Mir Həmzə Seyid Nigari Qarabaği: şair, mürşid və mücahid şeyx
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hacı NƏRİMANOĞLU,
"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan, şeirləri, iki əsrə yaxındır, sevilərək oxunub əzbər söylənilən təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşid, əsrlərdir türkün varlığına qənim kəsilmiş hakim rus rejiminin təcavüzünə qarşı savaşmış mücahiddir.
Şeyxin dini görüşlərinin təməlini təşkil edən bu məşhur kəlamı Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda dillər əzbəridir, minlərlə inanclı insanın dini baxışlarına yön verməkdədir:
Allahı, Məhəmmədi və aliyi sevən dustanız,
Nə sünniyiz, nə şiə, biz xalis müsəlmanız.
Çar yarı istəriz, zira ki Mustafanın
Dustinə dustiz, vallah, xəsmaninə xəsmaniz.
Seyid Nigarinin farsca, türkcə divanları Tiflisdə (1908), İstanbulda (1884, 1911) nəşr edilib. 2010-cu ildə Bakıda "Elm və Təhsil" nəşriyyatında 824 səhifəlik Divan"ı (məqalədə gətirilən şeirlər bu divandan alınıb - H.N.) və 2012-ci ildə 408 səhifəlik "Nigarnamə"si nəfis tərtibatda nəşr olunub, haqqında televiziya verilişləri, sənədli film çəkilib, elmi konfranslar keçirilib, sözlərinə musiqilər, mahnılar yazılıb, yaradıcılığına həsr olunmuş tədqiqat əsərləri çıxıb. Ədəbiyyatşünaslıq elmimizin banisi Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında Seyid Nigarinin çox sayda şeirlərini təqdim və təhlil edib öz fikirlərinə belə yekun vurur: "Bu gözəl şeirlər Mirhəmzə əfəndinin alitəb və hürriyətpərəst olmağına şəhadətedici xoşməzmun bir əsərdir". Görkəmli ədəbiyyatşünas onu zəmanəsinin ən məşhur, nüfuz dairəsi geniş insanlarından biri kimi dəyərləndirib, öz müasirlərinin yaradıcılığına təsirindən də faktlarla çoxlu nümunələr gətirib, Nigarinin əsas davamçılarının adlarını yazıb; oğlu Siraci, Şahnigar Xanım Rəncur, Kadı Mahmud Əfəndi, Hacı Məcdi Əfəndi, Hacı Rəhim Ağa Dilbazov Vahidi, Qazi Osman Əfəndi, Hacı Zəkəriyə Əfəndi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mustafa Əfəndi, Sadi Sani Karabaği və başqaları.

Ötən əsrdə Şeyxin dini və ədəbi ardıcılları sırasında onun soyundan gələn Qubadlının Mirlər kəndinin sakinləri (Şeyxin özü də bir müddət bu kənddə yaşayıb) mərhum Mir Sədi Ağa və oğlu Mir Məhəmməd Ağa, hazırda isə nəvəsi Mirsədi Mirlər xüsusi yer tutur.
Mir Həmzə Nigarinin türkcə və farsca divanı, Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı Təvzihat, "Mənaqibi", "Fütuhati-Mekkiyye", "Həştbehnamə", "Nigarnamə" və "Saqinamə" adlı əsərlərində mənsub olduğu nəqşibəndi təriqətinin incəliklərini, təsəvvüf görüşlərini aydın şəkildə ifadə edib. Onun ərzuz vəzninin müxtəlif bəhrlərində müxtəlif janrda şeirləri klassik Şərq ədəbiyyatına, fəlsəfəsinə, islam mütəfəkkirlərinin əsərlərinə dərindən bələd olduğunun, geniş mütaliəsinin, poetik təfəkkürünün genişliyinin göstəricisidir. Sədi, Hafiz, xüsusilə Füzulinin, Nəbatinin poetik dünyasına dərindən bələd olan Nigari ən çox onlardan təsirlənib, əruz vəznində bitkin qəzəllər, divan yaratdığı kimi, heca vəznində, xalq şeiri üslubunda da şeirlər yazıb, həm ədəbi cameədə, həm xalq arasında geniş şöhrət qazanıb, şeirləri dillər əzbəri olub, çoxlu şairlər ondan ilham alıb özlərinə ustad sayıb, şeirlərinə nəzirələr yazıblar.
https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nigari səhifəsində yazılanlar digər tədqiqatlar, arxiv sənədləri ilə üst-üstə düşür: "Mir Hamza Nig?r? Efendi, 1805 yılında Azerbaycanın Karabag bölgesinin Zengezur ilçesinin Cicimli köyünde dünyaya gelmiştir. Naksibendi (Halidiyye) şeyhlerindendir. Seki ve Samahı gibi şehirlerde iyi bir tahsil almıs, Arapça ve Farsça ögrenmiştir. https://tr.wikipedia.org/wiki/Mir_Hamza_Nig%C3%A2r%C3%AE - cite_note-2 Genç yaslarında Türkiyeye giderek orada tahsilini tekamül ettirmiştir. Harputta Mevlana Halitin yanında tahsilini ve tarikat eğitimini geliştirmek istemisse de seyhin ölmesi üzerine Sivasa ve oradan Azerbycanın Kazak şehrine dönmüs ve Hanlıklar kasabasına yerlesmiştir. Burada bir derg?h olusturarak, bir mürsid gibi faaliyet göstermiştir. Ocağına çok mürid toplanmıştır. Sohbetlerinde ve zikir halkalarında kendi yazdığı gazel, kaside ve muhammeslerinden de faydalanmıştır. Sonra tekrar Türkiyeye gelerek Amasyadaki Şeyh Şamil Şirvan?ye intisap etmiştir. Mürşidinin izni ile önce Konya Mevl?na Türbesinde sonradan "Ravza-i Mutahhara"da "erbain çıkartmıstır". Hac farizasını ifa edip dönerken Sam ve Kudüsü de ziyaret ederek Amasyaya dönmüştür. Ziyaretinden bir yıl sonra hil?fet alarak Berde ve Bergüs?da dönmüştür. XIX. yüzyılın ortalarında Kafkasya ve Doğu Anadoluda Rus emperyalizmine karsı çok cidd? mücadelesiyle ün yapmıs; Kırım Harbi sırasında müritleri ile birlikte Karsa gelerek Osmanlı Ordusu'na katılarak Ruslara karsı savaşmıstır. Daha sonra Erzurum'a geçmis üç yıl burada kalmıs buradan İstanbula gitmiştir. Orada padişah ile görüştügü söylenmektedir".
Mir Həmzənin doğum tarixi bəzi mənbələrdə fərqli il göstərilsə də, "Türk Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər mənbələr, çoxlu tədqiqatçılar onun 1805-ci ildə doğulduğunu, 1885-ci il sentyabrın 29-da 80 yaşında vəfat etdiyini təsdiq edir.
Fəxrəddin Ağabali "Hümayi-Ərş" adlı əsərində mürşidi olan Şeyxin həyatı haqqında ətraflı bilgilər verib, görkəmini, sifər cizgilərini, xarakterini incəliklərinə qədər təsvir edib. Nigarinin yeganə portretini də türk rəssamı Mustafa Saçlı 1933-cü ildə bu təsvirlərə və onu şəxsən görüb tanıyan digərlərinin söylədiklərinə əsaslanaraq çəkib: "Fıtr? istidadı sayesinde kendisini göstermiş olan bu zat orta boya yakın, dolgun denebilecek bir vücuda sahip idi. Ak ve sık sakallı, gözleri büyük, kaşları gözlerinin üzerine kadar dökülmüş ve kalın, başı büyük, şuh meşrep, latifesever, güler yüzlü, açık simalı bir zat idi. Sebat? her zaman güler yüzlü olup tebessüm ederdi. Onu yüzünü hiç kimseye ekşittiği görülmemiştir. En müteessir olduğu zamanda bile "hay külhan?" sözünden başka bir söz sarf etmediğini bizzat müşahede ettim".
Şeyx şeirlərində Qarabağın əsil nəcabətli seyidlər məskəni Cicimli kəndində (Laçın rayonu) doğulduğunu və Peyğəmbər soyundan olduğunu dəfələrlə yazıb:
Ze gülzari-nübüvvət rast səbze,
Cəjümlu ibn Paşa Mir Hemze.
...Nəsli-İsmailsən, əsli-ərəbsən,
Ali-Məhəmmədsən, alinəsəbsən,
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.
Türkiyənin populyar qəzetlərindən olan "Bu gün"ün 21 iyul 2013-cü il tarixli geniş redaksiya məqaləsi - "Ulusalcıların babası peygamber soyundan" başlıqlı yazıdan: "Geçen hafta hayatını kaybeden ulusalcıların ünlü ismi Prof. Dr. Alpaslan Işıklının peygamber soyundan geldiği ortaya çıktı. Işıklı'nın dedesi ise mutasavvıf Mir Hamza Nigariydi. Seyyid Mir Hamza Nigari, Karabağa bağlı Perküşadda (Bərgüşad-H.N) 1805 yılında dünyaya geldi. Nigari Seyyid Emir Paşa ve Hayrünnisa Hanım'ın oğluydu. Büyükbabası Seyyid Rıza ve dedeleri devrin bilinen alimlerindendi. Ailenin tarihte bilinen ilk ismi Şeyh Seyyid Muhammed Şemseddin, Medine-i Münevvereden Karabağa hicret etmiş ve Çiçimli köyüne (Laçın rayonu-H.N) yerleşmişti".
O da məlumdur ki, Nigari ailəsində aldığı ilk dini təhsilini Şəkinin Dəhnə kəndində Şikəst Abdulla əfəndinin mədrəsəsində davam edib, doğulduğu Cicimli kəndinə qayıdıb bir müddət müəllimlik edib, onu daim düşündürən çoxlu suallarına cavab ala bilməyib, bu nədənlə rahatsız olub, yuxusunda onu yanına çağıran Kürdəmirli şeyx İsmayıl Şirvaniyə mürid olmaq üçün Anadoluya gəlib. Mir Həmzə mürşidi İsmayıl əfəndi haqqında yazıb: "Hər nəfəsi Məsih nəfəsinə bənzər, hər nəzəri nəziri-kimya..."
1834-cü ildə həcc ziyarətindən dönən Şeyx nəqşibəndiliyi yaymaq, həm də xalqı Rusiyaya qarşı ayağa qaldırmaq məqsədi ilə Qarabağa geri qayıdır. O, Qarabağ, Şəki xanları ilə gizli əlaqələr qurub, Şuşada Xasayxanla, digər yetkililərlə dəfələrlə görüşüb. Ünsiyyətdə olduğu nüfuzlu, imkanlı şəxslərə xristian bir məmləkətin - Rusiyanın itaətində olmağın hər iki dünyada böyük günah olmasını anladıb, xeyli tərəfdar toplayıb. Fars, rus başbilənləri digər tərəfdən də Qafqazda daim sünni-şiə ayrıcılığı salmaq yönündə məkrli fəaliyyətlərində nəqşibəndiliyi ciddi maneə, təhlükə saydığından Mir Həmzəni izləyib, təqib edib.
(Ardı var)


