Kəlbəcər minilliklərin yaddaşı, Zəfərin təntənəsi ŞƏRH
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
25 noyabr Azərbaycan xalqının yaddaşına qürur, Zəfər və doğma torpağa qayıdış günü kimi həkk olunub. Bu tarix təkcə Kəlbəcərin işğaldan azad edilməsini deyil, həm də Azərbaycanın qədim tarixinin, milli-mədəni irsinin və ərazi bütövlüyünün bərpasını ifadə edir. Hər il 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi qeyd olunması bu qədim diyarın xalqımızın tarixindəki mühüm yerini bir daha ön plana çıxarır.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayon 1930-cu il avqustun 8-də inzibati ərazi vahidi kimi yaradılmışdır. Tarixi, coğrafi mövqeyi, zəngin təbii sərvətləri və mədəni abidələri ilə seçilən bu bölgə əsrlər boyu Azərbaycan xalqının həyatında mühüm rol oynamışdır. Kəlbəcər həm də qədim yaşayış məskənləri, qalaları, məbədləri, qəbiristanlıqları və qayaüstü təsvirləri ilə xalqımızın zəngin keçmişini özündə yaşadır.
Kəlbəcərin tarixi əhəmiyyəti, ilk növbədə, ərazidə aşkar edilmiş arxeoloji nümunələrlə müəyyən olunur. Tərtərçay vadisi boyunca yerləşən qədim mağaralar, yaşayış düşərgələri və qayaüstü təsvirlər bu torpaqlarda insanların çox qədim dövrlərdən məskunlaşdığını sübut edir. Xüsusilə Zar mağara düşərgəsi bölgənin paleolit dövrünə aid mühüm arxeoloji abidələrindən biridir. Burada aşkar edilmiş maddi-mədəniyyət nümunələri qədim insanların həyat tərzini, əmək fəaliyyətini və təbiətlə münasibətlərini öyrənmək baxımından böyük elmi əhəmiyyət daşıyır.
Kəlbəcərin müxtəlif ərazilərində – Dəlidağda, Ayıçınqılıda, Gəlinqayasında və digər yerlərdə aşkar edilmiş qayaüstü təsvirlər də xüsusi diqqətə layiqdir. Bu təsvirlərdə qədim insanların ovçuluq fəaliyyəti, məişəti, dünyagörüşü və ətraf aləmlə əlaqələri əks olunub. Minilliklərin yadigarı olan bu daş rəsmlər bölgənin qədim mədəniyyət tarixini öyrənmək üçün qiymətli mənbələrdir.
Kəlbəcərin tarixi-mədəni irsinin ən möhtəşəm nümunələrindən biri Xudavəng monastır kompleksidir. Tərtərçayın sol sahilində, Vəng kəndində yerləşən bu kompleks erkən orta əsrlər Azərbaycan memarlığının mühüm nümunələrindəndir. Monastırda tikinti işlərinə VI-VII əsrlərdə başlanılmış, sonrakı əsrlərdə yeni dini və memarlıq tikililəri əlavə edilmişdir. Xüsusilə 1214-cü ildə inşa olunmuş Arzu xatun məbədi öz memarlıq quruluşu, daş üzərindəki nəfis naxışları və bədii işləmələri ilə seçilir.
Bundan başqa, Kəlbəcərdə Comərd qalası, Qırmızı məbəd, Lex qalası, qədim qəbiristanlıqlar və müxtəlif dövrlərə aid digər tarixi abidələr mövcuddur. At və qoç fiqurlu qəbirüstü daşlar, qədim başdaşları və daş kitabələr xalqımızın dəfn mərasimləri, sənətkarlıq ənənələri və mənəvi dünyası haqqında mühüm məlumatlar verir. Bütün bu nümunələr Kəlbəcərin yalnız təbii gözəlliklər diyarı deyil, həm də böyük tarixi-mədəni irsə malik bir bölgə olduğunu təsdiqləyir.
Kəlbəcər coğrafi mövqeyi və relyefi baxımından Azərbaycanın ən yüksək dağ rayonudur. Kiçik Qafqazın əzəmətli dağ silsilələri arasında yerləşən rayonun ərazisi yüksək dağlıq, dağətəyi və meşəlik sahələrlə əhatə olunub. Burada uca zirvələr, dərin dərələr, gur çaylar, alp və subalp çəmənlikləri, zəngin meşələr və mineral su bulaqları bir-birini tamamlayır.
Bölgənin təbii sərvətləri arasında mineral su mənbələri xüsusi yer tutur. İstisu mineral bulaqları müalicəvi xüsusiyyətləri və zəngin kimyəvi tərkibi ilə uzun illər tanınıb. Kəlbəcərin təbiəti həm də ekoturizm, dağ turizmi, yaylaq təsərrüfatı və kənd təsərrüfatının inkişafı üçün geniş imkanlara malikdir.
Kəlbəcərin strateji əhəmiyyəti də onun coğrafi mövqeyi ilə sıx bağlıdır. Yüksək dağlıq ərazidə yerləşməsi, mühüm dağ keçidlərinə və su mənbələrinə malik olması bu bölgəni Azərbaycanın təhlükəsizliyi və iqtisadi potensialı baxımından xüsusi əhəmiyyətli edir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər doğma yurd həsrəti yaşayan sakinlərinin qəlbində sağalmaz nisgilə çevrildi. Nəhayət, 2020-ci il noyabrın 25-də Kəlbəcər 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin nəticəsi olaraq Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yolların, yaşayış binalarının, sosial obyektlərin tikintisi, infrastrukturun yenilənməsi və tarixi-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılır. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılması bu prosesin ən əlamətdar hadisələrindəndir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü qədim tarixə ehtiramın, milli birliyin, dövlət qüdrətinin və Zəfər ruhunun təcəssümüdür. Kəlbəcərin hər qayası, hər bulağı, hər tarixi abidəsi Azərbaycan xalqının keçmişindən xəbər verir. Bu qədim diyarın yenidən dirçəlməsi isə gələcək nəsillərə ötürülən böyük milli mirasdır. Kəlbəcər bu gün öz tarixi sahibinə qovuşmuş, dağların qoynunda yeni həyatına başlamışdır. Onun əzəmətli zirvələri, zəngin tarixi və təkrarolunmaz təbiəti bundan sonra da Azərbaycanın milli sərvəti kimi qorunacaq və yaşadılacaqdır.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















