tanıdan arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin anadan olmasının 70 illik yubileyi alimin ömür yoluna, elmi yaradıcılığına qədirbilənlik sayğısı və yüksək dəyərlə müşayiət olunur.

Azərbaycan arxeologiyasında məktəb yaratmış alimlərdən olan tarix elmləri doktoru, professor Vəli Baxşəliyev bütün elmi fəaliyyətini Naxçıvan diyarının qədim dövr tarixinin öyrənilməsinə həsr edib. Onun tədqiqatları ulu Nuh yurdunun arxeoloji abidələrinin, eləcə də bu ərazidə yaşayan qədim tayfaların etnik mənsubiyyətinin öyrənilməsinə həsr olunub.

Vəli Baxşəli oğlu 1955-ci ilin iyun ayının 5-də Babək (indiki Kəngərli) rayonunun Böyükdüz kəndində anadan olub. O, 1973–1977-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) ali təhsil alıb. Əmək fəaliyyətinə kənd orta məktəbində müəllim kimi başlayan gənc tarixçinin elmə, tədqiqat işinə böyük həvəsi onu 1982-ci ildə AMEA Tarix İnstitutunun aspiranturasına gətirib. 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirən tədqiqatçı “Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Qədim diyara perspektivli tarixçi alim kimi qayıdan Vəli Baxşəliyev 1983-cü ildə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında müdir, 1986-cı ildə Naxçıvan Regional Elmi Mərkəzində elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində işləyib.

Ulu öndər, Prezident Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə AMEA-nın Naxçıvan Bölməsi yaradılanda V.Baxşəliyev Naxçıvan Bölməsinin tərkibində olan Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi katib vəzifəsinə təyin edilib. Sonra o, Qədim dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda alim həmin institutun direktor müavinidir.

Tədqiqatlarını davam etdirən alim 2005-ci ildə “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını da uğurla başa çatdırıb. O, 2009-cu ildə dosent, 2018-ci ildə arxeologiya ixtisası üzrə professor elmi adı alıb. Tarix elmləri doktoru Vəli Baxşəliyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Elmi fəaliyyətində arxeoloji qazıntılara önəm verən professor Vəli Baxşəliyev respublikamızda, qardaş Türkiyədə və qonşu İranda aparılan arxeoloji tədqiqatlarda fəal iştirak edib. O 1995–1999-cu illərdə İstanbul Universitetinin arxeoloqları ilə birgə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak edib, Yoncatəpə, Qaragündüz yaşayış yerlərinin və Tuşpa nekropolunun tədqiq edilməsinə töhfəsini verib.

Alim 2006-cı ildən Naxçıvanda ABŞ və Fransa arxeoloqlarının da iştirak etdiyi 2 beynəlxalq arxeoloji ekspedisiyaya rəhbərlik edib. Vəli müəllim ABŞ-ın Corciya, Pensilvaniya, Nyu-York, Çikaqo universitetləri, Fransanın Elmi-Tədqiqat Mərkəzi və Lion Universitetinin əməkdaşları ilə birlikdə Ovçulartəpəsi, I və II Kültəpə, Maxta Kültəpəsi, Oğlanqala, Qızqala, Zirincli, Uçan Ağıl və Sədərək şəhər yeri və başqa digər abidələrdə tədqiqat aparıb. Həmin qazıntılar zamanı Kültəpə mədəniyyətinin tarixi dəqiqləşdirilib, insanların I Kültəpədə e.ə. VI minillikdən deyil, VII minillikdən başlayaraq məskən saldığı müəyyən edilib. Ovçulartəpəsindən əldə edilmiş ilk əmək alətləri ilə müəyyən edilib ki, Naxçıvan ərazisində insanlar 1,5 milyon il bundan əvvəl yaşamağa başlayıblar.

Arxeoloji materiallarla sübut olunub ki, Dalmatəpə və Ubeyd mədəniyyəti Naxçıvanda yayılmış, Boyalı qablar mədəniyyətinin Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda məskən salan, əkinçilik və maldarlıqla məşğul olan tayfalar tərəfindən yaradılıb. Tədqiqatçı ilk dəfə olaraq Oğlanqala yaşayış yerinin Azərbaycanın şimalında və Göyçə gölü hövzəsində formalaşmış “Etiuni” konfederasiyasının urartulara qarşı mübarizəsində əsas istinad yerlərindən biri olduğunu müəyyən edib.

Arxeoloq alimin apardığı tədqiqatlar nəticəsində Naxçıvanda qədim metallurgiya və metalişləmə sənətinin yerli xammal mənbələr əsasında meydana gəlib inkişaf etdiyi, eyni zamanda qədim mədəniyyətlərin, sənət əsərlərinin Azərbaycan xalqının etnoqrafiyası və folkloru ilə sıx bağlı olduğu öyrənilib. Naxçıvanın Dalmatəpə, Kür-Araz və Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin vətəni olduğu müəyyən edilib. Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiqilə müəyyən edilib ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvandan yayılıb. Tədqiqatçı Naxçıvanın qədim mədəniyyətinin dövrləşdirilməsi ilə bağlı Neolit, Eneolit, Erkən və Orta Tunc dövrü abidələri üçün yeni dövrləşdirmə müəyyənləşdirib.

Tədqiqatçının elmi əsərləri əsasən Cənubi Qafqaz, Yaxın Şərq və Azərbaycanın arxeologiyasına aid mühüm problemlərinin araşdırılmasına həsr olunub. Bu əsərlərdə Naxçıvanın qədim mədəniyyətlərinin Urmiya hövzəsi və Şərqi Anadolu ilə sıx bağlı olduğu göstərilib, Zəngəzur və Dərələyəzin Azərbaycanda məskunlaşan qədim tayfaların fəaliyyət dairəsinə aid olduğu əsaslandırılıb.

Müəllifin həmkarları ilə birlikdə hazırladıqları “Qədim Şərur”, “Şərur rayonunun tarixi”, “Qədim Ordubad”, “Qədim Culfa”, “Sədərək”, “Xələc”, “Ərəbyengicə”, “Şortəpə” və onlarla başqa tədqiqat əsərləri Naxçıvan diyarının müxtəlif bölgələrinin qədim yaşayış yerləri, nekropol və kurqanlar, ərazilərdə yaşayan tayfalar, onların iqtisadi həyatı, ərazilərin tarixi, arxeoloji və memarlıq abidələri haqqında dolğun məlumatlar verir. ABŞ, Fransa, Türkiyə və b. ölkələrin tədqiqatçıları ilə birgə yazdıqları kitab və monoqrafiyalar arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş materialların ümumiləşdirilməsi nəticəsində mümkün olub.

“Ovçulartəpəsi”, “Kültəpə arxeoloji qazıntıları”, “Naxçıvan arxeologiyası: yeni kəşflərin onuncu ili” (ingilis dilində), “Sioni mədəniyyəti Tumbultəpədə arxeoloji qazıntılar kontekstində” (3 dildə) və b. əsərlər Vəli Baxşəliyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılardan əldə olunan nəticələrin ümumiləşdirilməsidir. O, Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın əsərin, o cümlədən xaricdə nəşr olunan 260 məqalənin, “Scopus”, “Web of Science” və başqa bazalara daxil olan 20-dən artıq məqalənin, 35 monoqrafiya və kitabın, dərs vəsaitinin müəllifidir.

Təkcə 2024-cü ildə alimin əsərlərinə 1091 istinad qeydə alınıb. Onun “Azərbaycan arxeologiyası”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanın tarixi abidələri”, “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti”, “Naxçıvanın Erkən Dəmir dövrü abidələri”, “Duzdağın qədim duz mədənləri”, “Gəmiqaya təsvirləri”, “Dalmatəpə mədəniyyətinin mənşəyi”, “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Neolit və Erkən Eneolit dövründə Naxçıvanın iqtisadi-mədəni əlaqələri” (3 dildə), “Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar” kimi kitab və monoqrafiyaları gərgin və məhsuldar tədqiqatların nəticəsində işıq üzü görüb.

Alimin tarixi milyon illərə dayanan Naxçıvanda apardığı arxeoloji tədqiqatların nəticələri “Naxçıvan ensiklopediyası” (2 cilddə), “Naxçıvan abidələr ensiklopediyası” (2 dildə), “Naxçıvan tarixi” (3 cilddə), “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas, “Naxçıvan tarixi atlası” və digər əsərlərin və xəritələrin hazırlanmasında istifadə edilib. Onun fəal iştirakı ilə Naxçıvan ərazisində qeydə alınmış 1217 arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanıb və pasportlaşdırılıb.

Professor Vəli Baxşəliyev Azərbaycan tarix elmini, arxeologiyasını xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə layiqincə təmsil edir. O, Paris, İstanbul, Tbilisi, Ankara, Ərzurum, Batum, Van, Omsk, Bakı, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda iştirak etmiş, əldə etdiyi elmi nailiyyətlərlə bağlı məruzələr edib. Alim elmi tədqiqatlarla yanaşı, təhsil prosesinə də mühüm əhəmiyyət verir, yüksək ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edir. O, uzun müddətdir ki, Naxçıvan Dövlət Universitetinin professoru kimi bakalavriat və magistrlərə Azərbaycan arxeologiyasından mühazirələr aparır, magistr dissertasiyalarına rəhbərlik edir.

Nüfuzlu arxeoloq 2006-cı ildən AMEA Naxçıvan Bölməsində, AMEA Tarix və Etnologiya İnstitutunda yaradılmış Dissertasiya şuralarının üzvi kimi, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında iştirak edir. Alimin rəhbərliyi ilə 10-dan artıq tədqiqatçı fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edib. O, rəsmi opponent kimi də dissertasiyaların dəyərləndirilməsində çıxış edir.

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Əsərləri (ictimai və humanitar elmlər) məcmuəsinin redaktor müavini və redaksiya heyətinin üzvü olan professor Vəli Baxşəliyev beynəlxalq “AMİSOS”, “Tarix” jurnalının redaksiya heyətində də təmsil olunur. O, “Anatolian Research” jurnalının rəyçisi, TUBA-Ar jurnalının yazarıdır.

Vəli Baxşəliyev 2014-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə “Tərəqqi” medalı, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, AMEA Rəyasət Heyətinin, AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanları ilə təltif olunub.

Görkəmli tarixçi və arxeoloq alim Vəli Baxşəliyevi 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see113

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see112

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri